1.2 .İqlimi və aqroiqlim ehtiyatları.
Torpaqəmələgəlmə proseslərində ərazinin iqlim şəraitinin və ayrı-ayrı iqlim ünsürlərinin – yağıntıların, buxarlanma və istiliyin ərazinin bir sıra özünəməxsus cəhətləri ilə şərtlənir. Vilayətin şərq və cənub-şərq qurtaracağının bilavasitə Xəzər dənizi ilə sərhədlənməsi və cənubda dağlıq ərazilərin kəskin şəkildə sahilboyu zolağa enməsi Xəzərin üzərindən gətirilən su buxarının kondensasiyası üçün əlverişli şərait yaratmışdır. Qış mövsümündə soyuq və yayda əksinə, isti temperatur şəraitlə seçilən İran dağlıq yaylasının quru kəskin kontinental tipi Talış ilə Peştəsər silsilələri arasındakı zolağın iqliminə təsir göstərmiş, onun quraqlaşmasına səbəb olmuşdur. Nəticədə vilayətin cənubunda yağıntıların anomal paylanmasına 500-700 m-lik yüksəkliyə qədərki ərazidə artması, sonrakı hündürlükdə azalması baş vermişdir. Ə.Ə. Mədətzadənin [30] fikrincə, bu anomaliyaya səbəb İran dağlıq yaylasının quru iqlim şəraitinin təsiri ilə yanaşı, yüksəklikdən asılı olaraq kondensasiyanın kəskin aşağı düşməsidir. Lənkəran vilayətinin şimal və şimal-şərq qurtaracağının iqlim şəraiti də Kür – Araz ovalığının yarımsəhra iqliminin təsiri altında quraqlaşmaya məruz qalmışdır. Müasir tədqiqatçılar [41,42], Lənkəranın iqlimini subtropik iqlimin aralıq dənizi tipinə aid edirlər.
Ə. Əyyubov [ 43,44] Lənkəran vilayəti daxilində iqlim şəraitinə görə bir-birindən fərqli 6 aqroiqlim rayonu olmasını göstərmişdir: Cəlilabad-Qızılağac,Masallı, Lənkəran-Astara, Burovar-Siakar, Lerik-Yardımlı, Diman-Qıryurdu.
Vilayətin Şimalında yerləşmiş Cəlilabad-Qızılağac aqroiqlim rayonunun iqlim şəraiti istilik və rütubətin paylanmasına görə quraq olan Muğan düzənliyinə oxşardır. Burada əsas kənd təsərrüfatı istiqamətli taxılçılıq, üzümçülükdür. Cənuba doğru illik yağıntıların miqdarı tədricən artaraq izafi nəmlik şəraiti ilə səciyyələnən Lənkəran-Astara aqroiqlim rayonuna keçir. Cəlilabad-Qızılağac aqroiqlim rayonunun şimalında yağıntıların miqdarı 300 mm, cənubunda 450mm-ə qədərdir. Bu göstərici Masallı rayonunun şimalında 450-500 mm, cənubda 700mm, Lənkəran-Astara rayonun şimalında 700-900 mm, cənubda 1300 mm, Burovar-Siakar və Lerik-Yardımlı aqroiqlim rayonlarında 600-800 və 1400 mm arasında dəyişir. Temperatur cəminin 10° -dən yuxarı olduğu şəraitdə bu göstərici Cəlilabad-Qızılağac iqlim rayonunda 150-300 mm, Lənkəran-Astarada 765-850 mm-dir. Yağıntılar və buxarlanma şəraitinə uyğun olaraq ərazinin nəmlik göstəricisi (Md) 0,15 (Cəlilabad-Qızılağac) – 0,45 (Lənkəran-Astara) arasında tərəddüd edir (cədvəl 1.1). Burovar-Siakar aqroiqlim rayonunda yağıntılarının nisbətən aşağı göstəricisinə (600-800 mm) baxmayaraq, istilik (∑ t ˃ 10° - 2600-3800 °) və buxarlanmanın azlığı nəmlənmə göstəricisini yüksək etmişdir (Md ˃ 0,45).
Cədvəl 1.1.
Aqroiqlim rayonlarının səciyyəsi
Dostları ilə paylaş: |