Рашид ад-Дин Фазлуллах. Сборник летописей. М.-Л., 1946-1960, т.1-3.
Рахмани А.А.Тарихи алем арай-и Аббаси как источник по истории Азербайджана. Баку, 1960.
Рящмани Я. Абди бяй Ширази. Бакы, 1970.
15. Садр ад-дин Али ал-Хусайни. Ахбар ад-даулат ас-сельджукские. М., 1980.
16. Шарашанидзе З.М.«Ма’асер-е Солтанийе" (Подвиг царей) как источник по истории Закавказья. Источниковедческие разыскания. Тбилиси, 1982.
17. Эфендиев О.А. Китаб-и Дийарбакрийа Абу Бакра Тихрани как исторический источник. Источниковедческие разыскания. Тбилиси, 1982.
18. Эфендиев О.А. «Всеобщая история» Хафиза Абру как источник по истории Закавказья первой четверти XV в. Источниковедческие разыскания. Тбилиси, 1979.
Osmanlı yazılı mənbələri
Müasir dövrümüzün irili xurdalı 38 dövlətini uzun müddət hakimiyyəti altında birləşdirmiş Osmanlı imperiyası 600 ildən çox bir müddət ərzində mövcud olmuşdur. Bu tarixi dövr ərzində imperiya ərazisində baş vermiş hadisələr, tarixi reallıq və gerçəkliklər Osmanlı alimləri tərəfindən tərtib edilmiş səfərnamələrdə (səyyahətlər haqqında kitab), zəfərnamələrədə (qələbələr şərəfinə yazılmış əsərlər), və fəthnamələrdə (işğallar haqqında əsərlər) əks etdirilmişdir. Dövrümüzə qədər gəlib çatmış, Qafqaz və eləcə də Azərbaycan tarixinə həsr edilmiş bütün klassik feodaldizm dövrü osmanlı mənbələrinin əks etdirdikləri informasiyanı xarakterinə görə iki yerə ayırmaq olar: 1) təsviri xarakterli narrativ əsərlər, salnamə və xronikalar; 2) osmanlı dəftərləri adlandırılan sənədli mənbələr.
Osmanlı təsviri materialları, salnamə və xronikaları əsasən dövrün ən maraqlı və əhəmiyyətli problemlərinə, yəni Osmanlı sultanlarının apardığı işğalçı müharibələrə, hərbi toqquşmalara və siyasi proseslərə həsr edilmişdir. Strukturuna görə osmanlı salnamə və xronikaları ərəb və fars tarixi məktəb nümunələrindən bir o qədər fərqlənmir, hətta eyni adlara (Cami ət-tavarix, Ümdəd əl-əxbar və s.) malik idilər. Bu əsərlər giriş, hissə, fəsil (bab), bölmə və nəticədən ibarət idi. Osmanlı narrativ mənbələrində giriş mühüm əhəmiyyət kəsb edir və müəllifin özü haqqındla qiymətli materiallar verirdi. Girişdə müəllif eyni zamanda əsərin yazılma səbəblərini də açıqlayırdı. Adətən osmanlı narrativ mənbələrinin birinci hissəsi qədim dövrləri əhatə edir və əfsanəvi tarixin təsviri ilə tamamlanırdı. İkinci hissə islama qədərki dövlətlərin tarixi və Məhəmmədə qədərki peyğəmbərlərin həyatını əhatə edirdi. Üçüncü hissədə müəlliflər Məhəmmədin həyatı və yeni dinin yaranması haqqında informasiya verirdilər. Dördüncü hissədə isə ilk dörd xəlifənin, Həsən və Hüseynin həyatı əks olunurdu. Osmanlı təsviri mənbələrinin beşinci hissəsi adətən qüdrətli müsəlman dövlətlərinin tarixini əks etdirirdi. Osmanlı müəllifləri bu hissəyə 50-yə yaxın müsəlman dövlət və sülalələrin tarixini daxil edirdilər. Osmanlı mənbələrinin sonuncu, altıncı hissəsi isə bilavasitə Osmanlı imperiyasının tarixinə həsr edilirdi. Bu struktur demək olar ki, uzun müddət dəyişilməz qalmış və osmanlı tarixi məktəb nümunələrini xarakterizə edən xüsusiyyətlərdən birinə çevrilmişdir. Yalnız XVII əsrdən başlayaraq, osmanlı alimləri əsərlərinin sturkturunda kiçik dəyişikliklər etməyə başlayırlar. Bu dəyişikliklər, ilk növbədə əsərlərə yeni elmi kəşflərin, qeyri-müsəlman dövlət və sülalələr, antik imperiyalar, erkən orta əsr feodal dövlətləri haqqında informasiyanın daxil edilməsi ilə bağlı idi.
Xronoloji cəhətdən dövrümüzə gəlib çatmış ilk osmanlı təsviri nümunəsinin müəllifi XV-XVI əsrlərdə yaşamış Dursun bəydir. Onun «Tarixi Əbül Fəth» adlı əsəri də məhz yaşadığı dövrün tarixi hadisələrini əks etdirir. Əsərdə Mehmet Fateh ilə Ağqoyunlu hökmdarı Uzun Həsən arasındakı siyasi münaqişə və hərbi toqquşmalar əks etdirilir.
Bidlisli Şükrünün və Mustafa Cəlalzadənin «Səlimnamə» adlı əsərlərində isə Osmanlı-Səfəvi toqquşmaları, Çaldıran döyüşü, sultan Yavuzun Azərbaycana, sultan Səlimin «Əcəmə yürüşü» əks etdirilir. Xoca Sadəddin Əfəndinin «Tacut tavarix» əsəri bir qədər geniş dövrü əhatə edir. Əsərdə XIII–XVI əsrin birinci rübündə baş verən hadisələr təsvir olunur. Mehmet Fatehlə Uzun Həsən arasında baş vermiş 1473-cü il Otluqbeli döyüşü və sultan Səlimlə şah İsmayıl arasında 1514-cü ildə baş vermiş Çaldıran döyüşü əsərdə xüsusi rəngarəngliklə təsvir edilmişdir. XVI əsrin müəllifi Mustafa Əli Əfəndi osmanlı tarixi məktəbində xüsusi yeri olan alimlərdəndir. Onun «Gülxül əxbar» adlı əsəri strukturuna görə digər narrativ mənbələrdən fərqlənir. Alim əsərinin birinci hissəsinə ilk dəfə olaraq, dünyanın coğrafi təsvirini daxil etmişdir. Onun əsərlərinə ictimai-siyasi, hərbi tarixdən başqa sosial-iqtisadi problemlərə, şəhər həyatı, yerli hakimlərin tarixinə aid maraqlı və qiymətli məlumatlar daxil edilmişdi. Məsələn, adı çəkilən əsərdə müəllif Şirvanın tarixini, Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarının fəaliyyətini, şah İsmayılın həyatını təsvir edir. Mustafa Əli Əfəndinin «Nüsrətnamə» və «Fürsətnamə» adlı əsərlərində osmanlı işğalları, xüsusilə də Sənan Ciğalzadənin Qafqaz yürüşü əks olunmuşdur.
XVI əsr müəllifi İbrahim Rəhimzadə bir neçə əsərin müəllifi olmuşdur. Onun «Zəfənrnameyi sultan Murad Sales» adlı əsərində dövrün siyasi hadisələri əks olunur. «Gənceyi-fəthi Gəncə», «Qönçeyi-baği Murad» adlı əsərləri isə Osmanlı sultanlarının şərq yürüşünə həsr olunmuşdur. «Tarixi Cövrü» əsərinin müəllifi Cövrü Çələbi III sultan Muradın Qafqaz yürüşünü təsvir etmişdir. XVII əsr müəllifi Mehmet Qüdsi Ramazanzadə «Dünyanın güzgüsü» adlı əsərində Osmanlı imperiyasının və dövrünün əhəmiyyətli hadisələrinin təsvirindən sonra dünyanın müxtəlif ölkələri, xalqları, onların adət-ənənələri, mədəniyyəti, dili haqqında maraqlı məlumatlar verir. Osmanlı narrativ əsərlərinin strukturunda edilən bu dəyişikliklər sonralar XVII əsrin digər müəllifi Xəzərfən tərəfindən istifadə edilmiş və «Tənqih ət tavarix» əsərində Roma imperiyasının, Bizans, Çin tarixinin təsviri verilmiş, sonra isə Amerikanın kəşfi haqqında məlumat daxil edilmişdir. Qeyd etmək lazımdır ki, məhz bu dövrdən türkdilli xalqların mənşəyi və geneologiyasına olan maraq daha da artmışdır. Bu mövzuya həsr olunmuş ən möhtəşəm əsər isə XVII əsrdə yaşamış Xivə xanı Əbül Qazinin qələminə məxsusdur. Onun özbək dilində yazılmış «Şəcərey-i türk» adlı əsərinin sonuncu fəsilləri xüsusi maraq doğurur. Əsər ilk dəfə rus dilinə 1906-ci ildə Q.S.Sabluks tərəfindən tərcümə olunmuşdu.
XVIII əsrin görkəmli nümayəndələrindən mənşəcə macar olan İbrahim Peçevinin «Tarix» adlı əsəri də diqqətəlayiqdir. İki əsrlik bir dövrü əhatə edən bu əsər kompilyativ xarakter daşıyır.
Osmanlı təsviri mənbələri içərisində tarixi, siyasi və hərbi məsələlərə həsr olunmuş əsərlərdən başqa coğrafi xarakterli yazılara da rast gəlinir. Onların ən məşhuru sözsüz ki, Evliyə Çələbinin qələminə məxsus «Səyyahın tarixi» adlı əsəridir. XVII əsr ərzində iki dəfə Cənubi Qafqazda olmuş Evliyə Çələbi bu ərazilərin coğrafiyasını olduqca diqqətlə öyrənmiş və maraqlı məlumatlarla zəngin bir əsər yaratmışdı. Əsərdə Qafqazın yaşayış məntəqələri, sosial-iqtisadi durumu, tarixi, mədəniyyət abidələri, adətləri, və s. haqqında qiymətli materiallar vardır. Qədim Azərbaycan şəhərlərindən Qarabağlar, Təbriz və Bakının təsvirini verən müəllif bu yerlər haqqında geniş məlumata malik olduğunu nümayiş etdirir.
Osmanlı təsviri mənbələri içərisində özünəməxsus yerə malik osmanlı xronikaları əsasən hərbi və siyasi tarixi əks etdirir. Bunların içərisində dövrümüzə qədər gəlib çatmış Gürcüzadənin «Tbilisi şəhərinin işğalı tarixi» və Mustafa Kəmani Ağanın «İrəvan şəhərinin işğalı tarixi» adlı əsərləridir. Adları çəkilən əsərlərdə XVIII əsrin əvvəllərində baş vermiş hadisələrdən, yəni Cənubi Qafqazın Osmanlı ordusu tərəfindən işğalı və bu ərazidə Osmanlı idarə üsulunun tətbiqi məsələsindən, eləcə də Qafqaz xalqlarının osmanlı işğalçılarına qarşı təşkil olunmuş müqavimət hərəkatından danışılır. Müəlliflər Osmanlı sərkərdələrinin yürüşləri zamanı Qafqaz əhalisinin bir cəbhədə vuruşduğunu, azərbaycanlı, gürcü və ermənilərin osmanlılara qarşı birgə mübarizəsini əks etdirir. Mustafa Kəmani Ağanın əsərində İrəvan qalasının alınması və erməni-qızılbaş əlaqələri xüsusilə geniş təsvir edilir.
Osmanlı tarixi mənbələrinin digər qrupunu qeyd edildiyi kimi sənədli materiallar təşkil edir. Bu materiallar sosial-iqtisadi tarixin öyrənilməsi üçün əvəzedilməz əhəmiyyətə malikdirlər. Osmanlı dəftərləri adlandırılan bu mənbələr dövlət, inzibati və maliyyə orqanlarının qeyd, sərəncam, qərar və aktlarından ibarət kitablarıdır. Məzmun və tərtib olunma xüsusiyyətlərinə görə bu sənədlər bir neçə qrupa bölünürlər: 1) Osmanlı sultanlarının xarici dövlət başçıları ilə yazışmasından, beynəlxalq müqavilə və aktlardan ibarət olanlar. Onlar «nameyi-humayun» dəftərləri adlandırılır; 2) sultan tərəfindən verilən mühüm sərəncamların qeydiyyat kitabçası olan «mühüm dəftərlər»; 3) sənədlərin nüsxəsindən, daxil olan və göndərilən materialların qeydiyyatından ibarət «kuyudat dəftərləri»; 3) əhalinin siyahıyaalınmasını əks etdirən «təhrir dəftərləri»; 4) gəlirlərin əks olunduğu «varidad dəftərləri»; 5) maliyyə hesabatlarından ibarət «mühasibə dəftərləri»; 6) yanıçar korpusunun fəaliyyətini əks etdirən dəftərlər və s. Qeyd etmək lazımdır ki, dövlət dəftərxanasının maliyyə qulluqçuları tərəfindən hazırlandığı və iqtisadi əhəmiyyətli olduğu üçün bu dəftərlər ilk növbədə dəqiqliyi və obyektivliyi ilə seçilirlər. Osmanlı dəftərlərinin iki növü - geniş və qısa, məlumdur. Bu dəftərlər hazırlanarkən tədqiq olunan ərazilərdə hər bir evin (xanə) sosial-iqtisadi durumu müəyyənləşdirilir, əldə edilən məlumatlar ümumiləşdirilir və bunun əsasında vergi siyasətinin istiqamətləri hazırlanılırdı. Dəftərlər qanunnamə ilə başlanır və iki nüsxədə tərtib olunurdular. Dəftərin birinci nüsxəsi divanda saxlanılır, ikinci nüsxəsi isə nəzərdə tutulmuş bölgəyə göndərilirdi. Qafqazın XVI-XVIII əsr sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edən bu mənbələrdə səfəvi-osmanlı müharibələrindən sonra yaranmış vəziyyət hərtərəfli əks olunmuşdur. Məsələn, «1727-ci il Gəncə şəhərinin geniş dəftəri» və «1727-ci il Naxçıvan sancaqlığının geniş dəftəri» adlı mənbələrdə qeyd olunan inzibati vahidlərin dəqiq coğrafi sərhədləri, əhalisinin sayı və etnik tərkibi, inzibati bölgüsü, əhalisinin sosial-iqtisadi durumu, məşğuliyyəti haqqında qiymətli məlumatlar əks olunmuşdur.
Beləliklə, osmanlı təsviri və sənədli mənbələri bütövlükdə səfəvi-osmanlı müharibələri dövrünü əhatə edərək, dövrün ictimai-siyasi və sosial-iqtisadi durumunu müəyyənləşdirmək üçün böyük əhəmiyyətə malikdirlər. Bu mənbələrin demək olar ki, böyük əksəriyyəti dəqiqliyi və obyektivliyi ilə seçilir. Bu mənbələrin müəllifləri çox zaman təsvir etdikləri hadisələrin şahidi və ya bilavasitə iştirakçısı olmuşlar. Səfəvilərin siyasi rəqibi olan osmanlı mənbələrinin çatışmayan cəhəti kimi onların siyasi oriyentasiyası göstərilə bilər.