250 yaşlı İnsan Böyük Rəhbərin on dörd məsumun siyasi həyat və mübarizələrinə dair çıxışlarından seçmələr



Yüklə 309 Kb.
səhifə13/19
tarix31.01.2017
ölçüsü309 Kb.
#6757
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

On ikinci fəsil: İmam Sadiq (ə)

İmam Səccadın (ə) və İmam Baqirin (ə) çoxlu fəaliyyətləri nəticəsində vəziyyət Peyğəmbər (s) ailəsinin xeyrinə çox dəyişmişdi. Mən iki kəlmə ilə İmam Baqirin (ə) və İmam Sadiqin (ə) planını açıqlamaq istəyirəm. O zaman bu, sirr idi. Eşitmisiniz ki, deyirlər məsələn, Cabir ibn Yezid Cöfi sirr sahiblərindən idi; deyirdilər ki, Allah bizim sirrimizi açan şəxsə lənət eləsin və sair. İndi mənim söyləmək istədiyim də həmin sirlərdəndir, lakin bu gün bunu açmağın nəinki eybi yoxdur, hətta imamın nə etmək istədiyini bilmək üçün vacibdir də. İmam Sadiqin (ə) planı bu idi ki, İmam Baqirin (ə) vəfatından sonra qiyam edib Bəni-Üməyyə hakimiyyətini devirsin. O zaman Bəni-Üməyyə rejimi olduqca zəif idi. İmam Sadiqin (ə) qurduğu Şiə şəbəkəsi Xorasana, Reyə, İsfahana, İraqa, Hicaza, Misirə, Mərakeşə və digər müsəlman bölgələrinə yayılmışdı. Onların hamısı Mədinəyə toplaşmalı, İmam Şama yürüş etməli, Şam hökumətini devirib öz xilafət bayrağını ucaltmalı və Mədinəyə gələrək Peyğəmbər (s) hökuməti qurmalı idi. İmam Sadiqin (ə) planı bu idi.

Buna görə də İmam Baqirin (ə) son günlərində Məhəmməd (s) ailəsinin qiyamçısı haqda söhbət düşəndə İmam Sadiqə (ə) baxıb buyururdu ki, qiyamçı budur. Bildiyiniz kimi, Məhəmməd (s) ailəsinin qiyamçısı sözü ümumi addır, yalnız on ikinci imama məxsus deyil. Dövrümüzün imamı Məhəmməd (s) ailəsinin son qiyamçısıdır, amma bu ailənin istər qələbə çalan, istərsə də qalib gəlməyən bütün imamları Məhəmməd (s) ailəsinin qiyamçılarıdır. Rəvayətlərdə deyilir ki, bizim qiyamçımız qiyam edəndə filan işləri görəcək, rifah yaradacaq, ədaləti bərqərar edəcək və sair. O zaman bu sözlərdə məqsəd on ikinci imam deyildi; məqsəd bu idi ki, haqq və ədalət hakimiyyətini qurmalı olan şəxs qiyam edəndə bu işləri görəcək. Və həqiqətən elə idi; o zaman İmam Sadiq (ə) Məhəmməd (s) ailəsinin qiyamçısı olmalı idi. O, belə bir vəziyyətdə imamətə çatdı.

İmam Sadiq (ə) mübarizə, elm və təşkilat adamı idi. Onun elm adamı olmasını hamınız çox eşitmisiniz. İmam Sadiqin (ə) dərsləri və tədris dairəsi ondan həm öncə, həm də sonra imamların həyatında misilsiz idi. İmam Sadiq (ə) bir əsrdən artıq müddətdə qərəzli, azğın, yaxud cahil insanlar tərəfindən təhrif olunmuş bütün düzgün İslam sözlərini və əsl Quran təlimlərini düzgün formada bəyan etdi və bu, düşmənin qorxuya düşməsinə səbəb oldu. Siz bunları eşitmisiniz, amma onun mübarizə adamı olmasını az eşitmisiniz. İmam Sadiq (ə) geniş və müntəzəm bir mübarizə ilə məşğul idi, hakimiyyətə gəlmək, İslam və Əli (ə) hökuməti qurmaq üçün mübarizə aparırdı, Əməviləri devirib onun yerinə əsl İslam hökuməti - Əli (ə) hökuməti qurmağa çalışırdı. İmam Sadiqin (ə) həyatını diqqətlə mütaliə edənlərə bu aydındır.

