3. Psixologiyada humanist istiqamətin (K.Rocers, F.Perlz, V.Franki, C.Moreno) əsas metodoloji mövqeyi ondan ibarətdir ki,hər bir insanın sərbəst yaşaması, fəaliyyət göstərməsi və öz taleyini müəyyənləşdirməsi onun özünəməxsus olmalı, bütün bunlara nəzarət, qərar qəbulu onun özü tərəfindən həyata keçirilməlidir.
Psixoloq ona müraciət edən şəxsə müştəri kimi baxmalı, düşdüyü çətin vəziyyətdən çıxmaqda ona kömək etməlidir. O, müştərini mühakimə etməməli, əksinə, fəal, yaradıcı, dəqiq qərar qəbul etməli, müştərini dəstəkləməli və qəbul etdiyi qərarın məsuliyyətini dərk etməlidir. Bu nəzəriyəyə əsaslanan texnologiya ilə öz işini quran psixoloq konkret müştərinin daxili aləminə nüfuz etməklə onu duymağa çalışır. Psixoloq real və ideal “Mən” obrazının əsasında konqurentlik yaratmalı və bu ziddiyyətlərlə işləməlidir.
Bu metodika əsasında iş aparan psixoloq – məsləhətçi bir sıra texnikalardan (“burada və indi”, direktivlik, nitq dəyişkənliyi, boş kreslo metodu, “öz “Mən”inin hissəsi ilə söhbət”, “yuxarıdakı itlə” – avtoritar, direktiv və “aşağıdakı itlə” – (passiv, günah hissi keçirən, bağışlanma üçün fürsət axtaran) dialoq, yuxularla iş və s. istifadə edir.
Müasir psixoloji konsultasiya nəticəsində humanistik psixologiyanın təsirli iş metodları kimi eklektika, geştaltterapiya, davranış terapiyası daha geniş yayılmışdır.
Psixoloqun müştərinin problemlərinin peşəkar həllində istinad etdiyi əsas psixoloji məsləhətvermə metodu müsahibədir. Psixoloq müsahibə zamanı suallardan istifadə etməklə müştəriyə təsir göstərir. Psixoloji ədəbiyyatlarda müsahibənin beş mərhələli modeli göstərilir.
Hər bir mərhələnin qısa məzmununa nəzər yetirək:
1. Müştəri ilə psixoloq arasında qarşılıqlı münasibətlərin qurulması, psixoloji komfort və inamın yaradılması; (adətən bu salaşma ilə başlanır).
2. “Nə kimi probleminiz var?” – sualı ilə psixoloq – məsləhətçinin müştəriyə müraciəti və problemin mahiyyətinin öyrənilməsi;
3. “Siz nəyə nail olmaq istəyirsiniz?” –sualı ilə müştərinin istəklərinin, arzu edilən nəticələrinin müəyyən edilməsi;
4. “Biz sizin istəyinizin həyata keçirilməsi üçün baxaq görək nə edə bilirik?” – sualı ilə problemin həlli üçün alternativ həll yollarının müəyyən edilməsi;
5. Nəticələrin ümumiləşdirilməsi. (“Siz belə edəcəksinizmi?”).
Psixoloji konsultasiya üzrə iş aparan praktik psixoloqun məsləhətvermə və psixoterapiya sahəsində ümumi qanunauyğunluqlara əsaslandığı sınaqdan çıxmış psixoloji təsir metodları sirayət (yoluxma), təlqin, inandırma və təqliddən ibarətdir.