KONSPEKT
Konspekt dərslikdəki materialı mənimsəməkdə yardımçı rol oynayır, mövzu ilə bağlı əlavə ədəbiyyata da müraciət olunmalıdır. Konspekt latınca “icmal» mənasını ifadə edir – informasiyanı sistemləşdirir, ümümləşdirir və sıxlaşdıraraq bərpa edir. Hər hansı konkret məqamda onu mükəmməl şəkildə hazırlamaq və istifadə etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:
–mətnin ümumi kompozisiyasına köklənmək;
–məlumatın məntiqi-fikri istiqamətini görmək;
–ümumilikdə ilkin mətn müəllifinin informasiyanı ifadə etmə sistemini anlamaq və həmçinin hər bir fikrin inkişaf xəttini tutmaq;
–mətnin başlıca məzmununu səciyyələndirən fikrin əsas məqamlarını aşkarlamaq;
–informasiyanı detallaşdıran təyinatları müəyyənləşdirmək;
–çıxış edərkən mətnin əsas hissəsi və nəticələrinə təyinat vermək bacarığını nümayiş etdirmək;
–əsas informasiyanı yazılışda büsbütün və ya bənd-bənd deyil, lakonik ifadədə formalaşdırmaq.
Konspekt tiplərinin planlı, tekstual, toplu və tematik növləri də fərqləndirilir. Planlı konspekt əsərin hazırlanmış ilkin planı əsasında qurulur. Tekstual konspekt əsasən sitatlar üzərində qurulur, bəzən ona sitatlı konspekt də deyilir. Toplu konspekt çıxarışları, sitatları, bəzən tezisləri də uzlaşdırır, mətninin bir hissəsi planla da təchiz oluna bilər. Tematik konspekt xalis öyrənmə təyinatlı olmaqla, mövzu üzrə qoyulan sualın açılışını bir neçə mənbədən qaynaqlandıraraq daha bitkin və dolğun cavablandırır.
Elmi məqalə
Müəyyən həyat hadisələrinin qanunauyğunluğunu və səciyyəvi cəhətlərini aydınlaşdırmaq, faktlarla ictima-siyasi mahiyyətini, əməli əhəmiyyətini aşkara çıxarmaq məqalənin fərqləndirici xüsusiyyətidir. Hər hansı mühüm məsələ tədqiq və təhlil olunur, ictimai təcrübə ümumiləşdirilir, düzgün praktik nəticələr çıxarılır.
İnformasiya toplamaq, elmi məzmunlu məsələləri araşdırıb ərsəyə gətirmək və onları məqalə formasında yazmaq məharət tələb edir.
Elmi məqalə müəyyən bir konkret mövzu üzrə mini-araşdırmadır.
Onların müxtəlif formaları vardır:
1. Elmi-nəzəri – axtarışların nəzəri izahı və qanunauyğunluq əsasında yerinə yetirilmiş araşdırmaların nəticələrinin təsviri.
2. Elmi-praktik – empirik olaraq eksperimentlərin real təcrübələr əsasında qurulması.
Elmi məqalə müəllif araşdırmalarının nəticələrini, tövsiyələrini özündə birləşdirən eksperimental və ya analitik fəaliyyətdir. İlk növbədə məqalənin mövzusu müəyyənləşdirilməlidir; əvvəlcədən mövzu haqqında ətraflı məlumatın olması mühüm əhəmiyyət kəsb etmir, əsas məsələ, yazılacaq məqalənin mövzusuna dair əsaslı məlumatları haradan götürüləcəyi haqda təsəvvürün olmasıdır - belə bir mövzuda məqalənin mövcud olub-olmamağı yoxlanmalıdır. Açar sözlərlə məqalənin məzmunu haqqında ümumiliklər olmalı, girişdə məqsəd və obyekt haqqında məlumat verilməlidir. Elmi məqalə yenilik effekti daşımalıdır, ona görə də araşdırılan mövzu, əldə edilən nəticələr əvvəllər çap olunmamalıdır. Məqalənin nəşr olunması üçün elmi jurnal seçərkən onun məqsəd və istiqaməti, impakt faktoru, indeksləşdiyi elmi bazalar və oxucu auditoriyası nəzərə alınmalıdır. Elmi əsərləri oxumamaq, plagiatlığa yol vermək, məqalənin əsas məğzini itirmək, yanlış istinadlar, obyektiv hökmlərdən daha çox subyektivliyə üstünlük vermək, redaktor və rəyçilərin iradlarını qəbul etməmək elmi məqaləyə xələl gətirən amillərdir.
Məqalə ideyanın yaranması, tədqiqi və yazılma mərhələlərindən ibarətdir: adı qısa olmalı, oxucuya haqqında işarə verməli və diqqətini cəlb etməlidir. Açar sözlər, giriş, icmal, metodologiya, tədqiqatda əldə olunan elmi yenilikləri əks etdirən nəticə əhəmiyyətin dərk olunmasına kömək edir. Xülasə məqalədəki məzmunu özündə əks etdirir, əsas aspektləri, onların interpretasiyası haqqında məlumat və cavab verir.
Məqalə məntiqi hissələrə bölünür və hər biri üçün uyğun bir başlıq verilir. Mətndə durğu işarələri, orfoqrafiya və digər növ səhvlər olmamalıdır. Təriflər kimi vacib mətnlər kursiv və ya qalın (bold) olur – o zaman oxucu bu məlumatların həqiqətən vacib olduğunu, buna xüsusi diqqət yetirmək lazım olduğunu düşünür.
Dostları ilə paylaş: |