BÖYÜK ARİF AYƏTULLAH HACI ŞEYX ƏLİ AĞA SƏADƏTPƏRVƏRİN (PƏHLƏVANİ TEHRANİ) ŞƏXSİYYƏTİ VƏ HƏYATI HAQQINDA
TÖVHİD BADƏSİNİN SAQİSİ
Mə`rifət şe`rinin şah beytin, inan
Köksündə gəzdirir o arif insan.
Onda birləşmişdir zöhd ilə ürfan,
Tövhid badəsini tutmuş o insan.
Əli yolun getmiş, Əliyə oxşar,
Tövhid əhli üçün onda işıq var.
Bir eşq yolçusudur, səbri rizası,
Yaşamış qorxu ilə ümid arası.
Bir eşq şərbətidir, varlığı sirli,
Bağlı xəzinədir, ağzı möhürlü.
Cisim qəfəsindən qurtulan o quş
Yerlərdən göylərə xəbər aparmış.
Dodağından kövsər qaynayar hər an,
Susuzlar təşnəsin yatırar ondan.
Yuxarıdakı şe`ri arif şeyxin aşiqlərindən biri yazmışdır.
İmam Xomeyninin (r) qələmindən:
Torpaq övladında bu nə gözəllik!
Yox, torpaqdan deyil, cənnət quşudur.
Dodaqlardan soruş suyun dəyərin,
O, ərşin bizimçün yaranmışıdır!
Ey mə`nəviyyat və mə`rifət səfiri! Ey ərş yolun ötüb-keçmiş! Səfərə çıxdın və yüzlərlə könül karvanını özünlə apardın. Bizi görüşünə həsrət qoydun. Sən özündən öncəki mə`rifət aşiqlərinin meyvəsi idin. Qədim və kamil ariflərin məharətini ən gözəl şəkildə tövhid yolçularına təqdim etdin. Şiə cəmiyyətinin mə`nəvi fəzasında fəzilətli gənclərin qəlbini tövhidə yönəldib, onlardan böyük insanlar yetirə bildin. Keçmiş övliyaların nurani səmərəsini növbəti nəsilə ötürməyi bacardın.
Kim sənin mə`rifət nurunda təqdim etdiklərini dana bilər?! Sənin şəxsiyyət və əqidəni nəzərdən keçirdikdə zehnimdə hikmətli bir sözün canlanır: “Hünər fe`lin tutumudur və fe`lin tutumu tövhiddədir.” (Bu sözləri Ayətullah Cavadi Amilinin təfsir dərsində eşitmişəm). Günəşin nurunu inkar edənlər həmişə olub və var. Sənin fəzilət və gözəlliklərini inkar edən olsa, özünün yarpaqsız və səmərəsiz bir ağac olduğunu göstərir. Onlardan nə düşüncə gözləyəsən?!
Ləyaqətsiz aşiqin olan bu bəndə sənin dünyadan köçünü öz atasının dünyadan köçündən daha ağır gördü. O səni özünə ruhani ata sayırdı. Mə`nəvi atanın cismani atadan şərafətli olması Əhli-beytin buyuruğudur. Mən bu münasibət və əqidəni səni sevən insanlarda, mə`nəviyyat şagirdlərində aşkar görmüşəm.
Nəzərinizə çatdırılacaq nöqtələr ariflər şeyxi, mə`rifət vadisinin məşhuru, pak nəfs sahibi Hacı Şeyx Əli Pəhləvaninin xüsusiyyətlərindən bir qismi idi. Bu yazı naqis və dəyərsiz bir xidmətdir. Arzu edirəm ki, böyük arifin həyatı haqqında inşallah ətraflı və gözəl bir kitab yazılıb, mə`rifət aşiqlərinə təqdim edilsin!
Ümid edirəm ki, böyük arif məni bu cəsarətimə görə əfv edər. Eşq və bağlılıq insana şücaət verir. O cənabın bütün şagirdlərindən acizanə şəkildə xahiş edirəm ki, bu kitabdakı nöqsanları öz böyüklükləri ilə bağışlayıb, qeydlərini müəllifə çatdırsınlar. Həmən qeydləri nəzərə alıb növbəti işlərdə nöqsanları aradan qaldırmağa çalışaram.
TƏRBİYƏ ÜSULU VƏ İLAHİ TƏKAMÜL YOLU
Ariflər şeyxi həzrət Şeyx Əli Pəhləvani xüsusi tərbiyə üsuluna, ilahi təkamül yoluna sahib olmuşdur. İllər uzunu Əllamə Təbatəbainin dəyərli hüzurundan bəhrələnmiş, onun ürfani incəliklərinə varmışdır. O, şiə ariflərinin yolunu izləmiş, böyük arif Ayətullah-üzma axund molla Hüseynqulu Həmədanidən bəhrələnmişdir. Onların Qur`an, Peyğəmbər (s) və Əhli – beyt (ə) göstərən yola dərin e`tiqadı olmuşdur. Ustad öz nurani həyatı boyunca bu böyük məktəbin tanınmış yetirmələri ilə görüşmüş, onların düşüncə və həyatı ilə tanış olmuşdur.
Amma onun özünün də çox gözəl və nurani əməl üslubu olmuşdur. Ustad özündən əvvəlki ariflərin düşüncələrini ümumi şəkildə özündə əks etdirmiş, onların mə`rifət nurundan öz ilahi təkamülündə yetərincə faydalanmışdır.
Ustad onunla görüşə gələnlərin həqiqətən ilahi yol keçmək arzusunda olduğunu gördükdə onları hərarətlə qarşılamış, öz ağuşunu açmışdır. Orta yaşlarda olduğu vaxt yanına gələnləri xüsusi bir şövqlə qarşılamış, özü onlar üçün çay hazırlamış, onlara xidmət göstərmişdir. Şagirdlərdən biri onun ölümünə təəssüflənib ağlayaraq deyirdi: “Hətta almanı doğrayar, öz əli ilə şagirdlərinə yedirərdi”. O öz şagirdlərinin tərbiyəsi ilə can-dildən məşğul idi. Əgər şagirdlərdən biri öz təkamülünə maraq göstərsəydi, verilən tapşırıqları yerinə yetirsəydi, onu tövhid maarifi dərsinə də`vət edərdi.
Ustad adətən Allah aşiqləri üçün məğrib və işa namazlarından sonra məclis qurardı. Hansı məclisdə kimlərin iştirak edəcəyini xüsusi bir qayda ilə tə`yin edərdi. Bu seçimdə hər bir kəsin ilahi tərbiyədə keçdiyi mərhələ nəzərə alınardı. Bu yığıncaqlardan bə`ziləri iyirmi ilədək davam etmişdi.
Bu qəbil məclislərdə adətən şagirdləri tövhid maarifi ilə tanış edəcək məsələlər açıqlanardı. Səy göstərilərdi ki, iştirak edənlər göstərişləri yerinə yetirməkdə daha çox çalışıb, daha çox agahlıq əldə etsinlər. Eşitdiyim və ya bildiyim şeylərdən biri də budur ki, onların məclislərində Seyid ibn Tavusun “İqbalul- ə`mal” kitabından dualar oxunardı. Hafizin divanındakı qəzəlləri ustad özü şərh edərdi. Mə`rifət əhli buyuruqlarının şərhi onun böyük və dəyərli əsərlərindəndir.
Əllamə Təbatəbainin mə`rifət dərslərindən ibarət olan “Ləbbül-bab” risaləsi, Seyid Bəhrül-ülumiyə məxsus mə`rifət kitabı, Saib Təbrizinin seçilmiş tövhidi şe`rləri məclisdə mütaliə olunan mənbələr idi.
Rəcəb və şə`ban aylarında bu iki aya məxsus dualar oxunar və araşdırılardı. Ramazan ayında bütün məclisləri dayandırar, öz mə`budu ilə xəlvətə çəkilər, gecə-gündüz raz-niyaza məşğul olardı.
İlin bütün günlərini Qumda olardı. Dostlarına mə`rifət yönümündə məsləhətlər verərdi. Əlbəttə ki, gündüzlər günortayadək elmi araşdırmalara məşğul olardı. Günortadan sonra axşam azanınadək bütün vaxtını şagirdlərə sərf edərdi. Tələbələrinin mə`rifətlə bağlı məktublarına cavab verərdi. Bu məktubların hər biri çox dəyərlidir. Şagirdlər həmin məktubları iftixarla əzizləyir. Bu məktublar bir yerə toplanıb çap olunarsa, həmin ilahi insandan böyük töhvə olar. Həmin məktublar əsasında onun tərbiyə üsulu ilə dəqiq tanış olmaq mümkündür. Bundan əlavə tələbələri, mə`rifət yolçusu olan dostlarını qəbul edər, onların problemlərinin həlli üçün bacardığını edərdi. İlahi yol yolçularına göstərişlər verərdi. Son illərdə pillələrlə qalxıb-enmək çətin olduğundan günortadan sonralar gələrdi. Girişə yaxın pillədə əyləşib sualları cavablandırardı. Bə`zən bu sorğu-suallar beş saat uzanardı. Məğrib və işa namazlarından sonra da daim məclisləri olurdu. Ətrafındakıların əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirirdi.
Tarixini unutmuşam, bir gün onun hüzurunda söhbətlərindən feyz alırdıq. O buyurdu: “Əllamə Təbatəbaidən ilahi yol, mə`rifət səfəri ilə bağlı göstərişləri aldıqdan sonra, əksər yetirmələrinin iş ardınca getdiyi bir vaxt hiss etdim ki, Əllamə mə`nəvi təkamülü ilə bağlı nailiyyətlərini açıqlamaqdan çəkinir. Çalışırdım ki, onu bir yolla danışdırım. Hər gün suallar hazırlayır, onun xidmətinə gedib danışdırmağa sə`y göstərirdim. Dediklərini qəlbən qəbul edir, sonra bütün söylədiklərini yazırdım. Onun buyurduqlarını mə`rifət əhlinin buyuruqları ilə tutuşdururdum. Əllamə mə`rifət əhlinin işlətdiyi terminlərdən istifadə etməzdi. Şeyx Əli Ağa Pəhləvani bildirir ki, Əllamə Təbatəbai çox qapalı bir adam idi və soruşulmayan bir şey haqqında danışmazdı. Onun nəzərincə, Əllamənin özü ilə apardığı tövhid sirləri açıqladığı sirlərdən qat-qat artıq olmuşdur.
Şeyx Əli Ağa Pəhləvani Əllamənin həyatı dövründə onun dəyərli xəzinəsi vasitəsi ilə şagirdlər tərbiyə etməyə başlamışdır.
O, ilahi mə`rifət yolunda çox aram idi. Addımları sabit bu insan lətif, sıxıntısız göstərişlər verərdi. Çox çalışardı ki, şagird bir mərhələni tam başa vurmamış o birinə keçməsin. İlkin mərhələlərdə büdrəyənlər çox olur. Ustad mə`rifət yolçusunu ağır yükləməz, onun agahlıqla hərəkət etməsinə çalışardı. Şagirdlərin yuxuda və ayıq vaxtı rastlaşdıqları ruhiyyə ustadın dərslərinin məhsulu idi. Şeyx Əli Ağa Pəhləvani hər bir şagirdə diqqətlə nəzarət edirdi. Onların hər əməldə sabitqədəm olmasına çalışırdı. Xarakter, ruh və cisim baxımından yolçunun sağlamlığı mühüm sayılırdı. Qədim tibbdən mə`lumatlı olan ustad şagirdlərinə bu yönümdə də məsləhətlər verirdi. O sağlam orqanizmi ilahi mə`rifət yolçusu üçün e`tibarlı minik sayırdı. Daim tapşırırdı ki, şagirdlər sağlamlıqlarını qorusunlar. Bildirirdi ki, belə olmasa yaşa dolanda ibadət çətinlik törədər.
Çox sadə göstərişlər verirdi. Zahirən sadə olan bu tapşırıqların batinində böyük tə`sir vardı.
Bir gecə buyurdu: “Dostlardan birinin (şagirdləri haqqında danışanda həmişə belə deyərdi) yaxın qohumu ayaqlarının revmatizmindən əziyyət çəkirdi. Məndən dərman istədilər. Dedim ki, ayaqyoluna gedəndə özünü pakladıqdan sonra hökmən parça ilə qurutsun. Bu rütubət ayaqlara pis tə`sir göstərir. Cavanlıqda da olmasa, qocalıqda insan ayaq ağrılarından əziyyət çəkir. Tövsiyəni xəstəyə çatdırdılar. Bir müddət sonra həmin şəxsin sağaldığını bildirdilər."
Həmişə tapşırardı ki, dəstəmaz aldıqdan sonra yaş əllə libasın qollarını aşağı salmasınlar. Bu işin bədən üçün zərərli olduğunu bildirirdi. Deyirdi ki, dəstəmaz suyu ilə islanmış paltar bədənin istisi ilə quruduqda mənfi tə`sir göstərir. Onun nəzərincə, bir çox sümük və əzələ ağrılarının səbəbi bu idi.
Dostları ilə paylaş: |