Ядябиййат сийащысы
Гусейнов Р. Сирийские источники XII-XIII вв. об Азербайджане. Баку, 1960.
История Мар Ябалахи III и Раббан Саумы. М., 1958.
Пигулевская Н.В. Сирийские источники по истории народов СССР. М.-Л., 1941.
Orta əsr ərəbdilli mənbələr
İslam tarixi məktəbi 500 ilə yaxın bir dövr ərzində yaradılmış klassik filologiya və tarix elmi nailiyyətlərini əhatə edir. Bu məktəbin fəaliyyətinin əsas xüsusiyyətini tarixin obyekt və konsepsiyasının müsəlman dini nöqteyi-nəzərindən şərh olunması təşkil edir. “Tarix” ərəb dilində “zaman”, “era” kimi tərcümə olunsa da, erkən müsəlman tarixi ədəbiyyatında bu terminin müxtəlif izahları mövcud olmuşdur. Məs., İbn Xəldun tarixin “xüsusi dövr və ya tayfanın xüsusiyyətlərini açıqlayan hadisələr”, Əl-Məqrizi “dünyada nə vaxtsa baş vermiş hadisələr haqqında məlumat verən elm» olduğunu qeyd edirdilər (1).
Müsəlman tarixşünaslığının əsasını qoymuş ərəb dünyasının islamdan əvvəlki tarixi baxışları və tarixi təfəkkürü haqqında fikir yürütmək mənbə çatışmamazlığı üzündən olduqca çətindir. Qədim yunan və roma tarixi nümunələrində olduğu kimi islama qədərki ərəb tarixi ədəbiyyatında da ayrı-ayrı şəxslərin və tarixi hadisələrin, xüsusilə də hərbi döyüşlərin təsvirinə xüsusi diqqət verilirdi. Erkən ərəb tarixi ədəbiyyatı nümunələrinin tədqiqatçısı V.Qaskelin fikrincə təsviri xarakterli ərəb tarixi mənbələri eramızın üçüncü əsrindən tez olmayaraq, yaranmışdır. Bu abidələr ərəb tarixi ədəbiyyatının inkişafında o qədər də dərin iz buraxmasalar da, onların yaradılma texnikası və forması müsəlman tarixşünaslığının formalaşmasına müəyyən təsir göstərmişdir.
Müsəlman tarixşünaslığının yaranması sözsüz ki, ilk növbədə islamın banisi Məhəmməd peyğəmbərin adı ilə bağlıdır. Xristian və yəhudi tarixi görüşünə görə insan bu dünyada heç nədən yaranmır və öz-özünə mövcud olmurdu. İnsan müəyyən tarixi konteksdə yaşayır, onun tarixi isə ondan çox-çox əvvəl yaranmış dünya ilə başlanır. Məhəmməd peyğəmbərin dünyagörüşünün formalaşması onun xristian və yəhudi dini fəlsəfəsi ilə tanışlığı əsasında baş vermişdir. İslama qədərki dinlərin formalaşdırdığı tarixi konstruksiyaya dəyişiklik gətirən Məhəmməd peyğəmbər ilk növbədə dünyanın gələcəyini Məşhər günü ilə müəyyənləşdirmiş, əslində bu qüdrətli günün gələcək tarixin müəyyən edilmiş və məlum hadisəsi olmasını vurğulamışdı.
Əlverişli tarixi şəraitdən istifadə edən ərəblər hərbi şücayətləri və islamın köməyi ilə çox qısa bir müddətdə dünyanın intellektual sərvətini özündə birləşdirən əraziləri nəzarət altına alaraq, bu sərvəti mənimsəməyə başladılar. Yunan, Suriya, Hindistan və digər qədim sivilizasiyaların elmi və dini ədəbiyyatının ərəb təfəkkürü süzgəcindən keçirilərək, ərəb dilinə tərcüməsi ərəb xilafatında yeni elmi ideologiyanın, dövlət idarəçliyinin, iqtisadi sistemin formalaşadırılmasına yardımçı oldu. Bütün bu səylər nəticəsində artıq IX əsrdə müstəqil islam sivilizasiyasının formalaşması başa çatdı.
Ümumiyyətlə, ərəb alimləri çox zaman tarixi sərbəst bir elm sahəsi kimi qəbul etməyərək, ona praktik elm kimi yanaşmışdılar. Bu praktik elm ərəb elmi dünyasında oxuma və yazma, qrammatika, iqtisadi hesablama, əlkimya, bioqrafiya, tarix və s. əhatə edirdi. X əsrin ortalarında yaşamış və Abu Zəyd əl-Bəlhinin şagirdi hesab edilən İbn Fəriqun tərəfindən tərtib edilmiş “Cavami əl-Ulum” əsərində tarix müdrüklük kimi xarakterizə edilərək, onun nadir, unikal hadisələr məs., daşqınlar, zəlzələlər, epidemiyalar, aclıqlar, əsasında yazıldığı vurğulanırdı.
Sonrakı əsr tarix elminin inkişafı onu teologiyanın xidmətində saxlamağa cəhd göstərən din xadimləri ilə mübarizədə keçmişdir. Məhz bu dövrlərdə müsəlman tarixi məktəbi tarixi informasiya, tarixi məlumat haqqında fikirlərini formalaşdırmağa başlayır. Müsəlman tarixi məktəbi artıq tarixi məlumatı və tarixi tədqiqatı ehtimallar kimi deyil, faktik informasiya (xəbər) kimi qiymətləndirir, tarixin yaradıcısı isə məlumatları toplayan (cami) adlandırılırdı. Bütün bunlara baxmayaraq, tarix müsəlman ali təhsilinin bir hissəsi kimi qəbul olunmurdu. Məhz buna görə tarix nə yunan elminin tədqiq edildiyi mühitdə, nə də müsəlman dini təhsilinin formal sistemində akademik elm sayılmamışdır. Sübutun kifayət qədər tam olmaması, yəni tarixi informasiyanın obyektivliyinə inamsızlıq, İslamın mövcud olduğu hər bir mühitdə tarixin tədris planına salınmaması üçün kifayət etmişdir. Məhəmməd pyğəmbərin bioqrafiyası bu sahədə öyrənilsə də, tarixi ədəbiyyat və mənbələrə istinad demək olar ki, nadir hal sayılırdı.
Müsəlman dini məktəbinin tarix elmini diqqətdən kənarda qoymasına baxmayaraq, əslində tarix müsəlman təhsilinin özəyində duran elmlərdən biri idi. Ərəb xilafatının sülalə kitabxanası minlərlə tarixi kitabla zəngin idi. Tarixi mənbələrin verdiyi məlumata görə Misir Fatimilər sülaləsinin iki milyon cilddən ibarət kitabxanasında təkcə Ət-Təbərinin “Tarix”inin 1220 əlyazması mövcud idi (2).
Ərəb xilafatı xəlifələrinin və şahzadələrinin tarixə olan marağı və hörməti dövlət idarəetmə aparatı işçilərinin, rəsmi nümayəndələrin, tələbələrin də bu sahəyə olan marağının artmasına səbəb olmuşdu. Dövlət məmurlarının keçmişi bilməsinin eyni zamanda praktiki əhəmiyyəti var idi. Belə ki, bu biliklər dövlət idarəçiliyində və işğal olunmuş ərazilərin idarə olunmasında istifadə olunurdu. Dövlət məmurları ən azı üç tarixi – Bizans, Fars və müsəlman tarixini bilməli idilər.
Tarixin yazılmasında müsəlman tarixi məktəbinin nümayəndələri əsasən sələflərinə və müasiri olduqları hadisələrin şərhinə əsaslanırdılar. Erkən müsəlman tarixi məktəbi heç zaman tarixə təbliğat aləti kimi baxmamışdı. Din xadimləri və teologiya mütəxəssisləri tarixi yazanları istifadə etdikləri mənbələrin məlumatlarına tənqidi yanaşmağa və məlumatların obyektivliyini yoxlamağa çağırırdılar. Lakin xaç yürüşləri zamanı tarixçilər öz şahlarının xidmətində duraraq, onların siyasi maraqlarına xidmət etməyə başlayırlar. Məhz bu dövrdən müsəlman tarixşünaslığında hadisələrin siyasi mühakiməsinə cəhdlər edilir.
Müsəlman tarixi abidələrinin ən erkən nümunələri döyüşləri təsvir edən hekayələrdən o qədər də fərqlənmirdi. Bunlar əsasən bir neçə səhifədən ibarət konkret hadisələrə həsr olunmuş təsvirlər idi. Bu nümunələr “xəbər”(əxbar) adlanırdı. Bir qədər geniş həcmli tarixi nümunələrdə isə “xəbər” başlıq mənasında işlənirdi. Bundan başqa tarixi əsərləri “əmr”, “hədis” də adlandırırdılar. Məs., XV əsr müəllifi Əs-Sahəvinin “İlan” əsərində “tarix” termininin linqvistik və texniki araşdırılması verilir. Müəllifin fikrincə linqvistik cəhətdən “tarix” “zamanla əlaqəsi olan informasiya” mənasını verir. Texniki termin kimi isə “tarix” müəyyən hadisələrin həyata keçirilməsi üçün zəruri olan şəraitin yaradılmasına xidmət edən zamanın müəyənləşdirilməsi deməkdir (3).
Müsəlman tarixi məktəbində ilk annal nümunəsi yaradan böyük tarixçi ət-Təbəri olmuşdur. Onun “Tarix”i ilk dəfə olaraq, X əsrin birinci on illiyində yaradılaraq, 914-15-ci illəri əhatə emişdi. Lakin ət-Təbərinin kitabının həcmi belə bir mülahizə yürütməyə imkan verir ki, ondan öncə də müsəlman tarixi məktəbində annal tipli əsərlər mövcud olmuşdur. Ət-Təbəridən bir neçə on il əvvəl yaşamış Əbu İsa bin əl-Münəccim yəhudi-xristian stilində yazılan xronoloji tarixi əsərləri analiz edərək, özünün “Dünyanın tarixi” adlı əsərini yaratmışdır. Lakin çox güman ki, bu əsər müsəlman tarixşünaslığına aid deyil. Ondan başqa daha bir neçə tarixi əsərlər mövcud olmuşdur ki, onlarda xronoloji üsluba riayət edilib-edilməməsini söyləmək olduqca çətindir. Klassik yunan tarixi ədəbiyyatının heç bir nümunəsinin ərəb dilinə tərcümə olunmamasını nəzərə alaraq, qeyd edə bilərik ki, bu sahədə müsəlman tarixşünaslığı ilk növbədə suryani mənbələrə istinad etmişdir. Suryani mənbələr içərisində annal tipli bir neçə fundamental tarixi abidə mövcuddur. Bunların içərisində VI əsrdə yaradılmış Edessa xronikasını, VII əsr abidəsi olan Edessali Yakovun tarixi əsərini misal gətirmək olar. Bu tipli əsərlərin hamısında zəlzələlərə, yolxucu xəstəliklərə, aclığa, təbii fəlakətlərə xüsusi diqqət verilirdi. Məhz buna görə ehtimal etmək olar ki, müsəlman tarixi məktəbinə annal tipli abidələr yunan-suryani tarixi ədəbiyyat vasitəsilə gəlmişdir. Müsəlman tarixi məktəbinin dahiləri sayılan ət-Təbəri, əl-Yəqubi və Abu l- Fida xristian ərəb müəllifi Harun bin-Əzzurun əsərindən çox güman ki, istifadə etmişdilər. Sonrakı nəsl müsəlman tarixi məktəb nümayəndələrinin əsərlərində isə Yevsevinin və ondan sonra yaşamış Andronikusun “Bizansın qısa tarixi”, Nisibisli Yeliazarın “Xronika” adlı əsərlərinə istinadlara daha tez-tez rast gəlinir. Ümumiyyətlə, keçmiş tarixi yazan alimlər istər- istəməz keçmiş və xarici alimlərin yazılarına istinad etməli olurdular. Məhz bu baxımdan müsəlman tarixşünaslığı da büdpərəst yunan və erkən xristian roma tarixi məktəbi nümunələrini araşdırmış, onlarla yaxından tanış olaraq, onların məlumatlarını istifadə etmişdir. Bununla belə qeyd etmək lazımdır ki, müsəlman tarixinə sözsüz ki, heç bir təsir göstərməmiş və antik tarixin tamamlanmış tərcüməsini təşkil edən yeganə əsər kimi Orosiusun “Adversus paganos” adlı əsəri qeyd olunmalıdır. Bu əsərin surəti təxminən 948-949-cu illərdə Roma imperatoru (çox güman ki, Konstantin) tərəfindən İspaniyaya Abd ər Rəhman ən-Nəsirə göndərilmişdir. Bu əsərində Orosius özündən əvvəl yazmış tarixçilərin, xüsusilə də İbn Xəldun və əl-Məğrizinin əsərlərindən istifadə etmişdir.
Müsəlman tarixi ədəbiyyatının inkişafı müxtəlif tarixi yazı tiplərinin sintezi nəticəsində baş vermişdir. Bu tiplərin biri geneologiyadır. Geneologiyaya olan maraq tarixi yazının yaranmasından əvvəl formalaşmışdır. Ərəb dünyasının ictimai maraqları, Qureyşilərin Əlinin ailəsi ilə bağlı sektant maraqları, və nəhayət, hər bir ərəb tayfasının öz nəsli ilə fəxr etməsi bu tipli yazıların çox erkən zamanlardan inkişaf etməsinə şərait yaratmışdır. Məhz buna görə müsəlman yazılı tarixi abidələrinə geneologiyanın xüsusi təsiri olmuşdur. əl-Bəlazurinin “Kübarların geneologiyası kitabı”, İbn əl-Asirin “əl Kamil fit tarix” (Mükəmməl tarix) əsərləri geneologiyanın ciddi təsiri altında yazılmışdır. Bu cür tarixi yazılarda təsvir olunan xəlifənin və ya sülalənin üzvlərindən başqa onların etnik mənşəyi (məs., Buid, Monqol, barbar sülalələri və s.) haqqında geniş məlumat verilirdi.
Müsəlman tarixi ədəbiyyatı nümunələrinin bir növü də bioqrafiyalar idi. Bioqrafiyalar tarixi təsvirin ən qədim və geniş yayılmış növlərindən biridir. Bioqrafiyalar müsəlman tarixi məktəbinin formalaşdığı ilk dövrlərdə mühüm əhəmiyyət kəsb etmiş və müasir dövrə qədər də öz əhəmiyyətini itirməmişlər.
Müsəlman tarixşünaslığında bioqrafik xarakterli mənbələrdən başqa coğrafi informasiyanın üstünlük təşkil etdiyi əsərlər də mühüm əhəmiyyət kəsb edirdi. Müsəlman tarixçiləri coğrafi xarakterli məlumatların toplanması üçün müxtəlif ölkələrə səyahət edir, bu ölkələrin sakinləri vasitəsi ilə informasiya toplayırdılar. Məs., tarixçi-coğrafişünas əl-Yəqubi öz əsərinin elmi məlumatlarını məhz bu yolla toplamışdır. O, ölkələri gəzərək, müsəlmanlar tərəfindən işğal olunmuş ərazilərin tarixi, coğrafiyası, iqtisadi və inzibati həyatı haqqında bilikləri qeyd etmiş, sonradan isə onları öz əsərinə daxil etmişdir. Şübhəsiz ki, onun müasirləri olan alimlərin böyük əksəriyyəti istədikləri məlumatları qədim mənbələrdə tapmadıqda bu üsuldan istifadə edirdilər.
Coğrafiyanın tarixlə sıx əlaqəsinin müsəlman tarixşünaslığı nöqteyi-nəzərindən bir sıra səbələri var idi. Əvvəla, Məhəmməd peyğəmbərin bioqrafiyasına həsr olunmuş əsərlərdə verilən coğrafi məlumatlar o qədər də aydın deyildi və onların izahına ehtiyac duyulurdu. İkincisi, ərəb işğalları coğrafi biliklərin genişləndirilməsi və inkişafını tələb edirdi. Ərəb xilafatı işğal etdiyi ərazilərin coğrafi koordinatlarını dəqiqləşdirməli, onlarda olan əhalinin sayını, bu ərazilərin iqtisadi imkanlarını müəyyənləşdirməli idi. Ərəb inzibati idarə aparatının effektli fəaliyyəti, vergi sisteminin, xilafatın ayrı-ayrı hissələri arasında əlaqələrin yaradılması və s. üçün də coğrafi biliklərin inkişafı labüd idi. Nəhayət, müsəlman tarixi məktəbinin əsaslandığı dini konsepsiyalar və işğal olunmuş ərazilərdə dini mərasimlərin tam qayda ilə icra olunması zəruriliyi (namazın qılınması üçün Məkkənin istiqamətinin dünyanın istənilən nöqtəsində müəyyən eidlməsi, Həcc ziyarəti) bu biliklərin inkişafına güclü təkan verirdi. Müsəlman tarixi ədəbiyyatında dünyanın başlanğıcı ilə əlaqədar yazıların artması da tarix ilə coğrafiyanın birləşməsi və kosmoqrafik ədəbiyyatın yaranmasına şərait yaratmışdır. Kosmoqrafik ədəbiyyatın yaranması təxminən IX - X əsrin əvvəllərinə təsadüf edir.
Müsəlman tarixi məktəbində tarixi və elmi coğrafiyanı birləşdirən ilk müəllif əl-Məsudi olmuşdur. Bu üslubda yazan dahi alim əl-Yəqubinin əsərində belə tarixi və coğrafi məlumatlar ayrı-ayrılıqda təqdim olunmuşdur. əl-Məsudi isə tarixi rəvayətə keçməmişdən öncə yer üzünün formasının, şəhərlərin, diqqəti cəlb edən coğrafi fenomenlərin, okeanların, dağların, çayların, adaların, göllərin, fiziki keçidlərin və s. təsvirini verir. Əsərin «Tənbih» hissəsində müəllif ona məlum olan xristian alimlərinin tarixi kitablarından məlumat verərək, müasiri olduğu dövr üçün tarix və coğrafiyanın yüksək səviyyədə kombinasiyasından ibarət bir əsər yaratmışdır. Əsərin girişində, «Murüc» hissəsində, dünyanın başlanğıcı, kosmoqrafiya və coğrafiya haqında məlumat verən əl-Məsudi bunları islamın dini qaydasından uzaq olaraq, elmi predmet adlandırmışdır.
Fəlsəfə yəqin ki, bəşər cəmiyyətinin tarix qarşısına qoyduğu suallırın bir çoxunun həllinə effektli yardımçı olan bir sahədir. Lakin bu elm heç bir zaman müsəlman tarixi məktəbi tərəfindən lazımi səviyyədə istifadə olunmamışdır. Tarixi informasiya və materialların tarixi həqiqəti nə dərəcədə düzgün və obyektiv əks etdirməsi sualı din xadimləri və filosofları düşündürsə də, müsəlman tarixi abidələrində bu sual öz ətraflı şərhini tapmamışdır. Hələ İbn Xəldun qeyd edirdi ki, əgər tarixçi səhvdən və tarixin saxtalaşdırılmasından uzaq olmaq istəyirsə, onun iki şeyə- tarixi informasiyanı rəngarəngləşdirməyə və onu yaxşı tənqid etməyə, ehtiyacı var. Müsəlman tarixi məktəb nümayəndələrinin istifadə etdikləri tarixi informasiya və faktlara münasibəti isə ilk dövrlərdə tənqidi təhlili ilə seçilməmişdir. Bununla əlaqədar C.Bodin öz “Metod” kitabında yazırdı:”Türklər deyilənə görə keçmişə ona görə heç bir əhəmiyyət vermirdilər ki, onun (keçmişin) hər hansı bir insan tərəfindən şaiyələrə əsasən həqiqi yazılacağına inanmırdılar. Lakin onlar eyni zamanda hadisələrin müasiri olmuş insanların da yazdıqlarına etibar etmir və bu yazıların qorxu, rüşvət və ya şahzadələrə nifrətdən doğduğunu iddia edirdilər» (4).
Tarixi ədəbiyyata fəlsəfi müdriklik müsəlman tarixi məktəbinə çox güman ki, fars tarixşünaslığından keçmişdir. Bioqrafik materiallara müraciət edən fars alimləri hər zaman həyatlarını təsvir etdikləri şəxslərin müdriklüyünə fəlsəfi nöqteyi-nəzərdən yanaşırdılar. Məhz buna görə həyatın qısalığı, şöhrətin ömrünün azlığı haqqında fəlsəfi mühakimələr müsəlman tarixşünaslığında geniş şərh olunurdu. IX əsr tarix dünyasına Yunan və Hindistan tarixi fikrinin daxil olması müsəlman tarixi ədəbiyyatında fəlsəfi ideyalara geniş istinad edilməsi ilə nəticələndi. Eyni zamanda məhz bu dövrdə müsəlman ədəbiyyatında tarixi tənqid məsələlərində fəlsəfəyə xüsusi yer ayrılması cəhdləri hiss olunmağa başlayır. Məs., Sinan bin Təbibin “Tarix” adlı əsəri bioqrafik abidə nümunəsi olub, etik və siyasi məsələlər üzrə Əflatunla diskussiya şəklində təqdim olunmuşdur. Tarixlə fəlsəfənin sıx əlaqələri əl-Mutahhar bin Tahir əl- Məqdisinin “Bad va-t-tarih” (Tarixin başlanğıcı, 966-cı il) adlı əsərində daha qabarıq göstərilmişdir.
Sosial elmlər isə müsəlman ədəbiyyatına yunan iqtisadiyyatı vasitəsilə daxil olmuşdur. Yunan mənşəli ensiklopediya adlandırılan bu əsərlərin bir qismi tarixi şərh və materiallara malik idi, lakin onlarda tarixlə sosial elmlərin təhlili həyata keçirilməmişdir. Bu əsərlərdə vergi sistemi və maliyyə problemləri xüsusi əhəmiyyət kəsb edirdi. Müsəlman tarixi məktəbi nümayəndələri statistik materiallardan, iqtisadi məlumatlardan geniş istifadə edir və onları əsərlərinə daxil edirdilər. Bu əsərlərdə tarixi və sosial ideyalar vasitəsilə müsəlman iqtisadi nəzəriyyəsinin inkişaf istiqamətlərini qeyd etmək olar. Bu əsərlər içərisində xüsusi əhəmiyyət kəsb edən Qudama ibn Cəfərin “Xərac və katiblik sənəti kitabı” adlı əsəridir. Cudca Əbu Yusif, Yəhya ibn Adəmin və Əbdu Ubayd bin Salləmin əsərlərindən istifadə edən Qudama ibn Cəfər onlardan fərqli olaraq, kitabının ən böyük hissəsini müsəlman işğallarına həsr etmişdir. Bütün işğallar leqal bazaya malik müsəlman vergi sistemi ilə əsaslandırılmış və imkan daxilində işğalların qanuniliyinin sübutu kimi vergi sistemi problemlərinə həsr olunmuş yazılar misal gətirilmişdir. Qudamanın misalında vergi problemlərinin müzakirəsi tarixi materialların coğrafi və tarixi məlumatlar əsasında genişləndirilməsi cəhdi idi. Qudama öz əsərinə nəinki işğallar haqqında materiallar, hətta Ərəstun, İsgəndər, Ənuşirvan və s. haqqında informasiyanı birləşdirən tarixi məlumatları da daxil etmişdir. Əsərinə sosial və siyasi elmlərin sistematik təsvirini daxil edən Qudama eyni zamanda insan varlığının geyimə, qidaya, cinsi əlaqələrə olan ehtiyac səbəbləri, xüsusi sosial idarə orqanlarına malik şəhərlərin, pulun, əşyaların, xüsusi keyfiyyətlərə malik və xüsusi siyasət yeridən hökmdarların, siyasi məsləhət verən spesifik qrupların mövcüdluğu səbəbləri haqqında geniş mülahizələr yürütmüşdür. Qudama ibn Cəfərdən sonra bu ənənəni davam etdirən ən qüdrətli alim XIV əsrin son rübündə yaşamış İbn Xəldun olmuşdur. O, tarix elmini siyasi, sosial, fəlsəfi və iqtisadi elmlər ilə əlaqələndirməyə cəhd etmiş ilk alim idi. Bilik mənbəyinin elmlər, hüquq və tarixşünaslığın fundamental prinsipləri olduğunu qeyd edən İbn Xəldunun ən böyük xidməti siyasi və sosial ideyaların tarixlə birləşdirilməsi cəhdləri olmuşdur.
Müsəlman tarixi məktəbində mənbələrin istifadəsinin bir neçə yolları mövcud idi. Əvvəla, orta əsr müsəlman tarixi məktəbi yazılı abidələrdən başqa şifahi tarixi qalıqlara, tikililər və onların üzərində qeyd olunmuş yazılara, qədim sikkələrə, möhürlərə və s. böyük əhəmiyyət verirdi. Yazılı abidələr içərisində ərəblər təkcə ərəb dilində deyil, onlara tanış olan bütün dillərdə, və əsasən də fars dilində olan mənbələri, tədqiq edirdilər.
Bütövlükdə müsəlman tarixi nümunələrini: 1) qarışıq tarixi əsərlər, 2) incəsənət tipli əsərlər və 3) tarixi novellalar olmaqla üç qrupa bölmək olar. Öz növbəsində hər bir qrupa daxil olan yazılı ədəbiyyat nümunələri bir neçə hissəyə ayrılır. Qarışıq tipli tarixi abidələr içərisində dünya tarixinə, yerli tarixə və müasir tarixə həsr olunmuş əsərləri ayırmaq olar.
X əsrdən başlayaraq, müsəlman tarixşünaslığında üç tip dünya tarixinə rast gəlmək olar. Bunlar Bibiliya, Fars və islamaqədərki dövr tarixinin sinxronlaşıdırılmış tarixidir. Universal tarixin üç tipini özündə birləşdirən ilk əsər əl-Yəqubinin “Tarix” əsəridir. Əsərin girişini dünyanın yaranması və Bibiliya tarixi ilə başlayan müəllif, xronoloji qayda ilə peyğəmbərlərin, şahların həyatını təsvir edir. İncilin təsvirindən sonra əl-Yəqubi siyasi tarixdən mədəni tarixə keçir. Bu hissədə yunan, Hindistan və islama qədərki ərəblər haqqında məlumat verən müəllif qədim dövrün məşhur alimləri Ərəstun, Hipokrat, şərq şairləri, şahmatın yaranması və s. bu növ məlumatları xatırladır. Mümkün olduğu qədər qədim mənbələrə müraciət edən əl-Yəqubi dini ədəbiyyatdan geniş istifadə edir və xronoloji ardıcıllığa riayət edərək, müsəlman mədəniyyəti və tarixinin təsvirini verir. Müsəlman tarixində əl-Yəqubi vacib bilik sahəsi, müdriklik nümunəsi olan Əli bin Əbu Talibə xüsusi diqqət yetirir. Müəllifin istifadə etdiyi küllü miqdarda ədəbiyyat və mənbələr əsərin biblioqrafiya hissəsində qeyd edilmişdir. Peyğəmbərin həyatı və fəaliyyəti müsəlman tarixşünaslığına xas olan qayda ilə şərh edilmişdir.
Müsəlman tarixşünaslığının dünya tarixinə həsr olunmuş ikinci qüdrətli əsəri ət-Təbərinin qələminə məxsusdur. ət-Təbərinin əsəri teologiya, siyasət və hüquq elminin məlumatlarına əsaslanmışdır. Onun əsəri nəinki müasirləri, hətta gələcək nəsil tarixçiləri üçün də tarixin yazılması nümunəsi olmuşdur. Onun yaratdığı islama qədərki tarix Bibliya, ərəb və fars tarixinin sinxronlaşdırılmış təqdimi idi. Məhəmməd peyğəmbərin həyatı bu əsərdə sirah üslubunda təqdim olunmuş, xəlifələrin hökmranlığı isə ayrı-ayrı xəbərlərdə təqdim edilmişdir. Hər hansı bir il üçün mühüm əhəmiyyət kəsb edən hadisələr aid olduqları illərin təsviri hissəsinin girişində verilimişdir. ət-Təbəri əsasən xəlifələrin hökmranlığının son illərinə xüsusi diqqət yetirirdi. Təsvir etdiyi tarixi hadisələr haqqında mühakimə yürütməyən ət-Təbəri dövrünə yaxınlaşdıqca öz nöqteyi-nəzərini şərh etməyə başlayır. Əsərə daxil edilmiş “Zayl al muzayyal” adlı xüsusi hissədə ilk müsəlmanların həyatı haqqında məlumat verilir.
Müsəlman traixşünaslığının dünya tarixinə aid üçüncü fundamental əsəri əl-Məsudiyə malikdir. Müəllifin kiçik şərhinin yerləşdirildiyi “Kitab ən tənbih” hissəsində tarixi mənbələrə əsaslanaraq, verdiyi təhlil ona dünya tarixini bütövlükdə əhatə etmək imkanı vermişdir. əl-Yəqubidən fərqli olaraq, əl-Məsudi tarixin universal mədəni interpretasiyasını yaratmağa müyəssər olmuşdur. “Murüc” əsərində müəllif dünyanın yaranmasını yer üzünün təsviri ilə başlayır. İslama qədərki ərəb dünyasının mədəni nailiyyətlərindən söz açan müəllif bu hissədə X əsr ərəb dünyasına tanış olan bütün xalqlar haqqında informasiya verir. əl-Məsudinin əsərində peyğəmbərin həyat və fəaliyyətinə o qədər də geniş yer verilməmişdir. Peyğəmbərin həyatı və fəaliyyəti ciddi xronoloji qayda ilə Hicridən əvvəl və sonra olmaq şərti ilə qısa təsvir edilmişdir. Xəlifələrin tarixi onların hökmranlıq etdikləri illər üzrə şərh edilmişdir. Poetik, ədəbi və bu istiqamətdə yazılmış əsərlər müəllifin xüsusi diqqət mərkəzində olmuşdur. Əsərə bir sıra siyasi-fəlsəfi məlumatlar da daxil edilmişdir.
Əl-Yəqubi, ət-Təbəri və əl-Məsudinin əsərləri X əsr dünya tarixinə həsr olunmuş müsəlman tarixi məktəbi üçün tipik tarixi abidələr idi. Bu əsərlərdə tarixi problemlər fəlsəfi nöqteyi-nəzərdən şərh olunurdu. Fəlsəfi, teoloji və elmi mübahisələr çox zaman bu əsərlərin tarixi xüsusiyyətinə kölgə salır, onlarda islam tarixinə azacıq bir hissənin həsr edilməsinə gətirib çıxarırdı.
X əsr intellektual inkişafın nəticəsi olaraq, ismaililik fikrinin və şiəlik konsepsiyasının formalaşması bir sıra qüdrətli tarixi əsərlərin yaranmasına təkan verdi. Bu əsərlərin içərisində dini təfəkkürün inkişaf istiqamətlərini özündə daha parlaq əks etdirən fars milli filosofu Miskəveyhin qələminə məxsus “Tacarib əl- umam” ( Xalqların təcrübəsi) əsərini göstərmək olar. Bu əsərdə tarixi mənbələrdə küllü miqdarda istifadə olunmamış zəruri informasiya və məlumatların olduğunu qeyd edən müəllif xalqların təcrübəsini oxuculara misal kimi göstərməyə hazırlaşdığını qeyd edirdi. Siyasi tarixi fars şahlarının tarixi ilə başlayan ibn Miskəveyh əsəri fars imperiyasının məğlubiyyəti ilə davam etdirir. Dünya tarixinin ayrı-ayrı dövrlərinə və müxtəlif ölkə və xalqların tarixinə toxunan alim hər zaman tarixi hadisələri fars tarixi ilə bağlamağa cəhd göstərir.
Ümümiyyətlə, X əsr müsəlman tarixi məktəbinin inkişafı və püxtələşməsi bilavasitə islam dininin siyasi səhnədə hakim mövqe tutması və Abbasilər xilafatınını çiçəklənməsi ilə bağlı idi.
XIII əsrdən başlayaraq, ərəb və fars ədəbiyyatının dünya tarixinə həsr olunmuş abidələrində stabillik dövrü başlanır. Bu dövrdə islama qədərki dövrün tarixi və teoloji məlumatlar dünyanın yaranması və Bibliya tarixi ilə əlaqədar xatırlanır. Tədricən dünya tarixinə həsr olunmuş əsərlər müəyyən illərdə anadan olmuş ayrı-ayrı şəxslərin bioqrafiyasına çevrilir. Çox zaman bu əsərlər sadəcə olaraq İslamın tarixinə həsr olunurdu. Beləliklə, XII əsrin sonu XIII əsrə doğru müsəlman tarixşünaslığının dünya tarixinə həsr olunmuş əsərlərində tarixi material öz yerini tədricən dini və bioqrafik xarakterli məlumatlara vermiş olur. Universal tarixşünaslıq dünya tarixinin hərtərəfli təsvirini vermək gücünü itirmiş olur. Bu dövrdə yazılmış əsərlərdə yalnız müsəlman dünyası tarixi üstünlük təşkil edir, dünyanın qalan hissəsi isə getdikcə daha səthi və zəif işıqlandırılmağa başlanır.
Müsəlman tarixi məktəbində yerli tarixə diqqətin yaranması və inkişafı bilavasitə islamın teoloji-hüquqi təfəkküründən irəli gəlmişdir. Başqa xalq və ölkələrin tarixinə xüsusi əhəmiyyət vermək və eyni zamanda öz ölkəsinin tarixinə laqeyd münasibət orta əsr müsəlman tarixi ənənəsində tənqid olunurdu. Müsəlman dünyasının qərb hissəsində lokal dünyəvi xarakterli abidələr Məğrib və müsəlman İspaniyasının təsvirinə həsr olunmuşdur. İslamın bu hissəsinin tarixi digər hissəsinin tarixindən köklü şəkildə fərqlənir və ümumdünya tarixinin annal və sülalə tipli analogiyasını təşkil edirdi.
İranın şərqində isə bu dövrdə fars vətənpərvərliyindən irəli gələn yerli dünyəvi tarixi ədəbiyyatın çiçəklənməsi prosesi başlanmışdır. Bəlx və Xorasanın tarixi İranın ziyalıları tərəfindən mədh edilirdi. Lakin ilk dövrlərdə bu əsərlər tarixdən çox coğrafiya və mədəniyyətə aid idilər. Həmzə əl-İsfahani tərəfindən yazılan “İsfahanın tarixi” keçmiş və müasir dövrün ən mühüm tarixi hadisələrinin qeyd olunması və şərhi baxımından böyük əhəmiyyət kəsb edirdi. ən-Narşahinin “Buxaranın tarixi” əsərində isə giriş hissəsindən sonra Buxaranın tarixi, topoqrafiyası və iqtisadi həyatı əks olunmuşdur. Bu sırada Həsən bin Muhəmməd əl-Quminin qələminə məxsus “Qumun tarixi” adlı əsər qeyd oluna bilər. Fars tarixçilərinin əsərləri içərisində İbn İsfəndiyarın “Təbəristanın tarixi” adlı əsəri xüsusi maraq doğurur. Əsər tarixşünaslıqla başlayır və ayrı-ayrı siyasi şəxslərin həyatı və siyasi tarix haqqında məlumatlarla zəngindir. Dini xarakterli yerli abidələrin şərhinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, yerli dünyəvi tarixi ədəbiyyatın bir xüsusiyyəti də onların həsr olunduğu bölgə və şəhərlərin valiləri, idarə heyəti, bir sözlə rəsmi nümayəndələrinin tarixinin bu əsərlərə daxil edilməsindən ibarətdir. Məs., əs-Səlaminin “Xorasanın valisinin tarixi”, “Kufənin valisinin tarixi” və ya “əl-Kufi və əl-Bəsrənin qazisinin (sudya) tarixi” adlı əsərlər bu səpgidə yazılmış abidələrdəndir. XV əsr tarixçisi əs-Səhavinin “Tarixçilərin əks tənqidinin açıq mühakiməsi” (əl-İlan bi-tavbih li-man damma ahl ət-tavrih) adlı əsərində yerli tarixə aid əsər yazmış şəxslər içərisində bizi maraqlandıran iki müəllifin – Azərbaycandan İbn Abi l-Hayca əz-Zəvvad və Arrandan Əl-Bərdənin adı çəkilir. Qeyd etmək yerinə düşər ki, V.Minorskiyə görə 1937-ci ildə Londonda nəşr olunmuş “Nüdud əl-alam” əsərinin müəllifi Əbu l-Haycadır (5). İkinci müəllif və onun əsəri haqqında isə dövrümüzə təəssüf ki, heç bir məlumat gəlməmişdir.
Müsəlman tarixi nümunələrinin digər növünə müasir tarix və memuarları (və ya qısa bioqrafiyalar) aid etmək olar. Bu tarixi abidələr dünya və yerli tarixə həsr olunmuş tarixi yazılardan o qədər də fərqlənmirdi. Müasir dövr haqqında əsər yazan tarixçilər mütləq keçmiş tarixə müraciət edir və bu haqda qısa da olsa məlumat verirdilər. Bu məlumatlar müasir tarixi hadisələri anlamaq və dərk etmək üçün açar rolunu oynayırdı. Beləliklə, müasir tarixi əsərlərdə bir tərəfdən keçmiş tarixi məlumatlar əks olunur, digər tərəfdən isə müəllifin müasir dövr haqqında mülahizələri şərh edilirdi. Adətən bu əsərlərin yazılması hər hansı hökmranın və ya sülalənin müasir tarix üçün mühüm əhəmiyyət kəsb edən fəaliyyətinin onun bioqrafiyası baxımından şərhinə əsaslanırdı. Məs., Mahmud Qəznəvi, Səlahəddin, Sultan Süleyman haqqında yazılmış əsərlər bu səpgidədirlər. Bu əsərlərin mənbə bazasını onları yazan şəxslərin xatirələri, qeydləri və ya gündəliyi təşkil edirdi. Sözsüz ki, bu növ materiallarda əks olunan məlumatların obyektivliyi və dəqiqliyi müəyyyən suallar doğurur, lakin onlarda orta əsrlər haqqında olduqca qiymətli məlumatlar əks olunub.
Ərəb tarixi ədəbiyyatı müsəlman xalqlarının yazılı ədəbiyyatı içərisində xüsusi yerə malikdir. Bu ədəbiyyat müsəlman intellektual dünyasına olduqca güclü təsir göstərərək, müsəlman sivilizasiyasının formalaşmasında mühüm rol oynamışdır. Yarandığı VIII əsrdə Bizans, Yunan, Suriya, Hindistan, İran və Çin intellektual dünyasının və mədəniyyətinin güclü təsiri altında olmuş ərəb elmi dairəsi özünün qızıl, Abbasilər dövründə ən yüksək inkişaf nöqtəsinə çatmışdır. Xaç yürüşləri və İspan müsəlman ədəbiyyatının formalaşdığı bir dövrdə tarix müasir dövrün hadisə və faktlarının əks olunması ilə zənginləşdi. XIV-XV əsrlərdə, sosiologiyada tənqidi təhlilin və hüquqi metodologiyanın inkişaf etdiyi bir dövrdə, nəinki ərəb dilli, eyni zamanda qeyri-ərəb dilli xalqların, türk, fars və digərlərinin intellektual həyatında tarixi ədəbiyyat elmi fəaliyyətin inkişafına təkan verdi. Müsəlman tarixşünaslığı müsəlman xalqlarına keçmişi, ötən dövrlərin tarixini yadda saxlamaq, milli qüruru qorumaq imkanı verdi.
Müsəlman tarixşünaslığı qərb sivilizasiyasına da güclü təsir göstərmişdi. İlk növbədə unudulmuş yunan, Suriya elmi ədəbiyyatının tərcüməsi, astronomiya, coğrafiya və tibb sahəsində əldə edilən nailiyyətlər qərb sivilizasiyasını zənginləşdirmişdi. Qərb tarixşünaslığından fərqli olaraq, müsəlman tarixşünaslığı daha zəngin, daha dolğun, daha parlaq və çox şaxəli idi. Bu da qərb tarixşünaslığının müsəlman tarixşünaslığı ilə bəhrələnməsinə şərait yaratmışdı.
Dünya uzun müddət öz tarixini müsəlman tarixi məktəbinə məxsus yazılı abidələr vasitəsilə bərpa etmişdir. Bu cəhətdən Qafqaz və o cümlədən Azərbaycan tarixi də istisna deyil. Belə ki, ərəbdilli mənbələr Qafqazın və eləcə də Azərbaycanın bir neçə əsr tarixinin (təx.VII-XV əsrlər) bərpasında misilsiz əhəmiyyətə malikdirlər. Qafqaz tarixinin müxtəlif mərhələ və problemlərini əhatə edən müsəlman tarixi mənbələri məzmun və xarakterinə görə sırf tarixi, tarixi-coğrafi, tarixi-iqtisadi olmaq şərtilə üç qrupa bölünürlər.
Ərəblərin Qafqazla ilk tanışlığı bu ərazilərin coğrafi təsviri, əhalisnin adət-ənənələrinin və məişət həyatının öyrənilməsilə başlanmışdı. Ərəb alimləri və dövlət qulluqçuları tərəfindən toplanılan bu məlumatların ərəb xilafatının idarə olunması üçün praktik əhəmiyyət daşımasına baxmayaraq, onlar özlərində xalqımızın tarixinin mühüm və əhəmiyyətli məqamlarını əks etdirirlər.
Qafqaz tarixinin müxtəlif mərhələlərinin əks olunduğu ilk tarixi əsərlər IX əsrdə yaradılmışdır. Tarixi əsərlərdə siyasi, vətəndaş tarixinin müxtəlif problemləri (ərəblərin Qafqazı işğalı, yerli əhali ilə münasibətlərin nizamlanması, köçürmə siyasəti, ərəblərin idarəçilik sistemi, milli-azadlıq hərəkatı, siyasi və iqtisadi həyat, şəhərlərin inkişafı, islamın yayılması və s.) öz əksini tapmışdır. Müsəlman tarixi məktəbinin bu istiqamətdə ən uğurlu nümunələri ət-Təbəri (IX-X) Cəfər əl-Yəqubi (VIII-IX), əl-Məsudi (VIII-IX), Əbu Duləf (X), Əhməd ibn əl-Kufi (X) və s. qələminə məxsusdur. Ət-Təbərinin məşhur «Tarix ər-rusul və-l-muluk» (Peyğəmbərlərin və hökmdarların tarixi) adlı əsəri ərəb yürüşlərində bilavasitə iştirak etmiş şəxslərin (əl-Vahidi, əl-Mədaini, Abu Minhaf, Əbu Maşar və s.) məlumatları əsasında yazılmışdır. Bu baxımdan ət-Təbəri qələmə aldığı hadisələr haqqında kifayət qədər dolğun və hərtərəfli məlumat verir. Məhz buna görə ət-Təbərinin əsəri ərəb hərbi komandanlığı ilə yerli əhali arasında bağlanılan ilk müqavilələrin mətnləri saxlanılan nadir mənbələrdən sayılır. Bu əsərdə Utba ibn Fərhadın 639-cu ildə «Azərbaycanın, onun düzləri və dağlarının əhalisi»ilə bağladığı mühafizə fərmanı, Bukayrın Muğan əhalisi ilə bağladığı fərman, Surakın Ərməniyyə və əl-Arranın əhalisi ilə bağladığı fərmanların mətni verilmişdir. IX əsrin digər müəllifi Cəfər əl-Yəqubinin «Tarix» adlı əsəri də Qafqaz və Azərbaycanın tarixi üzrə orijinal məlumatlarla zəngindir. əl-Məsudinin «Muruc az-zahab va maadin al cavahir» (Qızıl yuyulan yer və cavahirat mədənləri) adlı əsərində isə Azərbaycanın qədim şəhərlərinin tarixi, Şimali Qafqaz əhalisinin etnik tərkibi. Xəzər xaqanlığı, Qafqaz xalqları arasında mövcud olan siyasi münasibətlər, islam və onun yayılması və s. məsələlər əks olunmuşdur. Əbu Duləfın «Qeydlər» adlı əsəri isə ərəblərə qarşı yönəlmiş xürrəmilər hərəkatı haqqında maraqlı məlumatlarla zəngindir. Əhməd ibn əl-Kufinin «İşğal tarixi» adlı əsərində isə Əbu Bəkrin hakimiyyət illərindən əl-Mustainin dövrünə qədərki tarixi hərtərəfli təsvir olunmuşdur. Bu əsərdə Azərbaycan və Qafqazın digər şəhərlərinin tarixi, iqtisadi və siyasi həyatı, mədəni vəziyyəti haqqında maraqlı məlumatlar var. Əl-Kufinin əsərində xilafatın şimal bölgələrinin məskunlaşdırılması prosesi, bu ərazilərdə gedən feodallaşma, torpaq mülkiyyət formaları və s. haqqında informasiya vardır. Dərbənd şəhərinin etnik tərkibi məsələsinə toxunan alim ərəb işğalları dövründə şəhərin yerli əhalisinin ərəblərlə dəyişdirilməsi, şəhərin hərbi-siyasi mərkəzdən, iqtisadi, ticarət və mədəni mərkəzə çevrilməsi haqqında məlumat verir.
Ərəb elmi dairələrinin yaratdığı zəngin coğrafi ədəbiyyat Qafqaz və Azərbaycanın tarixi üçün mühüm əhəmiyyət kəsb edən problemlər üzrə məlumatları əks etdirir. Görkəmli coğrafişünas alimlərdən İbn Xordadbeh (IX-X), əl-Bəlazuri (VIII-IX), əl-Həmədani (X), əl-İstəhri (IX-X), İbn-Havqəl (X) və b. əsərlərində coğrafi məlumatlardan başqa tarixi, etnoqrafik, mədəni informasiya da qeydə alınmışdır. Xronoloji cəhətdən ən erkən yaradılmış coğrafi əsərlərin birinin müəllifi olan əl-Bəlazuri «Ölkələrin fəthi kitabı» adlı əsərində ərəblərin işğalları, işğal olunmuş ərazilərdə yaşayan əhalinin iqtisadi və siyasi həyatı, mədəni inkişaf səviyyəsi haqqında maraqlı məlumatlar verir. Əsərdə ərəb hərbi komandanlarının yerli əhalinin nümayəndələri ilə apardığı danışıqlar, bağlanan müqavilələr və ərəblərin köçürmə siyasəti haqqında informasiya da vardır. Məs., əl-Bəlazuri (eləcə də İbn Asama əl-Kufi) yazırdı ki, sülh müqavilələri ərəb hərbçiləri tərəfindən onlara uzunmüddətli və şiddətli müqavimət göstərən şəhərlərin əhalisi ilə bağlanılırdı. əl-Bəlazurinin yazdığına görə ərəblərin ilk yürüşlərində Şimali və Cənubi Qafqaza Kufi hərbi dəstələri göndərilirdi. Məsləmənin dövründə Dərbənd əhalisi əsasən Suriya və Fələstindən gəlmiş ərəblərdən ibarət düşərgə-şəhərə çevrilmişdi. Artıq bu dövrdə antiəməvi əhval-ruhiyyəli Kufi dəstələrinin işğal olunmuş ərazilərə göndərilməsi dayandırılmışdı. Əsərin digər hissəsində Xəzər yürüşlərindən narahat olmuş I Xosrov Ənuşirvan ilə xaqanın danışığı haqqında məlumat verilir, bu görüşdən sonra iki dövlətin hökmdarı arasında yeni sərhədlərin müəyyənləşdirildiyi haqqında məlumat verilir. İbn Xordadbehin «Kitab əl-masalik va-a-mamalik» (Yollar və məmləkətlər haqqında kitab) əsəri onda olan unikal məlumatları ilə qiymətlidir. Əsərdə Cənubi Qafqazın ərəblərə qədər mövcud olmuş inzibati-ərazi bölgüsü, tarixi və coğrafi sərhədləri, təbii sərvətləri haqqında məlumatlar var. «Kitab əl-buldan» (Ölkələrin kitabı) əsərinin müəllifi əl-Həmədani Azərbaycanın qədim tarixi, «Azərbaycan» sözünün mənşəyi və bu ərazilərdə ərəblərin yeritdikləri vergi siyasəti haqqında məlumatlar verir. Əl-İstəhrinin əsəri kompilyativ xarakter daşısa da (onun əsərinin əsas mənbəsi X əsr müəllifi əl-Bəlxinin «İqlimlərin təsviri» əsəri olmuşdur və əl-İstəxri bu əsəri atlasları və xəritələri ilə birgə öz əsərinə daxil etmişdir) Qafqazın hər iki tərəfi haqqında maraqlı məlumatlarla doludur. Əsərdə Azərbaycan, Arran və Ərməniyə bir iqlimdə təsvir edilir. Bu ölkələrin ən böyük şəhərlərinin təsviri və xarakteristikası verilir. Müəllif Arranın ən böyük şəhərləri içərisində Bərdə, Əl-Bab və Tiflisin adını çəkir. Dəbil və onun ətrafında yaşayan əhalinin erməni, Bərdə və onun ətrafında yaşayan əhalinin isə arran dilində danışdığını qeyd edən müəllif göstərir ki, Ərməniyyə, Arran və Azərbaycanda əsasən fars və ərəb dili işlənir. Mənşəcə iranlı olan İbn Havqəlin yazdığı «Yollar və məmləkətlər haqqında kitab» adlı əsərində X əsrin mühüm siyasi hadisələri haqqında məlumat vardır. Qafqaz və onun böyük şəhərlərinin xəritələrini təqdim edən müəllif bolqar və xəzərlərin ruslarla toqquşması haqqında yazır. İbn Havqəl də öz dövrünün digər yazarları kimi Azərbaycan, Arran və Ərməniyyəni vahid inzibati qurum kimi təsvir edir. Əsərdə Cənubi Qafqazın məşhur alimləri və təbibləri haqqında da maraqlı məlumatlar vardır. X əsr müəllifi əl-Müqəddəsinin «İqlimlərin öyrənilməsi üçün ən yaxşı bölgü» adlı əsəri tarixi-coğrafiyaya həsr olunmuş fundamental əsərlərdəndir. Əsərdə Qafqaz və Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş bölgələrinin tarixi, etnoqrafik, coğrafi, siyasi, iqtisadi və mədəni problemləri olduqca dəqiq və ardıcıl təsvir edilir. XI əsr müəllifi, mənşəcə türk olan, lakin əsərini ərəbcə yazmış Münəccimbaşının «Cami ət-düvəl» adlı əsəri də bölgənin tarixini və coğrafiyasını öyrənmək baxımından xüsusi maraq doğurur.
Ərəb alimlərinin bilavasitə iqtisadi pproblemlərə həsr olunmuş əsərləri o qədər də çox deyil. Ümumiyyətlə, ərəbdilli mənbələrin hamısında ərəblərin vergi siyasəti, torpaq mülkiyyət formaları və s. haqqında məlumatlar vardır. Ərəb müəiflərinin yazdığı kimi ərəblərin işğal olunmuş ərazilərə münasibəti işğalın xarakteri ilə müəyyənləşdirilirdi. Bu prinsipə görə Ərəb xilafatına qatılmış torpaqlar üç kateqoriyaya bölünürdülər: 1) silah gücünə işğal olunmuş ərazilər, bu torpaqlar bilavasitə dövlətin mülkiyyəti hesab olunur, hərbçilər arasınla bölüşdürülür və ya xəlifin arzusuna uyğun paylaşdırılırdı; 2) «kafirlər» tərəfindən tərk edilmiş torpaqlar əsasən müsəlmanların mülkiyyəti hesab edilirdi. Bu kateqoriyaya daxil olan torpaqlar ya dövlətin mülkiyyətinə çevrilir, ya da vəqf torpaqları statusu alırdılar; 3) məğlubiyyət və ya müqavilə nəticəsində əldə edilmiş torpaqlar xərac və cizyənin ödənilməsi şərti ilə əvvəlki sahiblərinin ixtiyarında qalırdı.
VIII əsr müəllifi, Bağdadın qazisi Əbu Yusif əl-Kufinin müsəlman qanunvericiliyinə, ərəb xilafətinin iqtisadi qanunlarına və vergi siyasətinə həsr olunmuş «Xərac» adlı əsərində Qafqaz və o cümlədən Azərbaycanda ərəblərin yeritdiyi vergi və idarəçilik siyasəti şərh olunur. Eyni mövzuya həsr olunmuş digər əsər X əsrin müəllifi Kudama ibn Cəfər tərəfindən yazılmışdır. Müəllif Azərbaycanın Ərdəbil, Mərənd, Varsan və s. şəhərləri haqqında məlumat verir, Azərbaycanın illik vergisinin 4.500.000 dirhəm məbləğində olduğunu vurğulayır. Qeyd etmək lazımdır ki, Müqəddəsinin yuxarıda adı çəkilən əsərində də iqtisadi problemlərə geniş yer verilmişdir.
Qafqaz və o cümlədən Azərbaycanın erkən orta əsr tarixinin bərpasında mühüm əhəmiyyət kəsb edən ərəbdilli tarixi abidələrin bir nümunəsi də hədislərdir. Erkən ərəb tarixi təfəkkürünün formalaşması dövrünə təsadüf edən hədis ədəbiyyatı şifahi yaradıcılığa söykənmişdir. Türklərə həsr olunmuş xüsusi hədislərin yaradılmasının bir neçə səbəbi olmuşdur. Onların iərisində ən mühümü kimi IX əsrdən başlayaraq, türk muzdlu qoşun dəstələrinin xilavat ordusunda nüfuzunun artması göstərilə bilər. Mənbələrin verdiyi məlumata görə sonrakı dövrlərdə türk hərbi dəstələri bütövlükdə xilafatın ictimai-siyasi həyatını nizamlayan qüvvəyə çevrilirlər. Hədislərdə türkdilli xalqlar haqqında maraqlı məlumatlar toplanmış, onların şücaət və qəhrəmanlığı təsvir edilmişdir. Hərbi qabiliyyətləri yüksək qiymətləndirən türklərə ilk dövrlərdə münasibət birmənalı olmamışdır. Bu hədislərdə türklərə aid və guya ki, Məhəmməd peyğəmbərə məxsus bir çox mülahizələr qeydə alınmışdır. Məs., hədislərin birində göstərilir: «Peyğəmbər demişdir: nə qədər ki, türklər sizə toxunmayıb, onlara toxunmayın». Xəlifə Ömərin adından yazılır ki, «türklər elə bir xalqdır ki, onlarla mübarizə uzun vaxt aparır, onlardan gələn gəlir isə xeyrisiz olur» (6).
Təxminən IX əsrdən başlayaraq, ərəblər türklərə aid xüsusi traktatlar tərtib etməyə başlayırlar. Bu abidələrdə türklərin mənşəyi, adət-ənənələri, mədəniyyəti, dini görüşləri, ərəb xilafatı tarixində yeri və s. haqqında məlumatlara rast gəlinir. Bunların içərisində Əbu Usman Əmr ibn Bəhr əl-Cahizinin «Türklərin və xəlifənin digər ordusunun dəyəri haqqında» (IX əsrin birinci yarısı), İbn əl-Fakih əl-Həmədaninin «Ölkələr haqqında xəbərlər» (X əsr), İbn Xassulun «Türklərin digər döyüşçülər üzərində üstünlükləri və sultanın ali işinin dəyəri haqqında kitab» (XI əsr) və başqa əsərlərini göstərmək olar. Ərəb xilafatında şubi ədəbiyyatı və hərəkatının (Şubiyyə adı ilə tanınmış bu hərəkat ərəb xilafatında qeyri-ərəb xalqlar tərəfindən aparılırdı, hərəkatın əsas mahiyyətini müsəlman xalqları arasında heç olmazsa, nəzəri bərabərliyin bərqərar olması tələbi təşkil edirdi) çiçəkləndiyi bir dövrdə türklərə aid bu cür traktatların yaradılması görkəmli şərqşünas P.K.Juzenin dediyi kimi, «türk xalqlarında Səlcuqların Bağdadı işğalından sonra daha da güclənən sağlam milli hisslərin oyanışı kimi qiymətləndirilməlidir» (7).
Bütövlükdə ərəbdilli mənbələr Qafqazın, o cümlədən Azərbaycanın siyasi, vətəndaş və hərbi tarixi haqqında zəngin məlumatlarla doludur. Bu mənbələr ərəb işğallarının tarixi və xarakteri, ərəblərin işğal olunmuş ərazilərdə yaratdıqları inzibati-idarə sistemi, islam dininin yayılması, ərəblərin vergi siyasəti, iqtisadi qanunları və s. məsələlərə aydınlıq gətirirlər.
Dostları ilə paylaş: |