30.Respublikamızda təhsilin inkişafı strategiyası Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dövlətimizi vətəndaş müharibəsindən, parçalanmadan, yox olmaq təhlükəsindən xilas etmiş, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmış və davamlı inkişafın təməlini qoymuşdur. Tariximizin şanlı səhifəsini təşkil edən 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur və xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir.
Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək inkişaf üçün güclü təməl yaratmışdır. Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilmiş, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilmiş, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırmış, "Doing Business-2019” hesabatına əsasən dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer almışdır.
Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artmışdır.
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcəkdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.
Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait ayrılmışdır.
2018-2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olmuşdur. Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı bu təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaratmışdır. Belə ki, "Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və "Peşə təhsili haqqında” Qanun qəbul edilmişdir. Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə etmişdir.
Həmin qanunların və 2017-ci ildə qəbul edilmiş "Məktəbəqədər təhsil haqqında” Qanunun tətbiqi də nəzərə alınmaqla 25-dək normativ hüquqi sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuş, onların böyük əksəriyyəti təsdiq edilmişdir. Cari ildə isə "Ümumi təhsil haqqında” Qanun qəbul olunmuşdur.