A. N. Abbasbəyli, S. Z. Yusifzadə


Fransada konsulluq və I İmperiya dövründə beynəlxalq münasibətlər



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə55/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

Fransada konsulluq və I İmperiya dövründə beynəlxalq münasibətlər 
 
Yakobin diktaturası devrildikdən sonra başlanan dövr mövcud tədqiqatlarda Direktoriya dövrü (1794-
1799-cü illər) kimi səciyyələnir və bu dövrdə Fransada xarici siyasət məsələləri 5 direktordan birinin 
səlahiyyətlərinə daxil idi. Lakin xarici siyasətlə bağlı hər hansı qərar ümumi razılığa əsasən qəbul olunurdu.  
Direktoriyanın hakimiyyətə  gəlməsi Fransa ətrafında koalisiya qüvvələrinin fəaliyyətini zəiflətdi. II 
Yekaterinanın tapşırığı ilə Rusiya donanması Peterburqa qayıtdı  və imperatriça bəyan etdi ki, Fransanın 
ətrafında koalisiya saxlamağa ehtiyac yoxdur.  Direktoriya özü inqilabı məhv edəcək. Doğrudan da, 1794-1795-
ci illərdə Direktoriya inqilab dövründə qəbul edilmiş bir sıra qanunları, hətta Yakobin konstitusiyasını ləğv etdi. 
Fransada irticaçı rejim qurulmağa başladı. 1796-cı ildən etibarən Direktoriyanın özünün də mövqeləri zəiflədi. 
Çünki ayrı-ayrı sərkərdələrin Qanunverici məclis üzərində hakimiyyəti güclənməkdə idi.  
Direktoriya vaxtilə Fransanın siyasi həyatında mühüm rol oynamış xadimləri geri qaytarmaqla öz 
mövqelərini möhkəmləndirməyə çalışırdı. Bunlardan biri də Taleyran idi. 1796-cı ilin iyununda Parisə qayıdan 
Taleyran Direktoriyanın xarici işlər naziri postunu tutur və çox tezliklə I Napoleonla yaxınlaşmağa müvəffəq 
olur. Lakin Direktoriya hakimiyyətini heç kimlə bölüşdürməyə hazırlaşmadığına görə, bir sıra siyasi xadimlər, o 
cümlədən Napoleon Fransadan uzaqlaşdırılır və Misir ekspedisiyasına göndərilir.  
Məlum olduğu kimi, I koalisiya qüvvələri 1797-ci ilin əvvəlləri üçün sıradan çıxarılmışdı. Bunun 
nəticəsində 1797-ci il  oktyabrın 17-də Kompo Fomino adlanan yerdə Fransa ilə koalisiya qüvvələri arasında 
sülh müqaviləsi imzalandı. Bununla da I koalisiya dağıldı. Fransa işğal etdiyi bir sıra  ərazilərin ( Belçika, 
Reynsahili) sahibinə çevrildi və qısa müddətə olsa da fasilə əldə etdi. I koalisiya  qüvvələrindən yalnız İngiltərə 
Fransa ilə sülh müqaviləsi imzalamadı və II koalisiyanın yaranması uğrunda siyasi mübarizəyə başladı.  
II koalisiya tezliklə 1798-ci ilin yazından etibarən formalaşmağa başladı. Onun tərkibində  İngiltərə, 
Rusiya, Avstriya, İsveç, Türkiyə və Neopolitan krallığı daxil idi. Lakin II koalisiyanın daxilində birlik yox idi 
və  təsadüfi deyildi ki, 1800-cü ilin əvvəllərində dağıldı. 1801-ci ilin fevralında Fransa ilə Avstriya arasında 
Lyunevill sülh müqaviləsi, 1802-ci ilin martında isə Fransa ilə Ingiltərə arasında Amyen sülh müqaviləsi 
imzalandı ki, bununla da Napoleonun Avropada işğalları tanındı. 
Fransanın siyasi həyatında XVIII əsrin 90-cı ilin sonunda baş vermiş hadisələrin əksəriyyəti Taleyranın 
adı ilə bağlı idi. Taleyran Direktoriyanın içərisində nifaq yaratmağa müvəffəq olmuşdu. Məhz Taleyranın 
fəaliyyəti nəticəsində Napoleon Fransada baş verən hadisələrdən xəbərdar olmuş, Direktoriyanın nüfuzunun 
zəifləməsini yeni hakimiyyətin yaradılması üçün şans kimi dəyərləndirmiş və 1799-cu ilin noyabrında 30 minlik 
qüvvəni Misirdə taleyin ümidinə buraxaraq Fransaya qayıtmışdı. 
1799-cu il noyabrın 9-da Parisdəki silahlı qüvvələrin baş komandanı  təyin edilən I Napoleon hərbi 
çevrilişi həyata keçirdi. Qanunverici korpusun iclasları Parisin yaxınlığındakı Sen-Klu şəhərciyinə köçürüldü. 
Hakimiyyət üç konsula verildi. Birinci həlledici, II və III konsullar isə  məşvərətçi səsə malik idi. Icraedici 
hakimiyyət bütünlüklə, qanunverici və məhkəmə hakimiyyəti isə qismən I konsula məxsus idi.  
Son dərəcə qısa müddətdə konsulluq dövlətinin konstitusiyası hazırlandı. Hər bir konsulun adı birinci 
dəfə üçün konstitusiyaya salındı. Konsulların səlahiyyət müddəti 10 il müəyyənləşdirildi və 1793-1795-ci 
illərdəki konstitusiyada olan demokratik bəndlərin hamısı 1799-cu il konstitusiyasından çıxarıldı. Konsulluq 
dövrünün xarici işlər naziri isə Taleyran Periqor oldu. 
Konstitusiyaya görə, 21 yaşına çatmış bütün kişilər seçki hüququna malik olurdu, lakin seçicilər birbaşa 
deputat yox, deputatlığa namizədləri seçirdilər. Qanunıericilik Senata həvalə olunmuşdu. Onun üzvləri 
Napoleon tərəfindən təyin olunmuşdu. Bütün nazirlər I konsula tabe idilər. 
Yeni Konstitusiya plebisit yolu ilə (ümumxalq səsverməsi) təsdiq olunmuşdu. Əslində xalq Napoleona 
səs verir, onu xilaskar kimi görürüdü. 1802-ci ildə keçirilən yeni plebisit Napoleonu ömürlük I konsul təyin etdi.  
Napoleon özünə dayaq yaratmaq məqsədilə  hələ 1802-ci ildə mühacir-zadəganlara amnistiya verdi. 
İnqilab illərində ölkədən qaçmış zadəganlar geri qayıtmağa başladı. I Napoleon həvəslə zadəgan titulları 
paylayırdı. Belə ki, təkcə 1808-1814-cü illər arasında 3600 zadəgan titulu verilmişdi. 
1805-ci ildə Napoleon özünü İtaliyanın da kralı elan etdi.  
Konsulluq və imperiya illərində  mərkəzləşmiş bürokratik dövlət aparatı  qəti  şəkildə  bərqarar oldu. 
İnqilab illərində yaradılmış seçkili idarə orqanları qəti şəkildə aradan qaldırıldı. Perfektura sistemi yaradılmışdı. 
Deportamentlərin polis idarələrinin başında perfektlər dururdu, departamentlərdəki icra və qanunvericilik 
funsiyaları onun əlində cəmləşmişdi. 
Ölkədə  tədricən hərbi-bürokratik diktatura qurulur, bütün demokratik təsisatlar ləğv edilirdi. 1800-ci 
ildə ölkədəki 73 qəzetdən 60-ı bağlanmışdı. Ali və orta təhsil, elm ocaqları  nəzarətə götürülürdü, son dərəcə 
qüvvətli polis aparatı yaradılmışdı. Napoleonun yaxın adamı Buşye polis naziri təyin edilmişdi. 
XVIII  əsrin sornlarından etibarən Fransa sənaye inqilabının başlanması  mərhələsinə daxil olmuşdu.  
1800-cü ildə Fransa bankı, 1810-cu ildə isə iki şura: ticarət üzrə  və fabrik-monufaktura üzrə  şuralar 
yaradılmışdı. 


 
88
1804-cü ildə  vətəndaş kodeksi qəbul olunmuşdu ki, bu da sonradan Napoleon kodeksi adlandırıldı. 
Kodeks  şəxsiyyət toxunulmazlığını, vicdan azadlığını, qanun qarşısında vətəndaşların bərabərliyini, xüsusi 
mülkiyyət toxunulmazlığını elan edirdi. 1807-ci ildə Cinayət kodeksi, 1811-ci ildə isə Kommersiya kodeksləri 
qəbul edildi.  
I Napoleonun hakimiyyəti illərində bonapartizm bərqərar oldu.  Bonopartizm- Napoleon diktaturası 
burjua dövlətçiliyinin elə xüsusi formasıdır ki. burada burjuaziya siyasi hakimiyyətdə  iştirak etməkdən 
uzaqlaşdırılmışdı.  
1800-1801-ci illərdə Napoleonun daxili və xarici siyasəti sahəsində  həyata keçirdiyi tədbirlər onun 
daxili və beynəlxalq mövqelərini xeyli möhkəmləndirdi. 1802-ci ildə plebistit yolu ilə Napoleon Fransanın 
ömürlük I konsulu təyin olundu. Tədqiqiatçılar Fransanın qələbələrini də, faciəsini də I Napoleonun adı ilə 
bağlayırlar. O, 1769-cu il avqustun 15-də Korsika adasında doğulmuş, 1821-ci il mayın 5-də isə Müqəddəs 
Yelena adasında vəfat etmişdi. 24 yaşında – 1793-cü il dekabrın 17-də Tulon şəhərinin azad edilməsində 
göstərdiyi şücaətə görə, kapitan rütbəsindən briqada generalı rütbəsinə yüksələn Napoleon özünü qısa müddətə 
həm istedadlı sərkərdə, həm də yaşanmaqda olan hadisələrin mürəkkəbliyindən baş çıxaran siyasətçi və dövlət 
xadimi kimi göstərə bilmişdi. Myurat, Davu, Lan və Ney kimi istedadlı fransız generalları Napoleon hərb 
məktəbinin yetirmələri idi. Cənazəsi 1840-cı ildə Parisə  gətirilmiş  və öz vəsiyyətinə  əsasən, Sena çayının 
sahillərində dəfn edilmişdi.  
Napoleonun  xarici siyasətində başlıca uğurları Roma Papası ilə razılığa gəlməsi və mühacir 
zadəganlara amnistiya verməsi olmuşdu. Napoleon 1800-cü ildə Roma Papası ilə diplomatik danışıqlara başladı 
və 1801-ci ildə onların arasında konkordat imzalandı. Sənədə görə, Napoleon katolik məzhəbini Fransanın 
dövlət dini elan edirdi, əvəzində Papa müsadirə olunmuş bütün kilsə torpaqlarını yeni sahiblərinin mülkiyyətinə 
daxil olmasını qəbul edir və onların lənətlənməsi fikrindən imtina edirdi.  
Roma Papasının dəstəyi ilə Napoleon 1802-ci ildə özünün əbədi konsul seçilməsini reallaşdırmış, 1804-
cü ilin mayında isə legitimliyi saxlamaq xatirinə Papanın razılığı ilə İmperator titulunu qəbul etmişdi. 1803-cü 
ildən etibarən Fransa pulları üzərində Napoleonun şəkilləri  əks olunurdu, onun ad günü milli bayram elan 
edilirdi. Napoleon İmperiyanın və konsulluğun sosial dayağını möhkəmləndirmək məqsədi ilə mühacir 
zadəganların amnistiya almasına imkan yaratdı. 36 min nəfər amnistiya aldı və bir çoxu öz vəzifəsinə qaytarıldı.  
Bununla belə, I Napoleonun Roma Papası ilə müttəfiqkiyi sonadək davam etmədi. Papa tədricən 
Napoleonun Avropada hegomonluq niyyətlərini məhdudlaşdırmağa çalışırdı. Buna görə də, I Napoleon 1809-cu 
ildə Roma Papasının 756-cı ildən bəri olan hakimiyyətinə son qoydu, Papa vilayətini Fransaya ilhaq etdi, bütün 
kardinalları Parisə  köçürdü, Romanı imperiyanın ikinci şəhərinə çevirdi. Cavabında Papa VII Piy Napoleonu 
kilsədən xaric elan etdi və  lənətlədi. Napoleon Papanı  əvvəlcə Qrenobla, sonra isə Savona göndərdi ki, Papa 
burada nəzarət altında yaşamalı idi. Bu vəziyyət imperiyanın sonuna qədər davam etdi. 
Konsulluq dövründən etibarən Napoleon hakimiyyətinin legitimliyini Avropa dövlətlərinə  qəbul 
etdirmək üçün həm nikah, həm də sülalə ənənələrinə müraciət etmişdi. Lakin İspaniya ilə sülalə müqaviləsini 
bərpa etmək mümkün olmadı. Əvəzində 1810-cu ildə Jozefinadan ayrılan Napoleon Avstriya şahzadəsi Mariya 
Luiza ilə evləndi və ondan qanuni varis əldə etdi.  
Napoleonun Avropa siyasəti güc və siyasətin sintezinə  əsaslanırdı. Belə ki, artıq formalaşmış 
Bonapartizmin  əsas xüsusiyyəti daxili və xarici siyasətdə inqilaba qədərki Fransanın mövqelərinin bərpa 
olunmasına yönəlmişdi. Inqilab dövründə yaranmış bir milyonluq Fransa ordusu Fransanın xarici siyasət 
uğurlarının başlıca vasitəsi idi. Məhz Napoleonun dövründə fransız respublikası öz mövcudluğunu Avropa 
dövlətlərinin hamısına qəbul etdirmişdi.  
Napoleonun xarici siyasətində  mərkəzi yerlərdən birini də antifransız koalisiyasına qarşı mübarizə 
tuturdu. Kompo Fomino sazişindən sonra Avstriya I koalisiyanın üzvləri sırasından çıxarıldı. Lakin Rusiya 
diplomatiyasının siyasi və iqtisadi yardımı  nəticəsində Avstriya çox tezliklə II koalisiyanın üzvləri sırasında 
göründü.  
Fransaya qarşı II koalisiyanın yaranması  İngiltərənin fəaliyyəti ilə bağlıdır. 1798-ci ildə Napoleonun 
Misir ekspedisiyasına göndərilməsi İngiltərənin Fransaya qarşı mübarizə planlarına ümid və reallıq gətirmişdi. 
1798-ci ilin iyunu üçün İngiltərə    Rusiya  və Avstriya ilə olduqca fəal diplomatik danışıqlar aparırdı. I 
koalisiyadan fərqli olaraq II koalisiyada İngiltərə donanmasının hərbi  əməliyyatlarda fəal iştirakı  nəzərdə 
tutulurdu.  
Müttəfiqlik sazişi  əvvəlcə  İngiltərə  və Rusiya arasında imzalandı. Sonra Avstriya, İsveç və Neapol 
krallığı bu sazişə qoşuldu.  İtalyan knyazlıqlarını sazişə daxil etməklə  İngiltərə Fransanın qüvvələrini 
parçalamağı  nəzərdə tuturdu. Bu məqsədlə  İtalyan knyazlıqlarına maliyyə yardımından və  şantajdan istifadə 
olunurdu. 
Türkiyənin II koalisiyaya qoşulması Fransız donanmasının Türkiyə üçün yaratdığı  təhlükə ilə bağlı 
olmuşdu. Lakin Türküyə  fəal hərbi  əməliyyatlarda iştirak etmədi. Koalisiya iştirakçılarının ayrı-ayrılıqda 
fəaliyyət göstərməsi və daxili ziddiyyətlərin mövcudluğu 1802-ci ildə II koalisiyanın da dağılmasına səbəb oldu.  
II koalisiyanın dağılması Napoleonun Avropa üzərində  hərbi-siyasi üstünlüyü demək idi. Bu dövrdən 


 
89
etibarən I Napoleon  Avropa hegemonluğu iddiasına düşmüşdü. 1803-1805-ci illər arasındakı dövrdə 
Napoleonun Avropadakı diplomatik uğurları  və  hərbi qələbələri yalnız  İngiltərə  və Rusiya tərəfindən etiraf 
olunmurdu. İmperiya dövrünün əvvəlindən etibarən Taleyranın məsləhəti ilə İngiltərənin Avropa kontinentindən 
təcrid olunması planı hazırlanmağa başlamışdı.  
Napoleon 1805-ci il Trafalqar döyüşündən sonra xüsusilə açıq şəkildə İngiltərəyə qarşı iqtisadi blokada 
siyasətini yeritməyə başlamışdı. Bu dövrdə Avropanın cənubu və  şimalındakı bir sıra  ərazilər Napoleon 
imperiyasının tərkibinə qatılmış  və bu imperiya 72 milyonluq əhalisi olan nəhəng bir dövlətə çevrilmişdi. 
Halbuki, Avropanın  ən böyük ölkəsi olan Rusiyanın 36 milyon nəfər  əhalisi var idi. Fransız siyasi 
xadimlərindən Syulli vaxtilə  xəbərdarlıq edirdi ki, dövlət saxlaya biləcəyindən artıq  əraziyə malik olduqda 
hökmən düşmən dövlətlərinin koalisiyası ilə üzləşir və yaranmış vəziyyətdən çıxış yolunu ancaq silah həll edir. 
Fransanın  ərazisinə 1805-ci il üçün yalnız Avstriya və Prussiya, həmçinin Avropanın  şimalındakı kiçik 
knyazlıqlar qatılmamışdı.  
Fransanın çox sürətlə La-Manş boğazına yaxınlaşması İngiltərəni ciddi şəkildə təhlükəsizlik tədbirləri 
görməyə vadar edirdi. I Napoleon məhz bu dövrdə “üç dumanlı gecə  və, 30 000-lik ordu kifayətdir ki, 
İngiltərənin taleyi həll olunsun” demişdi. Çox tezliklə İngiltərə III koalisiyanın yaradıcılarından birinə çevrildi.  
Başlıca diplomatik danışıqlar yenə aralarındakı  dərin ziddiyyətə baxmayaraq, Rusiya və  İngiltərə 
arasında gedirdi. İngiltərə yaranmış  şəraitdə Rusiyanın Cənubi Qafqaz ekspansiyası ilə barışmalı olmuşdu. 
İngilis diplomatiyası çalışırdı ki, Rusiyanın hərbi qüvvələri sürətlə öz mövqelərini dəyişərək Avropa 
sərhədlərinə keçirilsin. Rusiyanın hadisələrə müdaxiləsi xüsusilə rus sərkərdəsi A.Suvorovun 1799-cu ildə And 
dağlarından keçidi ilə əlaqədar xeyli güclənmişdi və bu Fransanın daimi narahatlıq mənbəyi idi. III koalisiyada 
Avstriya və Prussiyanın iştirakına imkan verməmək üçün Napoleon əsas diqqəti hərbi sahəyə yönəltməli 
olmuşdu.  
Yaranmış  şəraitdə ilk növbədə  İngiltərə ilə Rusiya arasında yeni koalisiyanın yaradılması ilə bağlı 
danışıqlar intensivləşdi. Rusiya diplomatiyasının səyləri ilə 1804-cü ilin mart-aprelində Danimarka və Prussiya, 
ilin sonunda isə Avstriya və  İsveçrə birgə müdafiə haqqında konvensiyalar imzalandı. 1805-ci ilin aprelində 
Peterburqda analoji konvensiya İngiltərə ilə Rusiya arasında imzalandı. 1805-ci ilin sentyabrında Türkiyə III 
koalisiyaya qoşuldu və Rusiya ilə müttəfiqlik müqaviləsi imzaladı. Səbəb Fransanın Misirə müdaxiləyə 
hazırlaşması ilə bağlı idi. Neopolitan krallığının qoşulması ilə bağlı koalisiyanın yaradılması prosesi başa çatdı. 
Koalisiya qüvvələrinin dislokasiyası I Napoleonu son dərəcə sürətli hərəkət etmək vəzifəsi qarşısında qoydu. 
Trafalqar döyüşündə (1805, oktyabr) məğlubiyyətinə baxmayaraq, Austerlis döyüşündə (1805. dekabr) 
müttəfiqləri məğlubiyyətə uğradan I Napoleon III koalisiyanı da dağıtmağa müvəffəq oldu.  
1806-cı ilin sentyabrında I Napoleona qarşı IV Koalisiya yaradıldı. Onun tərkibində Prussiya, Rusiya, 
İngiltərə və İsveç daxil idi. Avropanın şimalına doğru Fransa qoşunlarının sürətli hərəkəti nəticəsində 1806-cı il 
noyabrın 19-da Berlin tutuldu. Noyabrın 21-də Napoleon burada 2 tarixi sənəd imzaladı: 
1.  Müqəddəs Roma imperiyasının buraxılması haqqında dekret. Bu sənədə əsasən 962-ci ildə yaranan və 
tarixi  ədəbiyyata I Reyx adı ilə daxil olan imperiyaya son qoyuldu. Napoleon eyni zamanda özünü 
həmin imperiyanın varisi kimi apararaq bir sıra öhdəliklər götürdü, o xüsusi ilə parçalanmış alman 
knyazlıqları ilə bağlı idi.  
2.  Kontinental blokada siyasəti haqqında dekret imzalandı. Həmin dekretə görə, Avropa kontinentindəki 
müstəqil və yarımmüstəqil dövlətlərin hamısı İngiltərə ilə siyasi, iqtisadi və ticarət əlaqələrini kəsirdilər. 
Rusiya yalnız Tilzit sülhündən (1807, iyul) sonra həmin siyasətə qoşulmuşdu. İngiltərə mallarının əsas 
alıcıları Avropa dövlətləri idi. İngilis mahudu və kanatı Avropa dövlətlərinin hamısının hərbi bazasına 
daxil idi. Lakin Avropa tarixində qaçaqmalçılıq heç zaman 1806-1809-cu illər arasında olduğu qədər 
olmamışdı. Ona görə  də, Kontinental blokada siyasəti  İngiltərə mallarına görünməmiş yüksək qiymət 
gətirdi. Digər tərəfdən bu siyasət Rusiya tacirlərinə olduqca ağır zərbə endirirdi.  
Napoleon Rusiyanın başının cənubda hərbi  əməliyyatlara qarışmasından məharətlə istifadə edirdi. Məlum 
olduğu kimi, Avropada dramatik hadisələrin genişləndiyi dövrdə Rusiya cənubda İran (1804-1813) və Türkiyə 
(1806-1812) ilə müharibələr aparırdı, buna görə  də, Avropa siyasətində  hərbi  əməliyyatlarla yanaşı, 
diplomatiyaya da ciddi fikir verirdi.  
Aparılmış hərbi əməliyyatlardakı uğurlara, diplomatik danışıqlardakı üstünlüklərə (xüsusilə Tilsit sülhündən 
sonra) baxmayaraq, Napoleonun Avropa hegemonluğuna nail olması reallaşmadı. 1807-ci ilin sentyabrında 
imperatorların Erfrut görüşündən sonra Taleyran Rusiyaya Fransa ilə müttəfiqlik münasibətlərinə girməməyi 
tövsiyə etmiş, I Aleksandr bunu nəzərə almışdı. IV koalisiyanın hərbi əməliyyatlarda uğursuzluğunu çox tezliklə 
Rusiyanın Fransaya münasibətdə götürdüyü siyasi xətti dəyişməyə vadar etdi. Nəticələrindən asılı olmayaraq 
rus və fransız imperatorlarının Erfrut görüşü bunun siyasi təsdiqi idi. Koalisiya iştirakçılarından yalnız İngiltərə 
ona ayrılmış tale ilə barışmadı və aralarında ciddi ziddiyyətlərin olmasına baxmayaraq Rusiya ilə yaxınlaşmaq 
üçün müxtəlif faktorlardan istifadə etdi. İngiltərə Türkiyəyə  təzyiq göstərərək Cənubi Qafqazdakı  hərbi 
əməliyyatların başa çatmasında müəyyən rol oynadı.  İngiltərənin Rusiya ilə danışıqlarının başlıca məqsədi 
Rusiya hərbi qüvvələrinin pərakəndəliyini aradan qaldırmaq və onları Napoleon Fransasına qarşı yönəltmək idi.  


 
90
Yaranmış şəraitdə 1808-ci ilin sonu 1809-cu ilin əvvəllərində Fransaya qarşı V Koalisiya yarandı. Bu 
koalisiya Avstriya və  İngiltərə  hərbi-siyasi ittifaqına  əsaslanırdı. Koalisiya qüvvələri demək olar ki, hərbi 
əməliyyatlarda iştirak etmirdilər. Bu Avstriyanın ağır məğlubiyyətinin başlıca faktoru idi. 1809-cu ilin 
oktyabrında Avstriya ilə Fransa arasında Şenbun müqaviləsi imzalandı. V koalisiya dağıldı.  
Napoleon dönə-dönə qeyd edirdi ki, onun Avropa hegemonluğunun  reallaşmasına mane olan Rusiyadır 
və Rusiyanın aradan qaldırılması üçün Napoleonun siyasi tədbirləri çox tezliklə hərbi təzyiqlə əvəzləndi. 1812-
ci ilin yazı üçün Rusiya sərhədinə Fransanın 640 min nəfərlik ordusu toplaşmışdı. Halbuki, Rusiyanın hərbi 
qüvvələri I Aleksandrın komandanlığı altında 3 hissəyə parçalanmış  və Rusiyanın qərb sərhədləri boyunca 
səpələnişdi. Rus ordusunun Baş  qərargahına  şotland mənşəli Barklay de Tolli başçılıq edirdi. General 
A.R.Tormasovun ordusu cənub cinahda idi. General Rumyantsevin ordusu isə  şimaldan Fransaya qarşı  əks 
cəbhədə yerləşmişdi. Hətta rus qoşunları vahid cəbhədə yerləşsəydi belə, cəmi 230-240 min nəfərlik heyətə 
malik idi ki, bu da Napoleonun qüvvələri ilə müqayisədə olduqca az idi.  
Napoleonun Rusiyaya yürüşü 1812-ci ilin iyun-dekabr aylarını əhatə edir.  
İyulun 24-də Neman çayını keçən fransız qoşunları böyük qələbələr  əldə etsələr də üç cəbhəyə 
bölünmüş rus ordusunun M.İ.Kutuzovun rəhbərliyi altında birləşdirilməsinə mane ola bilmədilər. Borodino 
döyüşündən sonra rus qoşunlarının əks hücumu başladı. Tədricən I Napoleonun müttəfiqləri ondan uzaqlaşmağa 
başladılar.  
1812-ci il dekabrın sonuna qədər davam edən döyüş  əməliyyatlarından sonra Napoleonun  Avropa 
cahangirliyinə meydan verən ordusundan cəmi 3000 nəfərlik dəstə Berezna çayını keçərək Fransaya qayıda bilir. 
Napoleon ordusunun Rusiyada məğlubiyyəti bütün Avropada mili-azadlıq hərəkatına təkan verdi. 
M.İ.Kutuzovun rus ordusuna komandanlığından sonra Borodino döyüşündə Rusiya qüvvələri ilə Fransa 
qüvvələri arasında tarazlıq yarandı  və Rusiya Napoleon Fransasına qarşı yeni koalisiyaya rəhbərliyi öz əlinə 
götürdü. Rusiyanın Avropa yürüşünün başlanmasından sonra ilk növbədə Prussiya hərbi  əməliyyatların 
iştirakçısına çevrildi. 1813-cü ilin yanvar-fevralı üçün Rusiya yeni antifransız koalisiyasının təşkilatçısına 
çevrildi, VI koalisiya yaradıldı. Onun tərkibinə  İngiltərə, Rusiya, İsveç, Avstriya, Prussiya, İspaniya və 
Portuqaliya daxil idilər. Bu zaman koalisiyanı yaratmaqla Rusiya iki məqsəd güdürdü: 
−  Napoleon ilə mübarizəni sona çatdırmaq üçün hərbi qüvvələrin mərkəzləşməsi və vahid idarəçiliyə 
nail olmaq; 
−  Napoleon  ilə Avropa dövlətlərindən hər hansı biri arasında separat danışıqların və sülhün 
bağlanmasına imkan verməmək. 
I Aleksandr hər iki məqsədin reallaşması üçün Varşavada liderlərin görüşünün keçirilməsini 
planlaşdırırdı. Lakin M.İ.Kutuzovun vəfat etməsi onun planlarını  dəyişdi. I Aleksandr şərt kimi I Napoleonla 
danışıqlara başlamamağı Prussiyanın, Avstriyanın və  İngiltərənin nümayəndələrinə çatdırmışdı. 1814-cü ilin 
martında Fransaya qarşı qüvvələri vahid komandanlıqda birləşdirmək üçün  tərkibinə İngiltərə, Rusiya, İsveç, 
Prussiya,  İspaniya, Portuqaliya və Avstriyanın daxil olduğu  Şamon ittifaqı yaradıldı. Bu ittifaqı Rusiyanın 
əvvəldə qeyd etdiyimiz niyyətləri şərtləndirirdi. Məhz Şamon ittifaqı Napoleona qarşı mübarizəni sona çatdırdı. 
1814-cü il martın 31-də müttəfiq qoşunları Parisə daxil oldu. Fransanın cənubunda Napoleon əsir götürüldü və 
Elba adasına sürgün edildi.  
1814-cü il mayın 30-da Fransa ilə I Paris sülh müqaviləsi imzalandı. Müqavilə Fransaya heç bir ağır şərt 
qoymurdu. Müttəfiqlər gözləmə mövqeyi tutaraq Fransada təkrar qisasçılığın baş qaldırmasının qarşısını almaq 
istəyirdilər. Lakin koalisiyanın təntənəsi uzun sürmədi. 1815-ci il martın 1-də Napoleon Elba adasını tərk edərək 
Fransada görünür və hakimiyyətini bərpa edərək müttəfiqlərlə son döyüşə hazırlaşır. Napoleonun aşkarladığı 
1815-ci il 3 yanvar gizli sazişi də müttəfiqlərin arasını vura bilmir. 1815-ci il iyunun baş vermiş Vaterloo 
döyüşündə Napoleon əsir götürülür və Müqəddəs Yelena adasına sürgün olunur. I Paris sülhünün şərtləri 
Fransanın zərərinə olaraq II Paris sülhü ilə  ağırlaşdırılır, ölkənin üzərinə 700 min frank təzminat qoyulur və 
ciddi nəzarət rejimi yaradılır. 
Müharibənin nəticələrinin aradan qaldırılması  və onun «bəhrələrinin» bölüşdürülməsi üçün Vyanada 
beynəlxalq konqres çağırılır. Vyana konqresinin qərarları Avropanın ictimai-siyasi həyatında silinməz izlər 
qoymuşdur. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin