A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   23   24   25   26   27   28   29   30   31

 

 

 

 

 

ƏLAQƏ 

(Fantastik povest) 

 

Bu yayın istisi bir özgə isti idi. Adətən,  ən qızmar yay 



aylarında belə havanın yapışqan kimi çiriş keçdiyi dözülməz 

bürkü günlərindən sonra şəhərə  qəfil dəniz küləyi hücum 

çəkirdi, açıq qalmış  pəncərələrin  şüşələrini qırıb tökürdü və 

adama elə  gəlirdi ki, bu çilik–çilik sınıb tökülən istinin, 

bürkünün özüdür. Bir neçə gün sonra yenə  də havadan od 

tökülərdi, amma arada qalan bu qısa müddətdə şəhər etibarsız 

sərinliyin ləzzətini səhra yanğısında qarşıya çıxan quyu suyu 

kimi başına çəkirdi. 

Bu avqust başqa avqust idi: dördüncü həftə idi ki, hərarət 

ölçənin civəsi 39-40 dərəcədən aşağı enmirdi ki, enmirdi. Hava 

şəffaf, amma bir qədər bulaşıq horranı andırırdı. Bu horradan 

görünməz azman-şüşəüfürən  əcaib formalar düzəltmişdi —

evlər, ağaclar, maşınlar, insanlar arasında qalan küçələr, 

meydan, müxtəlif boşluqlar — belə  əcaib  şüşə —horra–hava 

formalar idi. Bir vaxtlar belə bir oyuncaq vardı: şüşə kürə, içinə 

də cürbəcür, rəngbərəng çınqıllar, yarpaqcıqlar —əsl kəhrəbada 

həkk olub qalmış yarpaqlar kimi. İndi səma tağının altında 

istidən çapalayan şəhərin damları, qüllələri də sanki şəffaf 

yarımdairənin qatı maddəsinə  həkk olunmuşdu. Fabrik 

borularından çıxan tüstülər göyə uçub getmir, havada ərimirdi. 

Tüstülər keçə kimi səmaya döşənirdi. Bu bulanıq boz tüstü 

zolağından başqa səmanın hər tərəfi apaçıq idi. Bir parça bulud 

belə görünmürdü. Göylərin mavisi solmuşdu. Səma kirli 

pambıq rəngindəydi. Gecələr səma tağı qatranı andırırdı; Elə 

bil qır qazanına bir qom köz atmısan, sonra da qazanı  tərsinə 


 544 

çevirmisən —gecə düşəndə  şəhər işıqları közərən papiroslara 

oxşayırdı, sonsuz girdablardan gələn ulduz işıqları isə, sanki 

boş fəzadan keçmir, qatı, qalın bir maddəni deşib çıxırdılar. 

Otuz gün idi can qurtaran külək  əsmirdi ki, əsmirdi. Ağac 

yarpaqları, kövrək, incə söyüd salxımları  hərəkətsiz asılıb 

qalmışdılar, elə bil havanın qatılığına yapışdırılmışdılar,  şəhər 

civarında, çöllükdə atılmış kağız, qəzet parçaları da beləcə 

torpağa yapışıb, daha doğrusu, mıxlanıb qalmışdı.   Ehtizazsız, 

tərpənişsiz. Atılmış siqaret yerə mismar kimi düşürdü. Sonra 

kimsə onu tapdalayır,  əzirdi, asfalta həkk edirdi və o zaman 

tütün qırıqları da eyni cür hərəkətsiz donub qalırdı. 

