Koşak (mani-bayatı)
Uyğur folklorunda və yazılı ədəbiyyatında xalq koşaklarının xüsusu yeri var. Koşaklar mövzu və forma baxımından rəngarəngdir. Zəngin tarixi keçmişə və ənənəyə dayanan koşaklar Azərbaycanda qoşma, bayatı, Türkmənlərdə dörtləmə, qazaxlarda şuvmak türi, qırğızlarda tört sap, özbəklərdə koşık, başqırd və tatarlarda dürtyııllık (şiğır), çuvaşlarda takmak adlandırılan şeir növü ilə demək olar eynidir (Öger, 2006:401).
Uyğurlar uşaqlara dedikləri laylalara “elley koşakları” deyir. Bunlar ümumiyyətlə dörd misralıq bəndlərdən ibarətdir.
Koli arslan bileklik Qolu aslan biləkli
Batur, qaplan yüreklik Bahadur, qaflan ürəkli
Yaxşı-yaman künimde Yaxşı-yaman günümdə
Mana bekmu kereklik Mənə yaman gərəkli.
Sana qoydum yaxşı at Sənə qoydum yaxşı ad
Yaxşı niyettur murat Yaxşı niyətdir murad
El-yurtunqa köyünsen Yurduna yanar isən
Sana bolqusi qanad Sənə olacaq qanad (Öger, 2013:55-57).
Yas mərasimlərində söylənən koşaklara isə “haza koşakları”, “matəm koşakları”, “yığa koşakları” deyilir (Sadik, 1995:299).
Uyğur koşakları Azərbaycan qoşmaları ilə eynilik təşkil etsə də, uyğurlarda koşak daha geniş anlamda işlədilir. Onlar koşak dedikdə az qala şifahi xalq ədəbiyyatına aid etdiyimiz şeirlərin əksəriyyətini başa düşürlər.
Uyğurların “Xeliq eğiz icadiyiti” adlandırdıqları ədəbiyyatda koşaklar ən çox dördlüklər şəklindədir. İki, beş və altı misralı koşaklar olduğu kimi misralardakı hecalar da fərqlidir. Misraları 4 ilə 16 arasında dəyişən qəliblər olsa da, ən geniş yayılanı 7 və 8 hecalılardır. Onların qafiyə sistemi də bizlərdə və əksər Türk xalqlarında olduğu kimidir. Qafiyə isə aaaa, aaba, abab, aaab, abcb şəklindədir (Öger, 2006:402).
“Uyğur xeliq eğiz icadiyiti” kitabında koşaklar aşağıdakı kimi təsnif edilib:
1-Emgek koşakları (əmək koşakları);
2-Məvsim-mərasim koşakları (mövsüm-mərasim koşakları);
3-İşki-muhəbbət koşakları (eşq-məhəbbət koşakları);
4-Tarixi-qəhrəmanlık koşakları (tarixi-qəhrəmanlıq koşakları);
5-16-cı il koşakları (1916-ci ilin hadisələrini əks etdirən koşaklar). (Öger, 2006:402).
Uyğur Türklərinin 19-cu yüzilə kimi yaratdıqları ədəbiyyat örnəkləri Türküstan ədəbi dilinin məhsullarıdır. Göytürk, Uyğur, Qaraxanlı və Qızıl Orda dövrünə məxsus əsərlər bu ədəbiyyatın özülünü təşkil edir. Uyğurlar zəngin bir şifahi ədəbiyyata malikdir. Oğuznamə, Çın Temir, Nazuqum, Tahir ilə Zöhrə bunlardan bəziləridir.
19-cu yüzilin əvvəllərində Şərqi Türküstanda yaranan olaylar Kaşqardakı milli müstəqillik hərəkatının yaranmasına səbəb olub. Bu dönəmdə uyğurlar arasında xalqın müstəqillik mübarizəsini dilə gətirən yeni bir ədəbiyyat yaranıb. Bilal Nazim, Sadir Pəhlivan, Molla Şakir kimi şəxsiyətlər bunlardan bir neçəsidir. Bu dövrdə tərcümə əsərlərin sayı da artmağa başlayıb. Əlişir Nəvai, Lütfi, Firdovsi kimi klassiklərin əsərləri tərcümə edilib.
Dostları ilə paylaş: |