34-40. Rusiyanın Azərbaycana hərbi müdaxiləsi zamanı “erməni dövləti” yaradılması təşəbbüsləri.
Rusiyanın yerli hakim dairələri İrəvan xanlığının işğalından sonra onu vilayətə çevirdi, burada müvəqqəti idarə yaradıldı. Beləliklə, ilkin vəziyyətə görə, Rusiyaya müqavimət göstərən və ləğv olunan digər Azərbaycan xanlıqları kimi, İrəvan xanlığında da vilayət quruluşunun təmin edilməsi nəzərdə tutulurdu. Ermənilər isə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Lazarevin 1827-ci ilin sonlarında tərtib etdiyi “xüsusi layihə”də yenə də muxtar erməni dövlətinin bərpasından bəhs edilirdi.
1828-ci ilin fevralında imzalanan Türkmənçay müqaviləsi İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçməsini təsdiq etdi. Çar I Nikolay Türkmənçay müqaviləsindən qısa bir müddət sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan Erməni vilayəti yaratdı və onu çar tituluna daxil etdi.Belə bir fərmanın meydana gəlməsini təsadüfi hesab etmək olmaz. Ermənilərin burada ciddi təsiri ilə yanaşı, Rusiya imperiyası Osmanlı və Qacarlar ilə sərhəddə özünə etibarlı dayaq yaratmaq istəyirdi.
Beləliklə, ermənilər Erməni vilayəti kimi siyasi status aldılar. Vilayət idarəsində təmsil olunan Aştaraketski bundan istifadə edərək müsəlmanların sıxışdırılması ilə ermənilərin mövqeyini daha da möhkəmləndirməyə çalışırdı.
Bununla eyni zamanda, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi. Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Türkmənçay və Ədirnə müqavilələrində rəsmiləşdirilsə də, onların bundan məharətlə istifadə etməsi xüsusi qeyd edilməlidir. Bu şərtlər daxilində İran və Osmanlı dövlətindən köçürülmüş 130 mindən çox erməni keçmiş İrəvan, Qarabağ, Naxçıvan və digər xanlıqların ərazisində yerləşdirildi. Ermənilər “siyasi status”la birlikdə, demoqrafik yüksəliş də əldə etdilər.
Bütün bunlarla bərabər, Erməni vilayətinin təcrübəsi göstərdi ki, ermənilər kilsə, ticarət və siyasi intriqalarda nə qədər çevik olsalar da, dövlətçilik sahəsində o dərəcədə naşı olaraq qalırlar. Çar I Nikolayın 1837-ci il Qafqaz səfəri zamanı Erməni vilayətini yaratmaqla ermənilərə nə dərəcədə önəm verdiyini də göstərmək istəyirdi. Onun burada qarşılaşdığı mənzərə isə hökmdarı özündən çıxardı. Erməni vilayətinə dair həmin dövrdə yazılan və çap edilən nəşrlər də vilayətin real vəziyyətini gizlədə bilmirdi.Yarıtmaz fəaliyyətinə görə erməni Bebutov başda olmaqla vilayət administrasiyası işindən uzaqlaşdırıldı. 1840-cı ildə isə Erməni vilayəti ləğv edildi.
Ermənilər siyasi statusdan fərqli olaraq kilsənin mövqeyini möhkəmləndirməyə nail oldular. 1836-cı ildə erməni-qriqorian kilsəsi haqqında əsasnamə onun hüquqi vəziyyətini stabilləşdirdi. Alban kilsəsi ilə tarixi mübarizə də erməni kilsəsinin xeyrinə həll edildi. Erməni kilsəsinin mərkəzi olan Eçmiədzin Erməni vilayətində də təsirli rola malik oldu. Ermənilər siyasi məsələlərdəki problemlərə baxmayaraq, kilsənin mənafeyinə qarşı yönələn hər hansı bir addımı qəti müqavimətlə qarşıladılar. Bu özünü 1903-cü ildə göstərdi.
Dostları ilə paylaş: |