27. Sinonimlik və çoxmənalılıq arasında əlaqə
Sinonimlər (yun. eyni adlı) gerçəkliyin eyni əşya, hadisə, əlamət və ya hərəkəti ilə bağlı olan, lakin onu müxtəlif formalarda adlandıran semasioloji hadisədir. Sinonimlər müxtəlif münasibətlərdə eyni bir əşyanın adı olub, səs tərkiblərinə görə fərqlənən və bütövlükdə öz oxşarlığını saxlayan sözlərdir. Məna ümumiliyi və üslub çalarlığı sinonimlərin əsas xüsusiyyətləridir.
Sinonimlər müxtəlif deyil, bir məfhumla əlaqədar olur, onun müxtəlif çalarlarını ifadə edir. Bunu çoxmənalı sözlərdə də görə bilərik. Çoxmənalı sözlər də bir məfhumla bağlı olur, və onun məna çalarlarını ifadə edir, yəni bir əsas məna ətrafında formalaşır.
Sinonim münasibətdə olan söz qrupları sinonim cərgə adlanır. Sinonim qruplar müxtəlif quruluşlu sözləri leksik-semantik variantlarına görə birləşir. Sinonim cərgələrin müəyyənləşdirilməsində sözün çoxmənalılığı və omonimliyi böyük rol oynayır. Çoxmənalı sözün bütün mənaları təsvir edilib, onun haqqında tam və dəqiq məlumat əldə etdikdən sonra sinonim cərgənin üzvlərini dəqiqləşdirmək, seçmək olar.
Ümumiyyətlə, sözün çoxmənalılığını nəzərə almadan iki sözün sinonimliyini qəbul etmək çətindir. Çoxmənalı sözlər bir sinonim cərgədə özünün bütün mənaları ilə deyil, bir leksik-semantik variantı ilə çıxış edir. Məsələn, çəkmək-dartmaq, almaq-götürmək. Bu sinonim cərgələrdəki çəkmək və almaq sözləri çoxmənalıdır. Burada çəkmək və almaq sözləri dartmaq və götürmək sözlərinə bir mənasına (bir leksik-semantik variantına) görə sinonim olmuşdur. Deməli, çoxmənalı sözün bir mənası sinonim cərgədə əsas olur, digər sinonim cərgələrdə isə başqa sözlər üçün məna çalarlığı ve üslubi fərqlər yarada bilir. Çoxmənalı sözlərin bir cərgədə eyni qrammatik əlamətlərə və eyni qrammatik mənaya malik olan iki mənası ola bilməz. Çoxmənalı söz həmin cərgədə ancaq bir mənasını göstərir, çünki cərgənin başqa üzvləri də təkmənalı kimi işlədilir.
Sinonim və çoxmənalılıq arasında bir digər əlaqə onu qeyd edə bilərik ki, çoxmənalı sözlərin bütün yaranan yeni, məcazi mənalarını izah etmək lazım gəlir. Bunun üçün də həmin məcazi mənaların hər birinin sinonimi göstərilir. Bu da həmin mənaların daha yaxşı başa düşülməsinə kömək edir. Bunu lügətlərdə daha aydın görə bilərik. Məsələn;
SINIQ sif. 1. Sınmış halda olan; qırıq. Sınıq dolça. Sınıq boşqab. Sınıq güzgü. Burda həqiqi mənada işlədilmişdir. Həmin sözün məcazi mənası qeyd olunduqda isə mənanı bildirən sinonim cərgələr lüğətdə öz əksini tapır: məcazi mənada- pərişan, qüssəli, dərdli. [Şükür] sınıq bir ürəklə kəndə qayıtmağa məcbur olmuşdu. Başqa məcazi mənada: Məğlubiyyətə uğramış, basılıb pozulmuş. Sınıq qoşun.
Yaxud “söykənəcək” sözünün məcazi mənası veriləndə sinonim sözlərdən istifadə edilir: söykənəcək- dayaq, istinadgah, arxa, kömək, himayəçi. [Səlimi] bir yol axtarmalı idi. Özü nə söykənəcək tapmalı idi.
Dostları ilə paylaş: |