4
Qapıda tanımadığım bir qız dayanmışdı.
– Kimi istəyirsiniz?
Otaqda bir həngamə, bir vur–çatdasın vardı ki, ağız deyəni
qulaq eşitmirdi. Musiqi, səs–küy, qədəhlərin, çəngəl-bıçağın
cingiltisi...
–İçəri keçin.
İçəri keçmək sərhəddi keçmək deməkdi. Calayiyaş olmaq
deməkdi. Gənclik dilində danışanlar içində əcnəbi, sevinc,
şuxluq dəryasında tənhalıq adası olmaq deməkdi.
Birdən mən otağın açıq qapılarından Nərgizi gördüm. O
rəqs edirdi. Yaşıl paltarının yaxasına bayaqkı al qırmızı
güllərdən biri sancılmışdı. Çiyinləri çılpaq idi. O müasir qızdı.
Saçları gödək, danışıq tərzi, düşünüş tərzi, yaşayış tərzi müasir.
Zövqü müasir, gülüşü müasir, şüuru müasir, geyimi müasir.
Amma indi o qədim bir rəqs oynayırdı. Qədim bir Qarabağ
rəqsi. Onun oyununda qəribə bir ahəng vardı. Sümüklərinin,
əzələlərinin plastikası iləmi, üzündəki ifadənin işvəkarlığı
iləmi, hərəkətlərinin şirin, naz qəmzəsi iləmi, deyə bilmərəm,
amma nə iləsə bu rəqs xəyalımda heç bir vaxt görmədiyim
keçmişləri, çox qabaqlar yaşamış gəlinlərimizi, qızlarımızı
67
canlandırırdı. Heç bir vaxt kişi üzünə çıxmayan, kişi nəzəriylə
oxşanmayan, sığallanmayan, qanadlanmayan gəlin-qızların
qədim həsrəti bu axşam kişilər-gənclər içində rəqs edən müasir
qadının bütün hərəkətlərinə, bütün varlığına aşılanmışdı. Bu
gün kişilər içində rəqs edən bu qız sanki əsrlərlə qara çadralar
altında boğulan qadınlıq hissinin ən kövrək, ən xəfif, ən inçə
gizlinlərindən, sirlərindən, intizarlarından danışırdı.
Birdən mən başa düşdüm ki, artıq mənə heç bir şey lazım
deyil. Artıq nə istəsəm bayağılıq olardı. Bu obraz, bu nigaran
duyğulardan başqa mənə heç nə lazım deyildi. Bu təsəvvür, bu
xəyal yaddaşımın, xatirələrimin, əbədi, vəfalı, həmdəmi
olacaqdı. Ayrı mənə heç nə, heç kim lazım deyildi. Qız xəbər
aldı:
–Axı, sizə kim lazımdır?
–Heç kəs, – dedim. – Bağışlayın, yanılmışam, səhv
gəlmişəm, azmışam.
–Aaa.
Axırıncı pilləni düşənəcən musiqi səsi aydın eşidilirdi.
Yorğun ahəngli sərkərdan bir melodiya sanki öz aramını,
sakitliyini, sonunu axtarırdı, tapa bilmirdi.
Küçəyə çıxdım. Taksi getmişdi.
Nə fərqi var! Piyada gedə bilərdim, ya da ayrı taksi tuta
bilərdim. Bəlkə təsadüfən bayaqkı taksiyə rast gələ bilərdim.
Eh! Taksini qaytarmaq çox asandır...
1961
68
BAYRAM HƏSRƏTİNDƏ
Fatma xala dovğa bulayırdı. Məstan pişik tənbəl-tənbəl
döşəmənin üstünə sərələnmişdi. İri divar saatının kəfkiri
sağdan-sola, soldan-sağa var-gəl eləyirdi. Küçədən qutab satan
arvadın cır səsi eşidilirdi:
–Qutab var a! Qutab var a!
Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat
konserti verilirdi. Hərdənbir küçədən keçən maşınların səsi
eşidilirdi. Həyətdəki iri şah tutun altında bir dəstə ali məktəb
tələbəsi imtahana hazırlaşırdı. Aşağı qonşular dalaşırdılar.
Yuxarı qonşular paltar sərirdilər. Sağ tərəfdəki qonşular
bərkdən şaqqıldayıb gülürdülər. Sol tərəfdəki qonşular evdə
yox idilər. Həyətdə uşaqlar oynayırdılar. Bir oğlan və bir qız
ipi tutmuşdular, başqa bir qız ipin üstündən o yana, bu yana
tullanırdı. Kimsə həyətdəki kranı bağlamağı unutmuşdu, su hey
axır, axırdı. Nimdaşalan həyətə girib bir qədər qışqırdı. Ona
köhnə, paslı çaydanı təklif elədilər. Bir qədər danışdılar, çənə-
boğaz oldular. Sövdəlari baş tutmadı. Nimdaşalan çıxıb getdi.
Fatma xala bir əlini dovğanı buladığı qaşıqdan ayırmadan o biri
əli ilə qazana bir çimdik duz atdı.
Gülarə dərsdən qayıtdı. Fatma xala indicə qızının: "Yenə
dovğa, yenə yemək, yatmaq, sabah yenə dərs" – deyib
deyinəcəyini gözləyirdi.
Amma Gülarənin gözləri gülürdü. Həmişə günün bürkü,
əzici, tənbəlləşdirici vaxtında radio həzin musiqi verib adamı
daha da qüssələndirir, yorğunlaşdırırdı. Bu gün də radio çalırdı.
Həmişəki kimi həyətdə uşaqlar oynayır, qutab satan arvad
bağırır.
Bu gün də hər günkü kimi idi. Amma Gülarənin gözləri
gülürdü. O gəlib anasını qucaqladı. Dovğanın çürüməsindən
qorxan Fatma xala əlini qaşıqdan ayırmadan, qanrılıb qızının
alnından öpdü.
–Hə, neçə beş almısan?
69
–Bir dörd almışam.
–Nədən?
–Fizikadan. – Hiss olunurdu ki, Gülarəni bu söhbətlər
maraqlandırmır, o, anasına nə isə başqa bir şeydən danışmaq
istəyirdi.
Fatma xala isə:
–Canın sağ olsun. Sabah beş alarsan, – deyə qızına təsəlli
verirdi.
–Lap yaxşı bilirdim. Başladı əlavə suallar verməyə.
–Əşi, zərər yoxdur, canın sağ olsun.
–Hə, onsuz da bu rübdə fizikadan iki beşim var.
–Rüblük beş olacaq?
–Yəqin. İki beş, bir dörd, gərək beş olsun. – Sonra Gülarə
əlavə etdi. – Amma onu bilmək olmaz. Elə əntiqə adamdır ki.
Bir də görürsən bəhanə gətirdi ki, beşləri əvvəl almısan, dördü
sonra, demək axıra yaxın korlamısan. Beş versəm
arxayınlaşarsan, gərək dörd verəm ki, çalışasan.
–Onda bir də cavab ver, beş al.
–Hardan? Sinifdə otuz adam var. Rübə az qalıb. Mənə
növbə çatmaz,.
– Hə–ə!..
–Onsuz da tarixdən – dörd olacaq. Nə təfavütü var, bir dörd,
ya iki dörd.
– Qalanlar beşdir?
–Hə. İdmandan üçdü, amma o heç.
–Hə, əşi, idmandan zərər yoxdur. Amma çalış gələn rüb
hamısını beş elə.
– Niyə?
Fatma xala təəccüblə baxdı.
– Necə yəni niyə?
–Eh! Nə təfavütü var? Beş olsun, dörd olsun, üç olsun.
Fatma xala istehza ilə dedi:
–Ay bərəkallah! Əcəb ağıllı sözlər danışırsan! – Sonra əlavə
etdi. – Səhərdən acsan! Yəqin ona görə belə hətərən–pətərən
70
danışırsan. Yemək istəyirsən?
–Hə!
–Dovğa hazır olana qədər götür, bir az pendirnən çörək ye.
Gülarə rəfdən çörək və bıçaq götürdü. Bir parça çörək kəsdi,
üstünə bir az pendir qoydu, həvəssiz, iştahasız yeməyə başladı.
–Ana!
–Hə!
–Hə, nə deyirsən?
Hiss olunurdu ki, nə isə bir söz gəlib xirtdəyinə dirənmişdi.
Bu sözü çıxarmaq istəyirdi. Amma bacarmırdı. Cürətimi
çatmırdı?
Nəhayət qərara gəldi:
–Ana, bu bizim qonşumuzun oğlu var, ha? Bəstəkar.
Səsi əsirdi. Fatma xala bunu duydu:
–Hə... Nədi ki?
–Əşşi, qəribə axmaq oğlandır.
–Niyə, ay Gülü, axmaq niyə olur ki?
–Əşi, bu gün dərsdən evə gəlirəm... O da yuxarıdan
eyvandan baxır...
Gülarənin dili dolaşırdı.
–Hə... Yuxarıda dayanıb... Əlində bir dəstə gül vardı... Mən
həyətə girəndə düz qabağıma atdı... Bilmirəm, bəlkə də əlindən
düşüb. Güllər düz qarşıma səpələndi. Yəqin əlindən düşüb, –
deyə Gülarə yenidən tələsik əlavə etdi. Elə bil o, inanmadığı bir
şeyə inanmaq istəyirdi.
–Gülləri götürüb yığdın? – deyə Fatma xala soruşdu:
–Yox, onun nökəri-zadı deyiləm ki! – Gülarə yalançı bir
məğrurluqla cavab verdi, – əlindən salıb, özü yığsın! Mən o
saat evə qaçdım ki, birdən mənə deyər gülləri gətir, sonra
aparmasam, yaxşı olmaz.
–Hə!..
–Qəribə adamdır o, bir dəstə gülü də əlində ağıllı–başlı
saxlaya bilmir.
Fatma xala gülümsündü:
71
–Yox, Gülarə, – dedi, – yəqin o, özü qəsdən gülləri sənə
atıb.
Ən xəfif, ən gizli, öz-özünə belə etiraf edə bilmədiyi,
arzuladığı bir şeyi eşidərkən Gülarə qəribə bir hal keçirdi. Bu,
onunçün bayram idi. Bu, hələ məhəbbət bayramı deyildi. Axı
Gülarənin vur-tut on beş yaşı vardı. On dörd-on beş. Lakin bu,
başqa bir bayram idi. Bu, qadın qəlbində məhəbbətdən çox
erkən oyanan və məhəbbətdən çox sonra sönən bir hissin,
riqqətləndirici və güclü bir istəyin – diqqət istəyinin, pərəstiş,
səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramı idi.
Gülarə pörtüb həyəcanla pıçıldadı:
–Bıy, mənə niyə atsın ki?
–O, uşaqlıqdan səni çox istəyirdi. Sən bir yaşında idin, o da
on yaşında bir oğlan idi. Tez–tez səni quçağına alardı. Bir dəfə
səni qucağına alanda sən yaramaz oğlanın burnunu dişləmişdin.
Gülarə uğunub getdi.
–Doğrudan?
–Hə. Özü də, səni yaman çox istəyir. "Mənim balaca
bacım"– deyir. İndi gülləri də sənə sataşmaqçün atıb. Bilib ki,
sən qorxub qaçacaqsan. Uşaqlıqda da həmişə sənə sataşardı.
Səni inandırmışdı ki, guya ayda yaşayır, gündə ordan
təyyarəylə uçub gəlir.
Gülarə hələ də gülürdü.
–Doğrudan?
O, aramsız gülürdü.
–Bilirsən, – deyə indi daha artıq cəsarətlə danışmağa
başladı, – srağagün mən evə gələndə o, yoldaşlarıyla
dayanmışdı, mən keçəndə...
Bu vaxt qapı açıldı. Qonşu Dilşad xala gəldi. Gülarə susdu.
Dilşad xala Fatma xala ilə bərkdən danışmağa başladı.
–Nə var, nə yox? Dovğa bulayırsan?
–Hə.
–Həngaməni də eşidirsən də.
–Nə həngamə?
72
–Ay arvad, eşitmirsən? Həyətdə bir həngamə qalxıb ki!
Yuxarıda Xədicəgil paltar sərir. Suyu bütün həyətə süzülüb.
Hər yandan qonşular çıxıb, dava başlayıb. Dəmir tutqac da
Xədicənin əlindən düz Faiqin başına düşüb. Az qalıb uşağın
başı yarılsın.
Gülarə söhbətə diqqət verdi.
Dilşad xala fasiləsiz danışırdı.
–Gör yazıq uşağın başına necə bərk dəyib ki, əlindəki gülləri
də töküb həyətə.
Fatma xala məzəmmətlə Dilşada baxıb başını buladı. Dilşad
heç bir şey başa düşmədisə də, Fatma xalanın tutulduğunu
görüb təəccüblə susdu.
Fatma xala yenə dovğasını buladı.
Məstan pişik tənbəl-tənbəl döşəməyə sərələnib özünü günə
verirdi. İri divar saatının kəfkiri sağdan-sola, soldan-sağa var-
gəl edir, küçədən qutab satan arvadın cır səsi eşidilirdi:
–Qutab var a! Qutab var a!
Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat
oxunurdu.
Həyətdəki su kranını bağlamağı unutmuşlar. Su hey axır,
axırdı...
Gülarə başını mizin üzərinə qoydu, için-için ağladı...
12 sentyabr 1958
73
KÖNLÜMÜZÜN GECƏSİ
–Hə, bəs o necə oldu?
–Kim?
Rüstəm, Əjdər və Şəhla dəniz kənarında qumun üstündə
uzanıb özlərini günə verirdilər.
Əjdər təəccüblə Şəhlaya baxdı.
–O da – deyə təkrar elədi.
Şəhla başa düşdü.
–Hə, o? Məktəbə girdi də.
–Orta məktəbə?
–Hə. Birinci sinifə.
–Axı o deyəsən institutda oxuyurdu.
–Bəli. İnstitutu qurtardı, sonra da getdi girdi birinci sinfə.
Rüstəm beli üstündə uzanmışdır. Başını qaldırıb: – yenə
başladınız – deyə narazı baxışlarla Əjdərə və Şəhlaya baxdı.
Şəhla həvəssiz gülümsündü. Əjdər dedi:
–Buna bax, inanmır. Kişi birinci sinifdə oxuyurdu da.
–Hə də – deyə Şəhla söhbəti davam elədi.
–Oğlunu birinci sinifə götürmədilər. Odur ki, özü gedib girdi.
–Hə. Sonra öldü. Öləndən sonra evləndi. Evlənəndən sonra
arvadı öldü. Arvadı öləndən sonra uşağı oldu. Uşaq "uşi"
sözündəndir. Yəni qulaq asmaq. Qulaq cinayətkar olduğu üçün
onu asmışlar və s. və s. və s. – deyə Rüstəm bacısını və onun
ərini yamsıladı – bu səfsəfələr zəhlənizi tökmədi?
Şəhla Rüstəmə baxıb gülürdü. Əjdər nədənsə birdən birə
dalğınlaşdı.
Araya sükut çökdü.
Şəhla dedi:
–Yaxşı, neyləyək, sən susursan, biz də danışanda acığın
tutur.
–Danışın e, amma ağıllı bir söz danışın da, yoxsa dəli kimi
74
səfəhləyirsiniz.
Şəhla dedi:
–Ağıllı söz danışmaqçün çox fikirləşmək lazımdır.
Fikirləşəndə də, çox fikirləşəndə də – deyə o əlavə etdi – adam
axmaq işlər görür.
Əjdər dedi:
–Ağıllı sözlər hamısı deyilib qurtarıb. Yalnız axmaq sözlər
qalıb.
Yenidən susdular.
Sonra Rüstəm:
–Amma bu gün yaman istidir – dedi.
Şəhla:
–Hə – dedi – həm də günün ən isti vaxtıdır. Saat neçədir ki?
Əjdər kənara qoyduğu ağ parusun şalvarının cibindən qol
saatını çıxarıb baxdı, saat neçə olduğunu bildi, lakin Şəhlaya
deməyi unutdu.
Rüstəm ayağa durdu:
–Gedək çimək, sonra çıxaq gedək.
–Hara tələsirsən.
–Yox, daha bəsdir. Həm də mən şəhərdə tez olmalıyam.
Əjdər və Şəhla etiraz eləmədilər. Bu gün Leyla gedirdi.
Hər üçü dənizə yüyürdülər.
Suda Əjdər özünü bəxtiyar hesab eləyirdi. Ona elə gəlirdi ki,
o, daha cavan, daha sakit, daha yaxşıdır. Ona elə gəlirdi ki,
bütün işlər düzələcək, bütün problemlər həll olunacaq və o, öz
həyatını yenidən qurmağa əzm və iradə göstərə biləcəkdir. O,
Şəhlaya baxır, onun qeyri-adi, göz qamaşdırıcı gözəlliyini
görür və qəribədir ki, heç də iztirab çəkmir, əksinə sevinirdi.
Şəhla dedi:
–Dayan orda suyun altıyla yanına üzüb gələcəm. Amma
tərpənmə. O, suya baş vurub üzməyə başladı. Yaxınlaşanda
Əjdər bir addım dala çəkildi. Şəhla sudan çıxıb:
–Ay haramzada – dedi – dala çəkildin.
