28.Almaniyada Faşist diktaturasının daxili və xarici siyasəti Almaniyada faşist diktaturası dövründə daxili siyasət.Versal müqaviləsinin alçaldıcı şərtləri Almaniyada şovinizmin təbliğatının genişlənməsinə imkan verdi. Almaniyada faşistlər kütləvi sosial bazaya malik olmağı bacardılar. Bunun əsas səbəbi fəhlələr, kəndlilər və burjuaziyanın onun dalınca getməsi idi. Faşistlər siyasi cərəyana çevrildilər. Almaniyanın iri maliyyə dairələri faşistləri maliyyə cəhətdən təmin etdilər. Əslində Almaniyada yaranan faşist diktaturası da iri maliyyə maqnatlarının diktaturasından başqa bir şey deyildi. Almaniyada fəhlə sinfinin parçalanması, xüsusilə komunistlərin sosial-demokratları «nasistlərin mötədil qanadı» adlandırması da bu məsələdə mühüm rol oynadı.
Nasional-sosialistlərin gəncləri müdafiə edərək özlərinə onların simasında güclü dayaq yaratmaları, hələ 20-ci illərdə partiya işini yenidən qurmaları, 1928-ci ildə partiyanın ərazi təşkilatlarını yaratmaları, nəinki regionlarda, hətta küçə və məhəllələrdə də partiya özəkləri qurmaları, "pivəxana qiyamı"ndan sonra seçki yolu ilə hakimiyyətə gəlməyə üstünlük vermələri və bu sahədə təbliğatı genişləndirmələri də onların qələbəsinə imkan yaradan mühüm amillər idi.
Dindarlar da nasional-sosialistləri müdafiə etdilər. Almaniyada nasional-sosialistlərin əleyhinə olan qüvvələr zəif idi. Beynəlxalq vəziyyət, ABŞ-ın bu məsələdə bitərəf mövqeyi və Avropada formalaşmış ictimai rəy də nasional-sosalistlərin xeyrinə oldu. 1933-cü yanvarın 30-da Almaniyada faşist partiyasının hakimiyyətə gəlməsi ilə Veymar konstitusiyasının demontajı (ləğvi) başladı. Ümumiyyətlə, Almaniyada Veymar konstitusiyası və Respublikası 1933-cü ilin yanvarına qədər qüvvədə qaldı.
Faşistlər hakimiyyət başına gəldikdən dərhal sonra demokratik azadlıqlar üzərinə hücumə keçdilər. Həmçinin siyasi rəqiblərinə qarşı açıqca terrora başladılar. Onlar öz hərəkətlərinə haqq qazandırmaq üçün 1933-cü il fevralın 27-də Reyxstaqı yandırıb onun təqsirini kommunistlərin üstünə yıxdılar. 1933-cü il fevralın 28-də Hitlerin tələbi ilə Hindenburq "xalqı və dövləti müdafiə etmək" adlı fövqaladə fərman imzaladı ki, bu fərmana əsasən Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqlar ləğv edildi.
1933-cü il martın 5-də yeni növbədənkənar parlament seçkiləri təşkil edildi. Seçkilərdə faşistlər 17,5 milyon səs (ən çox) aldılar. Bu hadisədən sonra faşistlər unifikasiya, yəni vahid şəklə salma siyasəti yeritməyə başladılar. 1933-cü il martın 14-də kommunist partiyasının fəaliyəti qadağan edildi.
1933-cü ilin mayında həmkarlar ittifaqının fəaliyyəti dayandırıldı. Fəhlələr məcburi surətdə faşist Ley’in başçılıq etdiyi "Əmək cəbhəsi"ndə birləşməli idilər. 18 yaşdan 25 yaşa qədər olan gənclər üçün ikiillik əmək mükəlləfiyyəti tətbiq edildi. Bu müddətdə onları hərbiləşdirilmiş düşərgələrdə saxlayır, istehkamlarda, yollarda və s. tikintilərdə işlədirdilər. Əmək düşərgələrinin yaradılması işsizliyin bir qədər azalmasına gətirib çıxardı və hitlerçilərə gənclərin bir hissəsinə siyasi təsir göstərmək imkanı asanlaşdı.
1933-cü il iyulun 24-də isə faşist partiyasından başqa bütün siyasi partiyaların fəaliyyəti qadağan edildi. Ölkədə ancaq Almaniya nasional-sosialist fəhlə partiyasının fəaliyyəti saxlanıldı. Bu ölkədə totalitar rejimin yaranması demək idi. 1933-cü ilin yazı və yayında faşist idarə üsulunun formalaşması əsasən başa çatdı. Hökumət, şəxsən Hitler qanun vermək hüququ aldı.
1933-cü ildə faşistlər xüsusi mühafizə dəstələri yaratdılar ki, bu da eseslər adlanırdı. Bundan başqa gizli polis dəstəsi yaradıldı ki, bu da gestapo adlandı. Gestaponun kadrları eseslərin tərkibindən seçilirdi. Gestaponun rəhbəri Göbbels təyin edildi. Bütün bu tədbirlər Hitlerin tərəfdarlarının bir hissəsində məyusluq hissi doğurdu. Lakin Hitler asanlıqla onların öhdəsindən gəlməyi bacardı. 1934-cü il iyunun 30-u Almaniya tarixinə "uzun bıçaqlar gecəsi" kimi daxil oldu. Həmin gecə Almaniyanın bir sıra şəhərlərində – Berlin, Münhen, Breslau və digərlərində müxalifət üzərinə amansızlıqla hücuma keçildi. Bir gecədə 1000-ə qədər adam həlak oldu. Hitler müxalifətə elə bir dərs verdi ki, bu hadisədən sonra heç kim ona qarşı çıxmağa cəsarət etmədi.
1934-cü ilin avqust ayının 2-də prezident Hindenburqun ölümündən sonra Hitler prezident və kansler vəzifələrini birləşdirərək özünü alman millətinin "fürer"i adlandırdı. Reyxstaq və landtaq heç bir təsirə malik olmadı.
Faşistlər hakimiyyətə gəldikdən sonra yəhudilər üzərinə hücuma keçdilər. 1933-cü ildə yəhudilərin müəssisələri baykot edilməyə başlandı. 1935-ci ildə onları alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar verildi. 1938-ci ilin noyabrın 9-dan 10-a keçən gecə yəhudi qırğını təşkil edildi (bu «büllur gecə» əməliyyatı adlanır). Almanlar marksizm-leninizm klassiklərinin bütün əsərlərini küçələrə tökərək yandırmağa başladılar. "Hayl Hitler" salamlaşma formasına çevrildi.
Hitler diktaturası tezliklə iqtisadiyyatın dövlət tərəfindən tənzim edilməsi tədbirləri sistemini işləyib hazırladı. 1934-cü ilin fevralın 27-də "Alman iqtisadiyyatının qurulmasına hazırlıq haqqında" qanun qəbul edildi. Yenidənqurma işləri beş əsas istiqamətdə getməyə başladı: 1) hərbi xammal bazalarının yaradılması, 2) hərbi sənayenin sürətlə inkişaf etdirilməsi, 3) Əmək ehtiyatlarının yaradılması, 4) ərzaq bazalarının yaradılması, 5) bütün ölkəni tənzimedən və hərbiləşdirən orqanların yaradılması.
1936-cı ilin sentyabrında Nürnberqdə Alman nasional-sosialist fəhlə partiyasının qurultayında dördillik plan qəbul edildi ki, bundan da məqsəd alman iqtisadiyyatını müharibəyə hazırlamaq idi. Bütün ölkənin iqtisadiyyatında "fürerçilik" sistemi tətbiq olundu. Müəssisə və sənaye sahələrinin başında duran kapitalistlər "fürer" elan edildilər. Onlar dərəcələrə bölünərək dövlət hakimiyyətinin nümayəndəsi səlahiyyətini aldılar. Beləliklə, inhisarların gücü faşist dövlətinin gücü ilə birləşdirildi.
1932-ci ildə əgər hərbi xərclər büdcənin 7%-ni təşkil edirdisə,1938-ci ildə bu rəqəm 32% oldu.
Ümumiyyətlə, Almaniya 1939-cu ildə dünya sənaye məhsulunun 15%-ni verirdi və ABŞ-dan sonra kapitalist ölkələr içərisində ikinci yeri, Avropada isə birinci yeri tutdu.
Hitlerçilər fabrik-zavod komitələrini dağıtdılar. Fəhlələrə iş yerini dəyişmək qadağan olunurdu, sahibkarlar iş gününü 14 saata qədər uzatmaq hüququ alırdılar. İnhisarların möhkəmlənməsi xırda və orta sahibkarların kütləvi surətdə yoxsullaşmasına gətirib çıxartdı. "İrqi" yoxlanışdan sonra onların bəzilərinə dövlət və ya partiya aparatında sərfəli yer verilirdi.
Görülən bütün tədbirlər nəticəsində Almaniyada həm faşist partiyası üzvlərinin sayı, həm də fəhlələrin sayı artdı. 1930-cu ildə faşist partiyası üzvlərinin sayı cəmi 130 min nəfər idisə, 1945-ci ildə 6 mln a çatdı. Bu partiyanın üzvlərinin cəmisi 10%-ni varlı sinfin nümayəndələri təşkil edirdi.
Hitlerçilərin aqrar siyasəti iri mülkədar torpaq sahibliyinin və kənd burjuaziyasının müdafiəsində ifadə olunurdu. 1933-cü ilin sentyabrın 29-da verilmiş "İrsi həyətlər" haqqında qanun irsən yalnız böyük oğula keçən orta və iri kəndli təsərrüfatlarının satılmasını və ya parçalanmasını qadağan edirdi. Kənd varlılarının timsalında faşistlər möhkəm dayaq əldə etdilər. Onlar torpaqsız kəndlilərə Şərqdə "daimi boş torpaqlar"ı işğal etdikdə pay torpaqları verməyi vəd edirdilər.