Ad: Nahid Soyad:Tağıyev Qrup:M203 Fənn:Mühasibat Uçotu Mövzu:Mühasibat uçotunda sənədləşmə və uçot Mühasibat uçotunun metodu və onun əsas ünsürləri Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qaydalarıdır. Elmi araşdırmalarda metod termini öyrəniləcək əşyanın təminatını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nəzərdə tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.
G östərilən metodoloji sistemdə mühasibat uçotunun hansı vasitələrlə təsərrüfat-maliyyə əməliyyatlarını icra etməsini müəyyənləşədirmək əsas sayılır.
Məlum olduğu kimi təsərrüfat vəsaitləri, onların əmələ gəlmə mənbələri müxtəlifdir. Bütün əməliyyatları düzgün əks etdirmək üçün ayrı-ayrı vəsait növlərinin hərəkəti və onun icrası üzərində nəzarəti həyata keçirmək çox vacibdir. Burada sənədləşmə və inventarlaşma
mühüm nəzarət metodu kimi xüsusi əhəmiyyətə malikdir.
Mühasibat uçotunun metodu onun icra fəaliyyətində mühüm əhəmiyyətə malik olan ünsürləri vasitəsilə yerinə yetirilir. Bu ünsürlər sənədləşmə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sistemindən, ikitərəfli yazılış, mühasibat balansı və hesabatdan ibarətdir. Sənədləşdirmə - təsərrüfat əməliyyatının müəyyən sənədlərlə əməliyyatın icra olunduğu yerdə rəsmiyyətə salınmasıdır. Mühasibat uçotunda sənədləşmə ən vacib əməliyyatlardan biri olmaqla, icra olunan təsərrüfat əməliyyatları üzərində müşahidəni təmin edir. Sənədləşmə müəssisədə icra olunan təsərrüfat əməliyyatlarının hüquqi şəkildə yazılı icra olunmasıdır. İstehsalat, maliyyə və təsərrüfat əməliyyatlarının sənədlərlə rəsmiyyətə salınması sənədləşdirmə adlanır.
Təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi mühasibat uçotunun əsas prinsiplərindən hesab olunmaqla, baş vermiş əməliyyatların sənədlər əsasında tərtibini təmin etməklə, uçot obyektlərinin hərəkəti üzrə daimi informasiya əldə olunmasına şərait yaradır. Hər bir təsərrüfat əməliyyatı üzrə tərtib olunmuş sənədlər əsasında məlumatlar sistemi yaranır və bu isə nəticə olaraq cəmlənmiş informasiyaların tərtib olunmasına şərait yaradır. Hər bir mühasibat uçotu sənədində əks olunmuş göstəricilər sistemi onun rekvizitləri (sənədin nömrəsi, tarixi, əməliyyatın məzmunu və sair) adlanır. İlkin sənədlər təsərrüfat əməliyyatlarının və onların aparılmasını təsdiq edən yazılı şəhadətnamədir.
T ərtib olunmuş bütün ilkin sənədlər özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: sənədin adı, nömrəsi, kodu, tərtib edilmə yeri və tarixi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məzmunu və ölçüləri (natural və pul ifadəsində), təsərrüfat əməliyyatlarının baş verməsi, tamamlanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları və başqa göstəricilər əks olunmalıdır.
Əməliyyatların xarakterindən və uçot məlumatlarının işlənməsi texnologiyasında asılı olaraq ilkin sənədlər əlavə rekvizitlər də daxil edilə bilər. İlkin sənədlər əməliyyatların baş verdiyi, bu mümkün olmadıqda isə əməliyyatlar bilavasitə qurtardıqdan sonra tərtib edilməlidir.
Sənədlərin keyfiyyətli tərtibatına, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsinə, sənədlərdəki məlumatların doğruluğuna və etibarlılığına məsuliyyəti həmin sənədləri hazırlamış və imza etmiş şəxslər daşıyırlar.
Ona görə də təsərrüfat əməliyyatlarının sənədləşdirilməsində hər bir vəzifəli şəxs tərtib etdiyi sənədin qanunçuluqda müəyyən olunmuş norma və standartlara uyğun olmasını təmin etməyə borcludur.
İlkin sənədlərə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal sənədləri hazırlanmalıdır.
Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəssisənin rəhbərinin təsdiq etdiyi siyahıya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imzalamalıdır. Birinci imza müəsisədə ümumi rəhbərlik funksiyasını icra edən şəxsə mənsub olur.
Pul vəsaitlərinin, maddi sərvətlərin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surətləri ilə təmin etmək müəssisədə bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür.
Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçotda qəbul olunmuş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsiplərə riayət edilməklə işlənib hazırlanmış uçot registrlərində yığılır və sistemləşdirilir. Müəssisə tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına köçürülür.
İlkin sənədlərdə və uçot registrlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzası ilə düzəlmiş tarixi göstərilməklə təsdiq edilməlidir. Kassa və başqa sənədlərdə heç bir düzəlişə yol verilmir.
İnvertarlaşma - müəssisə mühasibat uçotunda əks olunmuş əmlakın faktiki yoxlanması və müəyyən olunması formasıdır. İnvertarlaşdırma bütün təsərrüfat əməliyyatlarının və onun düzgün icra olunmasını müəyyənləşdirir.
İnvertarlaşdırma Azərbaycan Respublikasının «Mühasibat uçotu haqqında» 24 mart 1995-ci il tarixi qanunu və əsas vəsaitlərin, əmtəə-material dəyərlərinin, pul vəsaitinin və hesablaşmaların invertarlaşdırılmasına dair olan təlimat əsasında aparılır. Həmin sənədlər əsasında müəssisə mühasibat uçotu və hesabatının doğru, düzgünlüyünü təsdiq etmək üçün dövrü olaraq öz əmlakının, kapitalının və sair maddi sərvətlərinin və ümumiyyətlə mühasibat balansının bütün aktiv və passiv maddələrinin invertarlaşmasını aparmalıdır.
İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr qoyulur:
-əsas vəsaitlərin, əmtəə-material dəyərinin, pul vəsaitinin, qiymətli kağızların və bitməmiş istehsalın faktiki qalığının müəyyən edilməsi;
-material dəyərləri və pul vəsaitlərinin qorunub saxlanması üzərində nəzarət;
-tam və qismən öz keyfiyyətini itirmiş, forması və modası köhnəlmiş əmtəə-material dəyərinin müəyyənləşdirilməsi;
-gələcək satışını təmin etmək üçün normadan artıq qalıqda olan maddi dəyərin müəyyənləşdirilməsi;
-material dəyəri və pul vəsaitinin saxlanması qaydalarının yoxlanması və eyni zamanda maşın, avadanlıq, digər əsas vəsaitlərin saxlanması və istifadə olunmasına nəzarət;
-müəssisə balansında əks olunmuş obyektlərin real vəziyyətini yoxlamaq.
İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiyyətə salınır. İnvertarlaşma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mühasibatlığa təqdim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşılıqlı yoxlamalar aparılır. Qarışılıqlı yoxlama əsasında invertarlaşdırmanın son nəticəsi müəyyən olunur.
Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə görə invertarlaşdırmanın aparılması məcburi olan hallardan başqa, hesabat ilində onların aparılma sayı, tarixi, yoxlanmış əmlakın siyahısı müəssisə rəhbərliyi tərəfindən müəyyən edilir.
Müəssisə əmlakının xarakterindən asılı olaraq konkret invertarlaşdırma vaxtı müəyyən olunmalıdır. Mövcud qaydalara görə təcrübədə invertarlaşdırma aparılması üçün aşağıdakı vaxtlar müəyyən olunur:
-əsas vəsaitlər üçün üç ildən bir;
-kitabxana fondu 5 ildən bir;
-anbarlarda olan hazır məhsullar, illik mühasibat (maliyyə) hesabatının hazırlanma qabağı, oktyabr ayının 1-dən tez olmamaqla;
-anbar və bazalardakı mallar-ərzaq malları üzrə ildə iki dəfə, qeyri-ərzaq malları üzrə ildə bir dəfə;
-azqiymətli və tezköhnələn əşyalar ildə bir dəfə;
-pul vəsaiti, pul sənədləri ayda bir dəfə;
-debitor və kreditorlarla hesablaşmalar ildə iki dəfədən az olmayaraq.
Müəssisə rəhbərləri əmtəə-material dəyərlərinin və pul vəsaitini invertarlaşdırılmasının düzgün, vaxtında keçirilməsinə cavabdehdirlər. Müəssisənin baş mühasibi isə invertarlaşdırılmanın mövcud olan qanunçuluq tələblərinə uyğun keçirilməsinə və onun nəticələrinin mühasibat uçotunda əks etdirilməsinə borcludur.
İnventarlaşdırma nəticəsində müəyyən olunmuş əmtəə-material dəyərləri ilə mühasibat uçotu qalıqlarında əmələ gəlmiş fərqlər mühasibat uçotu hesablarında aşağıdakı qaydada əks olunur:
- mövcud qanunçuluğa uyğun olan norma daxilində itkilər müəssisə rəhbərinin sərəncamı əsasında istehsal və tədavül xərclərinə aid olan 20«Əsas istehsalat», 26«Ümumtəsərrüfat xərcləri», 44«Tədavül xərcləri» hesablarının debetinə və 84«Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabının kreditinə yazılış aparılır. Təbii itki norması inventarizasiya nəticəsində əksik gəlmə müəyyən olduğu halda hesablanır.
- normadan artıq əskik gəlmə və əmlakın xarab olması ilə əlaqədar müəyyən olunmuş əmlakın dəyərləri təqsirkar şəxslərdən tutulmaqla 73/3 «Maddi zərərlərin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının debetinə və 84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabının kreditinə yazılış aparılır. Əgər məhkəmə qərarı ilə iddia imtina edilərsə, belə halda əmələ gəlmiş itkilər müəssisə maliyyə nəticələrinə silinir və bu halda 80 hesabın debetinə və 84 hesabın kreditinə yazılış aparılır.
Mühasibat uçotu üzrə əməliyyatların yazılışları invertarizasiya aparılan ayın hesabında əks olunmalıdır.
Qiymət və kalkulyasiya. Müəssisələrdə mövcud olan təsərrüfat vəsaitləri və təsərrüfat əməliyyatları öz xarakterinə görə müxtəlif məzmuna malikdir. Bununla əlaqədar olaraq vəsait və əməliyyatlarda ümumi göstəricinin müyyən olunmasına ehtiyac vardır. Bunun üçün isə qiymətdən istifadə olunması çox vacibdir. Qiymətin köməyi ilə müəssisədə mövcud əmlakın bütün çeşidlərinin ümumiləşdirilmiş həcmi müəyyən olunur. Yəni bütün natural və digər göstəricilər pul ölçüsünə çevrilir və bu əsasda müəssisə təsərrüfat vəsaitinin qiyməti onların həqiqi maya dəyərinə əsaslanaraq müəyyənləşdirilir. Müəssisə əmlakının və onun mənbəələrinin real qiymətləndirilməsi mühasibat uçotunun bütün sisteminin normal fəaliyyətində xüsusi əhəmiyyətə malikdir.
Müəssisə təsərrüfat fəaliyyətinə nəzarətin təmin olunmasında isə sərf olunmuş məsrəflər və onların yekun göstəriciləri müəyyənləşdirilməlidir. Bu hesabla sərf olunmuş bütün məsrəflər üzrə maya dəyərinin hesablanması çox vacib göstəricidir. Məhsulun maya dəyəri isə korkulyasiya əməliyyatının aparılması ilə müəyyən edilir. Kalkulyasiya eyni zamanda hər bir məhsul növü üzrə qiymətlərin müəyyən olunmasına şərait yaradır.
Beləliklə, mühasibat uçotu obyektlərini ümumiləşdirilmiş şəkildə ifadə etmək üçün qiymət və korkulyasiyadan istifadə edilir. Sərbəst bazar iqtisadiyyatı şəraitində həmin göstəricilərin təsir dairəsi daha da genişlənir və daha geniş əhəmiyyət kəsb edir.
Hesablar sistemi və ikitərəfli yazılış. Mühasibat uçotunun təsərrüfat əməliyyatlarının informasiya sistemi əsas elementlərindən biri mühasibat hesabları hesab olunur. Hesablar sistemi vasitəsilə mühasibat uçotunda əks olunmuş əməliyyatlar iqtisadi cəhətdən qruplaşdırılır. Mühasibat hesabları təsərrüfat əməliyyatlarının ifadə olunduğu məlumatları ümumiləşdirir və onların yekunlaşmasına şərait yaradır.
Bir sıra xarici ölkələrdə, o cümlədən İngiltərə-Amerika uçot sistemində mühasiblər hesab planını özləri tərtib tərtib edir və onlara şərti kodlar verirlər. Azərbaycan Respublikasında Mühasibat Uçotu Hesablar planı Mərkəzləşmiş qaydada Respublika Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş və hesabların adları və şifrələri müəyyən olunmuşdur.
Mövcud olan qaydalara görə təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdirilməsi ikitərəfli yazılışın köməyi ilə həyata keçirilir.
Mühasibat balansı və hesabat. Mühasibat uçotu ünsürləri içərisində mühasibat balansı və hesabat mühüm yer tutur. Mühasibat balansında müəssisənin özünəməxsus və cəlb olunmuş vəsaitlərinin iqtisadi cəhətdən qruplaşdırılması, onların yerləşdirilməsi və pul şəklində ifadəsi bir qayda olaraq hər ayın 1-i tarixində əks olunur.
Balansda bütün təsərrüfat vəsaitlərinin ümumi yekunu həmin vəsaitlərin əmələ gəlmə mənbələrinin yekununa bərabər olmalıdır. Beləliklə, müəsssə balansı müəssisənin təsərrüfat vəsaitinin və onların istifadə edilməsi üzərində nəzarətin həyata keçirilməsinə imkan verir.
Müəssisə və idarələrin mühasibat hesabatı müəyyən dövr üçün (ay, r
üb, il) istehsalat-təsərrüfat və maliyyə fəaliyyətini xarakterizə edən göstəricilər sistemidir.
« Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunda» mühasibat hesabatı müəssisə maliyyə və əmlak vəziyyətinin vahid qəbul olunmuş göstəricilərin özündə əks etdirməklə mühasibat uçotu göstəriciləri əsasında vahid formada tərtib olunmaqla, maraqlı hüquqi və fiziki şəxslərin müəssisənin əmlak və maliyyə vəziyyəti, mənfəət və zərəri haqqında müqayisə edilə bilən məlumatlarla təminatından ibarətdir. Müəssisə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinin hərtərəfli təhlili ancaq balans və hesabata əsasən şərh olunur.
Mühasibat uçotunun bütün göstərilən metodoloji prinsip və qaydaları bir-birilə sıx surətdə əlaqədardır. Təcrübədə həmin metodiki prinsiplər əlaqədar ardıcıllıqla icra olunur. Göstərilən prinsiplərin icrası ilə mühasibat uçotunda fasiləsiz, ardıcıl və sənədlər əsasında təsərrüfat-maliyyə əməliyyatları pul, miqdar və əmək ölçülərinə uyğun olaraq ümumiləşdirilmiş formada əks olunur. Bütün bu əməliyyatların qarşılıqlı şəkildə mühasibat uçotunda əks olunması ilə etibarlı, sistemləşdirilmiş yekun hesabat göstəricilərinin əldə olunmasına imkan verir.
Bütün bunlar mühasibat uçotu sistemini yaradır və onun idarə olunmasını təmin edir.