2-UYĞUR FOLKLORU
Uyğurların folkloru zəngin olmaqla yanaşı janr əlvanlığı ilə də seçilir. Ona görə də qonşu xalqların folkloruna, ədəbiyyatına, təfəkkürünə də güclü təsir göstərib. Bugünkü uyğur Türkcəsi qədim Uyğur, Qaraxanlı və Cığatay Türkcəsindən yaranıb. Yəni indiki Uyğurca XV yüzilin başlarından XX yüzilin başlarına kimi davam edən Cığatay Türkəsinin çağdaş anlamdakı davamıdır. Türküstanda (Orta Asiya) müştərək danışılan Cığatay Türkcəsi 1930-cu illərə kimi rəsmi yazı dili idi. Daha sonra mərkəzi ağız (diyalekt) olan Urumçi ağzı rəsmi dil kimi qəbul edilib. Əslində Uyğur Türkcəsinin üç dialekti vardır. 1-Mərkəzi ağız (Urumçi, Kumul, Turpan, İli, Kaşqar-Artuş, Tarım ağızları). 2-Hoten ağzı (Quma, Karikaş, Elçi, Lop, Keriyə ağızları). 3-Lopnor ağzı (Dönkotan, Kara, Mirən ağzı). Lopnor ağzı bugünkü Qırğız Türkcəsinə yaxındır (Akpınar-Ağca, 2013:142).
Uyğur Türklərinin folkloru da digər Türk xalqlarının folklorunun oxşarıdır.
Uyğurlar nəslin davamı olan uşağa həddən artıq önəmlə yanaşır. Bunun ən gözəl örnəyi, “Balılık öy bazar, balısız öy mazar” (Uşaqlı ev bazar, uşaqsız ev məzar) şəklində ifadə edilən atalar sözüdür. Ailədə uşağın olmamasının günahı ümumiyyətlə qadında axtarılır. Qadınlar hamilə qalmaq üçün müqəddəs sayılan məkanları, özəlliklə qəbirləri ziyarət edir, dua oxuyurlar. Ziyarət edilən yer qəbir isə qadınlar onun torpağından biraz götürüb yeyirlər. Kaşqarlı Mahmudun Opal şəhərindəki qəbrinə gedib məzarın yanındakı Hay-Hay adlı qovağın budaqlarına rəngli çitlər bağlayıb niyət tuturlar. Yeddi övliyanın adının yazıldığı kağızı sol döşlərinə assalar doğacaqları uşağın sağlam olacağına inanırlar. Turfan bölgəsində olan (Əshabı Kəhf) “Tuyuq Xocam Məzarı” ziyarət edilir, uşağı olmayan qadınlar bu məzarın olduğu mağaraya “Bismillah” deyərək daxil olub əlinə nə keçsə yesələr şəfa tapacaqlarına və uşaqları olacağına inanırlar. Qaraqaş qəsəbəsinin Orçi kəndindəki “Tənha Oğul” adlı qəbir də ziyarətgahlardan biridir. Ordakı yaşlı qovaq ağacına qızı olmasını istəyən qadınlar iynə, oğlan olmasını istəyənlər biçaq sancırlar. Keriyə mahalının Oytoğrak kəndindəki “Qızıl Paşşim” adlı qəbir də ziyarət edilərkən həmin ritual həyata keçirilir. Hətta uşağı olmayan qadın orda yoldaşı ilə birlikdə bir gecə yatır. Məzarlar ziyarət edilərkən ordakı ağacların qucaqlanması, qəbrin olduğu təpələrdən diyirlənilməsi, qəbrə buğda səpilməsi, qəbrin ətrafında şam yandırılması, qəbrin yaxınlığındakı bulaqlara mədəni pul atılması da uşaq olması üçün həyata keçirilən rituallardandır. Bundan başqa ağac koğuşlarına və təpələrdəki çuxur yerlərə də yalvarırlar ki, uşaqları olsun. Uşağa qalmaq istəyən qadınlar qırx gün çörək yemədən əvvəl qırx dəfə ixlas (əlhəmd) surəsini oxuyur; ağ rəngli qaba tökülmüş suya üstündə Quran ayələri yazılmış kağızı atır və o suyu içirlər. Məhsul biçilən vaxtda yeddi zəmidən buğda ya da qarğıdalı yığılıb üyüdür, bu undan yapılan çörək mollaya aparıb oxutduqdan sonra yeyirlər ki, uşaqları olsun. Uşağa qalmayan qadınlar qurban bayramında üzlərini örtüb yeddi qonşudan qurban edilən heyvanın ciyarını yığıb bişirib yeyirler. Uşaq istəyən qadın qurban günü uşağı olan qadını qucaqlayıb “Uşaq doğduğun qarnını mənə ver, mən də doğmuyan qarnımı sənə verim!” deyərək alt paltarının kətan ipini onunki ilə dəyişdirirlər. Bunlardan başqa qaranquşun balasını otları yandıraraq bişirib yeyirler. Hamilə qalmaq istəyən qadın xarabalıqlardakı ümumiyyətlə sərçə yuvalarına əlini soxub gözünü yumur və əllərinə nə keçsə yeyirler. Ekiz uşağı olmasını istəyən qadınlar qaranquş balasını diri diri udurlar. Hamilə qalmayan qadın doğan qadının uşaq yoldaşının üstündə isti-isti oturaraq beləliklə uşaqlarının olacağına inanırlar (Öger, 2013:36-40).
Hamilə qadınlar üçün “hamildar”, “yüklük”, “yükü bar”, “yük kötürgen”, “ağır ayağ” sözləri işlədilir. Hamiləliyin ilkin dönəmlərində qadın tək qalsa cin-şeytan ona zərər verər düşüncəsi ilə tək buraxılmaz. Onun yastığının altında daim bir biçaq olar, yataq otağının tavanından quş tükü asılar. Hamilə qadın itə, pişiyə baxmaz, dəvə və dovşan əti yeməz, gündüzlər yatmaz, ağır işlər gördürülməz, qarabasmasına əngəl olmaq üçün döşəyin ya da paltarın içinə dəvə yunu qoyular. Hamilə qadın ip əyirməz, əyirsə göbək bağının uşağın boynuna dolanıb öləcəyinə inanırlar (Öger, 2013:40-42).
Uşaq dünyaya gədikdən sonra göbəkbağı yəni göbək anası “kindik anisi”, “tuğut anisi” uşağı doğuzduran qadın yəni əbəçə tərəfindən kəsilir. Uyğurlar buna “kindik kəsiş” deyir. Göbəkbağından götürülən qan uşağın iki yanağına sürtülür ki, gözəl olsun. Kəsilən göbəkbağı bir şeyə dolanıb qurudulur və saxlanılır. Uyğurların inamına görə uşaq ilə göbəkbağı arasındakı əlaqə heç vaxt kəsilməz, o yaxşı qorunub-saxlanarsa yiyəsinin bəxti daim yeyin olar. Uşaq böyüdükdə bir xəstəliyə düçar olsa göbəkbağı o bölgəyə sürtülsə xəstəlik sağalar (Öger, 2013:44-45).
Uşaq yoldaşı üçün də xüsusi rituallar həyata keçirilir. Qızın uşaq yoldaşı həyətdəki ocağın sağ tərəfində 30-40 cm dərinlikdə çuxur qazılaraq quylanır. Oğlanın uşaqyoldaşı isə darvazaya yaxın bir yerdə 40 cm qədər qazılaraq quylanır. Qızın böyüdükde izzətli və həşmətli olması arzulanırsa uşaqyoldaşı evin sağ tərəfində quylanır. Oğlanın uşaqyoldaşı isə ocağın varisi qəbul edildiyindən evin astanasının altında quylanır (Tursunniyaz, 2007:60-61).
Ardıcıl olaraq qız ya da oğlan doğan qadın ayrı cinsdə uşağının olmasını istəyərsə uşaqyoldaşını tərsinə çevirib içində qız uşağını təmsilən yeddi şaftalı çəyirdəyi, oğlan uşağını təmsilən də yeddi çınqıl qoyub yerə quylayar, bununla ayrı cinsdən uşağı olacağına inanılır (Tursunniyaz, 2007:63).
Uşaq dünyaya gəldikdən 15-20 gün sonra “böşük toyi” mərasimi keçirilir. Bu ritual ümumiyyətlə cüməaxşamı və ya bazar günü axşam tərəfi təşkil edilir. Uşağı “böşük anisi”, “irimcü” beşiyin üzünü qibləyə döndərib dua oxuyaraq ona qoyar. Uşaq oğlandırsa baş tərəfə qurd sümüyü, bir parça çörək, nəzər muncuğu, nəzər duası ilə birlikdə biçaq, qızdırsa güzgü asar. Uşağın dünyaya gəlməsindən yeddi gün sonra xüsusi törənlə dırnağı tutulur, başını atalı-analı biri qırxar, tükləri bazar yerinə vəya məscidin damına səpilər ki, etibarlı, imanlı olsun (Tursunniyaz, 2007:80-81).
Uşağa 3-7 gün sonra məhəllənin böyükləri və molla çağrılaraq ad qoydu törəni təşkil edilir. Molla uşağın sağ qulağına azan oxuyub sol qulağına adını deyər, sonra yeyilib-içilər, mollaya pul verilər (Rahman, 1996:132-133).
Uşağın qırxı “kirik süyi” deyilən, içinə qızıl, gümüş, alma qaxı, qanqal, ardıc yarpağı, qoz atılaraq hazırlanan su ilə çıxarılır. Bu su ilə bədəninin hər tərəfi yuyulur və bu su məhəllənin hörmətli, etibarlı bir şəxsinin evinin qabağında yerə calanır ki, uşaq da onun kimi hörmətli və etibarlı olsun (Tursunniyaz, 2007:85-86).
Zahı qadına şər qüvvələrin xətəri toxunmasın deyə otağına quş lələyi asılır (Öger, 2013:52). Uşağın paltarları, yelləncəyi axşam və ya gecə eşikdə buraxılmaz, bu edilməzsə cinin uşağın paltarlarını geyəcəyi, yelləncəyinə minəcəyinə inanılır. Əgər onlar eşikdə unudularsa anası bir dəstə qamışı yandırıb paltarların və ya yelləncəyin üstündə gəzdirib onları təmizləyər (Gönel, 2011:189).
Uşaq xəstələndiyində anası onu götürüb üstünə baş çiti ya da bir bez örtər, nənəsi bir dəstə qamışı yandırıb dua edərək uşağın üstündə üç dəfə dolandırar və bu işi yeddi dəfə təkrarlayar, ana uşağın üstünə örtdüyü örtüyü götürmədən uşağı evə aparar (Öger-Gönel, 2011:245-246).
Uşağın qırxı çıxmadan yad şəxslər zahı qadın və uşağın olduğu yerə birdən girməz, girsə onunla birlikdə gələn cinin uşağa və anasına xətəri toxunacağına inanılır (Gönel, 2011:190). Uşağa yatan qadının evinə qırmızı və ya göy rəngli çit bağlanar. Bu da həmin evdə zahı qadının olduğuna işarədir, bununla xətərli ruhların və yad adamların evə daxil olmasına mane olunur (Öger, 2013:52). Zahı qadının evinə adət görmüş qadınlar gələrsə ona və uşağa xətər dəyər deyə həyət qapısının astanasının qabağı qazılaraq ora kəndir quylanar. Uşağın göbəyi düşənə kimi evdən özgəyə deşici alətlər verilməz (Tursunniyaz, 2007:74).
Uyğur qızları və qadınları saç baxımına önəmlə yanaşır. Uzun və gur saçlara “sümbül saç” deyirlər. Qızlar evlənənə kimi saçlarını 11, 15, 17, 21, 41 dənə hörük olmaqla onları təkli hörərlər. Subay qızların kəkili də olur. Başlarının boyun hissəsi evlənənə kimi ülgüclə daimi olaraq qırxılır, hətda evləndiyi gündən bir gün qabaq da qırxılır. Evləndiyi günün ertəsində ya da bir neçə gün sonra kəkili ikiyə ayrılaraq arxaya daranır, hörükləri açılaraq bir cüt şəklində və “saç koşak toyu” adlı mərasimdən sonra cütlük şəklində hörülür. Uşağı olan qadın uşaqlarının sayına görə hörüklərinin ucuna kiçik hörüklər əlavə edir. Ərindən ayrılan qadına “cuvan” deyilir, onlar saçlarında qoz toppuzu yaradırlar və saçlarını 5, 7, 9 olmaqla təkli hörüklər şəklində hörürlər. Nəvəsi olan qadınların saçlarında ceviz toppuzu və balaçuklu hörük olmaz, onlar saçlarını iki cərgədə hörərək onları “saç təngə” dedikləri qızıl və ya gümüş pullarla birləşdirirlər. Saçını bir hörük şəklində hörən qadınlar “ər axtaran qadın” kimi qəbul edilir və onlara yaxşı gözlə baxılmaz (Tanrıdağlı, 2000:47-48).
Dostları ilə paylaş: |