AYƏTULLAH BÜRHANIN RUHANİ HALLARI
O, insanlarla eynən peyğəmbər kimi rəftar edərdi. Tehranda sübhlər cəmiyyət namazı qılınmayan vaxt onun məscidində izdiham olardı. Ayla bağlı bütün dualar oxunardı. İlk dəfə Zeynəbiyyə günləri keçirən Ayətullah Bürhan olmuşdur. Rəcəb ayının on üçünü geniş bir tədbir təşkil edərdi. Rəcəbin on dördüncü günü bütün məscid qara örtüyə bürünərdi. Həzrət Zeynəbin xatirəsinə hazırlanmış yazılar məscidin divarlarına vurulardı. Bu xatirə məclisləri on gün davam edərdi. Ayətullah Bürhan həmin mövzuda söhbətlər edərdi. Fatimiyyə günləri də onun yadigarıdır. Ondan əvvəl belə günlər olmayıb. Tasua və aşura günləri Ayətullah özü ayaqyalın-başaçıq qara bir köynəklə əzadarlara qoşular, hamı kimi sinə vurub ağlayardı. O bu qəbil rəftarların ayətullaha yaraşmaması fikrini qəbul etmirdi. Əba və əmmaməsini çıxarıb bir kənara qoyar, qara bir köynəklə dəstənin önündə sinə vurardı. Xalqla elə rəftar edərdi ki, məscidində namaz vaxtı yer tapılmazdı. Onun məscidi sanki bir dövlət idi. Orada hər şey vardı. Ətrafdakı insanların bütün problemləri bu məsciddə həll olunardı. Məscid əhlini inandırmışdı ki, qızlarını məsçid əhlindən olanlara ərə versinlər. Məscid qadınlarının kənar mağazalara getməməsi üçün məscidin həyətində köşk qoymuşdu. Orada qızıl əşyaları, ayaqqabı, parça, məscid əhlinin ehtiyacı olan hər şey satılırdı. Bayram günləri orada alış-veriş daha güclənirdi. Məscid nəzdində İslami bir dərgi çap olunurdu. Bəli, bu məscid hökuməti xatırladırdı. İlk qərzül-həsənə sandığı (xeyriyyə bankı) bu məsciddə işə başladı. Bu gün ölkədəki bütün qərzül-həsənə sandıqları mərhum Ayətullah Bürhanın yadigarıdır.
AYƏTULLAH BÜRHANIN RƏFTARI
Müəllif: Bildiyimiz kimi Ayətullah Bürhan Əllamə Qazinin şagirdi olmuşdur. Bu ona böyük imtiyaz verir. Əllamə Qazinin tə`siri sayəsində onda lətif bir əhval-ruhiyyə vardı. Bu barədə nə deyə bilərsiniz?