Şəhərin sakinlərinə elə gəlirdi ki, hamısı yavaş-yavaş əriyir, 

tərə çıxır. Bir neçə gün, bir neçə saat da belə davam etsə onlar 

əriyib atılmış dondurma kimi qabıq paltarlarından süzülərək 

küçələrlə axıb gedəcəklər. Bu yalnız cismani bir düyüm 

deyildi, həm də şüurlu hiss idi. Hər halda tələbə (bir həftə idi 

ki, onun tələbə adlanmağa hüququ vardı, bir həftə bundan 

qabaq köks təpəsindən atılıb çıxmağa hazır olan qəlbinin, sanki 

içindən dışarıda səslənən döyüntüləri altında o, adını instituta 

qəbul olunmuşlar siyahısında oxudu) özünü məhz belə hiss 

edirdi: elə bil beyni istinin təsiri nəticəsində  nə isə başqa bir 

şeyə — mayeyəmi, buxaramı çevrilirdi. Səbəb yalnız istilərdə 

idimi? Görəsən, niyə ömrün vacib sınaqlarından biri — ali 

məktəbə  qəbul imtahanları ilin ən bürkü ayına düşür? Bütün 

bunlar hamısı tanımadığı yad cənub şəhəri (o bu şəhərə ilk dəfə 

bir ay bundan qabaq gəlmişdi və indi azı beş il burada 

yaşamalıydı), qəbul imtahanlarının üzücü gərginliyi, istilər, 

istilər və  nəhayət bəxtinin uğuru —instituta düşməsi (bu uğur 

onun düşündüyündən də çox təsir etdi tələbəyə), bəli, bütün 

bunlar birlikdə — tələbəni aydın  şüurla dərk olunmayacaq, 

qeyri–müəyyən, qeyri-real bir hala salmışdı.  İndi bütün 

həyəcanlar, təlaşlar sovuşandan sonra, tələbə  dərslərin 

başlanmasına qədər qalan bu müddətdə, bu qısa bekarlıq 

fasiləsində  nə edəcəyini, nədən başlayacağını bilmirdi. Hər 


 545 

halda bir şeyi o, qət etmişdi —yataqxanada qalmayacaq. Artıq 

onun yataqxanada qalmağa tam hüququ vardı, amma o, 

hüquqdan heç vəchlə istifadə etməzdi. Təbiətən tələbə 

adamayovuşmaz idi, özünə qapılmış, içinə çəkilmiş insandı və 

qəbul imtahanı zamanı üç nəfər başqa abituriyentlə birlikdə 

yataqxana otağında qalmaq məcburiyyəti onu bir daha 

inandırdı ki, adamlarla, illah da yad adamlar ola, heç cür dil 

tapa, ünsiyyət, ülfət bağlaya,  əlaqə yarada bilmir. Bu 

təşəbbüslər onunçün dözülməz işgəncəyə çevrilərdi. Tələbə 

təəccüblənirdi ki, otaqdakı üç digər qonşusu —əvvəlcədən bir-

birlərini tanımasalar da elə ilk gün günortaya yaxın cur 

olmuşdular — bir-birlərinin sözündən, sirrindən agah idilər. 

Bir də tələbəni mat qoyan o idi ki, bu üç oğlan bir-birinə rəqib 

kimi baxmırdılar. Halbuki, onlardan ikisi eyni institutun eyni 

fakültəsinə daxil olmaq istəyirdi. Tələbə də sənədlərini məhz o 

institutun o fakültəsinə  təqdim etmişdi. Dördünün arasında 

tələbə elə bir o oldu. Oğlanlardan biri elə ilk imtahanlardanca 

kəsildi. O biri iki oğlan onun halına, ürəkdən və  səmimi 

acıdılar, amma özlərinin də aqibəti elə oldu. Qalan iki oğlandan 

biri ikinci imtahandan, ikincisi isə axırıncı imtahandan kəsildi. 

Bir gün sonra isə  tələbənin daxil olduğu bilindi. Ancaq 

tələbənin iki qonşusu (birinci oğlan kəsilən kimi yataqxanadan 

getmişdi) heç də ona həsəd aparmır, paxıllıq etmirdi, əksinə, 

deyirdilər ki, gəl bu xoş hadisəni birlikdə qeyd edək. Tələbə bir 

bəhanə tapıb boyun qaçırdı. Bu adamlarla heç bir əlaqə 

yaratmaq istəmirdi, fikirləşirdi ki, nə onun onlara, nə onların 

ona xüsusi rəğbət bəsləməsinə  əsas yoxdur. Onların 

uğursuzluqdan sonra özlərini sındırmamaları, özlərini tox 

tutmaları, zarafatları, lətifələri, öz aralarında, yataqxanadakı 

başqa oğlan və  qızlarla mehribançılıqları, ünsiyyətləri, asan 

təmasları bir növ tələbəni daha da əzirdi, çünki qılıqsızlığını, 

ülfətsizliyini bir daha gözə çarpdırırdı. Odur ki, sınaqdan qalib 

çıxıb, bir nəfər tanış–bilişi olmayan şəhərdə yaşayacağını bilən 

kimi, tələbə qalacağı yer haqqında düşünməyə başladı. O bura 


 546 

gəlməmişdən bilirdi ki, yataqxanada tək qalmaq imkanı 

olmayacaq, odur ki, tələbəlik həyatına hazırlaşarkən yavaş-

yavaş kiçik bir məbləğ  yığıb hazırlamışdı. Məbləğ kiçik olsa 

da, balaca bir otaq, ya guşə tutmağa bəs edərdi.  İnstituta 

düşdüyünü bilən kimi o, axtarışa başladı. Tələbə bilirdi ki, belə 

axtarışları iki yolla aparmaq mümkündür, ya şifahi  şəkildə, 

tanış–bilişlər vasitəsilə, soraqlaşa–soraqlaşa (onun da 

dediyimiz kimi, burada heç bir tanış–bilişi yox idi), ya da 

yazılı, yəni elanlar vasitəsilə. Allahın ver günü tələbə elan 

lövhəsi asılmış balaca küçəyə üz tuturdu, bura cürbəcür 

adamlar toplaşardı —ev, mənzil, otaq, guşə kirayə verənlər, 

kirayə götürənlər, dəyişənlər, çeşid-çeşid dəllallar və bir də 

avara bekarlar. Onlar iri lövhənin qabağına yığışar,  əllə, ya 

makinada yazılmış, lövhəyə yapışdırılmış elanları oxuyar, 

müzakirə, mübahisə edər, çənə-boğaz olardılar. 

Düz altı gün idi ki, tələbə bu lövhənin qarşısına gəlirdi. 

Hamısı da hədər. Bu gün lövhənin qabağında adam az idi, 

tələbə yarım saata qədər dayandı, elanların hamısını elədən 

belə oxudu və yenə də münasib bir şey tapmayıb kor–peşman 

yola düzəldi. Ancaq bir addım atıb dayandı. Tələbəyə elə gəldi 

ki, onu çağırdılar, adını çəkdilər. Şübhəsiz o yanılmışdı, çünki 

bu  şəhərdə üç nəfər yataqxana qonşusundan başqa heç kəs 

onun adını bilmirdi. Onlar da bu şəhərdən çıxıb getmişdilər. 

Ancaq qəribədir ki, tələbə yalnız adını eşitmədi, eyni zamanda 

ona zillənmiş  zəndli baxışları da hiss etdi. Tələbə çevrilib 

baxdı: küçə bomboş idi, lövhənin qarşısında altı  nəfər (tələbə 

tezcə saydı onları) dayanmışdı. Onlar diqqətlə elanları 

oxuyurdular. Onlardan ikisi cib dəftərlərini çıxarıb elanları ora 

köçürdü, hər halda heç biri nə  tələbəyə baxmaq, nə  də onu 

çağırmaq fikrində deyildi. Tələbə aramla küçəyə göz gəzdirdi

sonra başını qaldırıb küçənin hər iki tərəfində yerləşmiş bir və 

ikimərtəbəli evlərə baxdı. Pəncərələri də nəzərdən keçirdi, axı 

ona dikilən baxışlar pəncərə arxasından da zillənə bilərdi. 

Bütün pəncərələr istiyə baxmayaraq, ya bəlkə də elə istiyə görə 


 547 

— kip bağlı idi. Heç yerdə heç kim görünmürdü. Lövhə 

qarşısındakı iki nəfər lazım bildiklərini cib dəftərçələrinə 

köçürüb yola düzəldilər, üç nəfər başqası da lövhədən aralanıb 

tini buruldu. Gediş-gəliş az idi bu küçədə. Ancaq tindən qeyri–

adi dərəcədə uzun bir maşın — refrejerator buruldu və bütün 

küçəni —tindən-tinə tutdu. Bu maşın nə isə yer üzündə çoxdan 

məhv olub itmiş  qədim heyvanları — kərtənkələnin nəhəng 

əcdadını xatırladırdı. Məhz elə  kərtənkələ kimi, nəhəng ilan 

kimi qıvrılaraq tini buruldu, bir azdan quyruğu da çəkilib 

gözdən itdi. Və ancaq, bundan sonra tələbə lövhə qarşısında 

qalmış yeganə adama —göy köynəkli, hündür oğlana diqqət 

yetirdi. Bu, tələbənin otaq qonşularından biri —həmin o ilk 

imtahandan kəsilən oğlan idi. Tələbəyə elə gəlirdi ki, oğlan bu 

şəhərdən çıxıb getmişdir. Onların çarpayıları yan–yana idi: 

oğlanın qəribə  şakəri vardı —gecə yuxuda kiminləsə  bərkdən 

mübahisə edər, qızışıb qışqırar, söyərdi, hər halda tələbənin 

onunla görüşməyə, dayanıb kəlmə kəsməyə heç bir həvəsi yox 

idi. Amma oğlan çevrilib tələbəyə  tərəf addımladı. Qəribədir. 

Gülümsəyən oğlan — tələbəyə elə  gəlirdi ki, oğlan məhz ona 

gülümsünür —yaxınlaşarkən tələbə gördü ki, bu heç də həmin 

oğlan —onun yataqxana qonşusu deyil. Düzdür bir qədər ona 

suyu çəkir, amma hər halda o deyil və təbii ki, heç gülümsünüb 

eləmirdi də, tələbənin yanından da yad adam kimi sakitcə keçib 

getdi. Amma bu anın gələcəkdə  cərəyan edəcək işlər üçün 

müəyyən  əhəmiyyəti oldu: çünki məhz bundan sonra elə bil 

kimsə  tələbəyə dedi ki, lövhəyə bir də yanaş, elanları bir də 

gözdən keçir. Tələbə elanları böyük diqqətlə başdan-axıracan 

oxumuşdusa da, hər halda, qəribə bir daxili təkanın nəticəsində 

yenidən lövhənin qarşısına qayıtdı  və elanları bir-bir yenidən 

oxumağa başladı. Tələbə bu işi son dərəcə böyük bir 

vasvasılıqla icra edirdi. Halbuki, bilirdi — elanları indicə 

oxuyub, münasib bir iş yoxdur və onları yenidən — ikinci dəfə 

oxumaq mənasız işdir. Birdən eyni zamanda o həm kiminsə 

baxışını hiss etdi, həm də səs eşitdi. Səs çox gümrah və nikbin 


 548 

idi, həm də tələbəyə çox tanış gəlirdi. 

–Tələbəyə eşq olsun! İşlər necədir? 

Tələbə çevrilib baxdı və matı-qutu qurudu: qarşısında həmin 

oğlan — kəsilib getmiş yataqxana qonşusu dayanmışdı. O, 

yaşıl köynəkdə idi və  tələbəyə baxıb gülümsünürdü. Tələbəni 

təəccübləndirən o deyildi ki, cəmisi üçcə  nəfəri tanıdığı belə 

böyük şəhərdə məhz bu üç nəfərdən birisi rastına çıxıb. Tələbə 

ona mat qalmışdı ki, ikicə  dəqiqə bundan qabaq başqa bir 

adamı məhz bu oğlana oxşatmışdı və dərhal da oğlanın özü tini 

burulub onun qabağına çıxmışdı. Tələbə "telepatiyadır" deyə 

düşündü.  Əvvəllər də onun başına belə  təsadüflər gələrdi: 

kimin barəsindəsə düşünür, ya kimisə kiməsə oxşadırdı və bir 

neçə  dəqiqədən sonra ən gözlənilməz yerdə  və  ən ağlasığmaz 

bir şəraitdə həmin adama — haqqında düşündüyü və ya kimisə 

oxşatdığı adama rast gələrdi. Belə təsadüfləri "telepatiya" deyə 

müəyyənləşdirmiş  və onların sirri tələbəyə birdəfəlik izah 

olunmuşdu. Başqa bir qəribəlik də vardı, amma o da tələbə 

üçün izaholunmaz sirr deyildi; görürsən, bəzən o tanımadığı bir 

şəhərə ya bir təbiət guşəsinə düşürdü və qəti bilirdi ki, heç bir 

zaman — heç körpəlikdə  də bu yerdə olmayıb, lakin nədənsə 

gördükləri ona çox tanış gəlirdi. Yaxud heç bir vaxt yemədiyi 

bir xörəyin, heç bir vaxt görmədiyi bir meyvənin dadını ilk 

dəfə duyarkən bəzən ona elə  gəlirdi ki, bu təm, bu dad ona 

yaxşı tanışdır. Haradan? Bunun səbəblərini təyin edə bilmir və 

əziyyət çəkirdi. Səbəblərin tapa bilmədiyi üçün yox, hadisənin 

özünün qəribəliyi onun düşüncələrini məşğul edirdi. Nəhayət, 

bir gün tələbə haradasa oxudu ki, irsiyyət genlərinin öz yaddaşı 

var, nəsildən-nəslə keçən yaddaşı. Bu yaddaş  həm də  bəzən 

birbaşa, müstəqim xətlə deyil, dioqanal üzrə — hansı ulu 

xaladansa, ulu əmidənsə keçib gəlir. Bunu oxuyan kimi tələbə 

sakit oldu. Qeyri-real və qeyri-mümkün təsadüflərin qəribə sirri 

daha onun düşüncələrini yormurdu.  

Küçə yenə  də bomboş, adamsız idi. Sabiq otaq qonşusu 

salam verib ötdü, bəlkə  də ayaq saxlayıb görüşər, danışardı, 


 549 

amma tələbənin qaraqabaq, qılıqsız adam olduğunu xatırlayıb 

getdi.  

Tələbə yenidən lövhəyə tərəf çevrildi və birdən-birə aşağıda 

indiyə  qədər nədənsə gözdən qaçırdığı bir elanı gördü. Elan 

çox iri idi. "Necə olub ki, mən bu boyda elanı gözdən 

qaçırmışam?" — deyə təəccübləndi. — Həm də elanın elə bir 

xüsusiyyəti vardı ki, dərhal onu nəzərə çarpdırmalı idi. 

Makinada çap olunmuşdu, amma not kağızının   üstündə: beş 

paralel not xətti, üstündə də hərflər. Hələ not xəttinin başında 

kaman və bas açarları da çəkilmişdi. 

Elanda göstərilənlər tələbənin düz bir həftədir sorağında 

olduğu  şeylər idi: tək otaq kirayə verilir: pəncərələri dənizə. 

Bütün rahatlıqları var. Telefon, eyvan, lift, 20-ci mərtəbədə. 

"Məgər bu şəhərdə. 20 mərtəbəli bina var?" deyə  tələbə 

düşündü, o, şəhərə pis bələd idi. "Madam ki, 20-ci mərtəbədəki 

otaq kirayə verilir, deməli, iyirmi mərtəbəli bina da var". Ən 

qəribəsi isə istənilən məbləğ idi. Məbləğ, o qədər kiçik idi, heç 

inanmaq olmurdu. Elə bil onun real yox, rəmzi  əhəmiyyəti 

vardı. Bu tələbəni hər  şeydən artıq  şübhələndirdi. Axı 

axtardığını tapanda və tapdığının məhz sən axtardığın 

olduğunu görəndə bir qədər  şübhələnirsən. Mümkünmüdür? 

Belə xoş təsadüf ola bilərmi? Əgər tələbə keciksəydi və məlum 

olsaydı ki, bir gün, ya bir saat bundan qabaq kimsə onu 

qabaqlayıb, gözəl variant əldən çıxıb, o zaman bu səadət, 

doğrudan da itirilmiş  həqiqət olardı. Hər halda tələsmək 

lazımdır, bircə dəqiqə də yubanmamalı! O, ünvanı yazdı. 

 

*** 

Elanda göstərilmiş küçə, şəhərin köhnə hissəsində idi. Gec-

tez söküləcək birmərtəbəli evlər,  əyri-üyrü dar küçələr, bu 

küçələri basmış qeyri-müəyyən axıntılar, davalı, toylu, yaslı 

həyətlər... 

Belə zalım zarafat nəyə gərəkdir? Məgər bu elanlara nəzarət 

edən–zad yoxdur ki, kim ağlına nə gəlsə yazıb lövhəyə vurur? 



 550 

Niyə adam dolamağa bu cür imkan yaradılır? 20-ci mərtəbə! 

Bu da sənin iyirminci mərtəbən. Belə düşünə-düşünə  tələbə 

birmərtəbəli evlərə göz gəzdirirdi: bax, bütün bu komaları yan–

yana yox, üst–üstə düzsən onda doğrudan da iyirmi nədir, lap 

yüz mərtəbəli bina olar! Amma belə düşünməsinə baxmayaraq 

tələbənin gözləri yenə  də 17–i rəqəmini axtarırdı: elanda bu 

nömrə göstərilmişdi. Nəhayət, tələbə  rəqəmi gördü, həmin 

rəqəm göydələn binanın deyil, ikimərtəbəli mülkün üstündə 

vurulmuşdusa da, tələbə  nədənsə  dərhal arxayınlaşdı. Bu an 

ona doğrudan da elə  gəldi ki, elanda yazılanlar zarafat deyil, 

gerçəkdir. Ev küçənin o biri tərəfində idi. Tələbə küçəni keçib 

17 nömrəli evin qarşısında dayandı. Qapıdan iri bir qıfıl 

asılmışdı. İkinci mərtəbədə balaca taxta balkon vardı. Otaqdan 

ora çıxan qapı bir qədər açıq idi və oradan qara tül pərdənin 

ucu çıxmışdı. Eyvanda gil qablarda qeyri-müəyyən rəngli süst 

bitkilər vardı, görünür, onlara çoxdan su verən olmamışdı. 

Hərəkətinin bütün mənasızlığını  dərk edə-edə  tələbə iki dəfə 

qapını döydü, sonra çevrilib getmək istədi. Amma elə bu vaxt 

qonşu darvaza açıldı, oradan ortayaşlı bir qadının başı göründü 

və qadın acıqlı bir ədayla: 

–Kimi istəyirsiz? — deyə xəbər aldı. 

Tələbə bilmədi nə cavab versin, axı elanda familiya 

yazılmamışdı. 

–Mən elana görə  gəlmişəm, — dedi, — bu küçə, bu ev, 

nömrəsi... 

Qadın daha da bərk hirsləndi: 

–Burda çoxdan heç kəs yaşamır, —dedi və darvazasını 

örtdü. Ancaq tələbəyə elə  gəldi ki, qadın darvazanın ardından 

çəkilməyib, dayanıb deşikdən onu izləyir. 

Onu çağırdılar, tələbə lap aydın eşitdi ki, məhz onu 

səslədilər, amma adını çəkdilərmi, yoxmu — bunu dəqiq deyə 

bilməzdi. Hər halda ona müraciət edirdilər. "Ah" qədər qısa bir 

nidayla onu hayladılar, tələbə çevrildi və doğrudan da ikinci 

mərtəbədə eyvana açılan qapının ardında qoca bir qarını, daha 


 551 

doğrusu, qadının güclə sezilən siluetini, kölgəsini gördü. 

Tələbəyə, hətta elə  gəldi ki, ona əl elədilər, işarə verdilər, 

amma bunun belə olub-olmadığını  qəti deyə bilməzdi. Hər 

halda tələbə  qıfıllı qapıya yanaşdı  və eyvanın düz altında 

dayandı. Görünür, doğrudan da onu çağırmışdılar, çünki 

haradasa, lap yaxında danışıq eşidildi, nə barədəsə  qızğın 

mübahisə edirdilər: tələbə bircə  kəlmə sözü də seçə bilmirdi, 

amma mübahisənin gərginliyini anlayırdı. Sonra bayaqkı 

darvaza açıldı, ortayaşlı qadın çıxdı. İndi onun yanında balaca 

çaş bir qız da vardı. Onlar dinməz-söyləməz 17 nömrəli evin 

qapısına yanaşdılar, qadın xalatının cibindən bir dəstə açar 

çıxartdı və qıfılı açdı. O yenə də əvvəlki kimi acıqlı idi və çox 

qaba bir tərzdə tələbəyə: 

–Yuxarıdadır, — dedi — pilləkənlə qalx. 

Sonra kobud şəkildə  qızın belindən yapışdı, boynuna bir 

qapaz vurdu, qoltuğunun arasına alıb apardı, darvazadan içəri 

girdi. Qız bərkdən ağlamağa başladı. Qadın ona bir qapaz da 

vurub darvazanı çırpdı, kilidlədi. 

Tələbə dar, qaranlıq, pişik iyi verən pillələrlə ikinci 

mərtəbəyə qalxdı. Pillələr ikinci mərtəbədə qurtarırdı və burada 

yeganə bir qapı vardı — hər tərəfinə  bənövşəyi mürəkkəb 

çıldırlamış köhnə qapı, 

–Gəlin, — bu səs içəridən eşidildi,  şübhəsiz indicə eyvan 

qapısından baxan qarının səsi idi. 

Tələbə daxil oldu. Otaq çox baxımsız və basırıq bir şəkildə 

idi, nimdaş, işlənib isbatdan çıxmış  şeylərlə dop-dolu idi. 

Otaqdan qocalıq və iqtidarsızlıq qoxusu gəlirdi, köhnə divanın 

üzü süzülüb tökülmüşdü, çırıqlarından prujinlərin sivri ucları 

çıxırdı.  Əcaib burumlu ayaqlara malik olan hündür, arxalı 

kürsülər də beləcə köhnə,  əldən düşmüş idi. Otaqda çoxlu iri 

yöndəmsiz şkaf vardı. Elə bil onların rəng-rufu qocalıqlarından 

tutulmuş, tündləşmiş, qaralmışdı. Tavandan iri və tozlu abajur 

asılmışdı. Onun qotazlarını hörümçək toru bürümüşdü. 

Divarlarda çoxlu mismar vardı. Bu mismarlar müxtəlif 


 552 

səviyyələrdə vurulmuşdular — hündür yerdən vurulanı da 

vardı  və elə  aşağıda vurulanları da vardı ki, bu səviyyədə 

şübhəsiz, onlardan bir şey asmaq mümkün deyildi. Bütün 

bunlar  əcaib-qəraib təəssürat oyadırdı. Amma bu əcaiblikdən 

başqa otaq həm də nə isə faciəvi bir ovqat oyadırdı. Belə ovqat 

nədən doğurdu, tələbə  dəqiq təyin edə bilməmişdi, amma bu 

duyumu çox aydın hiss edirdi. Otağa nəzər salan kimi nədənsə 

onda anlaşılmaz bir istək — tez, bir an belə yubanmadan 

buradan — bu otaqdan, bu evdən, bu küçədən qaçıb qurtarmaq 

istəyi oyandı. Səs eşitdi: 

–Nə lazımdır sizə? — Küncdə, hündür kürsünün içinə çöküb 

qalmış qarını gördü. İstiyə baxmayaraq otağın bütün 

pəncərələri kip bağlı idi, qarı da boğazınacan düyməli uzun 

qara paltar geymişdi, hələ üstündən çiyninə qara yun şal da 

salmışdı. Nədənsə  tələbəyə elə  gəldi ki, qarı iflicdir, 

hərəkətsizdir. Qarının sifətindən onun əsl-nəcabətli adam 

olduğu sezilirdi və fantaziyanı bir az işlətsən onu çox illər 

bundan qabaq, uzaq gəncliyində gözəl varlıq kimi xəyalda 

canlandırmaq mümkün idi. Amma indi bu ötüb getmiş gözəllik 

onun sifətinin və  bədəninin bütün guşələrindən amansızcasına 

qovulmuşdu və yalnız bircə yerdə — gözlərinin dibsiz 

kədərində ilişib qalmış, özünə orada son məskən tapmışdı. 

Gözəl zil qara gözlərinin kədərində  nə isə bir məşumluq da 

vardı. 

–Mən elana görə gəlmişəm. Deyəsən, səhv etmişəm. 



–Səhv? — deyə qarı  təkrar etdi. —Yox, bu elanı  mən 

vermişəm. Sizə otaq lazımdır?  

Tələbə: 

–Bəli, — dedi, — amma orada söhbət 20-ci mərtəbədən 

gedir və yazılıb ki... — O, sözünü  yarımçıq  qoyub susdu. 

Əgər elanı bu qarı veribsə, orda yazılanları onun özünə 

sadalamağa nə hacət? Hər halda öz yazdıqlarını bilir... 

Qarı: 


–Bəli, —dedi və öskürməyə başladı, bu papirosa aludə 

 553 

olmuş adamın uzun sürən quru öskürəyi idi. — Tələbə otağın 

müxtəlif yerlərindəki içi kötüklərlə dolu külqabılara və boş 

papiros qutularına fikir vermişdi. 

Bir qədər sakit olduqdan sonra qarı: 

–Bəli, — dedi — 20-ci mərtəbədədir otaq — və yenə  də 

susub dərin xəyala getdi, düşüncələr aləminə qərq oldu. 

Tələbə bir daha otağa göz gəzdirdi və başa düşdü ki

müsibət, faciə  təəssüratı  nədən doğur — otaqdakı  şüşəli 

şkaflar, dolablar, kiçik televizor ekranı, bədənnüma güzgü və 

hətta kəfkirli iri divar saatının üstlərinə örtüklər atılmışdı. 

Adətən evdə meyit varsa və yaxud meyit basdırılandan sonra 

qırx yas günü belə edilir. Qədim adətə görə güzgülərin, 

şüşələrin üzü örtülür, son vaxtlar televizor ekranını da örtürlər, 

amma üstünə parça salınmış saatı  tələbə ilk dəfə görürdü. 

Düzdür bəzən saatı saxlayırlar, vəfat etmiş adamın keçindiyi 

dəqiqə üzərində dayandırırlar. Amma bu örtüklü saat 

dayanmamışdı, işləyirdi, tələbə bunu örtüyün altında gedib-

gələn kölgədən-kəfkirin hərəkətindən anlamışdı. Saatın xəfif 

çıq-çıqı da eşidilirdi və hətta zəngi də çaldı — ahəngdar sədalar 

on iki dəfə səsləndi — deməli, günorta vaxtı idi. 

Divarlarda çoxlu fotoşəkil vardı. Onların çoxu otuz-qırx il 

bundan qabağın  şəkilləri idi. Şəkillər hamısı eyni boydadı. 

Nədənsə tələbənin ağlına gəldi ki, bu adamlardan heç biri indi 

sağ deyil. Bəzən fotoşəkillər anlaşılmaz bir sirlə  təsvirini 

saxladığı adamın diri olub-olmamasını büruzə verir. Fotolardan 

yalnız biri başqa ölçüdə — digərlərindən xeyli iri idi. Bu 

şəkildə ortayaşlı, çatmaqaşlı, qara bığlı bir kişi əks olunmuşdu, 

onun gen yaxalı pencəyi və birrəng qalstuku vardı. Kişinin 

gərgin baxışı pasport şəkillərini yada salırdı. Amma əgər bu 

doğrudan da pasport üçün çəkilmiş  şəkil idisə, onda azı yüz 

dəfə böyüdülmüşdü. Foto tünd rəngli çərçivədə idi. Bəlkə  də 

çərçivənin rəngi təsadüfən belə idi, amma hər halda o, matəm 

haşiyəsinə də oxşayırdı. 

Tələbə bu şəklin seyrinə daldı  və duydu ki, qarı da onun 


 554 

özünü uzun–uzadı seyr edir. Tələbə düşündü ki, qarı bir daha 

onunla danışmayacaq, ançaq qarı qəfildən dedi: 

–Şəhərin o biri tərəfində, dəniz qırağında 20 mərtəbəli ev 

var. Otaq ordadır, axırıncı  mərtəbədə. Bu mənim oğlumun 

otağıdır — qarı  dərindən köksünü ötürdü. — Daha otaq ona 

lazım deyil. Mən bu otağı kirayə vermək istəyirəm... Müəyyən 

məbləğə... — Qarı susdu, sonra   yenidən  davam etdi. —Bu 

onun da arzusudur. — Qarı bu sözləri deyib sonsuz kədərlə 

baxışlarını həmin kişinin şəklinə zillədi. 

Təbii ki, qarı "oğlum" deyəndə onu nəzərdə tuturdu. Bu 

şəkli, onun qara haşiyəsini qarının sözlərilə, kədəri ilə, ahıyla, 

boşalmış, ona görə  də artıq gərək olmayan və ona görə  də 

kirayə verilən otaqla tutuşduranda əlavə izaha ehtiyac qalmırdı. 

—Hər  şey aydın idi.  Qarını  bu barədə sorğu-suala tutmaq 

qanacaqsızlıq olardı. Görünür, yaralar da lap təzə idi, qövr 

edirdi, yəqin arvad oğlunu lap bu yaxınlarda itirmişdi —

güzgülər,  şüşələr hələ  də örtük altında idi. Tələbə bircə onu 

dedi ki, otağa baxmaq istəyir. 

Qarı tələsik:  

–Əlbəttə, — dedi və qeyri-adi bir çevikliklə yerindən 

sıçradı. Tələbəyə elə gəldi ki, qarı onunla bir yerdə evə baxmaq 

uçün getməyə hazırlaşır. Amma onu iflic biləndə yanıldığı 

kimi, indi də qarının hərəkətini düz yozmamışdı. Qarı, sanki 

tələbənin burda olduğunu büsbütün unutmuşdu. O, tələbənin 

qarşısından keçib divar saatına yanaşdı, örtüyü çəkdi, saata 

baxdı, yenidən örtüyü saldı və bu səfər tələsmədən, aramla öz 

yerinə qayıtdı, kürsüsünə çökdü, gözlərini yumdu. Nə  qədər 

vaxt keçdi? Bir dəqiqə, yarım saat, bir saat? Sonralar, qarının 

evindən çıxandan sonra tələbə elə hey bu barədə düşünürdü, 

amma yaddaşını nə qədər ələk-vələk eləsə də, müəyyənləşdirə 

bilmirdi ki, qarının saata tərəf gedib-gəlməsiylə kürsüsünə 

çöküb mürgüləməsi arasında nə  qədər vaxt keçib. Divar 

saatının günortanı vurmasını — on iki zəng çalmasını  tələbə 

aydın xatırlayırdı. Qarının evindən çıxanda da qol saatına baxdı 


 555 

—ikiyə on beş  dəqiqə  işləmişdi. Amma bu iki zaman 

nöqtəsinin arasındakı müddət heç cür onun şüuruna sığışmırdı. 

Bu müddətdə  nə olmuşdu? Bir-iki kəlmə söz, qarının saata 

tərəf gedib gəlməsi və kürsüdə mürgü döyməsi. Yəni o bir saat 

mürgüləyib? Təəccüblü bir şey yoxdur, qarı bir saat yox, bütün 

günü də yata bilərdi, amma axı  bəs tələbə özü bütün bu vaxt 

ərzində neyləmişdi — durub qarının keşiyinimi çəkirdi, otağı, 

fotoları 

nəzərdənmi keçirirdi, arvadın oyanmasınımı 

gözləyirdi? Bəlkə, bütün bunlar belə idi, olmuşdu, amma 

tələbənin təsəvvüründə bu işlərin hamısı çox az bir vaxtın 

ərzində  cərəyan etmişdi. Hər halda bir saat olmazdı. Qarı, 

doğrudan da mürgülədi, amma — tələbənin zənnincə — dərhal 

da oyandı.  İndi isə belə  məlum olur ki, azı bir saat keçib. 

Oyandı və sakitcə dedi: 

–İyirmimərtəbəli ev. Orda cəmisi bircə  dənə belə hündür 

bina var. Altında da çörək dükanı. Düz saat altıda ora gəlin. 

Mən sizi orda gözləyəcəyəm. Ünvanı yazın. 

O, ünvanı aramla diktə etdi və  tələbə yazan müddətdə 

yenidən yuxuya getdi. 

Tələbə vidalaşmadan çıxdı. Küçədə qol saatına baxdı. 

Məlum oldu ki, qarının otağında saat yarıma yaxın olub. 

 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin