9,11,12-ci cüt kəllə beyin sinirləri 9-cu cüt-dil udlaq siniri



Yüklə 19,9 Kb.
tarix01.01.2017
ölçüsü19,9 Kb.
#4090
9,11,12-ci cüt kəllə beyin sinirləri

9-cu cüt-dil udlaq siniri (n.glossofaringeus): hərəki, dad, sekretor və hissi liflərdən təşkil olunmuşdur.Bu liflər uzunsov beyində rombabənzər çuxur nahiyəsində yerləşmiş nüvələrdən başlayır.Aşağıdakı nüvələr ayırd edilir:1.ikili nüvə-nucleus ambiquus;2.tək yol nüvəsi (nucleus tractus solitarii), 3.aşağı ağız suyu ifraz etdirici nüvə (nucleus salivatorius inferior); 4.boz qanad nüvəsi (n. alea cinereae).İkili nüvə yumşaq damaq,udlaq və qida borusunun yuxarı hissəsinin əzələlərini innervasiya edir.Tək yol nüvəsi dilin arxa üçdə birində dad hissini təmin edir.Aşağı ağız suyu ifraz etdirici nüvə qulaqyanı vəzini innervasiya edir.Dil-udlaq siniri beyindən zeytunla aşagı beyincik ayaqaqları arasından bir neçə kökcüklə xaric olur.Kökcüklər bir sütunda birləşib,vidaci dəlikdən kəllə boşluğunu tərk edir və dil kökünə gəlir.Onun əsas şaxələri təbil,udlaq və dil sinirləridir.

Təbil siniri (n. tympanicus) təbil boşluğunun selikli qişasını,məməyəbənzər çıxıntının hüceyrələrini və Yevstax borusunu innervasiya edir.Udlaq sinirləri (rr. pharyngei) udlaq əzələlərinin və selikli qişasının innervasiyasında iştirak edir.Dil şaxələri (rr. lingualis) dilin arxa üçdə birinin dad innervasiyasını təmin edir.

Müayinə üsulları.Dilin arxa üçdə birində dad yoxlanılır.Bu məqsədlə əsas dad qıcıqlandırıcılardan (şirin,turş,acı və duzlu) istifadə olunur.Pipetka və ya çubuğun köməyilə məhlul damcısı dilin arxa üçdə birinə tökülür.Dilin sağ və sol yarısında,ön 2/3 və arxa 1/3 hissələrində dad hissiyyatı müqayisə edilir.Digər damcını yeritməzdən əvvəl ağız su ilə yaxalanır.Müayinə zamanı xəstə danişmamalıdır,çünki məhlul dilin səthindən axa bilər.Sonra udlaq və yumşaq damaq refleksləri yoxlanılır.

Zədələnmə simptomları.Eyni tərəfdə dilin arxa 1/3-ində dad hissiyatı itir.Udlaq və yumşaq damaq reflekslərinin zəifləməsi,udma aktının pozulması müşahidə olunur.



11-ci cüt-əlavə sinir (n. accessorius) -hərəki sinirdir.İki hissə ilə başlayır.Yuxarı və ya bulbar hissə uzunsov beynin aşağı hissəsində yerləşmiş nüvədən-əlavə sinirin ikili nüvəsindən (nucl. ambiquus) törəyir.Aşağı və ya onurğa beyni hissəsi 2-5-ci boyun seqmentlərin ön buynuzlarının əsasında yerləşən əlavə sinirin onurğa beyni nüvəsindən (nucl. spinalis n. accessorius) başlayır.Sinirin onurğa beyni kökcükləri ənsə dəliyindən kəllə boşluğuna daxil olur.Burada kəllə kökcükləri ilə birləşib,sinirin kötüyünü əmələ gətirir və vidaci dəliklə kəllədən xaric olur.Əlavə sinir döş-körpücük-məməyəbənzər əzələni və trapesəbənzər əzələnin yuxarı hissəsini innervasiya edir.Birinci təqəllüs edərək başı əks tərəfə çevirir,ikinci isə çiyinləri qaldırır.

Müayinə üsulları.Döş-körpücük-məməyəbənzər və trapesəbənzər əzələlər əllənir,onların gücü yoxlanılır.

Pozulma simptomları.Əzələlərdə atrofiya baş verərkən həmin tərəfdə çiynin aşağı düşməsi,onu yuxarı qaldırdıqda və başı əks tərəfə çevirdikdə isə çətinlik yaranır.