Ənsariyan: Əvvəlcə maraqlı bir hadisə: Ayətullah Bürhan dünyasını dəyişəndən bir il sonra mən Məşhəd ziyarətinə getmişdim. Hərəm xidmətçilərindən birinin evində otaq icarəyə götürmüşdüm. On gün Məşhəddə qalmaq fikirim vardı. Hava çox isti idi. Evin su hovuzu binanın zirzəmisində idi. Ev sahibindən icazə almışdım ki, günortadan sonra bir qədər orada əyləşim. Bir dəfə zirzəmidə oturduğum vaxt oraya ərəb libasında bir şəxs gəldi. O farsca məndən “haralısan” soruşdu. Dedim ki, tehranlı. Hansı məhəllədən olduğumu soruşdu. Bildirdim ki, Lorzadə məhəlləsindənəm. Gözü yaşla doldu. Soruşdu ki, mərhum Bürhanı tanıyırdın? Dedim ki, bəli, yaxşı tanıyırdım. Mən yeddi-səkkiz il onun xidmətində olmuşam. Ah çəkdi və dedi: “Allah ona rəhmət etsin. Bir neçə il öncə Kazimeyndə dörd yaşlı oğlumu izdiham arasında itirdim. Nə qədər axtardımsa tapa bilmədim. Düz üç il uşağın anası ilə birlikdə İraqı alt-üst etdik, amma bir nəticə əldə edə bilmədik. Gün-gündən pərişanlığımız artırdı. Bir gün Nəcəfə getdim, Əmirəl-mö`mininə təvəssül etdim. Bir şəxs dedi ki, əgər uşağını tapmaq istəyirsənsə, get Tehrana, Lorzadə məscidində ağa Bürhandan kömək istə. Pasport götürüb İrana gəldim. Ağa Bürhanın görüşündə oldum. Bir neçə gün məscidin həyətində qaldım. Bilmirəm, Allahla nə rabitə qurdu! Bir gün mənə dedi: “Tez İraqa get, Hilləyə tələs. Filan gün günortadan sonra saat filanda uşağının əlindən tutmuş bir şəxs filan xiyabandan keçəcək. Get uşağını təhvil al.” Başılovlu İraqa üz tutdum. Arif nə demişdisə elə də oldu. Onun dediyi saatda, dediyi yerdə uşağımı tapdım.
Bəli, Ayətullah Bürhan hərtərəfli insan idi. Təsəvvür edin ki, hələ Tehranda indiki ayaqyolu oturacaqları olmayan vaxt ağa Bürhan şam namazına bir saat qalmış məscidə gələr, libasını dəyişib ayaqyolunu yumağa başlayardı. Məsçidə daxil olanda xalçaları qaldırar, əlindəki dəsmalla yerdəki qırıntıları təmizləyərdi. Yay günləri namazı məscidin həyətində qılardı. Məscidin həyətində portağal əkilmiş çox ə`la görkəmli səkkiz-doqquz güldan qoymuşdu. Həyətdə gözəl, fəvvarəli bir hovuz tikdirmişdi. Hamını, gəncləri, uşaqları məscidə cəzb etmək üçün çalışırdı. Namazı başa vurandan sonra əlini cibinə salıb uşaqlara şirni paylayardı. Hər dəfə şirni verəndə təbəssümlə deyərdi: “Axşam yolunuzu gözləyəcəyəm.” Ayətullah Bürhan bu yolla iki nəsil tərbiyə etdi. Onun haqqında daha yaxşı öyrənmək üçün Ayətullah Məhdəvi Kəniyə müraciət edin. Şeyx Əli Səadətpərvər Pəhləvani də onun şagirdi olub. Biz uşaq olanda onlar mərhum Bürhanın tələbələri idilər. Mən uşaq yaşlarında tez-tez onun yanında olurdum. On yaşım olmasına baxmayaraq mənimlə bir kişi kimi söhbət edər, ciddi məsələlər danışar, hədis söyləyərdi. Bir şeyə əminəm ki, o hamı ilə ən kamil şəkildə davranırdı. Hicri-şəmsi 1338-ci ildə dünyasını dəyişdi. İndi 1385-ci ildir. Hələ ki onun kimi hərtərəfli və çəkili ikinci axund görməmişəm.
İKİ ARİFİN BUYURUQLARININ TƏ`SİRİ
Müəllif: Siz hacı ağa Hüseyn Fatimi Qummi və hacı Şeyx Abbas Tehranini görmüsünüz. Onlar haqqında da bir neçə kəlmə söyləyin.
Ənsariyan: Hacı Şeyx Abbası yaxından tanımışam. Əynimdəki libası o geyindirib. Sağ olduğu vaxt tez-tez görüşündə olardım. O qırx il xəstə oldu. Vaxt tapan kimi görüşünə gedərdim. Onda da mərhum Bürhanın əhval-ruhiyyəsindən vardı. Xüsusilə cümə günləri minbərləri çox tə`sirli idi. Hacı ağa Hüseyn isə cümə axşamları evində məclis qurardı. Vaxt tapanda həmin məclisə gedərdim. O da sözü tə`sirli insanlardan idi. Dediyi sözlərdən daha çox özü tə`sirlənər, həyəcanlanardı. Minbərdə adətən ağlayardı. İndi Qumda belələrinin yeri boşdur.
