etİka kodeksİ
Klinika direktorunun müraciəti
Əziz həmkarlar!
2000-ci ildə Azərbaycanda ilk özəl ovtalmoloji klinikanı yaratmaqla biz ölkəmizdə özəl tibb müəssisələrinin təməlini qoyduq. Bu dövrlər ərzində biz bir neçə personalı olan kiçik kollektivdən çoxsahəli oftalmoloji xidmətlər təklif edən ciddi klinika səviyyəsinədək yüksəldik.
Hesab edirik ki, bizim rəqiblərdən üstünlüyümüz klinikamızda yüksək ixtisaslı həkimlərin fəaliyyət göstərməsi, klinikanın müasir tibbi avadanlıqlar ilə təchiz olunması, geniş çeşidli tibbi xidmətlərin və münasib qiymətlərin tətbiqi ilə bağlıdır. Həmçinin klinikamızın nəzdində labaratoriya, optika, aptek və s. yardımçı xidmətlər fəaliyyət göstərir. Biz texniki təminatın yüksək səviyyədə olmasına böyük diqqət yetirməklə yanaşı, hesab edirik ki, ən əsas qazancımız dəyərli kadrlarımızdır. Bura aparıcı cərrah-oftalmoloqlar, ixtisaslı həkimlər, orta və kiçik tibb personalı daxildir.
Fəaliyyətimizin məqsədi pasientlərimizin ən ümdə ehtiyaclarının daha yaxşı tərzdə ödənilməsindən ibarətdir. Professionallıq və pasientlərimizin sağlamlığı üçün yüksək cavabdehlik hissi fəaliyyətimizin əsasını təşkil edir. Bununla yanaşı, peşəmizə xas olan ən vacib mənəvi keyfiyyət şəfqət hissinin olmasıdır. Biz istərdik ki, hər bir əməkdaşımızda pasientlərə qarşı, ilk növbədə şəfqət hissi olsun.
Bizim klinika özəl kommersiya müəssisəsidir. Lakin, biz öz peşəmizə yüksək gəlir və qazanc gətirən sadə bir biznes kimi baxmırıq. Amalımız ən az xərclərlə insanların ağrı və acılarını yüngülləşdirməkdir. Bununla belə klinikamız pasientlərə pulsuz xidmət göstərmək iqtidarında deyildir. Çünki, bununla istənilən biznes gəlir gətirmək imkanını itirər və bu bizi digər pasientlərə yüksək keyfiyyətli xidmətlər təklif etmkədən məhrum edə bilər. Lakin əhalinin 40%-nin yoxsulluq həddində yaşadığını nəzərə alaraq, vəziyyətdən çıxış yolu kimi pasientlərimizə bazar qiymətlərindən aşağı, yüksək keyfiyyətli xidmətlər göstərməyi və əhalinin aztəminatlı təbəqələri üçün güzəştlərin edilməsini qərara almışıq.
Peşəmizin özəlliyini nəzərə alsaq həkim və pasientlər, o cümlədən tibb personalı arasında münasibətlərdə etik prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, məhz bizim peşəmiz üçün Hippokrat andı formasında ilk etika kodeksi meydana gəlmişdir. Əgər Hippokrat andında “ziyan vurma” əsas prinsip kimi götürülürdüsə, biz “kömək et” prinsipini də əsas tutaraq qarşımıza daha mürəkkəb vəzifə qoyuruq.
Bu məqsədə nail olmaq üçün yüksək korporativ mədəniyyətə sahib olmaq və həkim etikası normalarını rəhbər tutmaq lazımdır. Şübhəsiz, kodeksdə qeyd edilmiş müddəalar heç də fəaliyyətimizin bütün sahələrini əhatə etmir. Bununla belə, biz burada əks olunmuş mənəvi dəyərlərin və prinsiplərin əhəmiyyətini dərk edirik. İşdə üzləşdiyimiz problemlərin və münaqişəli vəziyyətlərin həllində, mühüm qərarların qəbulunda əməkdaşlar və rəhbər işçilər üçün bu dəyərlər bələdçi rolunda çıxış edir.
Təqdim etdiyimiz bu kodeks bütün əməkdaşlarımızın və klinikanın rəhbərliyinin arzu və istəkləri nəzərə alınaraq tərtib edilmişdir. Bu, ölkəmizdə tibb müəssisələri üçün yazılmş ilk sənəddir. Ümid edirik ki, bu sənəd nəinki əməkdaşlarımıza pasientlərlə, həmkarlarla və bütün maraqlı tərəfdaşlarla münasibətləri düzgün qurmağa kömək edəcək, həmçinin digər tibb müəssisələrindən olan həmkarlarımıza da bir nümunə olacaqdır.
İnsan gözünün nurunun dünyada ən əziz nemət olması məsuliyyətini tam ciddiliyi ilə dərk etməklə, əmin olduğumuzu bildirmək istəyirik ki, tərtib etdiyimiz kodeks bizə pasientlərimizin ağrı və acılarını yüngülləşdirməkdə kömək edəcəkdir.
Hörmətlə,
Seyidova Sitarə
İcraçı Direktor
Bizim missiya
Biz bazarda əsaslı fəaliyyət göstərməyi qarşımza məqsəd qoymuşuq və strategiyamız uzunmüddətlidir. Biz klinikamızın məramını pasientlərimizin ağrı-acılarının yüngülləşdirilməsində və respublikada oftalmologiya sahəsində “qızıl standarta” nail olmaqda görürük.
Azərbaycan xalqının xidmətində dayanmaqla, əsas məqsədimiz ölkə əhalisinə müasir və yüksək keyfiyyətli oftalmoloji xidmət göstərməkdir. Bu məqsədə nail olmağın yolları aşağıdakılardir:
-
dünya standartları səviyyəsində keyfiyyətli və professional oftalmoloji xidmətlər göstərmək;
-
müasir müalicə metodlarına yiyələnmək;
-
ən müasir tibb avadanlıqları, materiallar və preparatlar əldə etmək.
Dostları ilə paylaş: |