Bu gün bəşəriyyətin işi bərk düyünə düşmüşdür. Bu gün maddi mədəniyyət zorla insanlara sırınmışdır. Bu bir düyündür. Bu gün dünya miqyasında ayrıseçkilik insanları sıxır. Bu böyük bir düyündür. Bu gün dünyanı elə bir hala salıblar ki, inqilabçı bir xalqın ədalətsevər fəryadı zorluların və hakimlərin məst nərələri arasında itir. Bu bir düyündür. Bu gün Afrikanın və Latin Amerikasının məzlumları, Asiyanın və Uzaq Şərqin milyonlarla ac insanı, irqi ayrıseçkilikdən əziyyət çəkən milyonlarla qaradərili ümid gözlərini bir xilaskara dikmişlər. Böyük güclər bu xilaskarın səsinin onlara çatmasına qoymurlar. Bu bir düyündür. Qurtuluş bu düyünlərin açılması deməkdir. Baxış bucağınızı genişləndirib yalnız öz evinizin içinə, ailə həyatınıza baxmasanız, dünya miqyasında insaniyyətin qurtuluş istədiyini, amma yolunu bilmədiyini görərsiniz. Siz inqilabçı müsəlman xalq İslam inqilabının davamına dair öz nizamlı hərəkətinizlə insaniyyətin qlobal qurtuluşuna, vəd edilmiş Mehdinin (ə) zühuruna, bütün dünyanı bürüyəcək və bütün bu düyünləri açacaq son ümumbəşəri İslam inqilabına yaxınlaşmalı, bəşəriyyəti də yaxınlaşdırmalısınız. Qurtuluşun intizarı budur. Bu yolda Allahın lütfü və dövrün imamının duası bizim dayağımızdır. Biz o həzrətlə daha çox tanış olmalı, dövrün imamını unutmamalıyıq. Bizim məmləkətimiz İmam Mehdi (ə) məmləkəti, inqilabımız İmam Mehdi (ə) inqilabıdır. Allahın böyük höccətini yaddan çıxarmayın. "İlahi! Biz səndən şərafətli dövlət istəyirik"1 duasını ürəkdən və mütləq ehtiyacı dərk edərək oxuyun. Həm ruhunuz Mehdi (ə) intizarında olsun, həm cisminiz bu yolla hərəkət etsin. Siz İslam inqilabının güclənməsi üçün atdığınız hər bir addımla Mehdinin (ə) zühuruna bir addım yaxınlaşırsınız. (1981)
Siz xalqın əlində olan bu hökumət möminlərin minillik arzusu olmuşdur. Bütün imamlar bu istiqamətdə hərəkət etmişlər ki, cəmiyyətdə Allah hakimiyyətini, ilahi qanunların hakimiyyətini həyata keçirsinlər. Buna çalışmış, bunun üçün cihad etmiş, əziyyətlər çəkmişlər. Bu yolda səmərəli həbslərə məruz qalmış, sürgün edilmiş, şəhadətə yetirilmişlər. Bu gün siz bu imkanı əldə etmisiniz. Necə ki, Bəni-İsrail əsrlərdən sonra Davud (ə) və Süleyman (ə) peyğəmbərlərin dövründə bu imkanı əldə etdi. Ey müsəlman ümmət! Ey qəhrəman xalq! Ey İranın qəhrəman və mübariz xalqı! Əldə etdiklərinizin qədrini bilin, özünüzü qoruyun ki, bu hökumət dövrün imamı olan vəd edilmiş Mehdi Sahibəzzamanın (ə) hökumətinə birləşsin. (1981)
Bu, siz əziz İran xalqının məqsəd seçdiyi, hərəkət etdiyi və ilahi yardımla bundan sonra da davam etdirəcəyi yoldur. Xoşbəxtlikdən, bu gün İslam dünyasının müxtəlif yerlərində müsəlman xalqların tədricən bu yola doğru hərəkət etdiklərini görürük. Allah-Taala buyurmuşdur ki, aqibət təqvalılara məxsusdur.1 Biz bu təqvaya sahib olsaq, qaçılmaz aqibət və sonuc İslam ümmətinə məxsus olacaq. Və Allaha ümidlə bu gələcək çox da uzaq deyil. (2011)
Sonda o böyük imamla və Allahın məsum vəlisi ilə mənəvi əlaqənin zəruriliyinə dair bir cümlə demək istəyirəm. Məsələni elmi təhlil səviyyəsində məhdudlaşdırmayın, Allahın seçdiyi bu məsum bu gün biz insanların arasında, dünyanın bizim bilmədiyimiz bir yerində yaşayır. O var, dua edir, Quran oxuyur, rüku, səcdə və ibadət edir. O, bəzi yerlərdə görünür, insanlara kömək edir, lakin biz onu tanımırıq. Allahın bu seçilmiş bəndəsi bu gün var və biz ictimai-siyasi işlərdən əlavə, - Allaha şükür ki, bizim quruluşumuz o həzrətin istədiyi istiqamətdədir – onunla fərdi və mənəvi əlaqəmizi də gücləndirməliyik. Cəmiyyətimizin hər bir fərdi dövrün imamına təvəssül etməli, o həzrətlə tanışlığı, dərdləşməyi, ona salam verməyi və onu yada salmağı özünə bir vəzifə bilməli, onun üçün dua etməlidir. İmam Mehdi (ə) haqda çoxlu dualar nəql olunmuşdur. "Allahhummə kulli vəliyyikə"2 duası onlardan biridir. Bundan əlavə, kitablarda dövrün imamının ziyarətnamələri də var. Onların hamısının elmi və ideoloji cəhətindən əlavə, mənəvi və emosional cəhəti də var və biz buna ehtiyaclıyıq. Bizim uşaqlarımız, gənclərimiz, cəbhədəki döyüşçülərimiz dövrün imamını yada salmaqla ruhlanır, qüvvələnir və ümidləri artır. Onlar sevgi göz yaşları ilə qəlblərini o həzrətə yaxınlaşdırır, Allahın və onun diqqətini cəlb edirlər. Bu mütləq olmalıdır. (1987)
Ey dövrün imamı! Ey bu ümmətin vəd edilmiş sevimli Mehdisi! Ey Peyğəmbərlərin pak zürriyyəsi! Ey bütün tövhid inqilablarının varisi! Bizim xalqımız əvvəldən sənin adını və xatirəni uca tutmuş, həyatında və vücudunda sənin lütfünü görmüşdür. Ey Allahın saleh bəndəsi! Biz bu gün sənin bu xalqın və bu inqilabın qələbəsi üçün pak ilahi qəlbdən və müqəddəs ruhdan edəcəyin duaya və Allahın bəxş etdiyi qüdrətlə bu xalqa və bu ümmətə edəcəyin yardıma möhtacıq. Ey dövrün imamı! Bizim üçün çox ağırdır ki, saleh insanlara və Allah bəndələrinə məxsus olan bu dünyada, bu sonsuz təbiətdə Allah düşmənlərini görək, Allah düşmənlərinin varlıq əlamətlərini müşahidə edək, səni isə görməyək və hüzurunu dərk etməyək.
Ey Rəbbimiz! Səni Məhəmməd və Ali-Məhəmmədə (ə) and veririk, bizim qəlblərimizi həmişə dövrün imamının xatirəsi ilə təravətli saxla!
Ey Rəbbimiz! Bizim gözlərimizi dövrün imamını görməklə işıqlandır!
Ey Rəbbimiz! Bu Allah qoşununu, Sənin yolunda mübarizə aparan bu insanları dövrün imamının əsgər və fədailərindən et! (1980)
Ey Rəbbimiz! Səni Məhəmməd və Ali-Məhəmmədə (ə) and veririk, Öz məsum vəlinin müqəddəs qəlbini bizdən razı et! Bizi o həzrəti yada salanlardan və ona təvəssül edənlərdən et!
Ey Rəbbimiz! Məhəmməd və Ali-Məhəmməd (ə) hörmətinə, o həzrətin zühurunu və ilahi hakimiyyət üçün qiyamını tezləşdir!
Ey Rəbbimiz! Yeni qurulmuş bu İslam cəmiyyətini idarəçilik və quruculuq işlərində o dövrə və o quruluşa bənzət!
Ey Rəbbimiz! Məhəmməd və Ali-Məhəmməd (ə) hörmətinə, bizi onun dostlarından, bütün hallarda və bütün işlərdə ardıcıllarından et! (1987)
Dostları ilə paylaş: |