Materik yamacının relyefi. Şelfin qaşı ilə materik ətəyi arasında səth meyilliyi xeyli çox olan ensiz materik yamacı yerləşir. şelflə materik yamacı arasında keçid bəzən kəskin, bəzi yerlərdə isə çox tədricidir. Materik yamaclarının morfologiyası mürəkkəbdir. Onun orta səth meyilliyi 5-7° arasında dəyişir. Lakin bir çox hallarda meyillik 2-3°-yə qədər azalır və yaxud 15-20°-yə, hətta 50° -yə qədər artır. Meyilliyi az olan materikin yamacı xeyli genişlənir, meyilliyi çox olan sahələrdə isə olduqca dar zolaq şəklində uzanır.
Materik yamacı geoloji quruluşuna görə də çox müxtəlifdir. Bir çox halda o cavan çöküntülərin yaşına və litoloji tərkibinə görə yanaşdığı şelf düzənliklərinə çox yaxındır. Eyni zamanda materik yamacının quruluşunda ciddi fərqlər də müşahidə edilir. Materik yamacında ümumiyyətlə çökmə süxur komplekslərinin qalınlığı azdır.
Materik yamacı relyefinin ən başlıca formaları pilləvari sualtı yaylaların və bu yamacı kəsən sualtı kanyonların olmasıdır.
Sualtı yaylalara misal Florida yarımadasındn şərqdə yerləşən Bleyk yaylasını göstərmək olar. Bu, şelfdən hündürlüyü 200-300 m olan yamacla ayrılır. Onun əsas hissəsi 400-500 m-lə 1000 m dərinlik arasında yerləşir. Yaylanın cənub-şərq hissəsində isə dərinlik 1500 m-ə qədər artır. Yayla şərqdə çox dik materik yamacı ilə dərinliyi 5000 m-dən artıq olan Bleyk çökəkliyinə keçir. Yaylanın səthi əsasən hamardır, meyilliyi isə olduqca azdır.
Argentinanın materik yamacında da sualtı yaylalar morfoloji cəhətdən yaxşı təmsil olunmuşdur. Burada ensiz, lakin səthi hamar olan bir neçə sualtı yayla müəyyən edilmişdir. Onlar şərqdə çox dik materik yamacı ilə əhatə olunur. Avropanın şimal və şimal-qərb materik yamacında da sahildən xeyli aralı geniş sualtı yaylalar yerləşir.
Materik yamacında sualtı kanyonlar geniş yayılmışdır. Bunlara xüsusilə Şimali Amerikanın şərq materik yamacında, Konqo çayı mənsəbi rayonunda, Qara dənizin Qafqaz sahillərinə yanaşan yamacında və i.a. rast gəlmək mümkündür.
Sualtı kanyonlar V şəkilli formada olub şelfin kənarından başlanır və materik ətəyinə davam edir. Kanyonların dərinliyi bir neçə yüz metrdən 2-2,5 km-ə qədərdir. Onların bir çoxu sadə formada olur, bəziləri isə qurudakı çay dərələri kimi bir sıra qollar qəbul edir.
Əksər kanyonların uzunluğu 50-60, eni isə 2-5 km-ə qədərdir. Lakin elə kanyonlar da var ki, onların uzunluğu yüz kilometrlərlədir. Bəzi kanyonların başlanğıcı çayların mənsəbinə tuş gəlir. Buna ən tipik misal kimi Konqo çayı mənsəbindən başlanıb 2 km (və çox) dərinliyə qədər materik yamacını kəsən sualtı kanyonu, yaxud Şimali Amerikada Hudzon çayı mənsəbi sahəsindən başlanan, Hudzon sualtı kanyonunu göstərmək olar
Sualtı kanyonların əmələ gəlməsinə dair müxtəlif fikirlər irəli sürülmüşdür. Kanyonların bəzən çay mənsəblərinə tuş gəlməsinə əsaslanan alimlər onların çay eroziyası nəticəsində yarandığını söyləmişlər. Lakin kanyonların mənşəyinə dair bu variantı qəbul etdikdə, ya okean səviyyəsinin həmin kanyonlar əmələ gələn dövrdə ən azı 3 km müasir səviyyədən aşağı olmasını, yaxud materik yamacının 3 km (və bundan da artıq) çökməsini güman etmək tələb olunur.
Sualtı kanyonların bir çox halda cavan miosen və pliosen çöküntülərini kəsdiyini nəzərə alsaq, bu səviyyə dəyişkənliyini və yaxud materik yamacının 3 km-dən artıq çökməsini yalnız pliosendən sonrakı dövrə aid etmək lazım gələrdi. Bu isə ağlasığmazdır. Hal-hazırda sualtı kanyonların əmələ gəlməsini materik yamacında yaranan radial qırılmalar və qrabenlərlə əlaqələndirirlər.
Bununla yanaşı kanyonların əmələ gəlməsində suspenziya axınlarının da (kanyon üzrə lil axınları) müəyyən rolu var.
Çayların şelfə çıxardığı yumşaq çöküntülərin bir hissəsi kanyonlarla materik yamacından materik ətəyinə aparılır və burada, xüsusilə kanyonların mənsəbi sahəsində gətirmə konusları yaradır.
Kanyonlarda yumşaq çöküntülər çox qalın olduqda, burada sürüşmələr baş verir. Onların dibində və materikin başqa sahələrində, bəzən səth meyilliyinin əks istiqamətli olması (çox qısa məsafədə) sürüşmə prosesi ilə izah edilir.
Dostları ilə paylaş: |