1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.
Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: "Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!"
Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.
İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.
Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.
Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".
Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.
1941–1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.
Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü.
Moskva uğrunda gedən döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9–10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşist məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. İsrafil Məmmədov bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı idi.
Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olmuşdur.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşistə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər.
1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular.
Faşistlər xalqımızın qəhrəman oğulları Mirzəxan Məmmədov, Qulu Quliyev, Vəli Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla Qurbanov, İsmayıl Heydərov, Həsən Əliyev, Qurban Məmmədov, Məmməd Axundov, Abbas Hüseynov və bir çox başqalarını həbs edib, böyük əzab və işgəncədən sonra ölüm cəzasına məhkum etmişdilər.
1941–1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı nefti Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".
Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70–75%-i, benzinin 85–90%-i Azərbaycanın payına düşürdü. 1941–1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.
Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi". Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur".
Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".