Klinik mənzərə. Çox vaxt xəstələr qanaxmadan, ağrıdan, qonşu üzvlərin
funksiyalarının pozulmasından, bəzən ifrazat və sonsuzluqdan şikayət edirlər.
Uşaqlıq mioması zamanı qanaxma çox vaxt tsiklik (menorragiya) olur, aybaşı
uzanır (7 gündən çox) və güclənir. Buna səbəb uşaqlığın yığılma qabiliyyətinin
pozulması, selikli qişanın "aybaşı" səthinin böyüməsi, endometriyanın
hiperplaziyası, habelə qanın laxtalanmasının dəyişməsi (əsasən yerli, uşaqlıq
nahiyəsində) ola bilər. Menorragiya selikaltı və interstisial yerləşmiş düyünlər
üçün xarakterikdir. Qanaxma atsiklik xarakter də daşıya bilər (metrorragiya). Bu
selikli qişanın nekrozu ilə əlaqədar olaraq selikaltı düyünlərdə, əsasən uşaqlıq
boynunun daxili dəliyi nahiyəsində yerləşən şişin aşağı qütbündə müşahidə edilir.
Eyni zamanda miomada metrorragiya uşaqlığın selikli qişasının iltihabı (polip,
hiperplaziya, xərçəng) ilə də yanaşı baş verir. Bu halda qanaxma miomanın
simptomu olmur. Atsiklik qanaxmada uşaqlığın selikli qişasının diaqnostik
qaşınması göstərişdir. Uşaqlığın subseroz mioması üçün qanaxma xarakterik
deyildir. Uşaqlıq mioması zamanı qanaxma uzun sürür, hər ay çoxlu qanitirmə
nəticəsində qan azlığı əmələ gələ bilər. Belə xəstələr əsasən aybaşı zamanı özlərini
pis hiss edir, iş qabiliyyətinin aşağıdüşməsi, ümumi zəiflik, baş ağrıları, baş
gicəllənmə, tənginəfəslik, ürək döyünmə, şişkinlik və s. şikayət edirlər. Miomada
ağrı sinir düyünlərinin intraliqamentar (bağ arası) və uşaqlıq boynu düyünləri ilə
sıxılması, selikaltı düyünlərin doğulması və ya şişin nekrozu nəticəsində baş verir.
Selikaltı düyünlərin doğulması zamanı uşaqlığın yığılması baş verir və qarnın aşağı
hissəsində tutmaşəkilli ağrılar olur. Ağrı əvvəlcə aybaşı zamanı, sonra aybaşıarası
müddətdə də davam edir. Sinirin sıxılması və ya şişin nekrozu zamanı ağrı daimi
xarakter alır və getdikcə güclənir. Şişin nekrozu zamanı peritonit baş verir və bütün
qarına yayılır. Qonşu üzvlərin normal vəziyyətinin dəyişməsi, funksiyasının
pozulması uşaqlıqda olan böyük mioma ilə sıxılma və ya düyünün aşağıda
yerləşməsi (uşaqlıq boynu, boğazı nahiyəsində) ilə əlaqəli olur. Bu isə sidik
ifrazının tezləşməsinə və ya ləngiməsinə səbəb olur. Sidik axarlarının
intraliqamentar (bağ arası) düyünlə sıxılması nəticəsində böyrək ləyənindən sidiyin
xaric olması pozulur və bel nahiyəsində ağrılar olur. Uşaqlıq arxası şişlər qəbizliyə
səbəb olur, həddən böyük ölçülü şişlər və kiçik çanaqda onların boğulması
bağırsaq keçməməzliyinə gətirib çıxarır. Miomada ifrazat nadir hallarda olur,
bəzən isə submukoz düyünlərdə sulu olur. Miomada hormonal pozğunluqlar və
uşaqlıq künclərində boruların sıxılması sonsuzluğa səbəb ola bilər. Ancaq bir çox
hallarda mioma olan xəstələrdə hamiləlik baş verir, onun diaqnostikası və
müalicəsi üçün əlavə çətinliklər törənir. Bəzi hallarda miomanın simptomsuz
gedişi müşahidə edilir (şikayətlərin olmaması). Miomanın obyektiv
simptomlarından uşaqlığın böyüməsi, sıxlaşması, kələ-kötür olması, deformasiyası,
uşaqlıq boşluğunun uzanması və relyefinin dəyişməsi, habelə anemiya
simptomlarını (dərinin solğun olması, taxikardiya) göstərmək olar. Miomada
uşaqlığın böyüklüyünü həmişə hamiləlik zamanı uşaqlığın ölçüsü ilə müqayisə
edirlər.
Diaqnoz. Uşaqlıqda miomanın təyin edilməsi xarakter simptomlara, ailədə
miomaya irsi meyillik, cinsi yetişkənlik dövründə aybaşı pozğunluqlarına, abort və
doğuşun ağırlaşmalarına, sonsuzluğa və ginekoloji xəstəliklərə əsaslanır. Ümumi
obyektiv müayinədə dərinin solğun, bəzən dəri və görünən selikli qişada sarılıq,
ayaqlarda şiş, tənginəfəslik, ürək döyünməsinə (anemiya ilə yanaşı) fikir
verilməlidir. Aybaşıdan sonra qanın ümumi analizində hemoqlobinin və
eritrositlərin miqdarının azalması müşahidə edilir. Xroniki anemiyada ürək
tonlarının karlaşması, sistolik küy və ürəyin sərhəddinin genişlənməsi müəyyən
edilir. Böyük miomalarda qarnın böyüməsi, əllədikdə bərk, kələ-kötür və aşağı
qütbü kiçik çanaqda olan şiş əllənir. Ginekoloji müayinədə uşaqlıq böyümüş, bərk,
kələ-kötür, qeyri düzgün formalı, az ağrılı, bəzən isə ağrılı şiş əllənir. Miomada
ağırlaşma selikaltı və subseroz düyünlərdə olur. Selikaltı düyünlər doğulan zaman
tutmaşəkilli ağrı və qanaxma olur. Düyünün nekrozunda isə yüksək hərarət və
uşaqlıq yolundan çürümüş ifrazat xarakterikdir. Güzgü ilə müayinədə uşaqlıq
boynu xarici dəliyə doğru uzanmış olur və şişin aşağı qütbü tünd qırmızı
(endometriya) və ya boz (düyünün nekrozunda) rəngdə görünür. Bəzən isə
baxdıqda uşaqlıq boynu görünmür, çünki uşaqlıq yolu boşluğu tamamilə şişlə
tutulur. İfrazat çoxlu qanlı və ya kəskin iyli çürümüş olur. İkiəlli müayinədə
uşaqlıq boynunu hər tərəfdən əhatə etmiş nazik kənarlı, yumşaq şiş əllənir, bu
zaman şiş ayaqcığı uşaqlıq boşluğuna doğru gedir. Uşaqlıq cismi normal ölçüdə
(düyün bir dənə olsa) və ya böyümüş, kələ-kötür (çoxlu miomada) olur. Uzun
gedişlidə düyünün infeksiyalaşması, uşaqlığın, çanaq peritonunun iltihabı, sepsis
ola bilər. Uşaqlığın subseroz düyün ayaqcığının qəflətən burulması onun
qansızlaşmasına və nekrozuna səbəb olur. Nekroz enli əsaslı düyünlərdə, həmçinin
kapsulaya gedən qan damarlarının tromblaşması olan interstisial düyünlərdə də baş
verə bilər. Düyünün nekrozlaşması getdikcə artan ağrılarla, intoksikasiya
əlamətləri (yüksək hərarət, taxikardiya, quru ərpli düyün), peritonit simptomları
(qarın divarının gərgin və ağrılı olması, köp, bağırsaqların perestaltikasının
olmaması və s.) ilə yanaşı gedir. Nadir hallarda bədxassəli şişə (uşaqlığın
sarkoması) keçə bilər. Bu diaqnoz postmenopauza dövründə şişin tez böyüməsini,
anemiyani (qanaxmasız), səbəbsiz əhval-ruhiyənin pozulmasını inkar edir. Mioma
və yumurtalığın şişini hamiləlik, iltihabi tuboovarial törəmə, uşaqlıq boynunun
xərçəngi (selikaltı mioma doğularkən) və eləcə də ekstragenital xəstəliklərlə
differensasiya etmək lazımdır. Uşaqlıq miomasının yumurtalıq şişindən fərqi
ondan ibarətdir ki, mioma şişi elə bil uşaqlıq boynunun davamını təşkil edir, bərk
konsistensiyalı olur, uşaqlığın uzunluğu artır (zondla ölçdükdə), şişin yerdəyişməsi
uşaqlıq boynuna ötürülür (gülləvari maşalarla müayinədə). Uşaqlıq miomasından
fərqi ondan ibarətdir ki, hamiləlik zamanı uşaqlıq oval formada və yumşaq olur,
dölün hissələri təyin olunur, ürək döyüntüləri eşidilir. Bəzi hallarda diaqnozu
qoymaqda çətinlik olarsa sidikdə xorionik qonadotropin yoxlanılır, USM-dən
istifadə edilir . Miomanın diaqnozunu qoymasında şişin yerləşdiyi yeri təyin etmək
üçün uşaqlıq boynunun, endometriyanın və yumurtalıqların vəziyyətinə diqqət
etmək lazımdır. Bunun üçün əlavə müayinə üsularından istifadə edilir. Uşaqlığın
zondlanması və ya histerosalpinqoqrafiya (submukoz düyünü aşkar etmək üçün),
USM-si, laporoskopiya (yumurtalıqların vəziyyəti, subseroz düyün olması),
kolposkopiya, biopsiya, sitoloji müayinə (uşaqlıq boynunun vəziyyətinin təyini),
ayrılıqda uşaqlıq boşluğunun qaşınması aparılır. Miomanın müalicəsi simptomların
göstəricisindən, yanaşı gedən ginekoloji və ekstragenital xəstəliklər və xəstənin
yaşından asılıdır. Konservativ və cərrahi ola bilər. Cərrahi müdaxiləyə göstəriş: a)
anemiyaya gətirən menorragiya; b) keçid və postmenopauza dövründə şişin tez
böyüməsi; v) miomanın böyük ölçüləri (14 həftədən artıq hamiləlikdə) d) kəskin
ağrı sindromu; e) bədxassəliyə keçid; q) ağırlaşmalar (düyünün doğulması,
nekrozu); g) uşaqlığın submukoz mioması; k) qonşu üzvlərin funksiyalarının
kəskin pozulması və s. Miomalar zamanı əməliyyat radikal və konservativ olmaqla
ayrılır. Radikal olaraq uşaqlığın uşaqlıq yolu üstü amputasiyası və ya
ekstripasiyasını göstərmək olar. Cərrahi isə uşaqdoğma və aybaşı funksiyasını
saxlamaqla miomatoz düyünün çıxarılması aparılır. Bu doğulan miomalarda
uşaqlıq yolundan, cavan qadınlarda isə (40 yaşa kimi) az miqdarda qarın
boşluğunun laporatomiyası aparılır (şəkil 122, 123, 124, 125). Konservativ müalicə
isə cərrahi əməliyyata göstəriş olmadıqda aparılır. Əsasən simptomatik və
yumurtalıqların funksiyasını bərpa etmək üçün müalicə təyin edilir. Aybaşının
güclənməsi və uzanması zamanı hemostatik terapiya, uşaqlığı yığan vasitələr,
anemiya əleyhinə müalicə aparılır, ağrı olduqda isə analgetik və spazmolitik
vasitələr qəbul edilir. Hormonterapiya (progesteron, norkolut, androgenlər)
funksional diaqnostika testlərin nəzarəti ilə aparılır. Dietoterapiya (tərəvəz və
meyvə şirələri-kartof, göyəli ilə), vitaminoterapiya (vitamin A, C, E, B qruppalı),
bal-neoloterapiya (yodbrom, radon vannaları) təyin edilir. Uşaqlıq mioması
diaqnozlu qadınlar qadın məsləhətxanasında, mütləq ildə 4 dəfə yoxlanmaqla
dispanser müşahidəsinə götürülür. Belə aktiv müşahidə vaxtında cərrahi
müdaxiləyə göstərişi təyin etməyə imkan yaradır
LƏNKƏRAN DÖVLƏT HUMANİTAR
KOLLECİ.
METODİKİ İŞ.
BİOLOGİYANIN TƏDRİSİNİN METODLARI.
MÜƏLLİM:KƏRİMOVA CƏSARƏT.
ALİ SİNİR FƏALİYYƏTİ VƏ ONUN TİPLƏRİ.
PLAN
1)İ.M.SEÇENOV VƏ İ.P.PAVLOVUN ALİ SİNİR FƏALİYYƏTİ TƏLİMİNİN
YARADILMASINDA ROLU.
2)İNSANIN ALİ SİNİR FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ NİTQ VƏ
TƏFƏKKÜR.
3)İNSANIN ALİ SİNİR FƏALİYYƏTİNİN TİPLƏRİ.
4)ALİ SİNİR FƏALİYYƏTİNİN GİGİYENASI.
1861-cü ildə görkəmli rus fizioloqu İ.M.Seçenov heyvan və insanın ən
mürəkkəb davranışlarının şüur və təfəkkürün beyində baş verən
reflektor fəaliyyətin məhsulu olduğunu göstərən çox cəsarətli bir
fərziyyə irəli sürdü.Sonradan İ.M.Seçenov tərəfindən verilmiş bu fikirləri
İ.P.Pavlov təcrübə yolu ilə inkişaf etdirərək sübut etmişdir.Ona görə də
dünyanın elm aləmi haqlı olaraq Pavlovu ali sinir fəaliyyəti haqqında
müasir təlimin banisi hesab edir.Bu təlimlə ali sinir fəaliyyətinin elmi
əsası qoyuldu.Ali sinir fəaliyyəti beyin qabığında gedən və qarşılıqlı
əlaqədə olan bir çox sinir proseslərinin məcmusudur.Bu proseslər
yüksək dərəcədə təşəkkül tapmış heyvanların və insanların davranışının
daim dəyişməkdə olan xarici mühit şəraitinə uyğunlaşmasına səbəb
olur.Ali sinir fəaliyyəti haqqında təlimin mahiyyəti nədən
ibarətdir?Məlum olduğu kimi İ.P.Pavlov həzm şirələrinin reflektor
surətdə ifraz olunmasının səbəblərini öyrənərkən bəzi faktlarla
qarşılaşmışdır.İ.P.Pavlov bütün faktları analiz edərkən belə qənaətə gəlir
ki heyvanlarda və insanda anadangəlmə reflekslərdən başqa bir sıra
digər reflekslər də mövcuddur.Bunlar həyat boyu qazanılır.Bu
qazanılma reflekslər sayəsində orqanizm daim dəyişməkdə olan xarici
mühitin konkret şəraitinə uyğunlaşa bilir.
İnsanın psixikası – başa düşülən və dərk edilməyən psixiki fəaliyyətlərin
kompleksi olan nitqin mənimsənilməsi prosesində formalaşır.İnsan
daima xarici mühitlə qarşılaşır və bu zaman insanın baş beyinində
müəyyən anlayışlar yaranır ki onların köməyi ilə insan onu əhatə edən
mühiti dərk edir.Yaranmış hisslər baş beyində müxtəlif anlayışlara
çevrilir.Anlayışlar isə bir insan fərdinin digərinə dediyi söz və ya
göstərdiyi işarələr vasitəsilə nəql olunur.Bu qabiliyyət niqt sayəsində
mümkün olur.Nitq təfəkkürü – elm və incəsənətin bəşəriyyətin
mütərəqqi inkişafının əsasıdır.Uşaq nitqin köməyilə öz fikrini çatdırır
biliyini bölüşdürür yeni bilik vərdiş və bacarıq əldə edir.
Nitq - əsl mənasında səs və işarə siqnalları sisteminə daxil olan
ümumiləşmiş anlayışların cəmidir.O insanda iradi şüurlu fəaliyyətlərin
formalaşması üçün əsasdır.Müxtəlif sözlər vasitəsilə insanın baş
beyninə qıcıqlar haqqında məlumatlar verilir.Bu qabiliyyət isə insanda
mücərrəd təfəkkürün inkişafına imkan verir.İnsan şifahi və yazılı nitq
vasitəsi ilə bəşəriyyətin toplamış olduğu ictimai – tarixi təcrübə ilə tanış
olur.
TİPLƏRİN TƏSNİFATI.
Bizim eradan əvvəl altıncı əsrdə yaşamış
qədim yunan həkiminə görə hər bir adam davranış xüsusiyyətlərindən
asılı olaraq dörd temperament tipindən birinəaid edilir:Melanxolikə
xolerikə sanqvinikə fleqmatikə.İ.P.Pavlov heyvanlarda şərti reflekslərin
yaranması və inkişafını öyrənərkən uzun illər apardığı təcrübələri
ümumiləşdirərək göstərir ki bu temperament tipləri ali sinir
fəaliyyətinin dörd tipinə tamamilə uyğundur.Pavlova görə
temperamentin tiplərə bölünməsinin əsasını sinir proseslərinin üç əsas
xüsusiyyəti təşil edir.Birinci xüsusiyyət oyanma və tormozlanma
qüvvəsi.İkinci xüsusiyyət oyanma və tormozlanma qüvvələrinin nisbəti
başqa sözlə bu qüvvələrin bərabər və ya qeyri-bərabər olması.Üçüncü
xüsusiyyət oyanma və tormozlanma prosesinin hərəkətliliyi başqa sözlə
onların bir-birini əvəz etmə sürətidir.Pavlov bu göstərilən üç xüsusiyyət
əsasında dörd tipin olduğunu qeyd edir:zəif qüvvəli qeyri-bərabər
qüvvəli bərabərtərəfli hərəkətli qüvvəli bərabərtərəfli asta və ya sakit.
1.ZƏİF TİP.
Bu tipə aid olan uşaqlarda qüvvəli və uzunmüddətli
qiciqlanma olduğu üçün qüvvəli tormuzlanma baş vermir.Onlarda çox
yüngül induksion tormuzlanma olur.Şərti reflekslər çox gec əmələ
gəlir.Hərəkət fəallığı az və zəif olur.Uşaq qorxaq və zəif görünür.Bu tip
Hippokratın melanxolik temperamentinə uyğun gəlir.
2.QÜVVƏLİ QEYRİ-BƏRABƏR TİP.
Bu tipədə güclü qiciqlanan tip
deyilir.Orqanizimdə qıcıqlanma tormuzlanmaya nisbətən üstünlük təşkil
edir.Müsbət şərti reflekslər çox asanlıqla yaranır.Bu reflekslər təkcə zəif
deyil eyni zamanda çox güclü qıcıqlandırıcı olur.Tormuzlandırıcı
reflekslər isə əksinə çox çətinliklə əmələ gəlir.Hətta kənar qıcıqlanmalar
belə induksion tormuzlanma yaratmır əksinə reflektor reaksiyanı daha
da artırır.Mənfi şərti reflekslər davamsız olur və tez sıradan çıxır.Belə
adamlar tez-tez ucadan və qeyri-bərabər nitqə malik olurlar.Uşaqlar çox
çevik həddindən artıq hərəkətli və qıcıqlanmış vəziyyətdə olurlar.
Təmkinsizlik tipinin bir neçə variantı aid edilir:1.əksər hallarda
qabiliyyətli yüksək dərəcədə qıcıqlı və temperamentli uşaqlar.Bunlar
çox emosional olur.2.çılğın və tez coşan uşaqlar.Normal davranışları tez-
tez pozulur və qısa müddətdə düzəlir.Belə uşaqlar coşan zaman
özlərindən çıxır və aqressiv olurlar.3.Tormuzlanma prosesinin aşağı
düşməsi açıq şəkildə özünü göstərir.Öz hisslərinin ödənilməsi xatirinə
hər şey edirlər onların qarşısını heç cür almaq olmur.Çətin tərbiyə
olunurlar.Bu tip Hippokratın xolerip tipinə uyğun gəlir.
3.GÜCLÜ TƏMKİNƏ MALİK DİRİBAŞ TİP.
Həm müsbət həm də
mənfi şərti reflekslər çox tez yaranır.Yaranmış şərti əlaqələr qüvvəli
olur.Tez-tez kəskin şəkildə oyanmadan tormuzlanmaya və əskinə
keçirlər.Bu zaman beyin yarımkürələrinin qabığında heç bir pozğunluğ
baş vermir.Danışıqları kifayət qədər tez açıq emosional ucadan eyni
zamanda əl qol atmaqla və müəyyən qədər mimikalı olur.Belə uşaqlar
cəld və istiqanlıdırlar.Belə uşaqlar asan tərbiyə olunur və böyük
qabiliyyətə malikdir.Bu tip Hippokratın sanqvinik temperamentinə
uyğundur.
4.GÜCLÜ TƏMKİNƏ MALİK LƏNG TİP.
Əvvəlki tipə nisbətən
müsbət və mənfi şərti reflekslər çox ləng yaranır.Danışıqları aramlı sakit
təmkinli olur.Hiss olunan emosiya və əl-qol hərəkətlərinin olmaması
müşahidə edilir.Buna görə də müsbət və mənfi qıcıqlandırıcıların
birindən digərinə keçməsi reaksiyaların pozulmasına səbəb olur.Belə
uşaqlar bir qayda olaraq dərs məşğələlərində sait olmaları ilə
fərqlənirlər.Qarşılarına çıxan çətinlikləri asanlıqla həll edirlər.Əksər
hallarda belə uşaqlar yaxşı oxuyur və qabiliyyətli olurlar.Verilən
tapşırıqları ləng amma vicdanla yerinə yetirirlər.Belə tipə aid olan
adamlar Hippokratın fleqmatik temperament tipinə uyğun gəlir.
Xarici mühitin əlverişsiz amilləri ali sinir fəaliyyətini həm qısa müddət
həm də uzun müddət poza bilər.Bu vaxt böyük beyin yarımkürələrinin
qabığında oyanma və tormozlanma prosesləri nisbəti pozulur bu da
şərti reflekslərin əmələ gəlməsini pozur yaddaşın zəifləməsinə
yuxusuzluğa səbəb olur.Ali sinir fəaliyyəti pozulduqda daxili orqanların
fəaliyyətində patoloji dəyişikliklər baş verir.Pozulmuş prosesləri
doğuran səbəblər aradan qaldırılarsa həmin proseslər bərpa olur.Bunun
üçün bəzən mühiti dəyişmək yaxşı dincəlmək kifayət edir.
EDEBİYYAT/C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV
S.M.QULİYEV/UŞAQ ANATOMİYASI VƏ
FİZİOLOGİYASI//G.A HACIYEV/İNSAN ANATOMİYASI
BAKI-2001
Dostları ilə paylaş: |