Çoxlarının ümumiyyətlə eşitmədiyi üçüncü məsələ isə onun təşkilat adamı olmasıdır. İmam Sadiq (ə) uzaq Xorasandan və Orta Asiyadan Şimali Afrikaya qədər bütün İslam dünyasında Əli (ə) hökumətinin tərəfdarlarından ibarət böyük bir təşkilat yaratmışdı. Təşkilat nə deməkdir? Yəni İmam Sadiq (ə) xalqın bilməsi lazım olan hər bir sözü bütün İslam dünyasında olan nümayəndələri vasitəsi ilə xalqa çatdırır və onlar hər yerdən Əli (ə) ailəsinin böyük siyasi mübarizəsini idarə etmək üçün şəriət ödəncləri və büdcə toplayırlar. İmam Sadiqin (ə) ardıcılları onun bütün şəhərlərdə olan vəkil və nümayəndələrinə müraciət edir, dini və siyasi vəzifələrini soruşurlar. Siyasi vəzifə də dini vəzifə kimi vacibdir. İtaəti vacib olan şəxsin və əmr sahibinin namaz, zəkat, oruc və digər dini fətvaları ilə siyasi fətvaları, cihad, siyasi münasibətlər, ölkədaxili məsələlər və digər sahələrə dair fərmanı eynidir, onların hamısına tabe olmaq vacibdir. İmam Sadiq (ə) belə böyük bir təşkilat yaratmışdı, bu təşkilatla və xalqın köməyi ilə Bəni-Üməyyə rejiminə qarşı mübarizə aparırdı. İmam Sadiqin (ə) imamlığı çox əhəmiyyətli və öyrədicidir. O, on il Bəni-Üməyyəyə və uzun müddət də Bəni-Abbasa qarşı mübarizə apardı. Onun Bəni-Üməyyə üzərində qələbəsi qaçılmaz olanda Bəni-Abbas fürsətçi bir cərəyan kimi təşəbbüsü ələ aldı və imam ondan sonra həm Bəni-Üməyyə, həm də Bəni-Abbasa qarşı mübarizə apardı.

Məşhur tarixçi Təbərinin yazdığına görə, İmam Sadiq (ə) imamətinin ilk on ilində Bəni-Üməyyə ilə vuruşdu. Bu dövrdə onun mübarizəsi açıq idi, fəaliyyətində təqiyyə və məxfilik yox idi. Səbəb Əməvi xəlifələrinin başlarının qarışıq olması idi. Onlar İmam Sadiqlə (ə), şiələrlə məşğul olmaq, onlara qarşı sərt tədbirlər görmək iqtidarında deyildilər. Bu baxımdan məxfi fəaliyyətə ehtiyacı qalmırdı. İmam Sadiq (ə) Ərəfə günü Ərəfata gedib bütün İslam dünyasından - Afrikadan, Orta Şərqdən, Hicazdan, İraqdan, ozamankı İrandan, Xorasandan, ozamankı Əfqanıstandan, Şərqi Türküstandan və digər yerlərdən gəlmiş izdiham qarşısında çıxış edirdi. Burada bir bomba partlatsan, sanki bütün İslam dünyasında partlatmısan; bir söz desən, sanki beynəlxalq bir informasiya kanalından demisən. İmam Sadiq (ə) bu izdiham qarşısında açıq şəkildə və rəsmən elan edirdi ki, ey insanlar, bu gün imam və haqlı hakim Cəfər ibn Məhəmməddir (ə), Əbu Cəfər Mənsur deyil. Buna dəlil də söyləyirdi. Kəlami və əqli dəlil demirdi, o zaman insanlarda belə əsaslandırmaya hövsələ yox idi, başqa cür əsaslandırırdı. Mənsur Abbasi və digərləri xalqı qane etmək üçün Peyğəmbərin (s) canişini olduqlarını söyləyirdilər. Bir şəcərə düzəldib deyirdilər ki, biz Abbasın övladlarıyıq. Onların iki şəcərələri vardı, hər dəfə birini deyirdilər.

Biri bu idi ki, deyirdilər biz Peyğəmbərin (s) əmisi Abbasın övladlarıyıq. Peyğəmbərin (s) vəfatından sonra xilafət hüququ Bəni-Haşimə məxsus idi və bu qəbilədə hamıdan yaşlı olduğuna görə Abbas xəlifə olmalı idi. Sonra isə xilafət onun övladları olan bizə çatır. Bu bir əsas idi. Başqa bir şəcərə də düzəldib deyirdilər ki, biz Əli ibn Abdullah ibn Abbasın övladlarıyıq. Doğru deyirdilər; onlar Əli Abbbasinin oğulları, nəvələri idilər. Onlar deyirdilər ki, Əli Abbasi Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) oğlu Məhəmməd Hənəfiyyənin şagirdidir. Xilafət Peyğəmbərdən (s) Əliyə (ə), Əlidən (ə) Məhəmməd Hənəfiyyəyə, ondan Abdullah ibn Abbasın oğlu və bizim babamız olan Əliyə və ondan da bizə çatmışdır. Buna görə də biz xəlifə olmalıyıq.

Belə bir şəcərə düzəldirdilər və bu, təfəkkür səviyyəsi aşağı olan ozamankı insanları qane edirdi. İmam da yuxarıda danışdığımız böyük izdiham qarşısında dayanıb imamətin həqiqi sahiblərini ardıcıllıqla təqdim edirdi. Buyururdu ki, ey insanlar, Peyğəmbərin (s) özü imam və cəmiyyətin rəhbəri idi. Ondan sonra Əli ibn Əbu Talib (ə) imam oldu, sonra Həsən (ə), sonra Hüseyn (ə), sonra Əli ibn Hüseyn (ə), sonra Məhəmməd ibn Əli (ə) və sonra mən. O özünü imam kimi təqdim edirdi. Bu böyük cəsarət tələb edirdi, sadə söz deyildi, ən böyük müxaliflik idi. İmam Sadiq (ə) Bəni-Üməyyə dövründə bu işi görürdü. Bəni-Abbas dövründə isə təqiyyə və məxfilikdən istifadə etməyə başladı. Səbəb bu idi ki, Bəni-Abbas Əli (ə) ailəsinin şüarlarını və fikirlərini söyləyirdilər. Zahirləri Əli (ə) ailəsi, əməlləri isə Bəni-Üməyyə kimi idi.

Bəni-Üməyyənin hakimiyyəti dövründə mübarizə o formada idi, daha uzun sürən Bəni-Abbas dövründə isə məxfi şəkil aldı. Bəni-Abbas fürsətdən istifadə edib İmam Sadiqin (ə) hazırladığı inqilabı yolundan yayındıran azğın bir cərəyan idi. Bu, inqilabların həmişəki təhlükəsidir. İnqilabın əsas meyarlarına uyğun olan düzgün xətt bəzən öz yerini haqq şüarları verən azğın və batil bir xəttə verir. Çox diqqətli olmaq lazımdır. O zaman insanlar diqqətlərini toplamadılar. Abbasilərin hakimiyyətə gəlməsindən 20-30 il sonraya qədər ucqar bölgələrin əhalisi elə bilirdilər ki, bu onların Əli (ə) ailəsi üçün apardıqları mübarizənin məhsuludur. Elə bilirdilər ki, Əli (ə) ailəsinin hökuməti budur. Onların qəsbkar olduğundan xəbərsiz idilər. (1980)

İmam Sadiq (ə) bu dövrdə iki mərhələni keçdi. 114-cü ildən Mənsurun xilafətinə qədərki dövr dinclik və sakitlik dövrüdür. Bu dövrdə Bəni-Üməyyə və Bəni-Abbas arasındakı ixtilaflara görə imamlar fəaliyyət imkanı qazandılar. İmam Baqirin (ə) dövründə belə bir şey yox idi. O zaman Bəni-Üməyyə qüdrətli idi və Əbdülməlikdən sonra ən böyük şəxsiyyətləri olan Hişam ibn Əbdülməlik hakimiyyətdə idi. Odur ki, İmam Baqirin (ə) dövründə heç bir qarşıdurma yox idi və onun üçün belə bir imkan yaranmadı. İmam Sadiqin (ə) dövründə, Abbasilərin dəvətinin yavaş-yavaş başlandığı, genişləndiyi və bütün İslam dünyasında Şiə dəvətinin zirvəyə çatdığı dövrdə isə bu imkan yarandı.

Mənsur hakimiyyətə gələndə vəziyyət ağırlaşdı, İmam Sadiqin (ə) vəziyyəti İmam Baqirin (ə) dövründəki formaya qayıtdı, repressiyalar başladı. İmam Sadiqi (ə) dəfələrlə Hirəyə, Rümeyləyə və digər yerlərə sürgün etmişlər. İmamı dəfələrlə yanına çağırmış Mənsur bir dəfə ona belə dedi: "Səni öldürməsəm, Allah məni öldürsün!"1 Bir dəfə də Mədinənin hakiminə xəbər yolladı ki, Cəfər ibn Məhəmmədin (ə) evini yandır.2 Mənsur İmam Sadiqlə (ə) çox sərt rəftar edirdi və dəfələrlə onu təhdid etmişdi.

İmam Sadiqin (ə) Mənsurun qarşısında təzim göstərdiyini və özünü alçaltdığını bildirən rəvayətlərin heç biri düzgün deyil. Mən bu rəvayətləri araşdırdım, onların heç bir əsası yoxdur və əksəri Rəbi Hacibə çatır. Rəbi Hacib Mənsurun yaxınlarından olan fasiq bir insandır. Bəzi adamlar sadəlövhcəsinə onun şiə olduğunu söyləmişlər. Rəbinin harası şiə olmuşdur?! Rəbi ibn Yunisin həyatını araşdırarkən gördüm ki, o, doğulduğu evdən birbaş Bəni-Abbasın sarayına gəlmiş, onlara nökərlik etmiş, Mənsurun vaxtında keşikçibaşı vəzifəsində çalışmış və Abbasilərə böyük xidmətlər göstərmişdir. Rəbi olmasaydı, Mənsurdan sonra xilafət onun ailəsindən çıxacaqdı. O, Mənsurun adından saxta bir vəsiyyətnamə hazırlayıb oğlu Mehdini taxta çıxardı. Fəzl ibn Rəbi də onun oğludur. Bu ailə Abbasilərə sadiq ailələrdəndir, Əhli-beytə heç bir hörməti keçməmişdir. Rəbinin qoşduğu rəvayətlər də saxtadır. O, İmam Sadiqin (ə) xəlifənin qarşısında özünü alçaltdığını deyir ki, digərləri də öz vəzifələrini başa düşsünlər. Hər halda, İmam Sadiqlə (ə) Mənsurun münasibəti çox pis olmuş və nəhayət, 148-ci ildə birincinin şəhidliyi ilə nəticələnmidir. (1986)

İmam Sadiqin (ə) həyatında bizim yanaşdığımız baxışla əlaqədar olan mühüm cəhətlər aşağıdakılardan ibarətdir:

1- İmamət məsələsinin təbliği;

2- Şiə fiqhinə uyğun din hökmlərinin bəyan edilməsi, eləcə də Şiə baxışına uyğun Quran təfsiri;

3- Məxfi siyasi-ideoloji təşkilatın yaradılması. (Sadiq rəhbər, səh: 67)


İmam Sadiqin (ə) imamət dəvəti

İndi isə əsas mətləbə keçirik. Digər Şiə imamları kimi İmam Sadqin (ə) dəvətinin əsas hissəsini də imamət məsələsi təşkil etmişdir. Bu tarixi reallığın isbatı üçün ən tutarlı dəlil İmam Sadiqin (ə) dilindən çox açıq-aydın şəkildə imamət iddiasını nəql edən çoxlu rəvayətlərdir.

Deyəcəyəm ki, imam bu məsələni təbliğ edərkən özünü bir mübarizə mərhələsində görmüş, birbaşa və açıq şəkildə dövrün hakimlərini inkar edib özünü xalqa vilayət və imamətin həqiqi sahibi kimi təqdim etmişdir. Prinsipcə bundan ötrü mübarizənin bütün qabaqkı mərhələləri uğurla həyata keçməli, böyük bir kütlədə ictimai və siyasi ayıqlıq yaranmalı, hər yerdə potensial hazırlıq hiss olunmalı, böyük bir qrupda ideoloji şərtlər yaranmalı, çoxları üçün haqq və ədalət hakimiyyətinin zəruriliyi sübuta yetməli və nəhayət, rəhbər son mübarizə üçün özünün qəti qərarını verməlidir. Bunlar həyata keçmədən müəyyən bir şəxsin adını cəmiyyətin haqlı rəhbəri və imamı kimi çəkmək tələsik və faydasız olar.

Başqa bir mühüm məsələ budur ki, imam bəzən imaməti özü üçün isbat etməklə də kifayətlənmir, öz adı ilə yanaşı qabaqkı imamların və sələflərinin adlarını da çəkir və Əhli-beyt imamətinin ayırlmaz olduğunu ortaya qoyur. Şiə təfəkkürünün keçmişdəki bütün batil hakimləri rədd etdiyini, tağut saydığını nəzərə alsaq, bu əməl həmin dövrün şiələrinin mübarizəsinin keçmiş mübarizələrin davamı olmasına işarə də sayıla bilər. İmam Sadiq (ə) bu sözlə öz imamlığını qabaqkı imamların imamətinin zəruri nəticəsi sayır, onu köksüz və əsassız haldan çıxarır, özünü etimadlı və şübhəedilməz halqalarla Böyük Peyğəmbərə (s) birləşdirir. İndi imamın dəvətinə dair bir neçə nümunəyə diqqət yetirin:

Mənim bu barədə gördüyüm ən maraqlı rəvayət Əmr ibn Əbu Miqdamın rəvayətidir. Bu rəvayət heyrətamiz mənzərə təsvir edir. Zilhiccə ayının doqquzu Ərəfə günüdür. Ərəfə gününə xas mərasimi yerinə yetirmək üçün Ərəfat çölündə Uzaq Xorasandan Aralıq dənizinin sahillərinə qədər bütün bölgələrin nümayəndələrindən ibarət böyük bir izdiham toplanmışdır. Burada yerində deyilmiş bir söz o zaman ən geniş rabitə şəbəkəsinin işini görə bilər. İmamın bu izdihama sözü vardır. Rəvayətçi deyir ki, imamın xalq arasında dayanıb bacardığı qədər uca səslə, hər yerdə, bütün qulaqlarda əks-səda doğuracaq və eşidənlər tərəfindən bütün İslam dünyasına yayılacaq fəryadla öz sözünü üç dəfə təkrarladığını gördüm. Sonra üzünü başqa bir tərəfə çevirib həmin sözü üç dəfə söylədi. Daha sonra isə üzünü başqa bir tərəfə çevirdi və yenə də həmin fəryad, həmin söz. Beləliklə imam sözünü on iki dəfə təkrar etdi. Həmin söz bundan ibarət idi: "Ey insanlar! Həqiqətən Allahın rəsulu imam idi. Ondan sonra Əli ibn Əbu Talib (ə), sonra Həsən (ə), sonra Hüseyn (ə), sonra Əli ibn Hüseyn (ə), sonra Məhəmməd ibn Əli (ə) imam oldu. İndi isə imam mənəm"1.

Başqa bir hədis Əbu Sabah Kənanidəndir. Burada İmam Sadiq (ə) özünü və digər Şiə imamlarını belə vəsf edir: "Allah bizə itaət etməyi insanlara vacib buyurmuşdur. Döyüşsüz əldə edilən qənimətlər və zalım hakimlərin haqsız topladığı malların idarəsi bizə aiddir". Zalım tağutlar bəzi mal-dövləti özlərinə aid edərək haqqı çatanları ondan məhrum edirdilər. Qəsb olunmuş bu mallar müsəlman döyüşçülərin qələbəsi ilə məğlub zalımların əlindən alındıqda digər qənimətlər kimi bölünmür, İslam hakiminin səlahiyyətinə verilir və o, bunlardan müsəlmanların xeyrinə istifadə edir. İmam bu rəvayətdə özünü həmin malların və həmçinin döyüşsüz əldə edilən qənimətlərin ixtiyar sahibi kimi təqdim etməklə İslam cəmiyyətinin hakimi olduğunu aydın şəkildə göstərir. Bütün bunlar onun ixtiyarına buraxılmalı və onun təyin etdiyi yerlərdə xərclənməlidir.

Başqa bir hədisdə keçmiş imamların adlarını bir-bir sadalayır, onların imamlığına və fərmanlarına itaətin vacib olmasına şəhadət verir, öz adına çatanda isə dayanır. İmamın dinləyiciləri yaxşı başa düşürlər ki, İmam Baqirdən (ə) sonra elm və hakimiyyət irsi İmam Sadiqə (ə) keçmişdir. O beləliklə həm özünün hakimiyyət haqqını irəli sürür, həm də dəyərli babası olan Əli ibn Əbu Talibə (ə) mənsubluğunu bəyan edir.1 Kafi kitabının Höccət bölməsində, həmçinin "Bihar əl-ənvar" kitabının 47-ci cildində imamət iddiasını və imamətə dəvəti birbaşa, yaxud dolayısı ilə bildirilən belə hədislər çoxdur.

Başqa bir dəqiq sənəd imamın bütün İslam məmləkətində yaratdığı geniş təbliğat şəbəkəsindən xəbər verən, belə bir şəbəkəni tam təsdiqləyən faktlardır. Bu faktlar o qədər çox və əsaslıdır ki, açıq hədis olmasaydı da, bu şəbəkənin mövcud olduğuna şübhə yaranmazdı. İmamların həyatını araşdıran şəxs özündən soruşur: Bəni-Üməyyə dövrünün sonlarında müxtəlif bölgələrdə Şiə imamlarını təbliğ və xalqın onlara itaət və dəstəyini təmin edən dəvətçilər olmadığı halda onlarla şiələr arasındakı ideoloji, təşkilati və maliyyə əlaqələri necə izah oluna bilər? Necə olur ki, dünyanın hər bir tərəfindən Mədinəyə şəriət ödəncləri gəlir, bu qədər dini məsələlər soruşulur, hər yerdə şiəliyə dəvət olunur, İslam məmləkətinin mühüm yerlərində Əli (ə) ailəsinə misilsiz sevgi və hörmət bəslənir, imamın ətrafında Xorasandan, Sistandan, Kufədən, Bəsrədən, Yəməndən və Misirdən çoxlu rəvayətçilər görünür? Bütün bunları hansı qüdrətli əl yaratmışdı? Bir-biri ilə əlaqədar olan bu amillərin təsadüfən, yaxud öz-özünə yarandığını düşünmək olarmı?!

Əməvi rejiminin tribunalarından istisnasız olaraq hər yerdə aparılan bütün müxalif təbliğata, hətta minbər və çıxışlarda Əli ibn Əbu Talibin (ə) adının ən pis İslam şəxsiyyəti kimi xatırlanmasına rəğmən, güclü bir təbliğat şəbəkəsi olmadan belə ucqar və tanınmaz yerlərdə Əli (ə) ailəsinin sevilməsi mümkün idimi?! İnsanlar yalnız görüşmək, sözlərindən bəhrələnmək, həmçinin sevgi və sədaqətlərini bildirmək üçün uzaq yollar qət edib Hicaza və Mədinəyə gələr, Şiə inancına görə siyasət və hakimiyyət kimi mühüm olan din elmini onlardan öyrənər, bəzən dözümsüz şəkildə hərbi hərəkata, rəvayətlərin dili ilə desək, qiyama başlamalarını istəyərdilərmi?! Əgər şiələrin hazırlığı yalnız imamların elm və zahidliyinin isbatı istiqamətində olmuşdursa, silahlı qiyam xahişinin nə mənası ola bilər?!

Sual oluna bilər ki, həqiqətən belə geniş və fəal təbliğat şəbəkəsi olmuşdursa, nə üçün tarixdə adı çəkilmir və barəsində açıq danışılmır. Qısa cavab budur ki, bu səssizliyin səbəbini ilk növbədə imamın tərəfdarlarının əsaslı və mütərəqqi bir prinsip olan təqiyyəyə ciddi əməl etmələrində axtarmaq lazımdır. Bu, kənar qüvvələrin imamın təşkilatına qatılmasına mane olurdu. Həmçinin bu Şiə mübarizəsinin uğursuzluğu və hakimiyyətlə nəticələnməməsi də buna səbəb olmuşdur. Bu uğursuzluğun özü də müəyyən amillərin nəticəsidir. Əgər Abbasilər də hakimiyyətə gəlməsəydilər, onların gizli fəaliyyət və təbliğatlarına dair acı və şirin xatirələri də sinələrində qalacaq, heç kəs onlardan xəbər tutmayacaq və tarixdə qeyd olunmayacaqdı. (Sadiq rəhbər, səh: 74-80)

Təqiyyədən danışarkən deyə bilərsiniz ki, bu, güclü bir hökumətin iş başında olduğu zamana aiddir. Şah dövründə biz də gizlənirdik və qorxudan bir söz demirdik. Xeyr! O zaman da təqiyyə qorxudan deyildi. "Təqiyyə möminin qalxanıdır"1. Qalxandan isə döyüşdə istifadə olunur. Deməli, təqiyyə də döyüşə aiddir.

O zaman da belə idi; təqiyyə edərək xəncəri düşmənin başından elə endirirdik ki, o nə xəncəri görürdü, nə xəncəri tutan əli, nə xəncərin qalxmasını, nə də enməsini. Yalnız ağrısını hiss edirdi. Təqiyyə budur. O zaman təqiyyə edənlər belə edirdilər. Onlar düşmənin gözündən uzaq, məxfi şəkildə, gizli evlərdə, çox diqqət və ehtiyatla bir elan hazırlayırdılar. Bu elan yayılanda isə rejim tamamilə rəzil olurdu. Bu iş düşmənin başına endirilən xəncər zərbəsinə bənzəyirdi. Yəni təqiyyə etməklə düşmənin görülən işlərdən xəbər tutmasına imkan vermirdik. Təqiyyə qalxan idi, təqiyyə edən onun arxasında gizlənirdi. Təqiyyənin mənası budur. İndi də həmin mənanı ifadə edir. (1990)


Şiə fiqhinə uyğun din hökmlərinin təbliği

Bu da İmam Sadiqin (ə) həyatında görünən aydın bir işdir. Bunu digər imamlardan daha fərqli, daha açıq və düzgün formada görmək olar. Belə ki, Şiə fiqhi Cəfəri fiqhi adlandırılmışdır. İmamın siyasi fəaliyyətini görməzdən gələnlərin hamısı İmam Sadiqin (ə) öz dövrünün ən böyük elm və fiqh mərkəzinə, yaxud belə mərkəzlərdən birinə malik olmasında yekdildirlər. Bu arada imamın həyatının əksər tədqiqatçılarına gizli qalan nüans onun siyasi və etirazçı mənasıdır. Biz indi bu haqda danışacağıq.

Öncə bilmək lazımdır ki, İslamda xilafət institutu bu baxımdan bütün üsul-idarələrdən fərqlənir, yalnız siyasi bir təşkilat yox, siyasi-dini rəhbərlikdir. İslam hakiminə xəlifə titulunun verilməsi onun yalnız siyasi rəhbər yox, həm də Peyğəmbər canişini olmasını göstərir. Peyğəmbər isə bir dinin banisi, əxlaq müəllimi və təbii ki, eyni zamanda siyasi hakim və rəhbərdir. Deməli, İslamda xəlifə siyasətdən əlavə, həm də xalqın dini işlərini idarə edir və dini rəhbər sayılır.

Bu qəti məsələ ilk İslam xəlifələrindən sonra hakimiyyətə gələn, dini məlumatları çox zəif olan, bəzən isə ümumiyyətlə olmayan hakimlərin bu boşluğu özlərinə bağlı dini şəxsiyyətlər vasitəsi ilə doldurmaq, öz saraylarına muzdur fəqih, təfsirçi və hədisşünaslar gətirməklə din və siyasəti yenidən sintezləmə cəhdlərinə səbəb oldu.

Hökumətdə şəriətə bağlı qüvvələrin çalışmasının başqa bir faydası bu idi ki, onlar zalım hakimin istəyinə və fərmanına uyğun olaraq din hökmlərini asanlıqla dəyişdirə, Allah hökmünü adi və avam insanlar tərəfindən ayırd edilməyən ictihad pərdəsi altında padşahların xeyrinə təhrif edə bilirdilər.

Ötən əsrlərin tədqiqatçı və tarixçiləri əksərən siyasi iradənin göründüyü saxta hədis və təfsirlərə dair dəhşətli nümunələr qeyd etmişlər. Hicrətin birinci əsrinin sonlarına qədər daha çox hədis və rəvayət formasında görülən bu iş yavaş-yavaş fətva formasına da düşmüşdü. Bəni-Üməyyə hakimiyyətinin sonlarında, Bəni-Abbas hakimiyyətinin əvəllərində Qiyas və İstehsan kimi bidətçi üsullardan istifadə edib İslam hökmlərini əksərən hakim qüvvələrin istəyinə uyğunlaşdıran çoxlu fəqihlər olmuşdur. Bu iş eynilə Quran təfsirində də həyata keçirdi. Təfsirçinin Quranı şəxsi fikrinə uyğun təfsir etməsi Allahın hökmünü asanlıqla dəyişib xalqı təfsirçinin, daha doğrusu, əksərən hakim qüvvələrin fikrinə inandıra bilirdi.

Beləliklə qədim İslam dövrlərindən fiqh, hədis və təfsir sahələri iki ümumi cinaha bölündü: biri qəsbkar hakimlərə bağlı olan, əksər hallarda həqiqəti hökumətlərə qurban verən və dəyərsiz sərvət qarşılığında Allahın hökmünü təhrif edən, digəri isə heç bir məsləhəti düzgün ilahi hökmlərdən önə keçirməyən, buna görə də hər bir addımda hökumətlə və onun muzdur fəqihləri ilə üz-üzə gələn ortodoks və düzgün cinah. İkinci cinah o zamandan əksər hallarda məxfi və qeyri-rəsmi fəaliyyət göstərirdi.

Deyilənlərə əsasən, aydın şəkildə başa düşmək olar ki, Cəfəri fiqhi İmam Sadiq (ə) dövrünün rəsmi fəqihlərinin fiqhi qarşısında yalnız bir fikir ayrılığı deyildi, eyni zamanda iki etirazçı məzmunu da ehtiva edirdi. Bunların birincisi və daha mühümü hakim qüvvələrin dini məlumatsızlığının, xalqın düşüncə idarəsinə acizliyinin - yəni əslində xilafət məqamı üçün səlahiyyətsizliyinin isbatı, digəri isə rəsmi fəqihlərin öz xeyirlərini güdmələrindən, hakim qüvvələrin istək və əmrlərinə tabe olmalarından doğan təhrif nümunələrini bəlli etmək idi. İmam Sadiq (ə) hakimiyyətə bağlı alimlərdən fərqli şəkildə elm mərkəzi yaratmaqla, fiqh, İslam təlimləri və Quran təfsiri dərsləri deməklə faktiki olaraq rejimə qarşı çıxırdı. O həzrət bununla xəlifələrin hakimiyyətinin mühüm bir təməli sayılan bütün rəsmi din və fiqh təşkilatının yanlışlığını üzə çıxarır, hökumətin dini legitimliyini sarsıdırdı.

Bəni-Üməyyə hakimiyyətinin İmam Sadiqin (ə) elm və fiqh fəaliyyətinin etirazçı cəhətinə nə qədər diqqət yetirməsinə dair aydın və qəti sənəd yoxdur. Lakin böyük ehtimal budur ki, Bəni-Abbas, xüsusən də güclü istedadı, bacarığı, həm də xilafətdən qabaqkı bütün ömrünü Əməvilər əleyhinə mübarizədə keçirdiyinə görə Əli (ə) övladlarının mübarizə taktikalarından dəqiq məlumatı olan Mənsurun dövründə xilafətin bu dolayı mübarizənin rolundan xəbərdar olduğunu söyləmək olar.

Mənsurun İmam Sadiqin (ə) elmi fəaliyyətlərinə qarşı sonsuz təzyiq və təhdidləri bu məlumatdan irəli gəlmişdir. Hicazın və İraqın məşhur fəqihlərini öz hakimiyyətinin paytaxtına toplamaqda çox israrlı olması da həmin ehtiyacdan irəli gəlmişdir. İslama görə elmdən uzaq bir şəxsin xəlifə və hakim olmağa haqqı yoxdur. İmam Sadiqin (ə) öz tərəfdarları və yaxınları ilə müzakirə və dərslərində bu amildən istifadə etməsi aydın görünür. Yəni imam özünün fiqh və Quran dərslərində olan etirazçı məzmunu açıq şəkildə də söyləmişdir.

O həzrətdən nəql olunan bir hədisdə buyurur ki, biz Allah tərəfindən itaəti vacib buyurulanlarıq; halbuki siz elə adamlara itaət göstərirsiniz ki, insanlar onların cahilliyinə görə Allah yanında üzürlü olmayacaqlar.1 Yəni yanlış rəhbərlərin cəhaləti səbəbindən yoldan çıxanlar, Allah yolundan yayınanlar Allah yanında belə bir bəhanə gətirə bilməzlər ki, biz öz seçimimizlə yanlış yolu getməmişik, rəhbərlərimiz bizi bu yola sövq etmişlər. Belə rəhbərlərə itaət etməyin özü düzgün olmadığına görə sonrakı yanlış işlərin gühanını da götürə bilməz.

İnqilabi İslam cəmiyyətində siyasi və inqilabi rəhbərliyin zəruri olaraq dini-ideoloji rəhbərliklə eyniliyi İmam Sadiqdən (ə) öncəki və sonrakı imamların təlimlərində də açıqca görünür. İmam Əli ibn Musa Rza (ə) babası İmam Məhəmməd Baqirdən (ə) nəql etdiyi rəvayətdə imamlarda olan silahı keçmiş Bəni-İsrail tayfaları arasında olan tabuta bənzədir: "Bizim silahımız Bəni-İsrailin tabutu kimidir. Tabut kimdə olsaydı, nübüvvət – bir rəvayətdə isə hökumət – ona məxsus idi. Bizdə də silah kimdə olsa, rəhbər və başçı odur". Bu sözün çox dərin məfhumuna və simvolik formasına diqqət yetirin. Rəvayətçi soruşur ki, silahın elmsiz bir şəxsdə olması mümkündürmü? İmam cavab verir ki, xeyr.1 Yəni müsəlman ümmətin inqilabi və siyasi rəhbərliyi silaha və elmə sahib olana məxsusdur.

Deməli, imam bir tərəfdən imamətin şərtini din elmi və Quranın düzgün dərki bilir və digər tərəfdən elm mərkəzi yaratmaqla, din elminə maraq göstərən çoxlu insanları ətrafına toplamaqla, fiqh, hədis və təfsir elmlərinin ümumi vəziyyətindən, xilafətə bağlı alim, hədisşünas və təfsirçilərdən fərqli şəkildə din öyrətməklə əməli olaraq öz dinşünaslığını, xilafətin isə bütün muzdur və adlı-sanlı alimləri ilə birgə dinşünas olmadığını isbatlayır, bununla davamlı, güclü və sakit hücuma keçib mübarizəsinə yeni istiqamət bəxş edir.

Qeyd etdiyim kimi, hakimiyyətdən öncə özləri illərlə Əli (ə) övladlarının apardığı mübarizələrdə iştirak edən, Əli (ə) ailəsinin tərəfdar və ardıcıllarının kənarında yaşayan və onların bir çox sirlərinə vaqif olan ilk Abbasi hökmdarları bu hədis və təfsir dərslərinin siyasi əhəmiyyətini öz Əməvi sələflərindən yaxşı anlayırdılar. Bəlkə elə buna görə Mənsur Abbasi İmam Sadiqlə (ə) məkrli çəkişmələri əsnasında uzun müddət ona xalqla ünsiyyəti, onlara din öyrətməyi, xalqa da onun yanına get-gəl etməyi və bir şey soruşmağı qadağan etdi. Məşhur Şiə şəxsiyyətlərindən olan Müfəzzəl ibn Ömərin dediyinə görə, evlilik, talaq və digər bu kimi məsələlər qarşıya çıxanda insanlar o həzrətin cavabını asanlıqla əldə edə bilmirdilər.2 (Sadiq rəhbər: səh: 88-95)


Məxfi siyasi-ideoloji təşkilat

İmam Sadiq (ə), İmam Səccad (ə) və İmam Baqirin (ə), xüsusən də sonuncunun həyatının son illərində aparılan geniş fəaliyyətin köməyi ilə bütün İslam dünyasında ideoloji, inqilabi, prinsipial, fədakar və təhlükəyə hazır olan bir qrup mömin və müsəlman yetişdi. Bunlar adi adamlar deyildilər. Demək istəmirəm ki, bunlar xüsusi təbəqələrdən olmuşlar. Xeyr! Elə tacir, qul və bu kimi insanlar idilər, amma mənəvi baxımdan əsla adi insanlara bənzəmirdilər, həyatlarını məqsəd və məktəblərinə həsr etmişdilər. Belə insanlardan hər yerdə vardı. Maraqlı burasıdır ki, İmam Sadiqin (ə) dostları hər yerdə vardı, yalnız Mədinədə deyildilər. Kufədə Mədinədən çox idi, hətta Şamın özündə də vardı. Bunlar İmam Sadiqin (ə) möhtəşəm şəbəkəsini təşkil edirdilər. Əli (ə) təşkilatı, Şiə təşkilatı bunlardan ibarət idi. Bunlar İmam Sadiqin (ə) həyatının naməlum hissələrindəndir. Mən bunun üzərində təkidlə dayanıram ki, İmam Sadiq (ə) tərəfindən bütün İslam dünyasında böyük bir şəbəkə və əməlli-başlı bir partiya idarə olunurdu. Bu bir üstün cəhət idi. (1980)

Bu şəbəkə İslam məmləkətinin bir çox ucqar yerlərində, xüsusən də İraqın ərəblər yaşayan hissəsində və Xorasanda üzərinə imamət məsələsinə dair gözəçarpan və səmərəli fəaliyyətlər götürmüşdü. Lakin bu, məsələnin yalnız bir üzü və kiçik hissəsidir. İmam Sadiqin (ə) və həmçinin digər imamların siyasi həyatında məxfi təşkilat amili onların macəra dolu həyatlarının ən mühüm, ən qızğın və eyni zamanda ən məchul və tanınmaz hissələrindəndir.

Qeyd etdiyim kimi, belə bir təşkilatın olmasını isbat etmək üçün açıq-aşkar sənəd gözləmək olmaz. İmamlardan, yaxud onların yaxın ətraflarından birindən Şiə məzhəbinin siyasi-ideoloji təşkilatına dair açıq etiraf gözləmək düzgün deyil. Bu, deyiləsi bir şey deyildi. Normal gözlənti budur ki, düşmən imamın gizli təşkilatının olduğunu anlayıb onun özündən, yaxud yaxınlarının birindən bu haqda soruşanda da belə bir şeyi tamamilə inkar etsin, bunu bir bədgümanlıq və ya iftira adlandırsın. Məxfi işin xisləti belədir. Təbii ki, imamların tarixini tədqiq edənlərdən də yetərli əsas və dəlil olmadan belə bir təşkilatın varlığını qəbul etmələrini gözləmək olmaz. Faktları, məlumatları, zahirən sadə görünən hadisələrin adi tamaşaçının diqqətini cəlb etməyən, diqqətlə baxanda isə çoxlu gizli məsələlərdən xəbər verən məğzini araşdırmaq lazımdır. İmamların 250 illik bütün həyatına bu baxışla nəzər salsaq, onların başçılıq etdiyi belə gizli təşkilatın olduğuna təxminən əmin olarıq. (Sadiq rəhbər, səh: 96-97)




Yüklə 309 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin