A. N. Abbasbəyli, S. Z. Yusifzadə


 Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə19/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

5.3. Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri. 
İran-yunan müharibələri dövründə  İranın məğlubiyyəti  əslində  Əhəmənilər imperiyasının süqutunun 
başlanğıcı idi. İrana tabe olan əyalətlərdə zülm, istibdad və məmurların özbaşınalığı yerli əhalinin İrana qarşı 
nifrət və üsyanlarının başlıca səbəbi idi.. Makedoniyalı İsgəndərin Şərq  yürüşü  ərəfəsində dərin böhran keçirən 
İran dövləti dağılmaqda idi. 
            Əhəmənilərin sonuncu hökmdarlarından olan III Artakserks e.ə 338- ci ildə  vəfat etdikdən sonra şahın 
varisləri arasında uzun müddət hakimiyyət uğrunda  mübarizə başlanır. Nəhayət e.ə 336-cı ildə III Dara 
Kodoman hakimiyyət başına keçir. 
         Uzun müddət davam edən  hakimiyyət uğrunda  mübarizə, ümumi iqtisadi tənəzzül, İran ordusunun döyüş 
qabiliyyətinə son dərəcə ciddi mənfi təsir göstərmişdi. Onları    tayfa  və xalqlardan təşkil olmuş, biri-biri ilə 
əlaqəsi olmayan, hərbi hazırlığı  və nizam-  intizamı son dərəcə  zəif olan İran ordusunun başında duran 
sərkərdələr də əksər hallarda hərbi işdən yaxşı baş çıxara  bilmirdilər.  
      
E.ə 334-cü ildə ciddi hərbi  hazırlıqdan sonra İsgəndərin birləşmiş Makedoniya-yunan ordusu 
Hellesponta doğru hərəkət edir. Arxada əminamanlığı təmin etmək üçün İskəndərin sərkərdəsi Antipatr 13.500 
nəfərlik qoşunla Yunanıstanda qalır. İrana qarşı başlanmış müharibədə başlıca  məqsəd Aralıq dənizi və Kiçik 
Asiya regionlarından  İran monarxiyasını sıxışdırıb çıxarmaq, yeni ərazilər, sərvətlər, çoxlu qul və s. əldə etmək 
və bu vasitə ilə yunan quldarlıq     demokratiyasının inkişafını  təmin etmək idi. Müharibənin başlanmasında 
səbəb kimi, Kserksin Yunanıstana hucumu zamanı yunanların çəkmiş olduqları iztirabların əvəzinin çıxarılması, 
iranlılar tərəfindən aparılmış yunan allahlarının heykəllərinin geri qaytarılması və II Filippin qisasını  alınması  
göstərilirdi. 
         Kiçik Asiyaya daxil olmuş  İsgəndərin ordusu 30 min piyada və 5 min süvari döyüşçüdən ibarət idi. Bu 
ordunu Aralıq dənizinin şərq sahillərinə 160 gəmidən ibarət  yunan donanması  çıxarmışdı. Makedoniya nizami 
ordusunun  əsasında cəbhənin mərkəzindən hüçum etmək və düşməni darmadağın etmək vəzifəsini həyata 
keçirən  və daha az mütəhərrik olan ağır piyada qoşun - falanqa dayanırdı. Makedoniya ordusunda təcrübəli 
mühəndislər, istehkam ustaları, habelə o dövr üçün mükəmməl  sayılan mühasirə texnikası və s. var idi. Sonralar 
Roma ordusu məhz  Makedoniya ordusunun  nümunəsində qurulmuşdu. 
       Makedoniya qoşunlarının İran ordusuna qarşı ilk döyüşü  e.ə. 334-cü ilin mayında Kiçik Asiyadakı Qranik 
çayı yaxınlığında baş vermişdi.. Makedoniya ordusu hücumla Qranik cayını keçərək  İran ordusunun ön 
cəbhəsini yarmış    və onun avanqard hissələrini darmadağın etmişdi. Döyüş    zamanı düşmənin cinahlarına və 
arxasına keçmiş Makedoniya süvari qoşunları başlıca rol oynamışdı.  
     
Qranik  döyüşündən sonra Kiçik Asiyanın  yunan şəhərləri Milet və Qalikarnas istisna olmaqla 
müqavimətsiz İsgəndərə tabe oldular. Qısa müddətdə  Kariya, Likiya, Pamfiliya, Frakiya və s.  şəhərlər İsgəndər 
tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra 
daxil olmuşdu. İran ordusu müqavimət göstərmədən Mesopotamiyaya çəkilmişdi. Makedoniyalı İsgəndər taktiki 
mülahizələri  əsas tutaraq yunan polislərində «azadlıq» və «xilaskarlıq» siyasəti yeridir, oradakı iranmeyilli 
hakimləri devirərək demokratik quruluşu bərpa edirdi. Əslində Kiçik Asiyadakı  yunan polislərinin «azadlığı» 
Yunanıstandıkı dövlətlərin «azadlığından» daha çox  zahiri xarakter daşıyırdı. Azad olmuş yunan polislərinin 
müstəqilliyi nisbi xarakter daşıyır, onlar hətta  Korinf ittifaqına belə daxil edilmirdilər. 
   
Kiçik Asiyada qazandığı uğurlara baxmayaraq İsgəndər İran donanması arxadakı fəaliyyətinə qarşı heç 
nə edə bilmirdi. Aralıq dənizinin  şərq rayonlarında hakim mövqe tutmaqda olan bu donanma İsgəndərin 
materiklə  əlaqəsini  əsasən kəsmişdi. Yunanıstanda da vəziyyət  o qədər möhkəm deyildi. Makedoniya 
hakimiyyətinə qarşı narazılıq  əhvali-ruhiyyəsi genişlənməkdə idi. Hətta Afina III Daranın yanına xüsusi 
nümayəndə göndərərək onunla danışıqlar aparmış , Makedoniyaya qarşı birgə fəaliyyət göstərilməsi  haqqında 
razılığa gəlinmişdi. 
  
Egey  dənizində    başlıca dayaq məntəqələrini  ələ keçirmiş  İran donanmasının başcısı yunan mənşəli 
Memnon İsgəndərin arxasında  makedoniyalılara qarşı ümumi üsyan hazırlığı ilə bağlı son tədbirləri görürdü. 
Bununla belə, başladığı  işləri axıra çatdıra bilmədi. Memnonun qəfildən ölümü bu planı alt-üst etdi. Onun 
ölümü ilə bağlı müxtəlif  etimallar irəli sürülürdü.  
              İsgəndərin qoşunları  çətin dağ keçidlərini aşaraq Şimali Suriyaya çıxarkən III Daranın  İran qoşunları 
Aman dağlarını keçərək Makedoniya ordularının arxasına çıxmış, Pinar çayı boyunca əraziləri  tutaraq İskəndəri 
arxadakı bazalarından məhrum etmişdi.  İran qoşunları  İssa (İss)  şəhəri yaxınlığındakı  dəniz ilə dağ silsilələri 
arasında olan dar vadidə möhkəmlənərək Makedoniya qoşunlarını  çətin vəziyyətə salmışdı. III Daranın  
qoşunlarının sayı 150 min nəfərə  çatırdı. Makedoniyalıları yalnız qəti və sürətli hərəkət fəlakətdən qurtara 
bilərdi. İsgəndərin sərkərdəlik bacarığı məhz burada özünü  bariz şəkildə  göstərirdi.  


 
28
E.ə. 333-cü ilin oktyabrında Makedoniya qoşunlarının sağ cinahı və İsgəndərin özünün rəhbərlik etdiyi 
hetayr (hetayr «yoldaş», «dost» deməkdir. Hetayrlar Makedoniya zədəganlarından və  İsgəndərin yaxın 
dostlarından ibarət olan qvardiya hissəsi olub İsgəndərin mühafizəsini təşkil edirdilər) hissələri Dara 
qoşunlarının mövqelərinə soxularaq onları dağıdır ki, bununla da  III Dara döyüş meydanından qaçmaqla canını 
qurtarır. İran qoşunları olduqca böyük tələfat verərək  pərakəndə şəkildə  hərb meydanını tərk etməyə məcbur 
olmuşdular. 
 Makedoniya ordusunun bu qələbəsi  nəticəsində  III Daranın zəngin çadırı, anası, arvadı  və iki qızı 
İsgəndərin əlinə keçmişdi.Mənbələrdə III Daranın İss döyüşündən sonra İsgəndərə yazdığı bir neçə məktubun 
məzmunu qorunub saxlanmışdı. Bunlarda III Daranın İsgəndərlə Əhəmənilər dövlətini bölüşdürmək  istəyi öz 
əksini tapmışdı.  Belə ki, III Daranın İsgəndərə yazmış olduğu birinci məktubda öz ailəsinin qaytarılmasını xaiş 
edir, ona İranla ittifaq müqaviləsi bağlamağı təklif edirdi. İkinci məktubunda Dara öz ailəsini azad etmək üçün 
İsgəndərə 10 min talant pul, habelə  Fərat çayının qərbindən o yana yerləşmiş bütün əraziləri verməyi təklif 
edirdi. İss döyüşü  İsgəndərin Şərq yürüşü  gedişində dönüş nöqtəsi olmuşdu. Bununla da  bütün Kiçik Asiya 
işğal edilmişdi.  
Tədqiqatçılara görə, bu dövrdə İsgəndər hələ dünya monarxiyasının yaradılması haqqında düşünmürdü.  
Onu şərqə doğru yürüşə vadar edən iqtisadi çətinliklər idi. Belə ki, dövlət xəzinəsi boşalmış, borclar fəlakətli 
həddə çatmışdı.  Şərq yürüşünə  çıxarkən  İsgəndərin xəzinəsində  cəmi 70 talant pul var idi. Alınmış borcların 
məbləği isə 1300 talanta çatırdı. Hər ay  qoşuna və donanmaya 300 talant muzd verilməli idi. Beləliklə, Elladanı 
iranlılardan müdafiə etmək məqsədi ilə başlanmış bu müharibə sözün əsil mənasında qəsbkarlıq  yürüşünə 
çevrilmişdi.  
       
İsgəndər  İss döyüşündə darmadağın edilmiş  İran qoşunlarını  və Daranı  təqib etməkdən imtina edərək  
Aralıq dənizində hegemonluq edən  İran donanması bazalarını  məhv etmək məqsədi ilə Suriya, Finikiya və 
Fələstinə  hərəkət etmiş  və böyük uğurlar qazanmışdı.Belə ki, Finikiyanın sahil şəhərlərlərinin  əksəriyyəti 
müqavimət göstərmədən makedoniyalılara tabe olmuş, Arvad, Marat, Bibl, Sidon və s. şəhərlər döyüşsüz 
tutulmuşdu.  İsgəndərin sərkərdəsi Parmenion Dəməşq  şəhərini tutaraq III Daranın araba karvanını  və  səyyar 
xəzinəsini ələ keçirmişdi. 
Lakin  İsgəndər heç də  hər yerdə xilaskar kimi qarşılanmırdı. Belə ki, Makedoniya qoşunları Tir və 
Qəzza  şəhərlərində ciddi  müqavimətlə qarşılaşmış, yalnız yeddi aylıq mühasirədən sonra e.ə. 332-ci ilin 
iyulunda Tir şəhərini  ələ keçirmişdilər.  Şəhərə amansız divan tutulmuş,  əlinə silah götürə bilən kişilərin 
3O 
min  nəfəri   məhv edilmiş, səkkiz min nəfəri  isə qul edilib satılmışdı.Tir şəhərinin alınmasında Makedoniya 
ordusunun mühasirə texnikasının  yüksək səviyyədə olması, habelə  İsgəndərin  sərkərdəlik məharəti özünü bir 
daha göstərmişdi.  
 
 
 
 
 
 
Aralıq dənizi boyunca şəhərləri  ələ 
keçirən Makedoniya qoşunları bununla da  İran donanmasını bazalarından məhrum edib onun dağılmasına səbəb 
oldu. Beləliklə, İsgəndər Aralıq dənizi hövzəsindəki başlıca təhlükəni aradan qaldıraraq Balkan yarımadası ilə 
sıx əlaqə yaratmağa müvəffəq olmuşdu.  
İsgəndər e.ə. 332-ci ilin noyabrında Misiri müqavimət görmədən tutur. İran zülmündən cana gəlmiş 
Misir  əhalisi  İsgəndəri xilaskar kimi qarşılayırdı. Misirə daxil olan İsgəndər ölkənin fironları kimi, o da 
Liviyada Siva səhrasındakı məşhur Amon allahı orakulunu ziyarət etmişdi. İsgəndər Misir  səfərinə böyük siyasi 
əhəmiyyət verirdi. Buna görə  də  İsgəndər öz ətrafındakı yunan və makedoniyalıların ciddi müqavimət 
göstərməsinə baxmayaraq, son nəticədə öz iradəsini onlara qəbul etdirmişdi.Tədqiqatçıların fikrincə, görünür  
gələcəkdə  çarın ilahiliyi ideyası  onun fikrinə elə burada gəlmişdi. Misir kahinləri İsgəndəri  «Amonu sevən», 
Ra allahının oğlu və ölkənin qanuni fironu elan etmişdilər. Amon  allahına nəinki  Misirdə, hətta Kiçik Asiyada 
və Yunanıstanda da böyük hörmət var idi.Yunanlar və Makedoniyalılar Amon allahını Zevsə  bərabər  
tuturdular. 
 
 
 
 
 
 
 
 
Kiçik Asiya  şəhərlərindən biri 
də Frikiyanın paytaxtı olmuş Qordi şəhəri idi.Yerli əfsanəvi hökmdarlardan birinin adı ilə “Qordi düyünü” bu 
şəhərdə döyüş arabasına vurulmuşdu.  Əfsanəyə görə, bu düyünü açan Asiyanın hökmdarına  çevrilə bilərdi. 
Həmin düyün İsgəndərə də göstərilmişdi, lakin onu aça bilməyən İsgəndər  düyünü qılıncla doğramışdı.Yəqin 
ki, elə o dövrlərdən siyasi leksikona  düyünə düşmüş məsələlərin qılınc gücünə açılması fikri daxil olmuşdu.  
          E.ə 332-331-ci illərin qışını Misirdə keçirən İsgəndər Nil çayı deltasında İsgəndəriyyə adlı yeni şəhərin  
salınmasına nail olmuşdu. İsgəndəriyyənin coğrafi mövqeyi son dərəcə əlverişli idi. E.ə IV əsrin sonu III əsrin 
əvvəllərində bu şəhər yunan və  şərq aləminin  ən böyük ticarət, sənətkarlıq və  mədəni mərkəzinə çevrilmişdi. 
Misirin işğalı  və  İsgəndəriyyənin salınması makedoniyalıların Aralıq dənizi hövzəsinin  şərqində tamamilə 
möhkəmlənməsinə imkan yaratmışdı.Bu  şəhərin adı ilə  qədim dünyanın ikinci möcüzəsi hesab edilən 
İsgəndəriyyə mayakı bağlıdır. 
    
E.ə 331-ci ilin baharında İsgəndər Misiri tərk edərək Finikiya və Suriya ərazisindən keçən qədim  ticarət 
yolu ilə şərqə doğru hərəkət edir ki, bununla da  İran monarxiyasının şərq hissəsi uğrunda mübarizə başlayır. 
Qarşıdakı döyüşdə III Dara imperiyasının taleyi həll edilməli idi. İran  şahı  bunu yaxşı başa düşdüyü üçün 
döyüşə əvvəlki döyüşlərdən daha yaxşı hazırlaşmışdı. İsgəndərlə sülh danışıqlarının  baş tutmaması III Daranı 


 
29
son döyüşə olduqca ciddi şəkildə hazırlaşmağa vadar etmişdi. III Daranın ordusunda təkərlərinə oraqvari 
xəncərlər taxılmış, düşmənə böyük tələfat verən 100 cəng arabası  və 15 döyüş fili var idi. İsgəndərin hərbi 
qüvvələri 40 min piyada və 7 min süvari döyüşçüdən ibarət olduğu halda, III Daranın ordusu təxminən 80 min 
piyada və 12 min süvaridən  ibarət idi. 
           Makedoniya qoşunları Dəclə və Fərat çaylarını keçərək e.ə. 331-ci ilin sentyabrında  qədim Assuriyanın 
ərazisindəki Arbela   şəhəri yaxınlığındakı Qavqamel kəndi ətrafındakı düzənliyə çatdı və məhz burada qədim 
dünyanın ən böyük döyüş əməliyyatlarından biri baş vermişdi.    
 
 
 
 
 
 
 
 İran ordusunun döyüş qaydalarını yaxşı öyrənmiş  İsgəndər öz qoşunlarının ön xəttində 
yüngül silahlı piyadaları yerləşdirmişdi.  Əsas hərbi qüvvələrin mərkəzində falanqa, sol cinahında piyada və 
süvari döyüşçülər, sağ cinahında hetayrlar və adi süvari dəstələri düzülmüşdü. Ordunun  sol cinaha Parmenion
sağ cinaha isə İsgəndər özü komandanlıq edirdi. 
   
III  Daranın ordusunun mərkəzində döyüş filləri, cinahlarda   cəng arabaları,  əsas hərbi qüvvələrin 
arxasında isə muzdlu yunan qoşunları yerləşdirilmişdi. Təhlükəli cəhət o idi ki,  İran qoşunlarının cəbhə xətti 
makedoniyalıların cəbhə xəttindən xeyli uzun idi. Belə vəziyyətdə  İran ordu hissələri cinahlardan Makedoniya 
qoşunlarının arxasına keçib onları mühasirəyə ala bilərdi. Buna görə də  İsgəndər sağ və sol cinahların arxasında 
ehtiyat qoşun dəstələri düzür ki, onlar lazımi vaxtda arxa tərəfə çevrilib oradan olan hücumu dəf edə bilsinlər.  
       Babil  satrapı Mazeyin rəhbərlik etdiyi qoşun dəstələrinin müvəffəqiyyətli zərbəsi nəticəsində iranlılar 
Parmenionun komandanlıq etdiyi sol cinaha böyük tələfat verərək makedoniyalıların falanqasını yarıb İsgəndər 
qoşunlarının arxasına keçməyə müvəffəq olmuşdular. 
 Lakin 
İran qoşunlarının həmlələrinin qarşısı tezliklə alınır, hətta  İsgəndər özünün başçılıq etdiyi 
hetayrlar iranlıların sol cinahını  əzərək III Daranın qərargahına yaxınlaşır ki, İran  şahı döyüşün taleyi həll 
edilmədiyi bir anda hərb meydanından qaçır və İran ordusunun arxasına keçmiş İsgəndər qoşunları onlara zərbə 
endirirlər. Bununla da döyüşün taleyi həll edilmiş olur. Makedoniya süvariləri  iranlıları 80 km-lik məsafədə 
Arbelaya qədər təqib etsələr də, başda III Dara və onun satraplarından Bess, Barseant, Satibarzan, Nabarzan və 
digərləri olmaqla iranlıların kiçik bir süvari dəstəsi Midiyanın paytaxtı Ekbatan şəhərinə  çəkilməyə müvəffəq 
oldular. Satrap Mazey isə Babil şəhərinə çəkilir. 
  
Qavqamel 
döyüşündə İsgəndərin tam qələbə əldə etməsi və III Daranın əsas hərbi qüvvələrinin məhv 
olması  Əhəmənilər dövlətinin sonunun çatması demək idi. İran dövlətinin həyati  əhəmiyyətə malik bütün 
mərkəzlərinə yollar açılmışdı. İsgəndər əvvəlcə Babil şəhərinə doğru irəliləmiş, Babil əhalisi isə başda Mazey 
olmaqla İsgəndəri xilaskar kimi qarşılamışdı. İsgəndər burada qədim Mesopotamiya çarlarının titulunu («Babil 
və dünyanın dörd qitəsinin çarı») qəbul etmiş, oradan Suza, Suzdan isə  İran imperiyasının mərkəzi olan 
Persidaya (Parsa) yollanmışdı. Satrap Ariobarzan və dağ tayfaları ilə bir neçə toqquşmadan sonra İsgəndər 
farsların hər iki paytaxt şəhərini- Pasarqad və Persepolu ələ keçirmişdi. 
Antik müəlliflərindən Adrian və Plutarxın yazdıqlarına görə, İsgəndər Persepol xəzinəsindən tükənməz 
sərvət - 180 min talanta qədər pul, çoxlu qızıl və gümüş məmulatı, cəvahirat və s. ələ keçirmişdi. III Daranın bu 
sərvətini daşımaq üçün İsgəndərə min cüt qatır və üç min dəvə lazım gəlmişdi. Dövriyyəyə buraxılmış bu bahalı 
metal yaxın gələcəkdə ellinist dövlətlərinin iqtisadiyyatının canlanmasına səbəb olmuşdu. Elladaya Kserksin 
verdiyi zülm və işgəncənin əvəzini çıxmaq adı altında İsgəndər Kserksin Persepoldakı yüz sütunlu möhtəşəm 
sarayını da yandırmışdı, bu yanğının nəticəsində atəşpərəstliyin müqəddəs kitabı sayılan “Avesta” da məhv 
edilmişdi.      
 
Qısa fasilədən sonra e.ə. 330-cu ilin yazında  İsgəndər Persepolu tərk edərək Midiyanın paytaxtı 
Ekbatana tərəf hərəkət edir, çünki III Dara burada idi. Makedoniya qoşunlarının yaxınlaşması xəbərini eşidən III 
Dara Xəzər dənizini cənubundan keçən yollarla Orta Asiyaya qaçmaq qərarına gəlir. Bu dövrdə o əslində 
Baktriya satrapı Bessin başçılıq etdiyi bir dəstə  İran zədəganının  əsirinə çevrilmişdi.  İsgəndər onları  təqib 
edərək Xəzər dənizinin cənub-qərbindəki Kirkaniya vilayətində onlara yaxınlaşır. Makedoniya süvarilərinin 
onlara çatdığını görən satraplar III Daranı xəncərlə öldürərək təqibdən xilas ola bilirlər.  İsgəndər öldürülmüş 
III Daranı böyük  təmtaraqla dəfn edərək, özünü İran şahlarının qanuni xələfi və bütün Asiyanın çarı elan edir. 
Bu dövrdən etibarən  İsgəndər özünü  Şərq monarxları kimi aparmağa  başlayır ki, bu da yunan-
Makedon  əsilzadələrinin müqaviməti və  İsgəndərə qarşı çoxsaylı  qəsdləri  şərtləndirir. Lakin bunların heç biri 
uğurla nəticələnməmişdi. Bu İsgəndərin sosial dayaqlarının kifayət qədər güclü olmasından xəbər verirdi. 
 Makedoniyaya 
düşmən olan bütün qüvvələrin  Şərqi İran və Orta Asiyada toplaşmaqda davam etməsi 
Şərq yürüşünün davam etdirilməsini tələb edirdi. Xəzər dənizinin  şərqində  cəmləşməkdə olan bu qüvvələrin 
başında özünü IV Artaksersk adı altında şah elan etmiş Baktriya hökmdarı Bess dururdu. Şərqdə hakim olan bu 
qüvvələri məğlub etmədən İsgəndər öz hakimiyyətini möhkəm və təhlükəsiz hesab edə bilməzdi. Digər tərəfdən 
Bess özünü müstəqil hökmdar yox, İran  şahı elan etməklə olduqca ciddi səhvə yol vermişdi.  Əhəmənilər 
dövlətinin varlığına son qoymağı başlıca məqsədi elan edən  İsgəndər  Bessin bu niyyətini cavabsız qoya 
bilməzdi. Lakin Orta Asiyada yürüşü davam etdirmək istəyən  İsgəndər gözləniməyən hərbi çətinliklərə  və 
xüsusilə də öz yaxın adamları arasında qəti müxalifətə rast gəlmişdi. Çarın yaxın silahdaşları onun siyasəti ilə 
razılaşaraq bu siyasətin həyata keçirilməsinə ciddi etiraz edirdilər. 


 
30
 
İsgəndərin  şərq yürüşü ilə  əlaqədar  etiraz və narazılıq hələ müharibənin ilk dövrlərində özünü 
göstərməyə başlamışdı. Kiçik Asiya işğal edildikdən və III Daranın  İsgəndərə yazmış olduğu ilk məktubdan 
sonra çarın yaxın silahdaşlarının bir qismi, o cumlədən  hələ II Filippə xidmət etmiş qocaman sərkərdə 
Parmenion İran şahının təklifini qəbul etməyi, Kiçik Asiyanın fəthi ilə kifayətlənməyi və bununla da müharibəni 
bitirməyi təkid edirdi. Lakin  İsgəndər bu təklifi qəti olaraq rədd etmişdi. 
 
Şərq yürüşünün  gedişində Makedoniya zədəganlarının narazılığı daha da armaqda idi. Bu ilk növbədə 
III Daranın ölümündən sonra özünü İran  şahlarının xələfi elan etmiş  İsgəndərin «xilaskar ellinlən»  şərq 
monarxına çevrilməyə başlaması ilə  əlaqədar idi. Silah gücünə qarışıq yunan-Makedoniya-İran zəminində 
«dünya monarxiyası» yaratmağa çalışan  İsgəndər  İran zədəganlarını dövlət vəzifələrinə  cəlb etməyə, yunan-
makedoniyalıları yerli xalqlarla siyasi və  mədəni cəhətdən yaxınlaşdırmağa, orduya şərq kontingentlərini cəlb 
etməyə başlamışdı.  
İsgəndər özünü ilahi elan edib sarayında şərq despotiyası qaydalarını bərqərar edirdi ki, bu ilk növbədə 
nisbətən demokratik ənənələr ruhunda tərbiyə edilmiş yunan-makedoniyalıların narazılığına səbəb olurdu. İşğal 
edilmiş  ərazilərə  və tabe edilmiş xalqalara “barbar” və istismar obyekti kimi baxanlar İsgəndərin yunan-
makedoniyalıları yerli xalqlarla yaxınlaşdırmaq cəhdlərini nəinki dəstəkləmirdilər, hətta bu siyasətə düşmən 
gözlə baxırdılar.  Şərq vilayətlərini fəth etməklə  məşğul olan İsgəndər böyük qətiyyət və  qəddarlıqla öz 
əleyhdarlarına və sui-qəsdçilərə divan tuturdu. İsgəndərin belə amansızlığı ilə bağlı qeyd etmək olar ki, özünə 
qarşı ilk sui-qəsd aşkar olan kimi İsgəndər Hetayrların başçısı bacarıqlı sərkərdə Parmenionun oğlu Filotu edam 
etdirir, ardınca Parmenion da öldürtdürülür. 
 Makedoniyalı  İsgəndərin  Şərqdə apardığı müharibələr öz spesfik xüsusiyətləri ilə  fərqlənirdi.  İran 
monarxiyasına daxil olan, iqtisadi və mədəni cəhətdən xeyli inkişaf etmiş Aralıq dənizinin şərq sahillərindəki 
ölkələrdə  İran zülmündən cana gəlmiş yerli əhali  əksər hallarda İsgəndəri  xilaskar kimi qarşılayırdı. Bu isə 
İsgəndərə böyük ictimai dayaq demək  idi. İnkişaf etmiş şərq ölkələri hələ İsgəndərdən çox əvvəl hərbi imperiya 
çərçivəsində birləşdirilmişdilər. Bununla belə, zəif  İran monarxiyası bu boşluğu doldura bilməmişdi, 
baxmayaraq ki yunan-İran müharibələri dövründən bu ərazilər İran monarxiyasının  tərkibinə qatılmışdı. Qərbi 
Asiyada yeni tipli siyasi birləşməyə zəruri ehtiyac var idi ki, bu ehtiyacı makedoniyalılar reallaşdırırdılar. 
 E.ə. 330-329-cu ilin qışında Besi təqib edən İsgəndər Baktriyanı, sonra isə Hindikuşu ələ keçirərək Oks 
(Amu-Dərya) vadisinə daxil olmuşdu. Bess tutularaq edam edilmiş, makedoniyalılar məhsuldar Sır-Dərya 
vadisinə daxil olub Soqdinada İsgəndəriyyə - Esxata şəhərini salırlar. Ümumiyyətlə,  İsgəndər istilaçılıq 
siyasətini ələ keçirilmiş ərazilərdə möhkəmləndirilmiş və İsgəndəriyyə adını almış şəhərlərin inşa edilməsi yolu 
ilə davam etdirirdi. Yaxın və Orta Şərqdə belə  şəhər-qalaların sayı 70- ə yaxın idi. Bu şəhərlərdə güclü 
qarnizonlar yerləşdirilir, yunan – makedon zadəganları və ya İsgəndərə sadiq yerli hakimlər idarəçiliyi həyata 
keçirirdilər. 
 
Orta Asiya xalqlarının  makedoniyalılara qarşı mübarizəsinə soqdinalı Spitamen başçılıq edirdi. Bu 
mübarizədə soqdanalılar, saklar. massagetlər, dahlar və s. xalqlar iştirak edirdilər. Baktriya, Soqdiana və başqa 
ərazilərdəki hərbi  əməliyyatlar zamanı makedoniyalılar yerli əhalidən 120 min nəfərdən yuxarı adam qırmış, 
xeyli hisəsini  qula çevirmiş, köçəri tayfalar isə daha uzaqlara köç etməli olmuşdular. 
 Spitamen 
e.ə. 329-328-ci illərdə  İsgəndərə böyük zərbə vursa da, son nəticədə    məğlub olmuş  və 
şərqdəki köçəri tayfalara üz tutmuşdu. Onlar isə  İsgəndərin hərbi  əməliyyatları davam etdirəcəyindən ehtiyat 
edərək Spitameni öldürmüş, kəsilmiş başını isə İsgəndərə göndərmişdilər. Lakin üsyanların yatırılması mümkün 
olmamışdı. Belə ki,Spitamen öldürüldükdən sonra xalq hərəkatına  Oksiart, Xorien və başqaları  rəhbərlik 
etmişdilər. Orta Asiya tayfaları ilə aparılan müharibələrinin gedişində İsgəndərə qarşı öz əhatəsində olanların da 
narazılığı güclənmiş  və bu sui-qəsdlərdə özünü göstərmişdi. Belə mübahisələrin birində  İsgəndər özünün ən 
yaxın dostlarından olan Kliti öldürmüş, tarixçi Kallisfenə amansız divan tutmuş, şəxsi qvardiyasının üzvlərindən 
bir çoxunu isə edam etdirmişdi. 
 
İsgəndərin Orta Asiya yürüşü üç ildən yuxarı davam etmiş  və e.ə. 327-ci ildə başa çatmışdı. Elə həmin 
ildə  də  məşhur Hindistan yürüşü başlamışdı. Qədim yunanların fəlsəfi-coğrafi dünyagörüşünə görə, 
Oykumenanın hüdudları-insanların yaşamaq qabiliyyətinə malik olduqları  ərazilər dünya okeanın sərhəddinə 
qədər uzanır. Dünya okeanı isə Hindistandan sonra başlanır, buna görə də Hindistanın kəşfi ilə dünyanın coğrafi 
hüdudları başa çatmış olur. Digər tərəfdən İsgəndəri Şərq yürüşündə müşayət edən alimlərin fikrincə, Hindistan 
yürüşünü asanlaşdıran amillərin biri də orada vahid dövlətin olmaması idi. Hind çarlarından biri olan Taksillə 
ittifaqa girən İsgəndər ilk olaraq başqa bir Hindistan çarı Pora ağır zərbə vurur və Hind çayı ilə cənuba doğru 
hərəkət edərək Pəncaba çatır. Burada iki şəhərin – Nikeya və Bukefal şəhərlərinin əsası qoyulur. Lakin e.ə. 326-
cı ildə  İsgəndərin səfərdən əzab-əziyyət çəkən ordusu yürüşü davam etdirməkdən imtina edir və geri qayıtmağı 
tələb edir. Yaranmış şəraitdə İsgəndər geriyə qayıtmaq əmrini  verir və qoşunun bir qismi Nearxın rəhbərliyi ilə 
e.ə.325-ci ildə dəniz yolu, o biri hissəsi isə quru yolla Mesopotamiyaya doğru hərəkət etməyə başlayır. E.ə.324-
cü ilin əvvəllərində hər iki qoşun Babil şəhərində birləşir ki, bununla da Hindistanla Mesopotamiya arasında su 
yolu kəşf edilir.  
On ilə yaxın davam etmiş  şərq yürüşləri başa çatdıqdan sonra İsgəndər imeriyanın daxili işləri ilə 


 
31
məşğul olmağa başlayır. Babil şəhəri paytaxt seçilir. Iskəndər yunan-makedoniyalıları yerli tayfalarla, xüsusilə 
Əhəmənilər imperiyasında hakim olmuş farslarla qarışdırıb-qovuşdurmaq siyasətini yeridir. Məhz bu məqsədlə 
İsgəndər Orta Asiya satrapı Oksiartın qızı Roksananı  (İskəndərin ondan bir oğlu olmuşdur), III Daranın qızı 
Statiranı  və III Artakserkin qızı Parisatidanı almışdı. Mənbələrin yazdığına görə,  İsgəndər öz yaxın 
silahdaşlarından 80 nəfərinə, habelə 10 min nəfər yunan-Makedoniya əsgərinə iranlı  qızları almış  və onların 
toyunu bir gündə etmişdi. Bu məhşur Suz şənlikləri zamanı baş vermişdi. 
 Makedoniyalı  İsgəndərin on il ərzində yaratmış olduğu böyük imperiyanın sərhədləri Dunay çayı  və 
Qara dənizdən tutmuş Pəncaba qədər olan geniş əraziləri əhatə edirdi. Bu dövlətin yaranması ilə qədim dünyada 
ellinizm dövrü başlayır. İsgəndər monarxiyasının qısa müddətə bir sıra dövlətlərə parçalanmasına baxmayaraq, 
onun işğalları  nəticəsində  qərb və  şərqdə sivilizasiyanın gələcək inkişafına uyğun gələn yeni siyasi quruluş 
yaranır. Bu isə yunan və  şərq mədəniyyətləri ünsürlərinin qarşılıqlı  təsirindən ibarət olmuş  və ellinizm adını 
alımışdı. Makedoniyalı İskəndər e.ə. 323-cü il iyunun 13-də vəfat etsə də onun qərb və şərq mədəniyyətlərinin 
sintezindən ibarət yaratdığı yeni quruluş ellinizm dövrü kimi e.ə. III-I əsrlərdə mövcud olmuş  və ictimai 
inkişafın sonrakı gedişinə böyük təsir göstərmişdi.  
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin