194
məruz qaldı. Mən əsgərlərə ehtiyatlı olmağı və az-az düşmənə cavab
verməyi tapşırdım. Bir saatdan sonra atışma bir az səngidi. Mən səngərə
müşahidəçilər qoyaraq, qalanlarına istirahət etməyə icazə verdim. Çünki
gecə heç kim yatmamışdı. Özüm isə qayalığın gün düşən yerində
uzanaraq dincəlirdim. Hərdən düşmən minaatanlarının mərmiləri
ətrafdakı çınqıllıqlara düşürdü. Birdən yaxınlığımdakı qayaya bir dəmir
parçası dəyərək cingildəyə-cingildəyə 50-60 metr hündürlüyündə qayanın
aşağısına düşdü. Su üçün göndərdiyim əsgərə qayanın aşağısına düşən
dəmirin nə olduğunu öyrənməyi tapşırdım. Bir azdan həmin əsgər
aşağıdan çağırıb dedi ki, bu partlamamış 120 mm-lik minaatan
mərmisidir. Sən demə mənim 5-6 metrliyimə düşən mərmi qəlp çıxmışdı.
Beləcə bütün 92-nin yazını, yayını və payızını Murovdağda keçirdik...
Qəlbim yenə dağa döndü,
Mən Murovun başındayam!
Yaxındadır yurdum-yuvam,
Kəlbəcərin tuşundayam,
Mən Murovun başındayam!
Boran vurur, əsir külək,
Daşa dönüb burda çörək.
Saçıma
dən düşür tək-tək,
Daha Murov yaşındayam,
Mən Murovun başındayam!
Oktyabr ayında Xanlar rayonunda ikinci bir taboru təşkil etmək
üçün taborun bir neçə zabit və giziri- mən, baş leytenant Xalid
Hümbətov, gizir Nizami Məhərrəmov və Nəriman Məmmədov- ora ezam
olunduq. Biz şəhərdə başqa bir hərbi hissənin kazarmalarında yerləşərək
hərbi komissarlıq tərəfindən çağırılmış yuxarı yaşlı əsgərlərdən 400
nəfərlik bir tabor təşkil etməklə məşğul idik. Günbəgün yeni çağırılmış
əsgər və zabitlərin sayı artırdı. Iki aydan artıq bir müddətdə xeyli iş
görmüşdük. Biz hər gün yeni çağırılanlarla təlimlər təşkil edir, qarşıdakı
döyüşə hazırlaşırdıq. Həmin əsgərlərin bir çoxu döyüşlərdə iştirak etmiş,
döyüş təcrübəsinə malik əsgərlər idilər. Təzə çağırılmış zabitlər içərisində
tələbə və əsgər yoldaşım Kamil də var idi.
Əsgərlər içərisində 15 yaşlı bir əsgərimiz də var idi: Abdullayev
Sərdar Bəhmən oğlu könüllü olaraq döyüşlərə getmək qərarına gəlmişdi.
Briqada komandiri Valeh Rəfiyev hər gün onu əsgər cərgəsinin qarşısına
çıxarır və əsgərlərə nümunə göstərirdi. Biz Sərdara “Alay oğlu” deyirdik.
Iki aydan sonra həmin əsgər və zabitləri briqadanın taborları arasında
bölüşdürdük və dekabrın sonunda Kəlbəcəri azad etmək üçün hücum
əməliyyatlarına başladıq.