12-ci cüt-dilaltı sinir (n. hypoglossus)-hərəki sinirdir.Rombabənzər çuxurun aşağı hissəsində dilaltı sinir üçbucağında yerləşmiş nüvədən (nucl.hypoglossi)başlayır.Beyin maddəsindən piramida ilə zeytun arasından xaric olur və dilaltı sinir kanalı ilə kəlləni tərk edir.Azan sinirlə daxili vidaci vena arasında aşağı və önə gedərək dil əzələlərini innervasiya edir.

Müayinə üsulları.Xəstəyə dilini bayıra çıxarmaq təklif olunur,bu zaman onun yana meyl edib (devyasiya) və ya etməməsinə,atrofiya (dilin "qat-qat" şəklinə düşməsi), fibrilyar səyrimə və tremorun olub - olmamasına fikir verilir.XII cütün nüvəsində ağızın dairəvi əzələsini innervasiya edən hüceyrələr yerləşir.Buna görə də XII cüt sinirin nüvə zədələnməsində dodaqlar nazilir,büküşlü olur,fit çalmaq qeyri-mümkün olur.

Pozulma simptomIarı.Sinir kötüyünün birtərəfli zədələnməsi dilin eyni adlı tərəfinin atrofiyası,bəzən isə onun əzələlərinin fassikulyar səyriməsi ilə müşayiət olunur.Dilin səthi nahamar,büküşlü olur.Dilini çıxardıqda dil zədələnmiş tərəfə meyl edir.Dilaltı sinirlərin ikitərəfli zədələnməsində dilin iflici (qlossoplegiya) baş verir.O ağız boşluğunun dibində hərəkətsiz yerləşir,çeynəmə və nitq pozulur.

Dilaltı sinir nüvələrinin zədələnməsi üçün dilin müvafiq yarısında əzələlərin atrofiyası və onların fibrilyar səyriməsi xarakterdir.Zədələnmədən dərhal sonra həmin tərəfdə ağızın dairəvi əzələsinin atrofiyası müşahidə olunur.Dilaltı sinir nüvələri baş beynin əkd yarımkürələri ilə əlaqədə olduğundan qabıq-nüvə yolunun birtərəfli zədələnməsi dilin əks tərəfli yarısında mərkəzi iflicə səbəb olur.Bu zaman dili çıxararkan o patoloji prossesdən əks tərəfə meyl edir.Dil əzələlərinin atrofiyası müşahidə edilmir.

Bulbar iflic.Bulbar iflic nitqin pozulması (dizartriya) ilə xarakterizə olunur.Xəstə "R” hərfini söyləməkdə çətinlik çəkir.Bəzən nitq tamamilə itir (anartriya).Udma pozulur (disfagiya).Səs dəyişilib,tın-tınlı olur (disfoniya).Qida qəbul etdikdə xəstə çeçəyir,duru qida burun dəliklərindən xaric olur.Dil əzələləri atrofiya olunur.Onlarda fibrilyar və fassikulyar səyrimələr müşahidə edilir.Yumşaq damaq sallanır.Yumşaq damaq və udlaq refleksləri itir.Çənə refleksi zəifləyə və ya itə bilər.Çənənin sallanması və çeynəmə əzələlərinin atrofiyası mümkündür.

Bulbar iflic uzunsov beyində yerləşmiş hərəki nüvələrin və ya bunlardan başlanan sinirlərin (IX, X, XII, nadir hallarda V və VII cütlər) birtərəfli zədələnməsi nəticəsində baş verir və periferik iflicdir.Bu yan amiotrofik sklerozun və poliomielitin bulbar formalarında,beyin kötüyünün şişlərində,miasteniyada,həmçinin digoər xəstəliklərdə də meydana çıxa bilər.



Psevdobulbar iflic.Psevdobulbar iflicin kliniki mənzərəsi bulbar iflici xatırladır.Ancaq əzələlərdə atrofiyaların olmaması,çənə refleksinin yüksəlməsi,oral avtomatizm reflekslərinin (nazo-labial, xortum və s.), məcburi ağlama və gülüşün,sfinktrlərin funksiyasının pozulması ilə bulbar iflicdan fərqlənir.Psevdobulbar iflic beyin yarımkürələri qabığını beyin kötüyünün bulbar hissəsində yerləşən hərəki nüvələrlə birləşdirən qabıq-nüvə yollarının ikitərəfli zədələnməsi nəticəsində meydana çıxır.Bu mərkəzi iflicdir və beyin qan dövranı pozğunluqlarında,yan amiotrofık skleroz,dağınıq skleroz və digər xəstəliklərdə müşahidə olunur.
Yüklə 19,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin