15. Böyük Britaniyada Birinci leyborist(1924) və mühafizəkar S.Bolduin hökumətlərinin (1925-1929) daxili və xarici siyasəti 1924-cü ilin yanvarın 23-də Böyük Britaniya tarixində ilk dəfə olaraq Ramsey Makdonaldın başçılığı altında birinci leyborist hökuməti təşkil edildi. İkipartiyalı sistemdə liberalların əvvəlki rolunu itirmələri leyboristlərin qələbəsinə kömək etdi. Bundan başqa mühafizəkarlar və liberallar koalisiyalı və birpartiyalı hökumət yaratmaq haqqında razılığa gələ bilmədilər. Belə şəraitdə onlar leyboristlərin hökumət təşkil etməsinə mane olmadılar. Çünki leyboristlər özlərinin kapitalizm qaydalarına sadiqliyini dəfələrlə bildirmişdilər. Leyboristlər mühafizəkarlara nisbətən daxili siyasəti daha çevik üsullarla yeritməyə başladılar. Onlar işsizlərə və qocalara yardımın miqdarını çoxaltdılar, işsizliyə görə sığorta sistemini yaxşılaşdırdılar, mənzil tikintisinə dövlət yardımını artırdılar. Çay, qənd və ərzaq üzərinə qoyulan aksiz vergiləri azaldıldı.
Leyboristlər hökumətinin yeni dövlət büdcəsi layihəsi hazırlaması, proteksionizmdən (digər ölkələrdən idxalın məhdudlaşdırılmasına yönəlmiş iqtisadi siyasət) və ticarətdən alınan rüsumlardan imtina etməsi mühafizəkarların narazılığına səbəb oldu. Böyük Britaniya 1924-cü il fevralın 1də Sovet İttifaqını tanıdı. Lakin leyboristlər seçkiqabağı kampaniyada şaxtaları və dəmiryollarını milliləşdirmək, kapital üzərinə vergi qoymaq barədə verdikləri vədlərini yerinə yetirmədilər. İngilis diplomatiyası 1923-cü ildə olmuş Lozanna konfransında Türkiyə ilə münasibətləri tənzimlədi. Konfrans, Süveyş kanalı üzərində Böyük Britaniyanın hüquqlarını təsdiq etdi. 1923-24-cü illərdə dominionlarla münasibətlərdəki ziddiyətlər yumşaldıldı. ABŞ-la münasibətlərə üstünlük verildi. Daues planı bəyənildi. Leyboristlər kabineti silahlı qüvvələri möhkəmləndirdi. Onların siyasəti zəhmətkeşlərdə məyusluq doğurdu. Kütlələrin gözündə daha da nüfuzdan düşəcəyindən qorxan hökumət 1924-cü ilin oktyabrın 9-da parlamenti buraxdı və yeni seçkilər təyin etdi. 1924-cü ilin oktyabrın 29-da keçirilən növbədənkənar parlament seçkilərində leyboristlər məğlub oldular. Parlamentdə yenidən yerlərin mütləq çoxluğunu alan mühafizəkarlar hökumət təşkil etdilər. Yenə də hökumətə Stenli Bolduin başçılıq etdi.
Yeni hökumət mühafizəkar islahatçılığa başladı. Xüsusi sahibkarlığın inkişafına diqqət verildi. Sənaye istehsalının sərbəstləşdirilməsi xətti yeridildi. İnkişafın başlıca mənbəyi müstəmləkələrin təbii sərvəti hesab edilirdi. Gəlir vergisi azaldıldı. Proteksionist rüsumların yalnız müstəmləkələrlə əlaqədə saxlanılması İngiltərə inhisarlarına dünya bazarında sərbəst iştirak imkanı verdi. Bütün ixracın , idxalın -i imperiyanın öz ərazisində aparılırdı. İngiltərədə iqtisadi inkişafın başlıca xüsusiyyətləri: kapital ixracının artması, beynəlxalq bank əməliyyatlarının səmərəli aparılması, əlverişli dəniz nəqliyyatı ilə bağlı idi. Sosial təminat haqqında qəbul edilən proqrama əsasən pensiya yaşı 65-ə endirildi, təqaüdlər artırıldı, imkansızlara yardım edildi.Lakin hökumətin sərt büdcə siyasətinə keçməsi sosial ziddiyətləri kəskinləşdirdi. Dərin böhran keçirən kömür sənayesində kəskin münaqişə yarandı. Şaxta sahibkarları kömürün yüksək maya dəyərinin aşağı salınmasında və xarici bazarda onun rəqabət qabiliyyətini yüksəltməkdə maraqlı idilər. Lakin buna onlar köhnəlmiş avadnlığı dəyişdirmək yolu ilə deyil, fəhlələrin əmək haqqını azaltmaq yolu ilə nail olmaq istəyirdilər.
Hökumət 1925-ci ildə şaxta sahiblərinə 9 ay müddətinə mədənçilərin əmək haqqının əvvəlki səviyyəsini təmin etmək üçün maliyyə yardımı göstərməyi öhdəsinə götürdü. Lakautu ləğv edən fəhlələrin qələbə günü, yəni iyulun 31-i Böyük Britaniya tarixinə "qırmızı cümə" günü kimi düşdü. Doqquz aylıq müddət qurtaran kimi şaxta sahibləri lakaut elan etdilər, lakin mədənçilər yenidən onların şərtlərini rədd etdilər. Hökumət ölkədə fövqəladə vəziyyət elan etdi. 1926-cı il mayın 4-də 18 milyon insanın iştirak etdiyi tətil başlandı. Yeddi aylıq tətildən sonra kömür sənayeçilərinin və hökumətin təzyiqi, həmkarlar ittifaqı liderlərinin xəyanəti, həmçinin aclıq və ehtiyac şaxctaçıları geri çəkilməyə məcbur etdi. 1926-cı ilin dekabrında onlar işə qayıtdılar. Əmək haqqı aşağı salındı, iş günü uzadıldı.
Parlament 1927-ci ildə "Həmkarlar ittifaqları və sənayedə münaqişələr haqqında" qanun qəbul etdi. Bu qanun ümumi tətil və piketləri qadağan edirdi. Həmçinin qanunda göstərilirdi ki, dövlət qulluqçuları həmkarlar ittifaqlarında iştirak edə, tred-yunionlara və leyborist partiyasına daxil ola bilməzlər. Ölkədə əməklə kapital arasındakı ziddiyyətləri yumşaltmaq üçün 1928-ci ildə İmperiya kimya trestinin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. Komissiyanın tərtib etdiyi sosial ziddiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan sənəd hökumət tərəfindən qəbul edildi. Bu siyasət işçilərlə sahibkarlar arasında münasibətlərin nizama salınmasında mühüm rol oynadı və İmperiya kimya trestinin sədri Alfred Mondun adı ilə «mondizm» adını aldı. Böyük Britaniyanın iqtisadiyyatı 1922-1923-cü illərdə düşdüyü durğunluq vəziyyətindən çıxsa da, zəif inkişaf edirdi və yalnız 1929-cu ildə sənaye məhsulunun buraxılışı həcminə görə 1913-cü il göstəricilərinə çatdı. Əgər sənayenin yeni sahələri (maşınqayırma, kimya, avtomobil) intensiv inkişaf edirdisə, köhnə sahələrdə (kömürçıxarma, gəmiqayırma, toxuculuq və b. sahələr) texniki gerilik qalırdı. Ölkə dünya bazarında Almaniya, ABŞ və Yaponiya ilə rəqabət mübarizəsində böyük çətinliklərlə üzləşirdi.
Hakim siniflərin varlanmasının mühüm mənbələri müstəmləkələrin milli sərvətlərinin vəhşicəsinə qarət edilməsi və istehsalata elm və texnikanın nailiyyətlərini tətbiq etmək yolu ilə fəhlə sinfinin istismar dərəcəsinin gücləndirilməsi idi. Böyük Britaniya 1925-ci ilin oktyabrında Lokarno konfransında iştirak etdi və «Reyn təminat paktı»nı imzaladı. Stenli Bolduin hökuməti SSRİ-ni dempinq siyasəti (malların daxili və xarici bazarda süni surətdə endirilmiş, bəzən isə maya dəyərindən aşağı satılmasıdır.) yeritməkdə günahlandıraraq 1927-ci ildə onunla diplomatik münasibətləri kəsdi.
Böyük Britaniya da Çində 1925-1927-ci illərdəki milli-azadlıq hərəkatını yatırmaqda digər dövlətlərlə bərabər iştirak etdi. Bundan məqsəd Çində öz mövqelərini möhkəmləndirmək idi. 1926-cı ildə keçirilən İmperiya konfransında dominionlara daxili və xarici siyasətdə müstəqillik verildi.Bununla belə, onlar yenə də Böyük Britaniya imperiyasının tərkibində qaldılar. 1928-ci ildə qəbul edilmiş yeni seçki qanununa əsasən qadınlarla kişilərin hüquqları bərabərləşdirilsə də, əmlak sahibi olmaq, universitet bitirmək senzi saxlanıldı. Mühafizəkarlara qarşı narazılıq 1929-cu ilin mayın 30-da keçirilən parlament seçkilərində onların məğlubiyyəti ilə nəticələndi. 21 yaşına çatmış qadınlara seçki hüququ vermək haqqında qanun da onlara kömək etmədi. Leyboristlər Ramsey Makdonaldın başçılığı ilə hökumət təşkil etdilər.İkinci leyborist hökumətinin daxili siyasəti işsizliyə qarşı mübarizə proqramının həyata keçirilməsinə yönəlmişdi. Hökumətin xarici siyasəti isə əsasən İngiltərənin beynəlxalq mövqeyini möhkəmləndirməyə yönəlmişdi. Müstəmləkələr və dominionlar məsələsi xüsusi yer tuturdu. 1930-cu ilin əvvəllərində Londonda keçirilən konfransda dəniz donanması sahəsində İngiltərə, Fransa, ABŞ, İtaliya, Yaponiya arasında saziş imzalandı. 1929-cu ilin oktyabrın 3-də SSRİ ilə diplomatik münasibətlər bərpa edildi.