Aliment ödənilməsi və tutulması qaydası
Alimentin ödənilməsi və tutulması qaydası Ailə Məcəlləsinin 17-ci fəslində öz əksini tapmışdır. Ailə hüququ üzrə alimentin iki qaydası həyata keçirilir:
1. Könüllü qaydada;
2. Məcburi qaydada, yəni məhkəmə qətnaməsi üzrə.
Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə alimentinin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır.
Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gədirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.
Aliment ödənilməsi barədə saziş və (və ya) icra vərəqəsi əsasında tutulan ümumi məbləğ aliment ödəməyə borclu olan şəxsin əmək haqqının və (və ya) başqa gəlirlərinin 50%-indən çox olduqda da aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında tutulur.
Aliment tutan müəssisənin müdiriyyəti qətnamənin icra olunduğu məhkəmə icraçısına və aliment alan şəxsə aliment verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur.
Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.
Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
Aşağıdakı hallar istisna olmaqla alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz:
1. Aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmək nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;
2. Məhkəmə qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;
3. Aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.
1 və 3-cü bəndlərdə göstərilən hərəkətlər uşağın və yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur.
Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin məbləği ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər.
Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Dostları ilə paylaş: |