Uyğurlarda Ölüm
Uyğurlar tarix boyunca bir çox dini qəbul edib, bu da onların cənazə mərasimlərində özünü göstərir. Onlar biri öldüyündə ruhun bədəndən ayrılıb göyə yüksəldiyinə inanır. Ölən insan üçün “vapat boldi”, “kaza kıldı”, “tügep ketti”, “tüzilelmidi”, “közlirini yumdi”, dünyadin ötti”, “rəhmətlik boldi”, uşaq üçün “çaçrap ketti” ifadələrini işlədirlər (Öger, 2013:97-98).
Ölüm əsnasında ruhunu asan təslim etsin deyə ağzına “demide içküzüş”, “demide süyi” dedikləri oxunmuş suyu damızdırırlar. Biri öldükdə çənəsi ağ rəngli çitlə bağlanır, əli-ayağı düzləşdirilir. Ölüm gerçəkləşdiyində yüksək səslə ağılar söylənir. Ağılarda onun yaxşılıqları dilə gətirilir. “Ölüm yiqisi bilen, toy külkisi bilen kizik” (Ölüm ağlamasıyla, toy gülməsiylə anlamlıdır) atalar sözü ağıların məqsədini dilə gətirir. Meyid təmiz suyla üç dəfə yuyulur, kəfənlənir. Lopnur bölgəsində ölən bir məsləkdə pir səviyəsinə çatıbsa onu yuyanlar barmaqlarına çit bağlayıb yuyar, yuma işindən sonra onu qohumlarına verər, qohumları o çiti saxlayar, gözləri ağrıdıqda gözlərinə sürtər və bununla ağrının sovuşacağına inanırlar. Bəzi bölgələrdə meyid yuyulduqdan sonra onun qoyulduğu evə pişiyin girməsinə mane olunur, şayət pişik gecə onun üstündən keçərsə bədbəxtlik yaranacağına inanılır (Hebibulla, 2000:326). Kişilərin kəfəni üç, qadınlarınkı beş qat olur. Ölən şəxsin başına ehsanı üçün kəsilən qoçun baş sümüyü asılar, qadın isə üçkünc çit bağlanır. Dəfn törənindən sonra həmin axşam və ya üç gün axşam evdə və ya məzarın başında quran oxunur. Məzarlıqlar ümumiyyətlə ya dağ ətəklərində və ya yol kənarlarında olur. Qəbristanlığın yanından keçənlər atlarından enib ölənlərin ruhuna dua oxuduqdan sonra yoluna davam edər. Yas tutma isə ölən şəxsin kimliyinə görə dəyişir, bəzi yerlərdə 40 gün, bəzi yerlərdə bir il yas tutulur. Ölən şəxsin yaxınları bellərinə ağ qurşaq, qadınlar başlarına ağ çit bağlayar, ağ köynək geyər. Yeddisi verilmədən kişilər ağ köynəklərini çıxarmaz, saçını, saqqalını, bığını qırxmaz. Qadınlar başlarını yumaz və saçlarını daramaz. İl və ya qırx verildikdən sonra bir qadın təsəlli sözlərini dedikden sonra ağlar çıxarılır, uyğurlar buna “karilik sunduruş”, “karisini ostuş” deyilir.
Dostları ilə paylaş: |