Pedaqogikanın məntiq, gigiyena, sosiologiya və digər elmlərlə də qarşılıqlı əlaqəsi vardır.
6. Pedaqoji elm və pedaqoji proses. Onların qarşılıqlı əlaqəsi.
Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə müşayiət edən şəxsi paydaqoqos adlandırmışlar. Zaman keçdikcə həmin sözün mənası dəyişmişdir: pedaqogika tərbiyə haqqında elmə çevrilmişdi. Hazırda milli pedaqogika tərbiyənin də daxil olduğu pedaqoji proses haqqında, pedaqoji prosesin qanunauyğunluqları haqqında elmdir.
Pedaqoji proses deyəndə təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti nəzərdə tutulur. Başqa sözlə, pedaqoji proses təlim, tərbiyə, təhsil və psixoloji inkişaf formasında cərəyan edir.
İbtidai icma dövründə pedaqoji proses adət və ənənələrin, əmək vərdişlərinin məişətdə, bilavasitə iş zamanı uşaqlara aşılanması formasında baş vermişdi. O zaman pedaqoji proseslə məşğul olan xüsusi şəxslər və məktəblər olmamışdı, pedaqoji proses haqqında fikir və ya nəzəriyyə də meydana gəlməmişdi.
Sonralar pedaqoji prosesə, təlimə, tərbiyə və təhsilə aid öz fikirlərini xalq atalar sözlərində, nağıllarda, tapmacalarda, rəvayətlərdə, dastanlarda ifadə etmişdir: “Böyüyün borcu demək, kiçiyin borcu dinləməkdir”, “Ata evi tərbiyə ocağıdır”, “Nəsihət acı olsa da faydalıdır”, “Böyüyün tökdüyünü kiçiklər yığışdırar” və s.
Cəmiyyətin sonrakı inkişafında pedaqoji proseslə, yəni gənc nəslin təlimi, tərbiyəsi və təhsili ilə xüsusi sərişdəli şəxslər məşğul olmuş, məktəblər açılmışdır.
Məktəbin meydana gəlməsi, pedaqoji prosesin ictimai fəaliyyət növünə çevrilməsi məktəb haqqında, müəllim və şagirdlərin əməyi barədə fikirlərin, nəzəriyyələrin yaranmasına səbəb olmuşdur.
Təlim, tərbiyə, təhsil və psixoloji inkişaf haqqında ayrı-ayrı görkəmli şəxslər müxtəlif dövrlərdə xeyli faydalı fikirlər söyləmişlər. Onların arasında Aristotel (384-322), Platon (427-347, Əbu Əli İbn Sina (980-1037), Əbül Həsən Bəhmənyar (?-1065), Nizami Gəncəvi (1141-1209), Əfzələddin Xaqani Şirvani (1126-1199), Nəsirəddin Tusi (1201-1274), Marağalı Əvhədi (1274-1338), Fəzlullah Nəimi (1339-1394), Yan Amos Komenski (1592-1670), K.D.Uşinski (1824-1871) də vardır.
Pedaqogikanın elm kimi formalaşmasında Y.A.Komenskinin xüsusi fəaliyyəti olmuşdur. O, pedaqoji hadisələri ilk dəfə elmi zəmində izah etməyə, əsaslandırmağa təşəbbüs göstərmişdir. Təbiətvarilik ideyasına əsaslanan Komenski, məsələn, yazırdı ki, bilikləri uşaqlara dərindən və möhkəm mənimsətmək lazımdır, çünki təbiətdə kökləri torpağa dərin işləyən ağaclar möhkəm olur.
Dostları ilə paylaş: |