Əjdər özünü tülkü ölümcülüyünə qoyub danmaq istədi.
75
Amma həvəsi gəlmədi.
Şəhla dedi:
–Gəl ötüşək.
Əjdər cavab vermədi.
Rüstəm dedi:
–Yaxşı, bəsdir. Çıxaq. Mən elektrik qatarına çatım.
Şəhla dedi:
–Dizelnən get. Hər yarım saatdan bir gedir.
Qəfilcən Əjdər dedi:
–Şəhla gəlsənə mən də şəhərə gedim.
–Sən niyə?
–Bir az işim var. Onsuz da sabah getməliyəm. Qoy elə bu gün
Rüstəmlə bir yerdə gedim. Rüstəmi də maşınla apararam.
–Özün bil.
Şəhla qurulandığı dəsmalın bir ucunu Əjdərə uzatdı.
Rüstəm dedi:
–Yox mənə görə gedirsənsə, mən dizelnən də gedə bilərəm.
Bir də artıq zəhmət çəkmə.
–Yox elə.
Şəhla dedi:
–Onda şəhərdən gələndə yağ gətir.
–Nə qədər?
–İki kilo bəsdir. Bir də darçın al.
–Yaxşı.
–Daha bir şey qalmadı ki – deyə Rüstəm qumun üstündən
ayaqqabılarını götürdü və ətrafa nəzər saldı.
Əjdər:
–Yox – dedi. – hər şeyi götürdük yığışdırdıq.
O saçını darayırdı.
–Onda gedək.
–Dayan qoy Şəhla da gəlsin.
Şəhla çimmək paltarını dənizdə yaxalayırdı.
–Şəhla – deyə Rüstəm çağırdı.
Şəhla paltarını sıxa-sıxa onlara tərəf gəldi. Paltardan damcı-
76
damcı tökülən sudan qumun üstündə zəncirli bir iz qaldı.
Qayaların yanında qızmış qum ayaqları yandırırdı.
Ayaqqabılarını geyindilər.
Rüstəmlə Əjdər otaqda geyinəndə Şəhla dedi:
–Əjdər bağdan bir az üzüm yığ. Leylaya apar.
Rüstəm etiraz eləmək istədi.
–Yox, yox. Qoy aparsın. Leyla yolda yeyər. Orda üzüm
harda görəcək.
Əjdər sanki ilk dəfə Leylanın çox uzun müddətdə tamamilə
başqa bir yerə getməsi haqqında düşündü. Və nədənsə bir qədər
kədərləndi.
Səbət yaman ağır oldu. Rüstəm və Əjdər ikisi götürməli
oldular. Şəfiqə onları qapıya qədər ötürdü. O arxayın və rahat
idi. Əjdərin ürəyi dumanlı idi. Rüstəm fikirliydi.
Gecə saat 12-də Leyla, Rüstəm, Əjdər və Leylanın anası
Zeynəb xala aerodroma gəldilər. Əjdər neçə gün idi ki, Leylanı
görməmişdi.
–Niyə heç bağa gəlmədiniz – dedi.
–Nə bilim vallah, yola hazırlaşırdım. – Leyla özü nə qədər
incə və zərif idisə səsi bir o qədər qalın və yapışıqsız idi. –
Başım yaman qarışıqdı.
Əjdər dedi:
–Təqsir Rüstəmdədir. Gərək o sizi mütləq gətirəydi. Bağın
indi çox yaxşı vaxtıdır.
Leyla gülümsündü.
"O nahaq yerə pomada çəkir – deyə Əjdər düşündü. – Belə
gülüş solğun dodaqlara daha yaxşı yaraşar. Amma bəlkə də
Rüstəm pomadalı dodaqların gülüşünü daha artıq bəyənir".
Təyyarəyə minmə başladı. Leylayla Zeynəb xala bir–
birlərinə sarmaşdılar. Zeynəb xala ağlamağa başladı. Əjdər
qəribə bir maraqla Leylayla Rüstəmin görüşməsini gözləyirdi.
Leyla Rüstəmə əlini uzatdı. Əjdər elə bildi ki, Rüstəm onun
əlindən öpəcəkdir. Amma Rüstəm sadəcə olaraq nişanlısının
əlini sıxdı. Əjdər kimi.
77
10 dəqiqədən sonra Leyla qara damsız göydə güclə seçilən
iki yaşıl bir qırmızı işıqdı.
Zeynəb xala dalda, Rüstəm qabaqda oturdu. Aerodromdan
şosseyə çıxanda Əjdər yenidən göyə baxdı. İki yaşıl bir qırmızı
işıq… Lakin bu bəlkə də içində Leyla olan yox, başqa təyyarə
idi.
Çoxdan Əjdərin ürəyi xoş və sevincli olmurdu. Nədən belə?
Əjdər gecə maşın sürməyi çox sevirdi. O, bu ləzzətin
qurtaracağı haqqında düşünmək istəmirdi. Hələ yol çox uzun
idi. Rüstəm və Zeynəb xalanı Bakıya aparmaq, sonra da tək
bağa qayıtmaq.
Düzdü Şəhla onu gözləmirdi. O, elə bilirdi ki, Əjdər səhər
gələcək. İki kilo yağ gətirəcək. Bir də darçın. Amma Əjdər bu
əsrarəngiz səyahətinin ləzzətindən əl çəkmək istəmirdi. Düzdür
o bu ləzzəti sabah gecə, biri gün və hər hansı başqa bir gecə də
ala bilərdi. Amma məhz bu gün istəyirdi. Məhz bu gecə xüsusi
həvəsi vardı. Yağış çisələyirdi. Şosse par-par parlayırdı.
Maşının qabaq faralarının işığı yolun aynası üzərində üzürdü.
Yol, təyyarə, göy, gecə, Rüstəm, Zeynəb xala, Şəhla, yol,
Leyla, Şəhla, təyyarə, Rüstəm, yol, Zeynəb xala, Bakı, Şəhla,
yol, təyyarə, Leyla, Bağ, Şəhla, Səhər, yağ, iki kilo yağ, Şəhla,
darçın, yol, Leyla, təyyarə, Leyla, Rüstəm, gecə, Leyla, yol,
Şəhla, bağ, dəniz, Şəhla, darçın, Şəhla, Leyla, yol, yol, təyyarə,
gecə, Şəhla, Şəhla, Rüstəm, yol, Şəhla, yol, yol, Şəhla, yol, yol,
Şəhla, Şəhla, Şəhla, hə Şəhla. Şəhla mən səni sevirəm. Ürəkdən
sevirəm. Lakin bu azdır. Bu heç bir şeyi həll etmir. Şəhla, mən
səni lap çox istəyirəm. Lakin bu bayağı dünya həqiqi, əbədi,
ülvi məhəbbətçün layiq yer deyil. Mən səni sevirəm Şəhla.
Sevirəm. Amma könlümüzün gecəsindən kimin xəbəri var?
Çətindir, Şəhla çətindir. Könlü mıxlamaq olmur, Şəhla. Mən
səni sevirəm Şəhla, lakin bu problemləri həll etmir. Mən səni
sevirəm Şəhla, çünki dünyada səndən gözəl qadın yoxdur.
Lakin mən neyləyim, neyləyim, neyləyim ki, darçın, darçın,
darçın…
78
–Yatmısan?
–Hə. – Əjdər diksindi. Cəld sükanı sola burdu. Sağ tərəfdən
vıyıltıyla keçən yük maşını az qala onları vurmuşdu.
Əjdər Rüstəmi söhbətə tutdu.
Əvvəl Zeynəb xalanı evlərinə apardılar.
Zeynəb xala Rüstəmə müraciətlə:
–Bizi yaddan çıxartma – dedi – Əjdəri də gətir.
–Mütləq
Əjdər birinci sürətə qoşdu. Maşın tərpəndi.
Şəhər yuxulu və səssiz idi.
Əjdər birdən dedi:
–Nahaq Leylanı tək buraxdın. Gərək özün də məzuniyyət
alıb onunla gedəydin. – O əlavə etdi – nə olar öz hesabına
alaydın.
Rüstəm cavab vermədi.
Ayrı vaxt olsaydı Əjdər inciyərdi.
İndi kefi kök idi.
–Gecən xeyrə qalsın.
–Sağ ol – deyə Rüstəm maşının qapısını çırpdı.
Yol hərəkətsiz, gediş–gəlişsiz idi. Tək–tük maşınlar böyük
sürətlə gedirdilər. Əjdər də sürəti 100 qaldırdı. Onun qəlbi
fərəhlə doluydu. Pencəksizdi. Külək üzünə vurub köynəyini
dalğalandırırdı. Amma üşümürdü. Küləyi toxunulan bir şey
kimi qucmaq, saxlamaq istəyirdi.
Hardansa Əjdərin fikrinə belə qəribə bir sual–cavab gəldi:
–Əjdər, həyatınızın ən gözəl, ən xoş, ən sevimli, ən təsirli
xatirəsi nədir?
–Qara damsız göydə güclə görünən iki yaşıl, bir qırmızı işıq.
Leyla Rüstəmin nişanlısı idi. Rüstəm Şəhlanın qardaşı idi.
Şəhla Əjdərin arvadı idi. Əjdər arvadını ürəkdən sevirdi. Lakin
o heç bir vax Leylanı xörəyə darçın tökən görməmişdi.
Səhər Əjdərlə Şəhla çay içirdilər. Şəhla deyinirdi:
–Mən elə düz bilmişdim ki, yağı yaddan çıxaracaqsan.
Əjdər düşündü: "Görəsən darçını da yadına salacaq". O
79
ürəyində bir şey tutmuşdu. Əgər Şəhla darçını soruşsa – onda
belə, soruşmasa – belə.
Şəhla dedi:
–Yaxşı yadıma düşdü. Darçın da almadın hə.
Əjdər dedi:
–Şəhla.
–Hə.
–Heç. – Əjdər fikrini dəyişdi.
Şəhla dedi:
–Leylanı elə sənnən Rüstəm ötürürdü?
–Yox anası da ordaydı.
–Zeynəb xala?
"Görəsən Leylanın Zeynəb xaladan başqa anası da var?"
Əjdər özünü ələ aldı və sakit cavab verdi:
–Hə. Zeynəb xala.
Birdən Əjdər soruşdu:
–Şəhla sən məni sevirsən?
–Bıy…
Şəhla təəccüblə Əjdərə baxdı. Sonra başa düşdü. Ciddiləşdi:
–Hə. Əlbəttə. Sevmək söymək sözündəndir. Mən səni
sevirəm, deməli, söyürəm, çünki…
Əjdər dedi:
–Dayan Şəhla. Mən zarafat eləmirəm. Ciddi soruşuram bu
çox vacibdir.
Şəhla bunu da bilirdi.
–Mən də lap ciddi deyirəm ki, – lakin o birdən Əjdərin
üzünün ifadəsini görüb susdu. Sonra təəccübləndi.
Gülümsündü və dedi:
–Əlbəttə sevirəm, Əjdər, özün bilmirsən. Birdən bunu niyə
soruşdun.
Doğrudan da o bunu niyə, axı niyə soruşdu?
Sonra Şəhla nə haqqındasa düşündü və soruşdu:
–Bəs sən? Sən necə, sən də məni əvvəlki kimi sevirsənmi?
Əjdər dedi:
80
–Sevirəm. Lap-lap çox sevirəm. Əvvəlkindən də yüz dəfə
çox. Min dəfə, milyon dəfə, milyard dəfə çox.
O doğrudan da Şəhlanı lap, lap çox istəyirdi, sevirdi. Məhz
buna görə də onlar ayrılmalı idilər. Bu Əjdərin son və qəti
qərarı idi. Amma o bilirdi ki, heç bir vaxt bu qərarını icra edə
bilməyəcək.
–Şəhla mənə bir stəkan çay tök.
–Bu saat, qaynasın.
Sonra onlar dənizə çimməyə getdilər.
Bakı, 1958
81
SABAH BİZ AYIQ OLACAYIQ
Biz günortadan oturub içirdik.
Mən. Bir də Aydın.
Əvvəl araqnan pivədən başladıq. Sonra keçdik konyaka.
İndi də ki hələlik çaxırın üstündə dayanmışıq.
Çaxır. Al qırmızı şərab. Portveyn. Yaxşı çaxırdır. Şip-şirin.
Lap elə pis olsun. Bizimçün indi heç bir təfavütü yoxdur. Nə
cür olur, olsun, cəhənnəmə ki…
Kefimiz yaman kökdür. Aydın dünən arvad-uşağını
Moskvaya yola salıb. Səhər mənə zəng elədi ki, gəl bura.
Gəldim. Gördüm, bəli, məclis tamamdır. Məclis deyəndə, yəni
ki, bir mən idim, bir də Aydın. Amma butulkalar, bir cavan
şairin yazdığı kimi "qoşun təkin stolun üstünə düzülmüşdülər".
Bəli başladıq, başladıq, nə başladıq.
Dörd-beş saat olar ki, içirik. Əlbəttə ara verə-verə. Çoxlu
söhbət eləyirik. Kefimiz yaman kökdür.
–Sən öl, da o gecə evə necə gəlib çıxdığım yadımda deyil.
Əşi zalımın qızına deyirəm…
Biz hər şeyi açıq danışa bilmirik. Aydının anası Rüxsarə
xanım o biri otaqdadır. Amma elə belə, üstü örtülü danışanda
da hər ikimiz hər şeyi başa düşürük.
Mənim yadıma yay əhvalatı düşür:
–Yadında, Aydın, – deyirəm, – Plyajda, Lyalyaynan.
Aydın gülüb özündən gedir.
–Lap yadımdan çıxmışdı – deyir – Axı bir ay bundan əvvəl
Lyalyanı gördüm. Ərə gedib.
–Yox əşi?
82
İndi mən gülməkdən özümü saxlaya bilmirəm.
Aydın gücnən özünə gəlib:
–Sən öl – deyir – Bir nümunəvi arvad olub ki. Deyir ərim
məni bir saat gözündən iraq qoymur.
–Əşi mən ölüm düz deyirsən?
–Vallah, Zeynal canı.
–İnanmaram. Dünyasında belə şey ola bilməz.
Mən doğrudan da inana bilmirəm ki, yer üzündə bu cür
məzəli möcüzələr ola bilər. Lyalya ha? Ay səni, Aydın.
Aydın var gücüylə məni inandırmağa çalışır.
–Canınçün öz gözümlə görmüşəm.
–Əşi yeri attanmağının dalıycan, mən guya Lyalyanı
tanımıram.
–Sluşay, sənə söz deyirəm. Da Lyalya o sən görən Lyalya
deyil e.
–Bəs Mura necə? – Mən gülməkdən sözümü qurtara
bilmirəm – Yoxsa Mura da… ha, ha, ha-mən gülüşdən boğula-
boğula – yoxsa, yoxsa Mura da… ərə gedib – deyirəm.
–Mura? Ha, ha, ha… Mura.
Aydın gülür, gülür və kürsüdən yerə yıxılır. O ayağa qalxa
bilmir. Mən yanaşıb onu qaldırmaq istəyirəm. O dartıb məni də
yerə yıxır. Biz parket döşəmənin üstünə sərələnirik. Rüxsarə
xanım gəlib bizə baxır, məzəmmətlə başını yelləyir və dinməz
o biri otağa keçir.
Mən döşəmənin üstündə özümü o qədər rahat hiss eləyirəm
ki, heç durmaq istəmirəm. Gözlərimi tavana zilləmişəm. Tavan
lap alçaqdır. Tavanda yaşıl yarpaqlar, sarı, qırmızı güllər
çəkilmişdir. Elə ala-bəzəkdir ki, elə bil qusublar. Hardansa
yadıma knyaz Andrey Balkonski düşür. Lap yaxşı yadımdadır
ki, oda hardasa, hansı çöldəsə bax beləcə mitil kimi sərələnib
göylərə tamaşa edirmiş. Hardasa oxumuşdum ki, bir tənqidçi
deyir ki, Tolstoy bu yerində ceyranı lap gözündən vurub, yəni
əntiqə yazıb. Dahiyanə yazıb. Mən bunu Aydına danışmaq
istəyirəm, ona başa salmağa çalışıram ki, Andrey Balkonski
83
niyə çöldə uzanıb göyə baxırmış və niyə görə bu dahiyanədir.
Aydın qanmaz heç nə başa düşmək istəmir. Ancaq pis-pis
söyüşlər söyür.
–Zəhləmi tökmə, əl çək.
Mən onun yaxasından yapışıram.
–Ay axmaq, heç bilirsən Andrey Balkonski kimdir?
Aydın əlini yelləyir.
–Svoloçdur.
Mən razılaşıram.
Aydın deyir:
–Əsgər də svoloçdur?
–Hansı Əsgər?
–Muradov.
–Yaxşı. Mən razı. Yüz əlli faiz.
Aydın deyir:
–Muxtar Hüseynov da svoloçdur.
Mən məmnuniyyətlə razılaşaram.
Aydın bir qədər fikrə gedir, sonra deyir:
–Sən də svoloçsan.
Mən etiraz edirəm.
–Aydın canı yox – deyirəm.
Aydın deyir:
–Amma mən svoloçam. Həm də əclaf.
Mən deyirəm:
–Onda mən də svoloçam.
Aydın razılaşır.
–Yaxşı, onda biz ikimiz də svoloçuq.
–Oldu. Çox gözəl, çox da pakizə.
Birdən mənim yadıma Knyaz Andrey düşür.
–Biz svoloçuq – demirəm – Andrey Tolstoy dahidir.
Aydın deyir:
–Cəhənnəmə ki. Kefini pozma! Bütün dahilər bir az o söz.
O barmağını gicgahına qoyub fırladır. Mən təəccüblə
baxıram. Axı, adamın heç inanmağı gəlmir. Aydın lap qəti
84
deyir:
–Sən öl, mən lap yəqin bilirəm.
Sonra nə isə yadına düşür. Mənə baxıb gülür:
–Axı sən də bir vaxt dahi olmaq istəyirdin, yadında?
Mənim də yadıma düşür. İkimiz də gülməkdən ölürük. Hələ
bu harasıdır; Aydın daha da gülməli xatirələr yadına salır:
–Yadında, Zeynal, bir bina tikmək istəyirdin e, fırlanan, ha,
ha, ha. Necə oldu tikdin? Ha, ha, ha. Jalki çertojnik. Muxtar
Hüseynovun mladşi pomoşnikinin starşi zamestiteli. Ha, ha, ha.
Məni gülmək boğur. Bir təhər nəfəsimi dərib:
–Hə, tikdim – deyirəm, – tikdim. Hamamın tipovoy
proyektini dünən köçürürdüm. Bəs hamamın içindəki duş
fırlanmır? Hə, Aydın, fırlanmır?
–Ha, ha, ha.
Biz doyunca gülürük. Sonra Aydın deyir:
–Amma mən uşaqlıqda şarlatan olmaq istəyirdim.
–Niyə?
–Mən elə bilirdim ki, şarlatan 1 Mayda o rəngbərəng şarları
satana deyirlər. O şarlardan yaman xoşum gələrdi.
–Yox əşi?
Öz canımçün. Həmişə məndən soruşarlardı ki, Aydın nəçi
olacaqsan. Deyərdim: şarlatan. Hamı gülməkdən ölüb gedərdi.
Biz yenidən qəhqəhə çəkirik. Ayaqlarımızı bərk-bərk yerə
döyürük və "Qubanın ağ alması" havasını oxuyuruq:
Qubanın ağ alması,
Yeməyə bağ alması,
Yar gələnə qalıb
Aydın balqabaq oxuyur ki, "yaz gələnə qalıb", deyirəm, ay
mən deyən" yaz yox, e, yar, elə kor dediyin tutan kimi əl
çəkmir, yaz ki, yaz. Deyirəm ay küdü", yar, e, yar, bilirsən
"yar" nə deməkdir"?
Rüxsarə xanım içəri girir və bu səfər bizə acıqlanır.
85
–Yekə kişisiniz. Bu nə gündür.
Aydın deyir:
–Ana sənə qurban olum – yüyürüb onu öpmək istəyir. -
səndən başqa mənim heç kimim yoxdur. – Rüxsarə xala cəld o
biri otağa çəkilir.
Mən durub kürsüdə otururam. Aydın da qalxır.
–İçək?
–Əlbətməkin. O nə sözdür?
Biz yenə içirik.
Kefimiz lap əladır. Aydın anasına nə dedi? Nə qədər
çalışıramsa yadıma sala bilmirəm. İndicə e, bax bu saat. Nə isə
mənə təsir etdi. Amma nə dediyini yada sala bilmirəm. Biz bir
də içirik. Kefimiz lap əladır. Amma nə isə mən hiss eləyirəm
ki, nə isə, niyəsə tamam bəxtiyar ola bilmirəm. Nə isə
yaddaşımın, ya ürəyimin, bilmirəm heç haramın harasındasa nə
isə bir tikan batıb bir az zoqquldayır, məni tamam bəxtiyar
olmağa qoymur. Ha fikirləşirəm, tapa bilmirəm.
"Yaxşı nə ola bilər?
Sabah tezdən işə gedəcəm? Nə olsun. Tezdən durmağı
çoxdan vərdiş eləmişəm. İlk günlər bir az çətin olurdu. İndi
öyrəşmişəm.
Muxtarın çertyojlarını da dünən hamısını köçürdüm verdim.
Yaxşı bəs nə olub? Nə olub? Nə?".
Aydın yenə nə isə oxuyur. Məndən soruşur ki, mən niyə
oxumuram. Mən də oxumağa başlayıram.
"Uca dağ başında, ceyran… yaxşı ev kirəsini də vermişəm.
Heç kəsə borcum da yoxdur. Yol eylər… Ürəyimin başında…
Dişimi də çəkdirmişəm. Çəkməm sıxmır. Evim dammır.
Peykan yol eylər. Yaxşı bəs onda nə olub, axı, nə olub? Axı
nədi? Fikrim dumanlıdır, yada sala bilmirəm.
Aydın nə isə çərənləyir. Fikir vermirəm. Axtarıram.
Bu gün. Dünən. Srağa gün. Bir həftə, bir ay, aylar, il, illər…
Aha, tapdım.
–Kamilə – deyirəm.
86
–Nə? - deyə Aydın təəccüblə soruşur.
–Kamilə.
–Hə.
Aydın mənə çaxır tökür.
–İçək?
–İçək.
İçirik.
Aydın arvadının hoqqalarından danışır.
–Mənə deyir ki, yaşıl paltonu geyinmə, xoşuma gəlmir,
deyirəm, Sevda bu yaşıl palto deyil, qaradır, deyir, gərək elə
həmişə mənim acığıma bu yaşıl paltonu geyinəsən.
Aydın bərkdən şaqqıldayıb gülür və söhbətini davam eləyir:
–O gün kinoya gedirik…
Mən Aydına baxıram.
–Kamilə – deyirəm.
Aydın:
–Hə deyir – Bəsdi Zeynal. Onu deyirəm axı, kinoya
gedirik…
O mənim gözlərimə baxıb susur. Sonra deyir:
–Bu barədə düşünmə Zeynal. Unut. Gəl içək. Kefimiz
əməlli başlıdı, sən allah soğan doğrama. Öz qanını da qaraltma
mənimkini də.
Aydın haqlıdır.
–Əlbəttə əşi – deyirəm mən yenidən bayaqkı kimi şən olmaq
istəyirəm – içək.
İçirik. Mən tam bəxtiyar deyiləm. Amma zərər yoxdur. Qoy
heç olmasa kefimiz kök olsun. Mən məzəli bir əhvalat
danışmağa başlayıram.
–Dünən vağzalda… – deyirəm. Hiss edirəm ki, dalın
danışmayacam. Həvəsim qaçdı. Aydın mənə baxır.
Mən deyirəm:
–Kamilə.
Aydın birdən-birpə ciddiləşir.
–Unut.
87
–Unuda bilmirəm.
–Onda iç.
–İçə bilmirəm.
–Gedək yat.
–Yata bilmirəm.
-Onda ağla.
-İstəmirəm.
-Bəs nə istəyirsən?
–Zəng eləyəcəm.
–Hara
–Kamiləyə.
Aydın təəccüblə mənə baxır. Heç bilmirəm bu haradan
mənim ağlıma gəldi dedim. Amma indi ki, dedim sözümün
üstündə duracam. Birdən Aydın bərkdən şaqqıldayıb gülür.
–Axmaq adam, niyə gülürsün? Telefonunuz hanı?
Aydın yenidən ciddiləşir.
–Deyəsən pyansan.
–Özünsən pyan. Mən…
Mən onu vurmaq istəyirəm. O üzümdə nə ifadə görürsə
qorxur. Telefonun yerini göstərir. Mən onsuz da bilirdim ki,
telefon hardadır.
Telefona tərəfə getmək istəyirəm. Aydın zəif bir təşəbbüs
eləyir.
-Zeynal, vallah lazım deyil.
Mən onu itələyirəm. Götürüb bir stəkanı doldurub başıma
çəkirəm. Sonra səndələyə-səndələyə telefona yanaşıram.
Dəstəyi götürüb fikrə dalıram.
İndi zəng eləyəcəm və xoşbəxt olacayıq. Bəxtiyar olmaq
necə də asan imiş. Bir şüşə araq, bir şüşə konyak, bir də çaxır.
Vəssəlam. Qurtardı getdi. Hə, bir də telefon. – Flan - flan - flan
- filan. "Alla, sizsiz Mələk xala Salam meleykim. Kamiləni
çağırın. Kamilə, salam. Zeynaldır. Bəli. Gəlsənə gəzməyə
çıxaq. Bəli. Yaxşı gəlirəm".
Bütün problemlər necə də asan həll olunurmuş. Bir şüşə
88
araq, bir şüşə konyak, bir də çaxır. Vəssəlam.
Sonra isə Kamilə. Qurtarmaz gəzintilər. Pərvanə tək
başlarına dolanacağımız kvartallar. Qarış-qarış ölçəcəyimiz
küçələr. Kölgəliklərində dincələcəyimiz bağlar.
Bəxtiyarlıq. Tam bəxtiyarlıq.
Doğrudur, fırlanan bina olmayacaqdı. Amma əvəzində
Kamilə. Qurtarmaz gəzintilər. Kamilənin nəvazişləri. Səsi,
Məlahəti. Bizə bu qədər çətin görünən problemlər necə də asan
həll olunurmuş.
Aydın yeni bir təşəbbüs eləyir:
–Zeynal, qardaşımsan. Telefonun dəstəyini qoy yerə. Gəl
otur. Yaxşı deyil. Məzəlilik eləmə.
O tamamilə ayılmışdır. Mən isə hiss eləyirəm ki, axırıncı
stakan lap beynimin içinə axmışdır, başım dumanlanıb, odur ki,
zəng eləmək istəyimin qarşısını heç nə ala bilməz. Tam
bəxtiyarlıq üçün nə qədər az şey lazım imiş. Bir şüşə araq. Ya
iki şüşə araq. İki şüşə olsa heç konyak-zad da lazım deyil.
Daha da yaxşı. Konyakla arağı qatışdırmaq yaxşı olmur.
İki şüşə araq. Bəsdi. Hə, bir də telefon. Mən nömrələri
yığıram.
–Flan - flan - flan - flan.
–Allo, sizsiz Mələk xala. Salam məleyküm. Zeynaldır.
Aydın yüyürüb dəstəyi qapmaq istəyir. Mən itələyib onu
yıxıram və dəstəyə deyirəm:
–Kamiləni olar?
Dəstək sükuta qərq olur.
Sonra Mələk xala titrək bir səslə:
–Dəli, dəli olmusan Zeynal? - deyir.
–Niyə dəli olmuşam Mələk xala, Kamiləni istəyirəm,
Kamiləni, Kamiləni - deyə mən həsrətlə bağırıram - Neyləyim,
axı neyləyim?
Bədbəxt qadın sonsuz bir iniltiylə:
–Kamiləni qoruya bilmədin, biçarə - deyə hönkürür - qara
torpaqlara verdin.
89
–Bilirəm - deyirəm - Mələk xala, bilirəm. Məni bağışla.
Sərxoşam. Amma sabah ayıq olacam.
Mən dəstəyi asıram. Yenidən Aydınla oturub içirik. Axı hələ
səhərə çox var.
Hərdən bir Rüxsarə xanım qapını açıb məzəmmətlə başını
yelləyir.
22 yanvar 1960-cı il.
Bakı
|