42-ci Sual. Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi və Azərbaycanın milli təhlükəsizliyi Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış, Bakı Bəyannaməsi qəbul edilmişdir.
Əsas Çoxtərəfli Saziş (ƏÇS) Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionunda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, avtomobil, hava və dəmir yolu, eləcə də ticarət gəmiçiliyi bazarlarına çıxışın asanlaşdırılması, yük və sərnişinlərin, həmçinin karbohidrogen resurslarının beynəlxalq daşımalarının inkişaf etdirilməsi, nəqliyyatın təhlükəsizliyinin, ətraf mühitin mühafizəsi, müxtəlif nəqliyyat növləri arasında bərabər rəqabət şəraitinin yaradılması kimi məsələlər üzrə əməkdaşlığı nəzərdə tutur.TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi 2001-ci ildə Bakı şəhərində açılmışdır, hazırkı Baş katib Mirça Çiopraqadır (Rumıniya).
Azərbaycan da tarixi İpək yolunun bərpasını dəstəkləmiş, bu məsələ ilə bağlı Avropa İttifaqı ilə sıx əməkdaşlıq etmişdir. Sirr deyil ki, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması və onun infrastrukturunun inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi önəm daşıyır. Bu baxımdan ölkəmizin böyük İpək yolunun yenidən canlanmasında əvəzsiz rolu və töhfələri vardır. Ulu öndər Heydər Əliyev Mərkəzi Asiyadan, Qafqazdan keçməklə Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat dəhlizinin yenidənqurulması, tarixi İpək yolunun yenidən fəaliyyətinin bərpası ideyasını dəstəkləyirdi. Bu beynəlxalq əhəmiyyətli layihənin uğurla reallaşmasında Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, qətiyyətinin əvəzsiz rolu olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Avropa Birliyi Komissiyası və TRASEKA proqramının iştirakçısı olan ölkələrin birgə qərarı ilə "Tarixi İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfrans" 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirilmişdir. 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş" (Əsas Saziş) adlanan çox mühüm sənəd imzalanmışdır. Sazişin prinsipləri çərçivəsində görülən tədbirlər "Avropa - Qafqaz - Asiya" nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin ilbəil artırılmasına imkan verdi. Bu sənədin ərsəyə gəlməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Beynəlxalq konfransda çıxışı zamanı Heydər Əliyev böyük İpək yolunun bərpasının tarixi zərurət olduğunu qeyd edərək, region dövlətlərin bütün sahələrdə inkişafına təkanverici təsir göstərəcəyini bildirmişdi: "Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqılı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir"