XVI-XIX əsr mənbələri. 600 ildən çox bir dövrü əhatə edən Osmanlı imperiyası 38-ə yaxın dövləti özündə birləşdirmiş və bu tarixi dövr ərzində imperiyanın ərazisində baş vermiş hadisələr Osmanlı alimlərinin tərtib etdiyi səfərnamələrində, zəfərnamələrində, fəthnamələrində əks etdirilmişdir. Özlərində əks etdirdiyi informasiya nöqteyi-nəzərdən bu mənbələri iki yerə ayırmaq olar: 1) təsviri xarakterli narrativ əsərlər; salnamə və xronikalar 2) osmanlı dəftərləri adlandırılan sənədli mənbələr.
Birinci qism mənbələrdə dövrün ən maraqlı və əhəmyyətli problemlərinə diqqət ayrılır və bu tip mənbələr öz strukturuna görə özündən əvvəlki fars tarixi məktəb nümunələrindən o qədər də fərqlənməmişdir. Hətta bu əsərlər eyni adla - «Cami ət-təvarix» və «Ümdəd əl-əxbar» kimi adlandırılmışdır. Əsərlər strukturuna görə giriş, hissə, fəsil, bab, bölmə və nəticələrə bölünmüşdür. Bu mənbələrin “giriş” hissəsi mühüm əhəmiyyət kəsb edir və burada müəllif özü haqqında məlumat verir. “Giriş” hissəsi həmçinin ona görə əhəmiyyətlidir ki, müəllif burada əsərin yazılma səbəbini açıqlayır. Osmanlı narrativ mənbələrinin birinci hissəsi qədim dövrləri əhatə edir və əfsanəvi tarixin təsviri ilə tamamlanırdı. İkinci hissədə İslama qədərki tarix və Məhəmmədə qədərki peyğəmbərlərin həyatı əhatə edilir. Üçüncü hissədə Məhəmmədin həyatı, yeni dinin yaranması haqqında geniş informasiya verilir. Dördüncü hissədə 4 xəlifənin həyatı əks olunur. Təsviri mənbələrin beşinci hissəsində qüdrətli müsəlman dövlətlərinin tarixi əks etdirilirdi. Altıncı hissədə bilavasitə Osmanlı imperiyasının tarixinə həsr olunmuş materiallar verilir. Demək olar ki, bu struktur Osmanlı tarixi məktəb nümunələrinin əsas xüsusiyyətlərinə çevrilmişdir.
Yalnız XVII əsrdən başlayaraq Osmanlı tarixçiləri bir sıra kiçik dəyişikliklər etmişlər. Onlar öz əsərlərinə yeni elmi kəşfləri, qeyri-müsəlman dövlət və sülalələrin tarixini əlavə etməklə yeniliklər etmişlər. Sonralar antik imperiyalar və eləcə də erkən orta əsr feodal dövlətləri haqqında informasiyalar da əsərlərə daxil edilmişdir. Xronoloji cəhətdən dövrümüzə gəlib çatan ilk Osmanlı təsviri nümunəsinin müəllifi XV-XVI əsrlərdə yaşamış Dursun bəydir. Onun «Tarixi Əbül Fəth» adlı əsəri yaşadığı dövrün tarixi hadisələrini əks etdirir. Əsərdə Osmanlı-Ağqoyunlu münasibətləri əks olunub. Osmanlı Səfəvi qarşıdurmasını özündə əks etdirən əsərlərdən biri də Şükrü Bidlisi və Mustafa Calalzadənin «Səlimnamə» əsəridir. Xoca Sadəddin Əfəndinin «Tacut təvarix» əsəri geniş dövrü əks etdirir (XIII-XVI əsrləri).
XVI əsrin digər müəllifi Mustafa Əli Əfəndidir. Onun «Gülxül əxbar» əsəri digər narrativ mənbələrdən fərqlənir. O, ilk dəfə olaraq dünyanın coğrafi təsvirini vermiş, sosial-iqtisadi məsələləri də əsərdə nəzərdən qaçırmamışdı. Onun «Nüsrətnamə» və «Fürsətnamə» əsərlərində Osmanlı işğalları, onların Qafqaz səfərləri geniş əks olunmuşdur. XVI əsr müəlliflərindən biri də İbrahim Rəhimzadədir. Onun «Zəfərnameyi sultan Murad Sales» adlı əsəri siyasi hadisələri əks etdirmək baxımından dəyərlidir.
Bu dövrdən başlayaraq türkdilli xalqların geneologiyasına maraq yaranmış və XVII əsrdən başlayaraq bu maraq daha da artmışdır. XVII əsr müəllifi Əbül Qazi Xivəlinin qələmindən çıxmış «Şəcəreyi-türk» adlı əsəri bu qəbil əsərlərdəndir. XVIII əsr müəllifi mənşəcə macar olan İbrahim Peçevinin «Tarix» əsəri də diqqətəlayiqdir. İki əsrlik dövrü əhatə edən bu əsər kompilyativ xarakter daşıyır.
Coğrafi xarakterli əsərlərdən əhəmiyyətlisi Övliya Çələbinin «Səyyahın tarixi» adlı əsəridir. Çələbi bir dəfə Cənubi Qafqazda olmuş və onun coğrafiyasını diqqətlə öyrənmişdir.
Sənədli materiallar içərisində sosial-iqtisadi tarixin öyrənilməsində əvəzsiz əhəmiyyəti olan osmanlı dəftərləri hesab edilir. Bu mənbələr dövlət, inzibati, maliyyə qeydləri, sərəncam, qərar və aktlardan ibarət kitablardır. Bu sənədlər məzmun və tərtibat xüsusiyyətlərinə görə bir neçə qrupa bölünür: 1)Osmanlı sultanlarının xarici dövlət başçıları ilə yazışmasından, beynəlxalq müşavirə və aktlardan ibarət olanlar. «Bunlar «nameyi-humayun» dəftərləri adlanır
2) Sultan tərəfindən verilən mühüm sərancamların qeydiyyat kitabçası olan «mühüm dəftərlər»
3)sənədlərin nüsxəsindən, daxil olan və göndərilən materialların qeydiyyatından ibarət “kuyudat dəftərləri” 4) əhalinin siyahıya alınmasını əks etdirən “təhrir dəftərləri” 5) gəlirlərin əks olunduğu «varidad dəftərləri» 6) maliyyə hesabatlarından ibarət «mühasibə dəftərləri» 7) yeniçər korpusunun fəaliyyətini əks etdirən dəftərlər və s.
Bu sənədlər dövlət dəftərxanasının maliyyə qulluqçuları tərəfindən hazırlandığı və iqtisadi əhəmiyyəti olduğu üçün qiymətlidir.
Şəxsi mənşəli mənbələr içərisində Vilhelm Rubrik, Marko Polo, İoann Qalanifantibus, Katerino Zeno, Ambroco Kantarini, Konstantino Laskari, Vinçlenso Allesandrini, Adam Oleari, A.Cenkirson, A.Nikitin, Oruc bəy Bayat və s. göstərmək olar.
Akt sənədlərinin bir növü olan iqtisadi-coğrafi təsvirlər klassik feodalizmin son mərhələsində yaranıb. Onlar – 1) iqtisadi qeydlər; 2) hərbi-topoqrafik qeydlər; 3) səyyah qeydləri; 4) coğrafi lüğətlər; 5) təsərrüfat və statistik qeydlər; 6) qubernator hesabatlarına bölünürlər.
İqtisadi qeydlər ölkə ərazisinin maliyyə-iqtisadi təsvirinin tamamlanması üçün torpaqların mərzləşdirilməsi idi.
Hərbi-topoqrafik qeydlər XIX əsrin I yarısından tərtib olunub və 1918-ci ildə nəşr etdirilib. Hər bir cildi 6 bölmədən ibarət olan məcmuədə inzibati vahidlərin ərazisi, əhalisi, sənayesi, ticarət və kənd təsərrüfatı, əhalinin təhsil səviyyəsi, qəza səhərləri haqqında məlumat verilir.
Səyyah və alimlərin qeydlərindən alman səyyahı Kempfer və alman alimi Qmelinin əsərlərini göstərə bilərik.
Bu dövrə aid coğrafi lüğət «Böyük cizgi kitabı» adlı məlumat kitabçasıdır. 8 redaksiyadan ibarət olan bu kitabın nəşrinə 1775-ci ildə Novikov başlamışdır.
İqtisadi-coğrafi təsvirlər Qafqaz ərazisinin qeyd olunan dövrdə hərtərəfli öyrənilməsi, sosial-iqtisadi durum, təbii sərvətləri, flora, faunasının tədqiqi baxımından əvəzedilməzdir.
Bu dövrün digər mənbəsi Yesai Həsən Calalyanın «Alban ölkəsinin qısa tarixi» adlı əsəridir. Əsər 1702-1722-ci illəri əhatə edir və 46 səhifədən ibarətdir. O, Alban katolikosu olmuş və nəsli şəcərəsinin mehranilərə söykəndiyi söylənilir. O, patriarx seçildiyi dövrü əhatə edən «Tarix» əsərini yazmış, hadisələrin çoxunun iştirakçısı və müasiri olmuşdur. Əsər ilk dəfə Şuşada 1839-cu ildə, bir qədər sonra – 1868-ci ildə Yerusəlimdə, daha sonra isə - 1876-cı ildə Sankt-Peterburqda nəşr olunub. Akademik Brosse bu əsəri fransız dilinə, Tiqran Ter-Qriqoryan qədim erməni dilinə, Z.Bünyadov isə rus dilinə çevirib. Əsər 6 hissədən ibarətdir. Calalyan öz əsərində Qafqaz xalqlarının iqtisadi və sosial həyatına dair məlumatlar vermiş, Ağvan ölkəsinin qısa tarixi, Sasanilər dövləti və onun hüquqları, İslam və onun yayıldığı əraziləri təsvir etmişdir. O, əsərdə Səfəviləri – fars tayfası; Xəzərləri – ləzgilər adlandırmışdır. Əsərdə fars çarlarına qarşı baş vermiş üsyanlardan və iber çarı Vaxtanqın Gəncə yürüşündən bəhs edilir. Əsərin həcmi kiçik olsa da, o dövrün tarixini öyrənmək baxımından əhəmiyyətlidir. Əsəri yazarkən o, Təbrizli Arakel Davrijesinin kitabına istinad etmişdir (Tarixlər kitabı – XVII əsr, 35 fəsildən ibarətdir).
XVIII əsr müəllifi Molla Məhəmməd əl-Carinin ərəbcə tərtib etdiyi «Çar salnaməsi» də qeyd edilən dövrü öyrənmək üçün qiymətlidir. Siyasi prosesləri xronoloji ardıcıllıqla əhatə edən bu salnamədə Car-Tala cəmiyyətinin tarixi, sosial-iqtisadi və siyasi durumu haqqında maraqlı məlumatlar var. Bu tarix dini konteksdə təqdim edilmişdir. Car-Tala cəmiyyətinin qazisi olan Məhəmməd əl-Carinin əsəri ona görə həm də mühüm əhəmiyyət kəsb edir ki, burada sərhəd qoruyucusu rolunu oynamış və vergi toxunulmazlığı imtiyazı qazanmış Car-Tala cəmiyyətinin tarixdə yerini müəyyənləşdirmək imkanı verilir. Nadir yerli mənbə olan bu salnamə Azərbaycan Mİlli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda aşkar edilmiş orijinal nüsxədir. Bu nüsxə «Kaxet və Dağıstan tarixinə dair» adı altında saxlanılır. Bu mənbə ilk dəfə Vəli Xuluflu tərəfindən 1932-ci ildə nəşr edilib. Lakin bu nəşrdə istifadə olunan ərəb mətni tam olmadığından son hadisələr 1750-ci ildə bitir. Əsas nüsxədə salnamənin mətni 1706-1764-cü illəri əhatə edir. Salnamənin avar dilində (ərəb əlifbası ilə) yazılmış nüsxəsi də mövcuddur. Avar Aytberov bu nüsxəni 1996-cı ildə Maxaçqalada «Tsor avarlarının döyüş tarixi» adı ilə nəşr etdirmişdir. Z.Bünyadovun bu sahədə böyük xidməti olmuş və 1996-cı ilddə bu əsəri nəşr etdirmişdir. Əsər quru dildə yazılmış tarixi qeydlər toplusunu xatırladır. Əsərdə bir neçə yerdə məlumatlar dəqiq deyil. Lakin buna baxmayaraq, həmin çətin və mürəkkəb dövrdə Qafqazın tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir.