Avreliy Avqustin (354– 430) orta əsr fəlsəfəsinin görkəmli nəzəriyyəçisi, teoloq və filosof olmuşdur. Onun fəlsəfi ideyaları «Həqiqi din haqqında», «Azad iradə haqqında», «Tövbə», «Allah şəhəri haqqında» əsərində öz əksini tapa bilmişdir. «Allah şəhəri haqqında» əsəri daha mühüm yer tutur. Orada filosof insan birliyinin bir–birinə əks olan iki növünü təhlil etmişdir. Bunlardan birincisi, «dünyəvi şəhər», daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın inkarına aparıb çıxaran dövlətçilikdir, ikincisi isə «Allah şəhəri»dir ki, burada allaha məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, Avqustinin «Allah haqqında təlimi» sxolastikaya həlledici təsir göstərimişdir. Allah ali varlıqdır, dünya qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir. Allah zərurətə görə deyil, öz iradəsinə görə dünyanı heç nədən yaratmışdır. «Allah şəhəri haqqında» əsərində Avqustin yazırdı ki, dünya zamanda deyil, zamanla birlikdə yaradılmışdır. Beləliklə, fəal yaradıcı başlanğıc təbiətdən, kosmosdan alınaraq allaha verilirdi. Ona görə də orta əsr fəlsəfəsində kosmos yunan fəlsəfəsində tutduğu mövqeyini itirmişdir. Avqustin təlimində dünya haqqında təlim ikinci reallıq haqqında təlim kimi verilmişdir. Onun təlimində antik dualizm (əql və materiya) rədd edilir, əvəzində monizm əsas mövqeyə çıxır. Monizm prinsipinə görə, yalnız mütləq başlanğıc– allah vardır, qalanları isə ikincidir, allahın yaratdığıdır. Allah və onun yaratdığı dünya iki reallıqdır. Onlar mütləq şəkildə ontoloji olaraq bir– birindən ayrılırlar. Allah həqiqi varlıqdır, o əbədidir, dəyişməzdir, heç nədən asılı deyildir, hər şeyin mənbəyidir (əslində antik filosofların varlığa aid etdikləri atributları orta əsr fəlsəfəsində allaha aid edilirdi).
Avqustin fəlsəfəsində tale, qismət təlimi mühüm yer tutur. Həmin təlimdə göstərilirdi ki, subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə baxmayaraq, o nə iş görürsə, allah onun vasitəsilə edir. Özünün qərarı ilə allah bəzi adamları xilas edir, digərlərini cəhənnəm əzabında cəzalandırır. Xristian tale, qismət təliminin mahiyyəti belədir. İlahi tale qismət prinsipi iki bir– birinə zidd şahlıqların mənbəyidir. Bu iki şahlıq axirət dünyası və real dünyadır. Real dünya müharibələrlə, zorakılıq üzərində qurulmuşdur. İlahi dünya isə kilsənin köməyi ilə formalaşır.
Xristianlıq fəlsəfəsinin birinci mərhələsi II-VII əsrləri "patristika" adlanan dövrü əhatə edirdi (patristika - lat. patria sözündən olub, ata deməkdir, kilsə ataları tərəfindən yazılmış ədəbiyyatın ümumi adıdır). Patristikanın özünü də 2 mərhələyə bölmək olar.