Erkən orta əsrlər Qərbi Roma imperiyasının barbarların işğal və hücumları nəticəsində darmadağın edilməsi, imperiya ərazisində xristianlığın aktiv yayılması və dövlət dininə çevrilməsi ilə xarakterizə olunur. Erkən xristian ədəbiyyatına müraciət ilk növbədə Qafqaz ərazisində yaşayan xalqların həyatında xristianlıqla bağlı dəyişikliklərin araşdırılması ilə bağlıdır.
Erkən xristian ədəbiyyatı məktublar şəklində yazılaraq, epistolyar xarakter daşıyırdı. Bu mətnlər erkən xristian icmalarının ibadəti, təhsili, apoloqetika və dini debatları haqqında mühakimə yürütmək imkanı verir. Erkən xristian mətnləri papiruslar üzərində yazılmış boru şəkilli kitabələrdən ibarət idi. Bu kitabələrdə müəllifin adı mətnin əvvəlində deyil, sonunda axırıncı sətrin sağ tərəfində qeyd olunurdu. Eramızın təxminən II əsrində boru şəkilli kitabələrdən əlyazma lövhələrə keçid baş vermişdi.
II-III əsr xristian ədəbiyyatı nümunələri apokrif (müqəddəslərin həyatı və faciəsinə həsr olunmuş) ədəbiyyat xarakteri daşıyırdı. Bu dövrdə Roma, Antiox, Qeysəriyyə və İsgəndəriyyədə fəaliyyət göstərən kilsələr əslində erkən xristian ədəbiyyatının yaranması və yayılması mərkəzinə çevrilmişdilər. Yaradılmış xristian mətnləri içərisində “Çoban Hermas”ın mətnini və Antiox keşiş İqnatiusun məktublarını misal gətirmək olar. Onlar təkcə müqəddəs mətnin izahı deyil, eyni zamanda Kiçik Asiyada xristinalığın yayılması ilə əlaqədar bu ölkələrin nümayəndələri ilə mərkəzi xristian kilsələrinin yazışması haqqında da məlumat verirdi. ”Çoban Hermas”ın mətninin indiyə qədər iki redaksiyası-yunan və latın, redaksiyaları aşkar edilmişdir.
Eramızın təxminən 207-208-ci illərində Tertullian tərəfindən tərtib edilmiş “Adversus Marcionem” də bu qəbildə yazılmış əsərlərdəndir. Erkən xristian mətnlərinin mənbələrinə gəldikdə isə burada qaranlıq səhifələr olduqca çoxdur. Erkən xristian mətnlərinin qorunub saxlanılması işini III əsrin əvvəllərində yaşamış İsgəndəriyyəli Paul Origen həyata keçirmişdir. O, erkən xristian dövründə yaşamış yeganə müəllifdir ki, həyatı və əsərləri haqqında müasir dövrümüzə ətraflı məlumatlar çatıb. Eramızın II-III əsrlərində yaşamış Origen Bibliyanın mətnini bərpa etməyə çalışmış, müqəddəs mətnə bir sıra izah və tənqidlər əlavə etmişdir.
IV əsr ilk xristian xronikalarının yarandığı dövrdür. Xristianlığın məhz bu dövrdə Roma impeiyasında dövlət dini statusunu alması, imperiya daxilində başlanan sosial gərginlik, qul və kolonların üsyanları, xristian kilsəsinin müxtəlif təriqətlərə qarşı mübarizəyə qalxması və s. faktorlar bu xronikaların yaranmasının əsas səbəbləri idi. Xristian xroikalarının ilkin nümunələrinin yaradıcılarından biri Qeysəriyyəli Yevsevi olmuşdur. Onun «Xronika»sı iki hissdən ibarət olaraq, dünyanın ən qədim dövründən 325-ci ilə qədərki tarixini əhatə edirdi. Bu əsərin əsas tarixi-siyasi ideyasını dünyanın idarəçiliyində ardıcıllıq və irsilik prinsipinin mövcudluğunu sübuta yetirmək təşkil edirdi. Roma imperiyasını dünyanın qüdrətli imperiyaları olan Aşşur-Babil, Midiya-Fars və Yunan-Makedoniya imperiyalarının varisi hesab edən müəllif bu siyasi qurumların sturktur və idarəçiliyində analogiyalar axtarırdı. Siyasi tarixlə yanaşı əsərin «Xronoqrafiya» hissəsində müəllif xronoloji sistemlərin-antik, qədim şərq və Bibliya xronoloji sistemlərinin müqayisəli təhlilini də vermişdir. Qeysəriyyəli Yevsevinin əsəri Yeronim tərəfindən davam etdirilmiş, hadisələrin şərhi 378-ci ilə qədər çatdırılmışdır.
IV-V əsr xristian ədəbiyyatının ən parlaq nümunələri isə Avqustin və Yeremiyə məxsusdur. Avqustinin iki məşhur əsəri – “De Trinitate” (eramızın 398-419-cu illərində tərtib olunmuşdur) və “De Civitate Dei”(eramızın 426-cı ilində yazılmışdır) dini mətnlərin izahının ən tamamlanmış forması idi. Məhz bu dövrdə xristian ədəbiyyatında yeni bir janrın-aqioqrafik nümunələrin əsası qoyulmuşdur. Xristian övliyələrinin həyatına həsr olunmuş bu mənbələr erkən xristian icmalarının mənəvi-etik dünyasının araşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Xristian tarixi ədəbiyyatının yaranması əslində tarixi fikrin yeni mərhələ və istiqamətinin əsasının qoyulması demək idi. İngilis alimi R.Kollinqvudun yazdığı kimi Avropa tarixşünaslığı mövcud olduğu dövrdən indiyə qədər üç böyük böhran dalğası keçmişdir. Birinci böhran dalğası tarixin elm olması və onun tədqiqat metodunun formalaşmalaşdırılması ideyasının yarandığı e.ə.V əsrə təsadüf edir. İkinci böhran dalğası xristianlığın inqilabi təfəkkürünün təsiri altında yeniləşdirilmiş tarix ideyasının eramızın IV-V əsrlərində formalaşdığı dövrü əhatə edir. Bu dövr xristian tarixi təfəkkürü yunan-roma tarixi məktəbinə məxsus iki əsas aparıcı ideyanı-birincisi, insan təbiətinin optimist təbiəti ideyasını, ikincisi isə tarixi dəyişkənlik prosesi əsasında yerləşən əbədi varlığın substansialist ideyasını, alt-üst etmişdir.
Yunan-roma tarixi təfəkkürünə məxsus insan təbiətinin optimist təbiəti ilk növbədə xristianlığın mənəvi təcrübəsi ilə inkar edilirdi. Xristian doktrinasına görə insan fəaliyyətinin kortəbii xarakteri onun özünəməxsus fərdi xüsusiyyətləri ilə izah olunmamalıdır. İnsanların kortəbii hərəkəti qaçılmazdır. Əgər yunan-roma tarixi təfəkkürü insanların səhvlərini onların qarşıdan gələn təhlükəni görməməsi və ya görmək istəməməsi ilə izah edir və insan taleyinin onun öz əlində olduğunu vurğulayırdısa, xristian təfəkkürü tale, qismət anlamını mərkəzi ideyaya çevirirdi.
Eramızın IV-V əsrlərində xristian fəlsəfəsi bir az da uzağa gedərək, yunan-roma tarixi məktəbinin substansiya haqqında metafizik doktrinasını «yaradıcı» doktrina ilə əvəz etdi. Bu doktrinaya görə həyatda Allahdan başqa əbədi heç bir şey yoxdur və hər bir şey Onun tərəfindən yaradılmışdır. İnsan ruhu keçmiş varlıqdan başqa bir şey deyil və onun əbədiliyi yalnız əfsanədir. Sadə dillə desək, bu konsepsiyaya görə insanlar və xalqlar kollektiv substansiya deyil, Allah tərəfindən yaradılmışlardır. Yaratdığı insanlara Allah həmçinin xarakter də verir. Qədim tarixi təfəkkürə uyğun olaraq, insan yenə də substansiya kimi qəbul olunurdu, lakin artıq bu insan Allah tərəfindən yaradıldığı üçün müəyyən xüsusiyyətlərə malik və müəyyən şəraitə uyğun yaradılmış substansiya idi. Allahın özü də substansiya kimi qəbul olunurdu, lakin bu substansiya dərk edilməz idi. Bizim Allah haqqında biliklərimiz yalnız onun fəaliyyəti ilə məhdudlaşırdı.
Beləliklə, xristian təfəkkürü və fəlsəfəsinin təsiri altında tamamilə yeni bir tarix yaranırdı. Bu tarix xristian təfəkkürünün bir neçə elementinə əsaslanırdı.
Birincisi, bu təfəkkürə görə hərəkətdə olan tarixi proseslər insanların məqsədləri əsasında deyil, Allahın məqsədi ilə idarə olunurdu. Allahın məqsədi insanların məqsədi idi. Bu fəlsəfəyə görə hər bir insan öz məqsədini anlayırdı, lakin nə üçün buna can atdığını izah edə bilmirdi. Çünki bu istək və arzu onun ruhuna Allah tərəfindən qoyulmuşdur, bu Allahın istəyi idi. Bir tərəfdən bu fəlsəfəyə görə tarixdə baş verən hər bir şey insan arzusu və məqsədi ilə, insanın fəaliyyəti ilə izah olunurdu, digər tərəfdən dünyada hər şeyin təkanı və məqsədinin bir əsası- Allah olduğu vurğulanırdı.
İkincisi, tarixə bu yeni baxış nəinki tarixin hərəkətverici qüvvələrinin fəaliyyətini anlamaq, hətta bu qüvvələrin mahiyyət və təbiətini açıqlamaq imkanı verirdi. Bu konsepsiyaya görə fərdi ruh müəyyən dövrdə müəyyən xüsusiyyətlərlə müəyyən missiyaları həyata keçirmək üçün Allah tərəfindən yaradılmışdır, bu missiyanı həyata keçirdikdən sonra bu fərd tarixdən silinib gedir. Xxristian tarixi təfəkkürü Roma imperiyasının yaranması və məğlub olaraq, tarix səhnəsindən getməsini bu konsepsiyanı təsdiqləyən faktor kimi misal gətirirdi. Bu isə tarixi təfəkkürdə əsl inqilab idi. Əslində bu konsepsiya iddia edirdi ki, tarixi dəyişkənlik prosesi əşyaların axımı və onların hadisələrə təsiri deyil, onları öz arxasınca aparan substansiyanın real yaranması və darmadağın edilməsidir. Başqa sözlə, yunan-roma təfəkkürünün iddia etdiyi kimi tarix öz-özünə deyil, Allah tərəfindən yaranıb və idarə olunur.
Üçüncüsü, xristian təfəkkürü tarixi günah, rəhimdillik və xəlq olunmuş olmaqla üç hissəyə ayırırıdı. Üçüncü faktor xristinalığın universal mövqeyinə əsaslanırdı. Xristinalığa görə bütün insanlar Allahın kölgəsi altında bərabərdirlər, heç bir xalqın, irqin, sinfin heç bir üstünlük və imtiyazı yoxdur. Bütün insanlar Allahın məqsədi və arzusu ilə fəaliyyət göstərirlər. Xristianlıq məhz bu baxımdan Roma tarixi, Yəhudi tarixi və ya digər tarixləri qəbul edə bilmirdi, xristian tarixi dünya tarixinə, insan həyatı üçün Allahın məqsədinin inkişafına əsaslanırdı. Beləliklə, xristian tarixi təfəkkürü yunan-roma tarixi məktəbinə məxsus humanizm və substansionalizmdən başqa, xüsusilik ideyasını da kənara atmışdır. Məhz bu baxımdan xristianlıq prinsipləri əsasında yaradılan istənilən tarix “universal, providensial, apokaliptik və dövrü” olmalı idi. Bu xüsusiyyətlər xristian tarixi mənbələrinin əsasını təşkil edirdi.
Bu tarix universal olmalıydı, çünki bu tarix insan mənşəyini izah etməyə çalışırdı. Bu tarix müxtəlif irqlərə məxsus insanların yaranması və bəşəriyyətin müxtəlif nöqtələrində fəaliyyət göstərməsi səbəbini izah etməli idi. Bu tarix sivilizasiyaların yaranması və məhv olması səbəblərini izah etməli idi. Bu baxımdan yunan-roma tarixi məktəbi universal tarixi yarada bilməmişdi, onun yaratdığı tarixin ağırlıq mərkəzi xüsusilik idi. Bu tarix hadisələri insan müdrikliyindən irəli gələrək deyil, Ruhun fəaliyyəti ilə izah etməli idi. Providensial tarix Allahın fəaliyyət göstərdiyi səhnə idi, lakin bu səhnənin sevimli xarakterləri yox idi, bu səhnədə hamı Allahın kölgəsi altında bərabər idi.
Bu tarixin mərkəzi nöqtəsi Məsihin fəaliyyəti olmalı idi. Məhz buna görə xristian təfəkkürü tarixi Məsihin anadan olması dövründən iki hissəyə ayırırdı. Bu hissələrin hər birinin özünəməxsus xüsusiyyətləri var idi: birinci dövr gələcəyə doğru yönəlmiş kortəbii hadisələrdən ibarət xarakterlərin hazırlanması, ikinci isə keçmişə qayıdan xarakterlərdən ibarət idi.
Keçmiş tarixi iki hissəyə ayıran xristian təfəkkürü onu eyni zamanda iki dövrə, Məsihin doğumundan əvvəl və sonra olmaq şərti ilə bölürdü. Beləliklə, dövrü tarixin əsası qoyulmuş oldu. Xristian tarixi məktəbinə xas olan bu üç faktor erkən orta əsr xristian tarixi mənbələrinin ayrılmaz hissəsi idi və demək olar ki, o dövrün hər bir mütəfəkkürünün yaradıcılığında əks olunmuşdu.
Bununla belə erkən orta əsr xristian tarixi məktəbi ellinizm dövrü və roma tarixi məktəbinin ənənələrini davam etdirirdi. Bu tarixi məktəb özündən əvvəl mövcud olmuş tarixi məktəb kimi tarixi fakt və ənənələrdən asılı idi. Lakin yunan-roma tarixi məktəbi nümayəndələrindən fərqli olaraq, orta əsr yaradıcıları malik olduqları tarixi materialları universal tarix nöqteyi–nəzərindən imtahan edirdilər. Millətçiliyin artıq real mövcud olduğu erkən orta əsrlərdə bu faktora istinad edən tarixçilər səhv etdiklərini artıq anlayırdılar. Bu tarixçilər tarixi yaradarkən hər hansı ölkənin nüfuzunu artırmaq və ya ucaltmaq məqsədi güdmürdülər, onların məqsədi tarixi özünəməxsus məqsədlərə malik bir proses kimi təsvir etmək idi. Bu tarixin əsas mərkəzi Allahın qüdrətindən asılı tarixin yaradılması idi. Bu tarixdə tarixi hərəkətə gətirən insanlar deyil, Allah idi və hər şey onun istək və arzularından asılı idi. Erkən orta əsr tarixi təfəkkürünün ən böyük vəzifəsi bu obyektiv və müqəddəs tarixi araşdırmaq və izah etmək idi. Esxatologiya (dünyanın sonu haqqında dini təsəvvürlərin məcmusu) tarixin ayrılmaz elementi idi. Bunu rəhbər tutan orta əsr tarixçilərinin fikrincə alimlərin əsas vəzifəsi gələcəyi görmək yox, keçmişi öyrənməkdir. Məhz bu mərhələdə erkən orta əsr təfəkküründə Allahın obyektiv məqsədləri ilə insanların subyektiv məqsədləri arasında qarşıdurma yaranır. Bu ideyaya görə tarixi və bəşəriyyəti insanların məqsədyönlü fəaliyyəti deyil, müqəddəs qüvvənin fəaliyyəti dəyişir. Orta əsr tarixi təfəkküründə Allah həm də fəaliyyət idi. Tarixin ali planını araşdırmağa can atan erkən orta əsr tarixi təfəkkürü bu planın insana deyil, Allaha məxsus olduğunu qəbul edirdi. Məhz buna görə də bu tarixin tənqidi metodu olduqca zəif idi. Bu zəiflik isə mənbələrin məhdudluğundan irəli gəlmirdi. Bu zəiflik erkən orta əsr tarixçilərinin tarixin aktual faktlarını araşdırıb obyektiv təhlil etmək istəməməsindən irəli gəlirdi. Bu zəiflik onların müqəddəs atributların araşdırılması və elmin mənimsənilməsi istəyindən irəli gəlirdi. Məhz bu səbəbdən orta əsr tarixçilərinin böyük əksəriyyəti axıra qədər tarixi mənbələrin tənqidi təhlili metoduna və faktların alim və tədqiqatçı mövqeyində təsdiqi üsuluna yiyələnə bilmədilər.