On beşinci fəsil: İmam Rza (ə)
Musa ibn Cəfər (ə) Harunun zindanında illərlə qaldıqdan sonra zəhərlənib şəhid ediləndə geniş Abbasi məmləkətində güclü repressiya hökm sürürdü, Əli ibn Musanın (ə) bir səhabəsinin dediyi kimi, Harunun xəncərindən qan damırdı1. Belə bir şəraitdə bizim böyük və məsum imamımızın ən böyük hünəri Şiə ağacını hadisələr fırtınasından sağlam çıxarmaq və atasının səhabələrinin məyus olub dağınıq düşməsinə mane olmaq idi. O, heyrətamiz üsullarla və təqiyyə vasitəsi ilə Şiə qrupunun mərkəzi və ruhu olan özünü qorudu, ən qüdrətli Abbasi xəlifəsinin dövründə və tam sabitliyin bərqərar olduğu bir rejimdə güclü imamət mübarizəsini davam etdirdi. Tarix səkkizinci imamın Harunun dövründəki onillik həyatından və Harundan sonra Xorasan və Bağdad arasında daxili müharibələrin getdiyi beşillik dövrü bizə aydın təsvir etməmişdir. Amma diqqətlə araşdıranda bu dövrdə səkkinci imamın Aşuradan sonra daim davam edən uzunmüddətli Əhli-beyt mübarizəsini eyni istiqamət və məqsədlərlə davam etdirdiyini anlamaq olar.
198-ci ildə qardaşı Əminlə hakimiyyət mübarizəsini bitirəndən və xilafətə rəqibsiz şəkildə yiyələnəndən sonra Məmunun ilk tədbirlərindən biri Ələvi və Şiə problemini həll etmək idi. O özünün bütün sələflərinin uyğun problem qarşısındakı təcrübələrini bilirdi. Bu təcrübələr həmin hərəkatın gücünü, genişliyini, dərinliyini və hakim qüvvələrin onları məhv etməyə, hətta durdurmağa və məhdudlaşdırmağa aciz olduğunu göstərirdi. O görürdü ki, Harunun qüdrəti və əzəməti yeddinci imamı hətta uzun müddət həbsdə saxlamaqla və zəhərləməklə də Şiə qiyamlarının, siyasi, hərbi, ideoloji və təbliğat mübarizələrinin qarşısını ala bilməmişdi. O indi atası və digər sələfləri kimi qüdrətli olmadığını, bundan əlavə, Abbasilər arasında daxili vuruşmalar səbəbindən xilafəti böyük problemlərin təhdid etdiyini bildiyi üçün Ələvi hərəkatının təhlükəsinə daha ciddi yanaşmalı idi.
Məmun şiələrin öz hakimiyyətinə qarşı təhlükəsini bəlkə də real dəyərləndirirdi. Çox güman ki, yeddinci imamın şəhadətindən o zamana qədər ötən on beş il ərzində, xüsusən də daxili döyüşlərin getdiyi beş ildə Şiə hərəkatı Əli (ə) hakimiyyətini qurmaq üçün daha böyük hazırlığa malik olmuşdu.
Məmun ustalıqla bu təhlükəni təxmin edib tədbir görmək qərarına gəldi. O, səkkizinci imamı Mədinədən Xorasana çağırıb vəliəhdliyə məcbur etdi və bütün imamət dövründə analoqu olmayan bu hadisə həyata keçdi.
İndi vəliəhdlik məsələsini ixtisarla araşdırmağın vaxtıdır. Bu hadisədə səkkizinci İmam Əli ibn Musa Rza (ə) böyük tarixi bir sınaq qarşısında qaldı, Şiə məzhəbinin taleyini yazacaq gizli siyasi döyüşə getməli oldu. Bu döyüşdə təşəbbüsü ələ almış və bütün imkanlarla vuruşa gəlmiş rəqib Məmun idi. Məmun güclü zəkası, ağlı və misilsiz uzaqgörənliyi ilə elə bir işə qoşuldu ki, qalib gəlsəydi və işləri nəzərdə tutduğu kimi aparsaydı, heç şübhəsiz, Əli ibn Əbu Talibin (ə) şəhadətindən sonra heç bir Əməvi və Abbasi xəlifəsinin çatmadığı bir məqsədə nail olacaq, Şiə ağacını kökündən kəsib həmişə bir tikan kimi tağut xəlifələrin gözünə batan müxalif cinahı bütünlüklə məhv edəcəkdi.
Lakin səkkizinci imam ilahi tədbirlə Məmuna qalib gəldi, onu özünün yaratdığı siyasi döyüşdə tam məğlub etdi. Şiəlik nəinki zəifləmədi, yaxud kökündən kəsilmədi, hətta o həzrətin vəliəhd olduğu 201-ci il Şiə tarixinin ən səmərəli illərindən biri oldu, Ələvi mübarizələrinə yeni nəfəs verdi. Bütün bunlar səkkizinci imamın ilahi tədbiri və bu böyük sınaqda seçdiyi məqsədyönlü üsulu sayəsində əldə olundu.
Bu böyük hadisəyə işıq salmaq üçün Məmunun və imamın siyasətini qısa şəkildə şərh edəcəyik.
Səkkizinci imamı Xorasana dəvət etməkdə Məmunun bir neçə əsas məqsədi vardı:
Birinci və ən mühüm məqsəd şiələrin qızğın inqilabi mübarizələrini sakit və təhlükəsiz siyasi fəaliyyətə çevirmək idi. Qeyd etdiyim kimi, şiələr təqiyyədən istifadə edərək yorulmaz və tükənməz mübarizə aparırdılar. İki xüsusiyyətə malik olan bu mübarizələrin xilafətin devrilməsində əvəzsiz rolu vardı. O iki xüsusiyyətin biri məzlumluq, digəri isə müqəddəslik idi.
Şiələr bu iki amilə əsaslanaraq Əhli-beyt imamlarının İslama dair izah və təfsirindən ibarət olan Şiə düşüncəsini insanların qəlbinə və beyninə salır, azca hazırlığı olan hər bir kəsi sözügedən düşüncə tərzinə yönəldir və ya inandırırdılar. Bununla İslam dünyasında Şiə məzhəbinin dairəsi günbəgün genişlənirdi. Şiə təfəkkürü kimi dayağı olan bu məzlumluq və müqəddəslik bütün dövrlərdə və müxtəlif yerlərdə xilafət əleyhinə silahlı mübarizə və qiyamları koordinasiya edirdi.
Məmun bu mübariz qrupdan məxfiliyi birdəfəyə almaq, imamı inqilabi mübarizədən siyasi mübarizəyə çəkmək, bununla da məxfilik səbəbindən günbəgün genişlənən Şiə hərəkatının təsirini sıfra endirmək istəyirdi. Məmun bununla Ələvilərdən həm də həmin iki təsirli xüsusiyyəti alacaqdı. Çünki rəhbərləri xilafət aparatının yüksək rəsmisi, dövrün padşahının, ölkə başçısının vəliəhdi olan bir qrup nə məzlum ola bilər, nə də çox da müqəddəs. Bu siyasət Şiə düşüncəsini cəmiyyətdə tərəfdarları olan digər etiqad və düşüncələrin sırasına qoya, rejimə müxalif olan, hakim qüvvələr tərəfindən sevilməyən, rəsmən qadağan edilən, xalq, xüsusən də zəif təbəqələr tərəfindən isə çox sevilən və maraq doğuran bir təfəkkür şəklindən çıxara bilərdi.
İkinci məqsəd budur ki, bu hərəkət şiələrin Əməvi və Abbasi xilafətlərinin qanunsuz olmasına dair iddiasını yalanlayır, onlara legitimlik qazandırırdı. Məmun bununla hiyləgərcəsinə bütün şiələrə sübut edirdi ki, daim Şiə məzhəbinin etiqad prinsiplərindən sayılan məsələ - xəlifələrin qəsbkar və qeyri-legitim olması iddiası zəiflik və həqarət komplekslərindən irəli gələn əsassız iddiadır. Çünki digərlərinin xilafəti qanunsuz və haqsız olsaydı, onların canişini olan Məmunun xilafəti də belə olmalı idi. Halbuki Əli ibn Musa Rza (ə) bu rejimlə çalışdığına, Məmunun canişinliyini qəbul etdiyinə görə, onu qanuni və legitim bilmişdir. Belə çıxır ki, digər xəlifələrin hakimiyyəti də qanuni olmuşdur və bu, şiələrin bütün iddialarını rədd etmək deməkdir. Məmun bununla Əli ibn Musa Rzadan (ə) yalnız özünün və sələflərinin hakimiyyətinin legitimliyinə etiraf almırdı, hətta onların zalımlığına dair Şiə etiqadını da darmadağın edirdi.
Bunlardan əlavə, bu planla şiələrin imamların zahidliyinə, dünyaya etinasızlığına dair başqa bir iddiası da sarsılırdı. Belə görünürdü ki, onların əli dünyaya çatmayanda zahid olur, dünya qapıları üzlərinə açılanda isə ona doğru gedir və başqaları kimi ondan bəhrələnirlər.
Üçüncüsü budur ki, Məmun bu işlə daim mübarizənin əsas mərkəzi olan imamı və ondan əlavə bütün Ələvi böyüklərini, mübarizlərini nəzarətdə saxlayırdı. Bu onun Bəni-Üməyyədən və Bəni-Abbasdan olan sələflərinin heç birinin nail olmadığı uğur idi.
Dördüncüsü budur ki, xalqçı bir qüvvə, ümidlərin qibləsi, sual və şikayətlərin ünvanı olan imamı hökumət məmurlarının mühasirəsində saxlayır, get-gedə xalqçı rəngini ondan alır, onunla xalq, xalqın sevgi və duyğuları arasında məsafə yaradırdı.
Beşinci məqsəd bu işlə özünə mənəvi hörmət və imic qazanmaq idi. Təbii ki, öz qardaş və övladlarını vəliəhdlikdən məhrum edib bu vəzifəyə Peyğəmbər (s) övladını, müqəddəs və mənəvi bir şəxsiyyəti seçdiyinə görə o zaman hamı onu tərifləyəcəkdi. Həmişə belədir: dindarların dünyagirlərə yaxınlaşması dindarların hörmətini azaldır, dünyagirlərin nüfuzunu isə artırır.
Altıncısı budur ki, Məmuna görə, imam bu işlə xilafətin səhvlərini ört-basdır edən bir qüvvəyə çevriləcəkdi. Məlumdur ki, Peyğəmbər (s) övladı kimi hamının gözündə misilsiz hörmətə malik olan belə elmli və təqvalı bir şəxs hökumətdə baş verən hadisələri ört-basdır etmək rolunu üzərinə götürsəydi, heç bir müxalif nəğmə hökumətin imicinə xələl gətirə bilməz, bu uca hasar xilafətin bütün nöqsan və eybəcərliklərinin üstünü örtə bilərdi.
Bunlardan əlavə, Məmunun başqa məqsədləri də ola bilərdi.
Göründüyü kimi, bu siyasət o qədər mürəkkəb və dərin idi ki, Məmunun özündən başqa heç kim onu lazımınca icra edə bilməzdi. Elə bu səbəbdən Məmunun dost və yaxınları planın müxtəlif cəhətlərindən xəbərsiz idilər. Bəzi tarixi məlumatlardan başa düşülür ki, Məmunun vəziri, baş komandan və xilafətin ən yaxın adamı olan Fəzl ibn Səhl də bu siyasətin əsl mahiyyət və məzmunundan xəbərdar olmamışdır. Məmun bu mürəkkəb plana heç bir xələl gəlməməsindən ötrü onun üçün qondarma səbəblər düzəldib ona-buna deyirdi.
Etiraf etmək lazımdır ki, Məmunun siyasəti çox peşəkar və güclü idi. Lakin bu vuruşmanın digər tərəfi İmam Əli ibn Musa Rzadır (ə) və o, Məmunun şeytan zirəkliyinə baxmayaraq, onun bu siyasətini zərərsizləşdirir və uşaq oynuna çevirir. Məmun çəkdiyi böyük əziyyətlərə baxmayaraq, bu işdən nəinki xeyir götürmədi, hətta onun siyasəti öz əleyhinə çevrildi, İmam Rzanın (ə) etibarını, heysiyyətini və iddialarını hədəf seçən ox özünə dəydi. Belə ki, qısa müddətdən sonra özünün bütün uyğun siyasətlərini kənara qoyub imama qarşı bütün sələflərinin seçdiyi üsuldan, yəni qətldən istifadə etməyə məcbur oldu. Özünə müqəddəs, hörmətli və ağıllı bir xəlifə siması arzusu ilə bu qədər işlər görmüş Məmun nəhayət, özündən öncəki bütün xəlifələrin düşdüyü bataqlığa - yəni zülm və təkəbbürlə yanaşı fəsada, pozğunluğa, eyş-işrətə yuvarlandı.
Vəliəhdlik məsələsindən sonra Məmunun 15 illik həyatında riya pərdəsinin yırtılmasını onlarla nümunədə görmək olar. Yəhya ibn Əksəm kimi fasiq və əyyaş bir insanı baş qazi təyin etməsi, xanəndə əmisi İbrahim ibn Mehdi ilə oturub-durması və Bağdadda xilafət sarayında eyş-işrət məclisləri qurub özünü ifşa etməsi bu qəbildəndir.
İndi isə İmam Əli ibn Musa Rzanın (ə) bu hadisədə seçdiyi siyasi üsullara nəzər salaq:
1- İmam Xorasana dəvət olunanda öz narazılığını bütün Mədinəyə yaydı. Belə ki, imamın ətrafında hər kəs Məmunun onu məkrli niyyətlə vətənindən uzaqlaşdırdığına əmin oldu. İmam Məmunun fikrinə şübhə ilə yanaşdığını mümkün vasitələrlə hamıya çatdırdı. Mədinədən çıxanda, Peyğəmbərin (s) qəbri və ailəsi ilə vidalaşanda, vida məqsədi ilə Kəbəni təvaf edəndə söz və əməlləri, dua və göz yaşları ilə hamıya bildirdi ki, bu onun son səfəridir. Məmunun özünə nikbin və təklifi qəbul etdiyinə görə imama bədgüman olmalarını gözlədiyi bütün şəxslərin qəlbi səfərin ilk anlarından əziz imamlarını zalımcasına onlardan ayırıb qətlgaha aparan Məmuna qarşı nifrətlə doldu.
2- Mərvdə vəliəhdlik təklif olunanda imam bundan qətiyyətlə imtina etdi, Məmun açıq şəkildə ölümlə hədələməyincə qəbul etmədi. Bu xəbər hər yerə yayıldı ki, Əli ibn Musa Rza (ə) Məmunun israrlı xilafət və sonra vəliəhdlik təklifini qəbul etməmişdir. Məmunun bu siyasətinin mahiyyətindən xəbərdar olmayan saray məmurları naşıcasına imamın təklifdən boyun qaçırmasını hər yerə yayırdılar. Fəzl ibn Səhl hökumət məmurlarının toplantısında dedi ki, mən heç zaman xilafəti belə rəzil görməmişdim: Əmirəlmöminin onu Əli ibn Musaya (ə) təklif edir, o isə bundan boyun qaçırır.1
İmamın özü hər bir fürsətdən istifadə edib bu vəzifənin məcburən verildiyini hamıya çatdırırdı. Həmişə deyirdi ki, mən vəliəhdliyi qəbul etmək üçün ölümlə hədələndim. Təbii ki, bu söz ən maraqlı siyasi hadisə kimi ağız-ağız, şəhər-şəhər gəzdi, o zaman və sonralar bütün İslam məmləkəti bu məsələni anladı: Qardaşı Əminin vəliəhdliyindən çıxarıldığına görə bir neçə il müharibə aparan, bundan ötrü minlərlə insanı, o cümlədən qardaşı Əmini öldürən və qəzəbindən başını şəhər-şəhər gəzdirən Məmun kimi bir adamın qarşısında Əli ibn Musa Rza (ə) kimi bir şəxs peyda olur, vəliəhdliyə etinasız yanaşır, onu ölüm hədəsi qarşısında könülsüz qəbul edir. İmam Rza (ə) ilə Məmun Abbasi arasında aparılan bu müqayisə Məmunun planladığı məqsədə zərbə vururdu.
3- Bununla yanaşı, Əli ibn Musa Rza (ə) yalnız bu şərtlə vəliəhdliyi qəbul etdi ki, heç bir hökumət işinə qarışmasın, müharibə, sülh məsələləri və təyinatlarla işi olmasın. Hələlik bu şərtin məqbul olduğunu və sonralar tədricən imamı bu fəaəliyyətlərə də cəlb etməyin mümkünlüyünü düşünən Məmun onunla razılaşdı. Aydındır ki, bu şərtin həyata keçməsi ilə Məmunun planı pozulur, əksər məqsədləri təmin olunmurdu. İmam vəliəhd adını daşıdığı və təbii ki, xilafətin imkanlarından da bəhrələndiyi halda sanki xilafətə müxalif və etirazçı olan bir insan təsəvvürü bağışlayırdı; nə bir göstəriş verir, nə qadağa qoyur, nə vəzifə qəbul edir, nə hökuməti müdafiə edir, nə də təbii ki, sarayın işlərinə don geyindirirdi. Aydın məsələdir ki, düşünülmüş şəkildə bütün məsuliyyətlərdən kənara çəkilən bir saray üzvü ona tərəfdar sayılmaz. Məmun bunu yaxşı hiss edirdi, vəliəhdlik baş tutandan sonra vədinin əksinə olaraq imamı dəfələrlə müxtəlif yollarla xilafət işlərinə qoşmaq və onun neqativ mübarizə metodunu sarsıtmaq istədi, imam isə hər dəfə onun planını ustalıqla pozurdu.
Müəmmər ibn Xəllat səkkizinci imamın özündən nəql edir ki, bir dəfə Məmun ondan vəziyyətin qarışıq olduğu bölgələrdə öz tərəfdarlarına bir şey yazmasını istədi, o isə belə işlərə əsla müdaxilə etməyəcəyinə dair razılaşmanı xatırladıb bu işdən boyun qaçırdı. Çox əhəmiyyətli və maraqlı olan başqa bir nümunə bayram namazı məsələsidir. Məmun "xalq səni tanısın və qəlbləri aram olsun" deyib bu bəhanə ilə onu bayram namazında imam olmağa dəvət edir. İmam əvvəlcə imtina edir, Məmun son həddə israr edəndə sonra isə bu şərtlə qəbul edir ki, namazı Peyğəmbərin (s) və Əli ibn Əbu Talibin (ə) qıldığı kimi qılsın. İmam bu fürsətdən elə yararlanır ki, Məmun peşman olub onu yarıyoldan qaytarır və bununla da özünün riyakar jestinə başqa bir zərbə vurmaq məcburiyyətində qalır.1
4- İmamın bu amildən istifadə etməsi olduqca əhəmiyyətlidir. İmam vəliəhdliyi qəbul etməklə imamların həyatında Əhli-beyt xilafətinin sona çatdığı 40-cı hicri ilindən o zamana və xilafət dövrünün sonuna qədər misli görünməyən bir hərəkət edir. Bu, böyük İslam miqyasında Şiə imaməti iddiasını elan etmək, qalın təqiyyə pərdəsini kənara çəkmək və Şiənin mesajını bütün müsəlmanlara çatdırmaqdan ibarətdır. Xilafətin güclü tribunası imamın ixtiyarına keçdi və imam yüz əlli il ərzində yalnız gizlicə və təqiyyə şəraitində yaxın çevrəyə deyilmiş sözləri uca səslə söylədi, o dövrdə yalnız xəlifələrin və onların birinci dərəcəli yaxınlarının ixtiyarında olan imkanlardan istifadə edərək hamıya çatdırdı.
İmamın alimlərin toplantısında və Məmunun yanında ən güclü imamət dəlillərini söylədiyi diskussiyalar, Fəzl ibn Səhlə yazdığı və Şiə məzhəbinin bütün etiqad və fiqh başlıqlarını ehtiva edən "Şəriət toplusu" məktubu, Mərvdə Əbdüləziz ibn Müslimə söylədiyi məşhur imamət hədisi, vəliəhdlik münasibəti ilə o həzrəti mədh edən qəsidələr imamın bu böyük uğurunu göstərir. Bu qəsidələrin bəzisi Dibil və Əbu Nüvasa məxsus olub həmişə ən dəyərli ərəb qəsidələrindən sayılmışdır.
Həmin il Əli ibn Musa Rzanın (ə) vəliəhdlik xəbəri yayılanda Mədinədə və bəlkə də bir çox İslam bölgələrində xütbələrdə Əhli-beytin fəzilətlərindən danışmağa başladılar. Yetmiş il açıq şəkildə minbərlərdə lənətlənən, sonra da uzun illər fəzilətləri dilə gətirilməyən Peyğəmbər Əhli-beyti hər yerdə əzəmətlə və yaxşı sözlərlə yad olundu, dostları bundan ruhlandılar, xəbərsiz və laqeydlər tanış oldular, yaxınlaşdılar və qatı düşmənləri ruhdan düşdülər. Şiə hədisşünasları və mütəfəkkirləri o günə qədər yalnız gizlicə söylədikləri təlimləri böyük dərslərdə və ümumi toplantılarda söylədilər.
5- Məmun imamı xalqdan ayırmağa, onunla xalq arasındakı mənəvi və duyğusal əlaqəni kəsməyə çalışır, imam isə hər fürsətdə xalqla ünsiyyət qururdu. Məmun bilərəkdən imamın Mədinədən Mərvədək yolunu elə seçmişdi ki, Kufə və Qum kimi məşhur əhlibeytsevər şəhərləri görməsin. İmam yolboyu xalqla təmasa girmək üçün hər bir fürsətdən istifadə etdi, Əhvazda imamət əlamətlərini göstərdi, Bəsrədə onu sevməyən insanların məhəbbətini qazandı, Nişapurda "Qızıl silsiləsi" hədisini həmişəlik yadigar qoydu və bundan başqa möcüzəvi əlamətlər də göstərdi. O, bu uzun səfərdə xalqı hidayət fürsətlərindən maksimum yararlandı. Mərvdə əsas mənzildə və xilafət iqamətgahında olsa da, fürsət yarananda xilafət darvazalarını xalqın üzünə açırdı.
6- Şiə başçıları nəinki imam tərəfindən sükuta və barışığa həvəsləndirilmədilər, hətta faktlar göstərir ki, imamın yeni durumu onların ürəklənməsinə səbəb oldu, ömürlərinin çoxunu keçilməz dağlarda və ucqar kəndlərdə ağır şəraitdə keçirən qiyamçılar İmam Əli ibn Musa Rzanın (ə) dəstəyinə görə müxtəlif şəhərlərdə hətta hökumət məmurlarının hörməti ilə üzləşdilər. Heç zaman heç bir xəlifəyə, vəzirə və əmirə xoş üz göstərməyən, saraylarına getməyən, xilafət başçılarından heç kimin kəsərli dilindən qorunmadığı, bu səbəbdən də həmişə dövlət qurumları tərəfindən təqib olunan, uzun illər qaçaq həyatı yaşayıb şəhər və kəndləri dolaşan Dibil kimi radikal bir müxalif və şair öz imamının və rəhbərinin yanına gedib Ələvi hərəkatının Əməvi və Abbasi xilafəti əleyhinə ittihamnaməsi sayılan ən məşhur və ən gözəl qəsidəsini söylədi. Bu şeir qısa zamanda bütün İslam dünyasını dolaşdı; belə ki, imamın yanından qayıdanda onu yoldakı oğruların başçısından eşitdi.
İndi isə Məmunun təşəbbüsü ilə başlanmış və İmam Əli ibn Musanın (ə) qeyd etdiyimiz yollarla cəlb edildiyi gizli döyüş səhnəsinin ümumi vəziyyətinə yenidən nəzər salaq. Vəliəhdliyin elan olunmasından bir il sonra vəziyyət belədir:
Məmun Əli ibn Musaya (ə) çox hörmət etmiş və həddi-hüdudu olmayan imkanlar vermişdir, amma hamı bilir ki, bu hörmətli vəliəhd heç bir dövlət işinə qarışmır və öz istəyi ilə xilafətə aid olan hər şeydən kənar gəzir. Və hamı bilir ki, o, vəliəhdliyi məhz bu şərtlə qəbul etmişdir.
Məmun istər vəliəhdlik fərmanının mətnində, istərsə də digər sözlərində fəzilətinə, təqvasına, hörmətli əsil-nəsəbinə və sonsuz elminə görə onu tərifləmişdir. İndi isə onun yalnız adını eşitmiş, yaxud onu çox da tanımayan və yaxud bəlkə də həmişə ona nifrət bəsləmiş insanların gözündə hörmət sahibi olmuşdur, onu yaşda, elmdə, təqvada və Peyğəmbərə (ə) qohumluqda xəlifədən üstün və layiqli bir insan bilirlər. Məmun onun vəliəhdliyi ilə nəinki özünün şiə müxaliflərini razı salmamış, onların kəsərli dil və qollarından qorunmamış, hətta Əli ibn Musa (ə) onların qorunmasına, arxayınlaşmasına və ruhlanmasına səbəb olmuşdur. Mədinədə, Məkkədə və digər mühüm bölgələrdə Əli ibn Musa (ə) nəinki dünyaya hərislikdə və vəzifəyə sevgidə ittiham olunmadı, hətta onun mənəvi ucalığına zahiri əzəmət də əlavə olundu, on illərdən sonra insanlar onun məzlum və məsum ata-babalarının mənəvi dəyər və məqamını tərifləməyə başladılar. Əsas odur ki, bu böyük qumarda Məmun nəinki bir şey əldə etmədi, hətta çox şeyini əldən verdi və çoxunu da itirmək təhlükəsi yarandı. Bu zaman Məmun məğlub olduğunu hiss etdi, öz kobud səhvini düzəltmək qərarına gəldi. O bütün zəhmətlərdən sonra nəhayət, xilafətin barışmaz düşmənləri olan Əhli-beyt imamlarına qarşı özünün zalım və azğın sələflərinin daim istifadə etdiyi üsuldan – yəni qətldən istifadə etməyə ehtiyac duydu.
Təbii ki, belə bir yüksək mövqe tutandan sonra səkkizinci imamın qətli asan olmayacaqdı. Dəlillər göstərir ki, Məmun bu qəti addımı asanlıqla icra etmək üçün öncə digər işlər gördü, onun adından yalan sözlər söylədi və bəzi şayiələr yaydı. Birdən-birə Mərvdə Əli ibn Musanın (ə) bütün insanları öz qulları bilməsinə dair şayiənin yayılması çox güman ki, məhz Məmuna bağlı qüvvələrin təxribatı idi.
Əbu Səlt bu xəbəri imama söyləyəndə o buyurdu: "Ey Rəbbim! Ey göyləri və yeri yaradan! Sən şahidsən ki, nə mən, nə də mənim ata-babalarımın heç biri heç zaman belə bir söz deməmişik və bu onların tərəfindən bizə edilən zülmlərdən daha birisidir".
İmama qalib gələcəyinə azca ümid bəslənən hər bir kəslə debatların təşkil edilməsi də belə tədbirlərdən sayılır. İmam müxtəlif din və məzhəblərin nümayəndələrini ümumi diskussiyada məğlub edəndən, güclü elminin və dəlillərinin şöhrəti hər yerə yayılandan sonra Məmun hər bir mütəkəllimi və güclü alimi imamla debata çıxarmaq qərarına gəldi. Və bildiyimiz kimi, debatlar nə qədər davam edirdisə, imamın elmi gücü daha da aşkara çıxır və Məmun daha məyus olurdu.
Rəvayətlərə görə, öz adamları və nökərləri vasitəsi ilə bir, yaxud iki dəfə imamın qətlinə plan cızdı. Bir dəfə də onu Sərəxsdə zindana saldı. Amma bu metodlar həmin adamları imamın mənəvi məqamına inandırmaqdan başqa bir iş görmədi, Məmun daha aciz qaldı və daha qəzəbləndi. Sonda ancaq öz əli ilə və heç bir vasitə olmadan imamı zəhərləməkdən başqa çıxış yolu görmədi. O bu işi gördü: hicrətin 203-cü ilinin səfər ayında – yəni o həzrəti Mədinədən Xorasana gətirməsindən iki ilə yaxın, vəliəhd təyin etməsindən isə bir ildən bir qədər artıq vaxt ötəndən sonra öz əlini imamın qətlindən ibarət olan böyük və unudulmaz cinayətə bulaşdırdı.
Bu, Əhli-beyt imamlarının 250 illik siyasi həyatının əsas hissələrindən biri idi. Ümidvarıq İslamın ilk əsrlərinin tarixini araşdıran tədqiqatçı və mütəfəkkirlər bu mövzuda daha çox işləsinlər və araşdırma aparsınlar. (1984)
Dostları ilə paylaş: |