20.Siyasi sosiallaşma Siyasi sosiallaşma insanın müvafıq informasiyaya yiyələnməsi, siyasi davranış ideyalarını, baxışlarını, nümunələrini qavraması prosesidir.
Siyasi sosiallaşma ünsürləri məktəb yaşından əvvəl təzahür edə bilər. Lakin bu proses ilk məktəb yaşlarından etibarən müntəzəm xarakter alır. Belə ki, sosial psixoloqlarının və pedaqoqların fıkrincə, 8-13 yaş uşaqda siyasi baxışların formalaşmasının mühüm mərhələsidir. Bu yaşda siyasi quruluşdan, siyasi proseslərdən daha çox siyasi xadimlərdən, rəhbərlərdən bəhs etməyə meyllilik güclü olur. Başqa sözlə, ümumi siyasi proseslərin fərdləşdirilməsi aydın müşahidə edilir. Ayrı-ayrı ictimai qüvvələrə, hətta xalqlara, dövlətlərə rəğbət və ya nifrət, tənqidi mövqe təzahür edə bilər. Bu prosesdə ailədə və məktəbdə məsələlərin müzakirəsi, müəyyən yönümün olması (təbiidir ki, yaşlıların köməyi ilə) mühüm rol oynayır.
13-14 yaşdan etibarən sosiallaşmanın yeni mərhələsi başlanır. Yeniyetməlik adlanan bu mərhələnin səciyyəvi xüsusiyyəti dağınıq siyasi informasiyanın müəyyən sistem halında formalaşmasıdır. Bu sistemdə nəinki siyasi həyatın ayrı-ayrı məqamları, ən məşhur şəxsiyyətləri özünə yer tapır, həm də ölkədəki ümumi siyasi vəziyyət, siyasi hakimiyyətin strukturu, cəmiyyətin və dövlətin məqsədləri barəsində müəyyən təsəvvür formalaşır. Məhz bu dövrdə müxtəlif ictimai təşkilatların, o cümlədən siyasi yönümlü təşkilatların fəaliyyətinə qoşulmaq istiqamətində ilk cəhdlər reallaşır.
Bir çox cəmiyyətlərdə 18 yaş insanın siyasi həyatda tam hüquqlu iştirakının başlandığı müddət hesab olunur. İnsanın bir vətəndaş kimi təşəkkülü əsasən başa çatır. Bu zaman onun dünyagörüşü bir növ tamamlanmış məna kəsb edir. Siyasi rəğbət və ya nifrət qabarıq şəkildə təzahür edir. Bəziləri üçün siyasi proseslərdə iştirak etmək onun sonrakı həyatının mühüm komponentinə çevrilir. Millətin, sosial qrupun struktur ünsürü olan insan konkret şəraitdən asılı olaraq müstəqil surətdə siyasi fəaliyyətə qoşulur, cəmiyyətin siyasi münasibətlərini bu və ya digər dərəcədə təcəssüm etdirir.
Mütəxəssislərin fikrincə, ümumi meyl belədir ki, siyasət getdikcə daha çox adamın həyatına daxil olur. Sabit xarakter daşıyan bu meyl əhəmiyyətli dərəcədə onunla əlaqədardır ki, siyasi hüquq və azadlıqların dərk olunması, reallaşması siyasi fəaliyyətdə, demək olar ki, hamının iştirakı üçün əsas yaradır.
Müxtəlif səviyyədə rəhbərin, liderin mövqeyi, siyasi proseslərə bələdliyi, elmi cəhətdən əsaslı strategiya və taktika işləyib hazırlamaq bacarığı böyük məna kəsb edir. Lakin bu, adamların siyasi davranışının, fəaliyyətinin həlledici əhəmiyyətini kiçiltməyə əsas vermir. Belə bir cəhət də unudulmamalıdır: bəzən insanların siyasi fəaliyyətini məhdudlaşdırmaq, yaxud başqa bir məcraya yönəltmək halları özünü göstərir. Lakin insanların siyasi həyatdan hər hansı formada uzaqlaşdırılması, real tarixi prosesə adekvat olmayan səmtə istiqamətləndirilməsi ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, açıq və ya gizli şəkildə bütövlükdə siyasi sistemə münasibətdə yadlaşma təzahür edə bilər.