AYƏTULLAH ŞEYX ABBAS ATİFİ QUÇANİNİN HƏYATINDAN
Hicri-qəməri 1425-ci ilin mübarək ramazan ayının son həftəsində Nəcəfabadın "Cameətul-imamul-muntəzər" elmi hövzəsində Nəcəf alimlərindən olan hacı ağa Bəhrinin xidmətində idim. Alim hicri-şəmsi 1365-ci ildə İraqdan İrana gəlmiş, Cəhrom şəhərində məskunlaşmışdı. Bu şəxs ardıcıl şəkildə Nəcəf elmi hövzəsində böyük insanlarla görüşmüş, Əllamə Qazi, şeyx Abbas Quçani kimi insanlarla təmasda olmuşdu. O, Ayətullah Quçani haqqında belə nəql edir: Ayətullah Quçani çox nurani, təvazökar bir insan idi. Uca qaməti, dolu bədəni vardı, pəhlivan görkəmində idi. Əmirəl-mö`mininin (ə) hərəmi yaxınlığında kiçik bir mənzili vardı. Bu mənzil Huvəyş bazarının yaxınlığında idi. Ustadın iki oğlu vardı. Onlardan biri, Şeyx Mahmud hazırda Tehranın Kax meydanındakı peyğəmbər məscidində imam-camaatdır. İkinci oğlu Şeyx Məhəmməd İraq rejimi tərəfindən həbs edilmiş və bir daha geri qayıtmamışdır. Onun cənazəsi də tapılmamışdır.
Bir qrup tələbə İraqdan çıxıb İrana gəlmək istədikləri vaxt Şeyx Abbas Quçaninin ailəsini də özləri ilə götürmüşlər. Təəssüf ki, həmin vaxt şeyx Məhəmməd həbsdə olmuşdur. Ayətullah Quçani adətən Ayətullah-üzma Əbdül-Hadi Şirazinin yanında olardı. Onu oğlunun itkin düşməsi çox narahat edirdi.
Mən özüm Ayətullah Quçaninin hüzurunda həkim Səbzvarinin "Mənzumə"sini oxumuşam. Oğlum onun oğlu şəhid Şeyx Məhəmməddən dərs alardı. İslam elmlərini dərindən bilən cənab Quçani fəlsəfədə xüsusi iste`dada malik idi. Nəcəfdə də fəlsəfə ustadı kimi tanınırdı. Həmən vaxtlar "Əsfar"dan dərs keçərdi.
O əsil əxlaq müəllimi idi. İnsanlar arasına fərq qoymaz, Nəcəf elmi hövzəsində müşahidə olunan ayrıseçkiliyə yol verməzdi. Elə düşünürəm ki, Nəcəf hövzəsinin dağılmasının əsas səbəblərindən biri həmin ayrıseçkiliklər oldu.
Hər gün ardıcıl şəkildə Əmirəl-mö`minin hərəminə gedər, onun nurundan bəhrələnərdi. Özü belə nəql edirdi: Əllamə Qazinin şagirdi idim. Şagirdlərdən biri sübh yatıb cunub olmuşdu. Qüsl verə bilmədiyindən həmin vəziyyətdə dərsə gəlmişdi. Əllamə Qazi sinifə daxil olan kimi ona üz tutub e`tiraz etdi: “Bu halda dərsə gəlirsən?”
HALAL QİDANIN NURU VƏ HARAM TİKƏNİN TƏ`SİRİ
Əli ağa Nasehi buyurur ki, Ayətullah Mahmud Quçani belə nəql etmişdir: “Bu əhvalatı atamdan eşitmişəm: Bir gün Kəşmirə getmişdim. Kəşmirin elmi mədrəsəsində qoca bir xidmətçi baxçada səliqə-sahman yaradırdı. Onun qoca yaşında beli qüdrətlə yerə vurub şum etməsi məni təəccübləndirdi. Təəccübümü gizlətməyib ondan bunun səbəbini soruşdum. Qoca dedi: Qolumdakı gücün öz əhvalatı var. Bir dəfə qoca bir kişi mədrəsəyə gəlib dedi: “Bu gecə mümkünsə mədrəsədə mənə yer ver.” Mən ona bildirdim ki, bütün hücrələrdə tələbələr qalır və artıq yer yoxdur. Birdən ağlıma gəldi ki, ona anbarda yer verə bilərəm. Təklifimi ona bildirdim. O qəbul edib anbara üz tutdu. Sübh erkən yuxudan oyanıb həyətə çıxanda anbar tərəfdə bir nur gördüm. Hansı ki orada çıraq da yox idi. Anbara yaxınlaşdım. Qoca orada Qur`an oxuyurdu. Onun gözlərindən Qur`anın səhifələrinə nur süzülürdü. Başa düşdüm ki, bu şəxs Allahın övliyalarındandır. Yaxınlaşıb gördüklərimi dedim. Ondan nəsihət istədim. O bildirdi ki, mənim bir işdə sabitqədəmliyim yoxdur və onun göstərişlərinə əməl edə bilmərəm. Amma əl çəkməyib tə`kid etdim. Nəhayət, o razılaşdı. Amma şərt kəsdi ki, onun iştirakı olmadan dilimə bir şey vurmayım. Mənə müəyyən vird və zikirlər öyrətdi. Gecələr ibadət edir, gündüzlər oruc tuturdum. Beləcə on gün keçdi. İftar və obaşdanım qocanın mənə verdiyi çörək idi. Həmin çörəkdən yedikcə qüvvəmin artdığını hiss edirdim. Gözümə elə bir nur gəlmişdi ki, Kəşmir şəhərini bütünlüklə görürdüm. Bu yolla on gün də keçdi. Özümdə daha artıq güc hiss edirdim. Qırxıncı gün gəlib çatdı. Şam vaxtı yuxuladım. Yuxudan oyanıb hücrədə bir sini dadlı xörəklər gördüm. Şeytan mənə belə təlqin etdi ki, həmin qidaları qoca gətirib. Siniyə yaxınlaşıb bir tikə götürdüm və ağzıma qoydum. Tikə boğazımdan keçən an qocanın hücrəyə daxil olduğunu gördüm. O əsəbi vəziyyətdə dedi: “Şərt kəsməmişdikmi ki, mənsiz bir şey yeməyəsən? Axı sənə dedim ki, sabitqədəmliyin yoxdur.” Bu sözləri deyib otaqdan çıxdı. Sür`ətlə ardınca qaçdım. Amma ondan bir əsər tapa bilmədim. Gözümün nuru bir anda çəkildi. Amma həmin qüvvədən bir azca qaldı. Bəli, bu güc həmin vaxtdan qalan gücdür!
MİRZƏ ƏLİ AĞA ŞİRAZİ HAQQINDA
Hicri-qəməri 1426-cı il qurban bayramı günü hacı ağa Kərimiyanın yanında idim. Oradakı söhbətlərdə iki maraqlı nöqtə zikr olundu:
1.Bir gün hacı Mirzə Əli ağa Şirazi ziyarətə gedərkən yolüstü Kirmanşahda Şahbazxan mədrəsəsində dayanır. Həmin vaxt Ayətullah hacı Şeyx Həsən Əllami və ağa Seyyid Məhəmməd Neybədi onun görüşünə gəlirlər. Gələnlərdən biri ağadan yaşını soruşur. Ağa buyurur: “Deyirlər ki, əldən gedən gedib, qalanından da xəbərim yox.” Ustad aşura günü İsfahanın Sədr mədrəsəsində minbərdə şiddətlə ağlayardı. Bu görüntü misilsiz bir görüntü idi.
Seyyid Məhəmməd Təqi Mədəni nəql edirdi ki, mərhum Ayətullah Hacı Şeyx Məhəmməd Həsən Nəcəfabadi buyurmuşdur: “Bir gün İsfahanın kiçik Cəddə mədrəsəsində idim. Öz-özümə düşündüm ki, Pərvərdigara, sənin övliyaların sənin camından içib. Heç olmaya onların əli ilə bizə də bir ovuc içir. Bir müddət sonra Ayətullah-üzma hacı Seyid Əli Nəcəfabadini yuxuda gördüm. Rö`ya aləmində mənə şərbət verdi. Yuxuda içdiyim həmin şərbət sonrakı müvəffəqiyyətlərimin əsas səbəbi oldu.
"AŞURA ZİYARƏTİ"NİN TƏ`SİRİ
Seyid Məhəmməd Təqi Mədəni buyurur: Ayətullah Hacı Şeyx Məhəmməd Həsən Nəcəfabadi deyirdi: Atam dünyasını dəyişəndən sonra anam razı olmadı ki, təhsilimi Nəcəfdə davam etdirim. Niyyət etdim ki, qırx gün "Aşura ziyarəti"ni oxuyum və müşkülüm həll olsun. Qırxıncı ziyarətnaməyə başlamamış anam razılıq verdi. Anamdan bunun səbəbini soruşdum. Dedi ki, atanı yuxuda gördüm, bu işə görə məni qınadı. Başa düşdüm ki, Nəcəfə getməyin məsləhətdir.” Ayətullah Nəcəfabadi tələbələrə buyurardı: “Əgər təqvalı olmaq fikriniz yoxsa, tələbəlikdən xaric olun!”
AXUND KAŞİ HAQQINDA
Hacı ağa Mədəni nəql edir: Ayətullah Hacı ağa Rəhimidən eşitmişəm: Bir gün bir qədər göyərti alıb təmizlədim, istifadəyə yararsızını kənara qoydum ki, heyvanlara verim. Həmin vaxt axund Kaşi gəldi. Heyvanlar üçün ayırdığım göyərtini görüb e`tiraz etdi və buyurdu: “Bunlar arasında hələ ki yeyiləsi var. Yeməlisini ye, qalanını heyvanlara ayır.” Həkim Hacı Ağa Məhəmməd Xorasani belə buyurardı: “Axund Kaşidə gecələr bir hal görmüşəm ki, belə halın yalnız Əmirəl-mö`minində olduğunu eşitmişəm. Bu şəxs o qədər ağlayır ki, özündən gedir.”
AŞİQ BAŞQA BİR MƏZHƏBDƏDİR
Hicri-şəmsi 1373-1374-cü illərdə müəllif ustad hacı Şeyx Seyfullah Nurməhəmmədinin hüzurundan bəhrələnmə imkanı əldə etdi. Onun məclislərindən dəyərli nöqtələr qeydə aldım. Şeyx öz söhbətlərində ilahi övliyaların həyatına da işarə edirdi.
Hicri-qəməri 1416-cı il Camadius-sani ayının 23-də Əlfiyyə dərsindən sonra Şəhidi-əvvəl buyurmuşdur: Hacı Əbül-Qasim Zari adı ilə tanınmış bir şəxs vardı. O rəsmi şəkildə təhsil almamışdı. Peşəsi əkinçilik idi. Özü böyük bir mə`rifətə yiyələnmişdi. Bir gün “Sirati-mustəqim”, “Zadul-yəqin” kitablarının müəllifi hacı ağa Taki məni onun hüzuruna apardı. Bir neçə məclis ondan bəhrələndim. Bu şəxs ilahi maarif sahibi idi. Eynən Əllamə Məclisi kimi mə`nalı danışırdı. İsfahan elmi hövzəsinin o vaxtkı rəisi Ayətullah hacı ağa Həsən Savi, Ayətullah Şeyx Məhəmməd Nasiri bu şəxslə əlaqə saxlayırdı.
Şəhrzadda bir müddət Kərbəlada yaşamış Seyid Məhəmməd Nəvvab adlı birisi vardı. Bu şəxs özünə ustad gəzirdi. Nəhayət, İrana gəlib çıxdı. Sonda hacı Əbül-Qasim Zarinin xüsusi müridlərindən oldu. Sübhlər Zarinin mənzilinə gedər, ustadın evdən çıxmasını gözləyərdi. Bir müddət sonra ustad qoyunlarını çıxarıb dağa üz tutardı. Seyid Məhəmməd yol boyu ondan ayrılmaz, namazlarını ona iqtida edərdi.
Bə`ziləri bu iki şəxsin xeyli vaxt bir yerdə olduğunu görüb onlardan xahiş edirlər ki, xüsusi bir məclis qurulsun. Eyni zamanda Seyyid Məhəmmədin nəzərinə çatdırırlar ki, onun ustadın vaxtını bu qədər alması düzgün deyil. Seyid özü deyir ki, əgər ustad həmin məclisə getməsəydi mən də getməzdim. Bəli, o öz ustadının aşiqi idi.
İMAM MUSA İBN CƏ`FƏRƏ (ə) TƏVƏSSÜL
Ustad Nurməhəmmədi buyurur: Nəcəfabad alimlərindən olan Şeyx Məhəmməd Həsən Nasihidən belə eşitdim: Nəcəfdə təhsilə məşğul olduğum vaxt üzümdə pis bir çiban çıxdı. Məni çox narahat edirdi. Seyid Əbül-Həsən İsfahaninin yanına gedib bir qədər pul aldım və anamla birlikdə Kazimeynə yola düşdüm. Kazimeyndə mehmanxanada yer tutdum. Yaranı müalicə etdirmək istəyirdim. Amma çox pis bir vaxtda pul qurtardı. Düşdüyüm vəziyyətdən çıxış yolu tapa bilmirdim. İmam Musa ibn Cə`fərin hərəminə gedib halımı danışdım. Ağladım, halım dəyişdi. Mövlanın hərəmindən çıxanda özümü saxlaya bilməyib hönkürürdüm. Camaat başıma toplaşıb bunun səbəbini soruşdu. Kimsəyə bir söz deməyib evə qayıtdım. Səhəri gün bazardan keçəndə Nəcəf tələbələrindən olan Seyid İsmayıl Musəvi ilə rastlaşdım. Bir kitab mağazasında əyləşmişdi. O birdənbirə mənə pul təklif etdi. Həmin vaxt çox böyük pul sayılan altı-yeddi dinarlıq məbləği mənə verdi. Bu pulla yaranı müalicə etdirib Nəcəfə qayıtdım. Sonra Seyid İsmayılın yanına gedib pulu qaytarmaq istədim. O isə “sənə nə vaxt pul vermişəm?” deyib belə bir iş olmadığını bildirdi. Əhvalatı yadına salmaq istədim. Bildirdi ki, mən Kazimeyndə olmamışam. Bəli, həzrət Musa ibn Cəfərə (ə) təvəssülümün bərəkəti bu oldu.
XANIM FATİMƏYƏ (Ə) TƏVƏSSÜL
Cənab höccətül-İslam Şeyx Məhəmməd Həsən Nasehi nəql edir: Nəcəfdən birinci dəfə Məkkəyə getmək istədiyim vaxt bir neçə nəfərlə dəvə kirayələdik. Bir qədər çörək və su götürdük. İki gün yol getmişdik ki, yolu itirdik. Birdən bir neçə nəfər silahlı şəxs göründü və bizə yaxınlaşıb olanımızı əlimizdən aldılar. Qollarımızı bağlayıb üzü üstə yerə yıxdılar və dəvələri götürüb getdilər. Sonradan başa düşdük ki, bələdçimiz bu adamlarla əlbir imiş.
Cənab Şeyx Məhəmməd Kufi də aramızda idi. O əslən isfahanlı idi. Amma yerini dəyişdiyindən Kufi kimi tanınırdı. Böyük şəxsiyyətlər bildirirlər ki, Kufi imam Mehdi (ə) ilə görüşən şəxslərdən olub. Bir gün İsfahanın Sədr mədrəsində ondan bu barədə soruşduq. Buyurdu: “Əgər mən onunla görüşürəmsə, bunun sizə nə faydası?”
Ayətullah Bürucerdi bu şəxsə məhəbbət göstərirdi. Bir dəfə Məşhəd ziyarətinə gəlib sonradan Nəcəfə qayıtmışdı. Bunu eşidən Ayətullah Bürucerdi təəssüf edib buyurdu: “Onu ziyarət etmək ürəyimdən keçirdi.”
Qayıdaq əvvəlki söhbətə. Beləcə, səhrada yerə yıxılmış vəziyyətdə qalmışdıq. Nəhayət, birtəhər sürünüb bir-birimizə yaxınlaşdıq və əllərimizi aça bildik. Quldurlar elə düşünmüşdülər ki, biz sahibsiz çöldə məhv olasıyıq. Su olmadığından təyəmmüm edib sübh namazını qıldıq. Hansı tərəfə gedəcəyimizi bilmirdik. İstixarə edib bir tərəfə üz tutduq. Günəş asta-asta qalxır, hava istiləşirdi. Susuzluq bizə əziyyət verirdi. Şeyx Məhəmməd dedi: “Birlikdə həzrət Zəhra (ə) namazını qılaq.” Onun tövsiyəsinə əməl etdik. Şeyx Məhəmməd Kufi xeyli ağlayıb ah-nalə çəkdi. Bu vaxt uzaqdan bir maşının bizə yaxınlaşdığını gördük. Səs-küy qaldırdıq ki, bizi eşitsinlər. Nəhayət, özümüzü maşına çatdırdıq. Bu maşın Səudiyyə ordusunun tankerlərindən idi. Öz əkin sahələrinə su aparırdı. Düşdüyümüz vəziyyəti sürücüyə danışdıq. Çətinliklə də olsa bizi maşına götürdü və düşərgəyə apardı. Orada yenidən başımıza gələnləri danışdıq. Bir qədər keçəndən sonra hərbiçilər quldurları tutub gətirdilər. Nəyimiz vardısa bizə qaytardılar. Bələdçiyə ciddi tapşırıq verib bizi pulsuz Məkkəyə çatdırmasını əmr etdilər. Hətta bizə kağız verdilər ki, Məkkəyə çatandan sonra imzalayıb bələdçiyə verək, o da həmin kağızı hərbiçilərə təqdim edib bizi sağ-salamat mənzilə çatdırdığını təsdiqləsin. Bəli, Allahın lütfü ilə həmin il Kə`bəni ziyarət edə bildik.
CAHANGİRXAN QAŞQAYİDƏN BİR XATİRƏ
Hicri-şəmsi 1380-ci ilin tir ayında Qum elmi hövzəsinin böyük ustadlarından birinin görüşündə olduq. O belə nəql edirdi: Mən mərhum Cahangir xan Qaşqayini doxsan yaşı olanda görmüşəm. Onun Baratəli adında bir xidmətçisi vardı. İsfahanın Sədr mədrəsəsində çalışan Cahangirxanın bu mədrəsəyə böyük bağlılığı vardı. O deyirdi ki, Sədr mədrəsəsindən yaxşı mədrəsə görməmişəm. Əlbəttə ki, özü bu mədrəsəyə bağlı olduğundan belə düşünürdü. Cahangirxan dünyasını dəyişəndə axund Kaşi Sədr mədrəsəsinin həyətində oturub göz yaşı axıdır və deyirdi: “Onun gedişi belimi bükdü.”
ƏLLAMƏ QAZİNİN ŞAGİRDİ AYƏTULLAH FƏYYAZ
Ustad buyururdu: “İsfahanda Ayətullah Fəyyazın xidmətində oldum. Əllamə Qazinin tə`rifini ondan eşitdim. Düşündüm ki, Əllamə Qazi ilə birlikdə olub. Sonradan Əllamə Qazinin şagirdlərindən biri bunu təsdiqlədi. Bu şəxsdə elə bir cazibə vardı ki, onu bir dəfə görən heyran qalırdı.
CƏNAB CAMAL GÜLPAYİQANİNİN BƏRZƏX HALI
Cənab hacı Şeyx Mahmud Vüsuqiyan həzrət Ayətullah Nasirinin dilindən nəql edir: Camal Gülpayiqaninin oğlu atasının bərzəx vəziyyətini görmək istəyində idi. Bu məqsədlə müəyyən zikrlər oxuyur, qırx gün bu işi davam etdirirdi. Nəhayət, yuxuda atasını görür. Görür ki, hamama oxşar bir yerdə atasını yuyundururlar. Ona belə ilham edilir ki, atasını dünya həyatının toz-torpağından təmizləyirlər. Ayətullah Nasiri buyururdu ki, Camal Gülpayiqani bir müddət mərce (xalqın sorğu ünvanı) olduğundan, güman ki, onu zahiri bulaşıqlıqlardan paklayırmışlar.
RƏBBANİ ALİM SEYİD MƏHƏMMƏD MÜQƏDDƏS İSFAHANİNİN QEYDLƏRİ
Məclisi nəql edir ki, Şeyx Bəhayi ilə Baba Rüknəddinin məqbərəsinin ziyarətinə getdik. Orada Şeyx Bəhayi dedi: “Bir səs eşidirsənmi?” Dedim ki, zəncir səsinə oxşar bir səs eşidirəm. Buyurdu: “Mənə deyirlər ki, ölümün yaxınlaşıb, hazırlaş.” Şeyx dünyasını dəyişənədək bir də evdən bayıra çıxmadı.
Yaxınlarımızdan olan hacı seyyid Məhəmməd Hüseyn nəql edir ki, Baba Rüknəddinin qəbiri üstündə gecələyib raz – niyaza məşğul oldum. Həmin il həccə gedə bildim.” Seyyid Cəlil nəql edir ki, mənim də başıma oxşar hadisə gəlib. Babanın qəbri üstünə getdim. Oradan çıxanda bir yoxsulla rastlaşdım. Mənə elə gəldi ki, Baba bu şəxsə əl tutmağımı istəyir. On şahı çıxarıb həmin fəqirə verdim. Tezliklə həcc ziyarəti qismətim oldu.
Şeyx Həsən Əli İsfahanidən ibadət rəğbətini artırmaq üçün məsləhət istədim. Buyurdu: “İmam Sadiq (ə) ona belə bir istəklə müraciət edən şəxsə buyurdu: “Allah çalışan insanı doğru yola yönəldəcəyini və`d edib.” Sonra qeyd etdi ki, insanı ibadətə rəğbətləndirən ibadətin tamını dadmasıdır. İbadətə mane olan əsas səbəb isə haram və şübhəli tikədir. İsfahanda dəfn olunmuş axund Tiflisinin dilindən nəql edirlər ki, bir gün heç bir səbəb olmadan gecə namazına oyana bilmir. Çox düşünür və heç bir səbəb tapa bilmir. Soruşur ki, südündən ona verilən inək harada otarılıb? Bildirirlər ki, ötən gün ot tapılmadığından qonşu dükandan alınan qarpızın qabıqlarını inəyə veriblər. Həmin qarpızları isə dövlət vergi kimi yığıb meyvə dükanlarına satıbmış.
Dostları ilə paylaş: |