10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm və onun relyef əmələ gəlməsində rolu


Postvulkanik (vulkanizmdən sonraki) hadisələ



Yüklə 60,59 Kb.
səhifə3/9
tarix01.01.2022
ölçüsü60,59 Kb.
#50800
1   2   3   4   5   6   7   8   9
geomorf imtahan 10-18

Postvulkanik (vulkanizmdən sonraki) hadisələr. Maqma ocağı enerjisini püskürmələrə sərf etdikdən sonra, kraterdən yer səthinə lava və yumşaq qırıntı məhsul atılmır. Maqma ocağında temperatur xeyli azalır. Lakin buna baxmayaraq, hələ yüksək temperaturu olan maqmatik ocaqdan müxtəlif qazlar, su buxarı, hətta su ayrılaraq, kraterdə və vulkan konusu yamaclarında yer səthinə çıxır. Bu proseslər vulkan püskürməsi dayandıqdan sonra uzun müddət davam edə bilər. Həmin proseslərin cəmi postvulkanik hadisələr adlanır.

Postvulkanik hadisələr bir neçə növə ayrılır: 1. Solfatlar ; 2. Mofetlər ; 3. Termal mineral və qazlı bulaqlar ; 4. Qeyzerlər . Solfatlar və mofetlərin fəaliyyəti ilə heç bir relyef forması əlaqədar olmadığına görə burada yalnız axırıncı iki hadisə haqqında məlumat verilir.

Termal mineral və qazlı bulaqlar .

Bu bulaqlar mənşəyi etibarı ilə yuvenil (maqmadan ayrılan ilkin su) və səthdən çatlarla dərinliyə keçib orada qızaraq yenidən səthə çıxan sularla əlaqədardır. Temperaturu müxtəlif ola bilər. Adətən, ərazidə havanın orta temperaturundan artıq olur. Bulaqların suyu dərində həll etdikləri maddələri səthdə çökdürərək (CaCO3, SiO2) kiçik təpəciklər əmələ gətirir. Termal bulaqlar yer səthində bir çox vulkan sahələrində, o cümlədən Azərbaycanda (İstisu), Ermənistanda (Cermax), Kamçatkada və başqa ərazilərdə geniş yayılmışdır.

Qeyzerlər .

Vulkan kraterində, konusun yamaclarında və çat vulkanlarında dövrü fəaliyyətdə olan su-buxar fəvvarəsinə qeyzer deyilir. Termal bulaqlara nisbətən az yayılmışdır. Ən məşhur qeyzerlər İslandiyada, ABŞ-da Yellouston milli parkında, Yeni Zelandiyada Şimal adasında, Kamçatkada Qeyzerli-Çay dərəsində yerləşir. Göstərilən qeyzerlər içərisində ən böyüyü və maraqlısı Yellouston milli parkı qeyzerləridir. Burada 100-ə qədər fəaliyyətdə olan qeyzer vardır. Bunlar müəyyən fasilələrlə ritmik fəvvarə vurur.

Qeyzerlərin bəzilərində güclü su fəvvarəsinin hündürlüyü 30-40 m, bəzən 60-70 m olur. Yeni Zelandiyada Vaymanqu qeyzeri bir püskürmə zamanı qaynar suyu 457 m yüksəyə atmışdır.

Qeyzerlər yüksək temperaturlu olduğuna görə çoxlu miqdar CaCO3 və baqa maddələri həll edir. Fəvvarə vurduqda su tez soyuyur və tərkibində olan karbonatlar ayrılaraq travertin örtüyü əmələ gətirir. Bəzən qeyzerin çökdürdüyü travertinlər, tuflar olduqca mürəkkəb formada, mikrorelyef formalar, terraslar, CaCO3 axınları, şəlalələri, hovuzları və s. əmələ gəlir.


13. Palçıq vulkanlarının relyef formaları

Palçıq vulkanları püskürən zaman yer səthinə sıyıq, bəzən qatı palçıq çıxarır. Palçıq vulkanı püskürmə məhsulu gil, qum, iri qırıntı və kəsəklərin su, qaz, bəzən də ilə neftlə qarışığından ibarətdir. Palçıq vulkanları əksər halda antiklinal və braxiantiklinal qırışıqların tağında, bəzən qanadında olan tektonik qırılmalar üzrə yerləşir. Palçıq vulkanları çox gilli, xüsusən plastik gilli qatların yayıldığı neftli-qazlı qırışıqlıq sahələrdə yayılmışdır.

Palçıq vulkanlarının əmələ gəlməsi haqqında müxtəlif fikirlər mövcuddur. Q. V. Abix və S.A. Kovalevski palçıq vulkanlarının maqmatik vulkanizmlə əlaqəsi olmasını göstərirlər. Bəzi müəlliflər palçıq vulkanlarının mənşəyini neftli qatların yüksək qaz təzyiqi ilə əlaqələndirirlər. N.S.Şatskinin fikrincə palçıq vulkanları tektonik və qaz təzyiqi yüksək olan differensial üfüqi tektonik hərəkətlərlə əlaqədar olaraq əmələ gəlir.

İ.M.Qubkin və onun ardıcılları cənub-şərqi Qafqazda palçıq vulkanlarının əmələ gəlməsini və onların fəaliyyətini diapir qırışıqlığı, mezo-kaynazoy çöküntülərinin neftli-qazlılığı və əlverişli hidrogeoloji şəraitlə əlaqələndirirlər.

D.A.Lilenberq Qobustan və Abşeronun palçıq vulkanlarını geomorfoloji xüsusiyyətlərinə görə iki əsas tipə ayırır: 1. Konusvari palçıq vulkanları , 2. Sopka çölləri .

Konusvari palçıq vulkanları düzgün kəsilmiş konus formaya malikdir. Hündürlüyü 300-400 m-ə, ətəyində diametri 5-6 km-ə çatır. Belə böyük konusvari vulkanlara cənub-şərqi Qobustanda Torağay, Böyük Kəniz, Güzdək Bozdağını misal göstərmək olar. Böyük konusvari vulkanların təpəsində krater düzənliyi (platosu) yerləşir. Bu düzənliklər qabarıq, düz və batıq formada ola bilər. Adətən, krater düzənliyinin səthi mürəkkəb mikrorelyef ilə seçilir. Bir çox kraterlərdə dairəvi bəndlər, onların daxilində sıyıq və qatı palçıq, su, qaz, neftli su atan palçıq sopkaları, qrifonlar və salzalar yerləşir. Palçıq sopkaları, adətən, düzgün konus formasında olub, təpəsindəki deşikdən (kratercikdən) sıyıq və bəzən qatı iri qırıntı məhsulları atır. Bu püskürmə müəyyən fasilə ilə baş verir və arabir nisbətən güclü olur. Sıyıq palçıq əksərən sopkanın hündürlüyü bir qədər artdıqda onun bir yamacına axır. Belə kiçik sopkalar konusvari palçıq vulkanları kraterində qaydasız halda yerləşir. Onların hündürlüyü 5-6 m-ə qədər ola bilər.

Palçıq vulkanları çox asan yuyulan yumşaq və çatlı qırıntı məhsullardan təşkil olunduğuna görə onların yamacı tez parçalanır. Lakin Qobustan və Abşeronda, eləcə də Kerç və Taman yarımadalarında iqlim quru olduğundan konusvarı palçıq vulkanları uzun müddət müsbət relyef forması kimi qalır.

Sopka çölü konusvari palçıq vulkanlarına nisbətən daha geniş sahəni tutur, lakin nisbi hündürlüyü 40-50 m-dən artıq olmur. Bəzi sopka çöllərinin uzunluğu və eni bir neçə km, sahəsi isə 8-10 km2-ə çatır. Cənub-şərqi Qafqazda ən böyük sopka çölü Gicəki dağından cənubda yerləşən Qoduxqıran palçıq vulkanıdır (8 km2). Bundan əlavə, Axtarma-Paşalı palçıq vulkanının sahəsi 10 km2-ə bərabərdir.

Sopka çöllərini əmələ gətirən və geniş sahə tutan palçıq vulkanlarında püskürmə bir mərkəz borudan baş vermir. Bunlar sahəvi püskürmə nəticəsində əmələ gəlir. Adətən, bu vulkanların sahəsinin 80-90%-i üzərində külli miqdarda palçıq sopkaları olan krater düzənliyi yerləşir. Krater düzənliyi ətrafından bir, yaxud bir neçə konsentrik dairə şəklində yerləşmiş bəndlərlə əhatələnir. Bəndlərin yüksəkliyi 2-3 m-ə qədər olur. Onların arasında aypara şəklində duzlu göllər yerləşir. Göllərin dərinliyi 0,5-1 m-dən 3-4 m-ə qədər ola bilər.

Təkrar püskürmələrin palçıq axınları daha qədim axınlardan istər səthin morfologiyasına, istərsə də rənginə görə aydın seçilir. Ayrı-ayrı axınlar arasında hündürlüyü 0,5-1, bəzən 1,5-2 m-ə çatan pillə əmələ gəlir. Bundan əlavə, qədim palçıq axınlarının üzəri bitki örtüyü ilə bu və ya digər dərəcədə örtülü olduğu halda, cavan axınlarda tək-tək yerləşən şoran bitkilərinə rast gəlinir. Qədim axınlar üzərində xətti eroziya izləri aydın görünür, cavan axınlar isə müəyyən vaxt yağış sularını demək olar ki, tamamilə uda bilir.




Yüklə 60,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin