35.Nikah ailənin hüquqi əsasıdır Ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biridir. Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal forması sayılır. Ailənin unikallığı və özəlliyi ondan ibarətdir ki, bir neçə insan onillərlə ölçülən uzun zaman kəsiyində, öz ömürlərinin böyük əksəriyyətini bir-birləri ilə sıx qarşılıqlı münasibətdə keçirirlər.
Ailə - nikah, yaxud qan qohumluğuna əsaslanan kiçik sosial qrupdur. Ailə üzvləri bir-birinə məişət birliyi, mənəvi cavabdehlik və qarşılıqlı köməklə bağlıdır. Nikah və ailədə cinslər və cinsi tələbatdakı fərqdən irəli gələn münasibətlər əxlaqi-psixoloji münasibətlər formasında özünü göstərir. Ailə bir ictimai forma kimi cəmiyyətin inkişafından asılı olaraq dəyişilir. İbtidai cəmiyyətdəki ailədən danışarkən aralarında cinsi əlaqəyə icazə verilən şəxslər nəzərdə tutulur. Bu mənada ailə şərti olaraq qan qohumluğu ailəsi, qrup nikah, endoqamiya, ekzoqamiya, qoşa nikah formalarına ayrılır.
Ailə hüququ - ər-arvadın, uşaqların və ailənin digər üzvlərinin şəxsi və əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə hüquq sisteminin əsas institutları nikah, ailə, ər-arvadın hüquq və vəzifələri, valideynlərin və uşaqların hüquq və vəzifələri, nikahın xitamı, övladlığagötürmə, həddi-büluğa çatmamışlar üzərində qəyyumluq və himayəçilik kimi məsələləri tənzimləyir.
Ailə tərbiyəsi - ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa müntəzəm, məqsədəuyğun təsiridir. Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə tərbiyəsinin məqsəd və vasitələri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə tərbiyəsi ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqı və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. O, böyüklərin özünütərbiyəsi, onların xarakterində uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır.
Ailənin bir sıra funksiyaları var. Nəsilin davamını təmin etmək: Yetkin iki adamın birlikdə yaşamasını tələb edir. Sağlam bir qurşaq yetişdirmək üçün ailə birliyinin qorunması da böyük əhəmiyyət daşıyar.
Üzvlərin iqtisadi ehtiyaclarını qarşılamaq: Ər-arvadın əməkdaşlığı reallaşdırar.
Uşaqların ictimailəşməsini təmin etmək: Ailə uşaqların cəmiyyətə hazırlanmasını təmin edən ilk qrupdur. Onlara içində yaşadıqları cəmiyyətin inanclarını, dəyər mühakimələrini, ənənə və adətlərini, ədəb qaydalarını öyrədər. Şəxsiyyətlərinin inkişafı üçün mühit hazırlayarlar.
Üzvlərin romantik ehtiyaclarını qarşılamaq: Bunu içdən sevgi və hörmətə dayanan əlaqələr təmin edər. Kiçik böyük, hər kəsin duyğusal istiqamətdən sağlam olması həm özü, həm ailəsi, həm də cəmiyyət üçün son dərəcə əhəmiyyətlidir.
Ailə bir çox istiqamətləriylə digər ictimai strukturlarından fərqli, özünəxas bir sıra xüsusiyyətləri olan bir ictimai təşkilatdır. Ailə universaldır. Ailə bütün ictimai əlaqələr içində ən çox universallıq xüsusiyyəti göstərməkdədir. Hər cəmiyyətdə görüldüyü kimi heyvanlar aləmində də vardır, hər insan bir ailəyə mənsubdur və o ailənin məsuliyyətlərini daşıyan bir üzvüdür.