6-CI HEKAYƏT
Ustad mərhum axund Molla Məhəmməd Kaşani İsfahaninin dilindən belə nəql edir: Təhsil dövründə “Cəddə” mədrəsəsində məskunlaşmışdım. Rəbiül-əvvəlin doqquzuncu gecəsi, Eydüz-Zəhra adlanan gün tələbələrlə toplaşıb mərasim keçirdik. Bu məni çox sevindirdi. Düşündüm ki, neçə aydan bir belə mərasimin təşkil olunması tələbəlik yorğunluğunu aradan qaldırar. Bu məqsədlə bir neçə ay sonra qabağa düşüb məclis qurdum. Tələbələri öz hücrəmə də`vət etdim. Gecə xoş keçdi. Məclis dağılandan sonra yatdım. Yuxuda gördüm ki, iki nəfər hücrəmə daxil olub deyir: “Həzrət Peyğəmbər (s) səni istəyir.” Mən qorxmuş vəziyyətdə onların ardınca getdim. Böyük bir otağa daxil olduq. Peyğəmbər (s) otağın bir guşəsində əyləşmişdi. Ətrafında alimlər, fəzilət sahibləri vardı. Mən onlar arasında yalnız molla Hüseyn Əli Tuysərkanini tanıdım. O mənim ustadım olmuşdu. Həzrət Peyğəmbər (s) buyurdu ki, çubuq və falaqqa gətirilsin. Molla Məhəmməd Kaşaninin qamçılanmasını göstəriş verdi.
Mən qorxudan tir-tir əsirdim, danışmaq güçüm yox idi. Mərhum hacı molla Hüseyn Əli Peyğəmbərdən xahiş etdi ki, onu mənə bağışlayın. Həzrət Peyğəmbər məni ustadıma bağışladı. Yuxudan oyandım. Hələ sübh azanı olmamışdı. Başa düşdüm ki, dünən gecə tələbələri mütaliədən ayırmağım səhv olub. Eydüz-Zəhra gecəsi dəyərli gecədir. Amma ömürü boş yerə sərf etmək olmaz.
7-Cİ HEKAYƏT
Ustad Seyid Cəlilin dilindən belə nəql edir: Təhsil dövründə bir gecə mütaliəyə məşğul idim. Cəməl savaşı haqqında oxuyurdum. Həmin hissəyə çatmışdım ki, Məhəmməd ibn Hənəfiyyə Ayişənin dəvəsini saxlayır. Həzrət Əli (ə) Məhəmməd ibn Əbubəkrə - Ayişənin qardaşına göstəriş verir ki, qoyma bacına əziyyət versinlər. Düşündüm ki, nə üçün Əli Ayişənin qətlinə imkan verməyib? Yatdım, yuxuda həzrət Əli (ə) mənə buyurdu: “Molla Məhəmməd, sən də mənə irad tutursan?” Yuxudan dik atıldım. Tövbə edib həzrət Əmirəl-mö’minin (ə) hüzurundan üzr istədim.
8-Cİ HEKAYƏT
Ustad həmin arif alimin dilindən nəql edir: Bir vaxtlar tələbələr qarşısında "Fatir" surəsinin mələklərlə bağlı şərif ayəsindən danışırdım. Riyazət və nəfsin tərbiyəsi ilə məşğul olduğum məqamlarda çoxsaylı qanadları olan mələklər görürdüm.
9-CU HEKAYƏT
Məzəddin Məhdəvi öz ustadı böyük zahid ağa Seyid Şeyx Əli Yəzdinin dilindən belə nəql edir: (Bu şəxs İsfahanın böyük alimlərindən və təqvalı insanlarından olmuşdur.) İsfahanda yenicə ailə qurduğum vaxtlar ağır yoxsulluqla üzləşdim. Vəziyyətim heç cür düzəlmirdi. Yenicə ana olmuş həyat yoldaşım bildirdi ki, günortaya heç nəyimiz yoxdur. Allaha ümidlə evdən çıxdım. Sədr mədrəsəsinə getdim. Vəziyyəti yaxşı olan tələbələrə vəziyyətimi deyib borc istədim. Bildirdilər ki, hazırda borc vermək imkanları yoxdur. Bir sözlə, həmin gün və gecə yeməyə bir şeyimiz olmadı. Həyat yoldaşım özünü şad göstərir, mənə təsəlli verirdi. İkinci gün evdən çıxdım, borc almaq üçün bir neçə yerə üz tutdum. Borc verən olmadı. Hətta çörəkçi və qəssab borcumun çox olduğunu bildirib nisyə mal vermədilər. Həmin gün də bu qayda ilə ötdü. Həyat yoldaşım bu məşəqqətə mətanətlə dözürdü. Nəhayət, üçüncü gün Sədr mədrəsəsində dərs oxuduğum vaxt axund Kaşinin mənə doğru gəldiyini gördüm. Üslub fərqlərinə görə ona xoş münasibət bəsləmirdim. Bu arif insandan qaçırdım ki, üzbəüz gəlib ehtiram göstərməyə məcbur olmayım. Nəhayət, üzbəüz gəldik. Salam verməyə məcbur oldum. Salamımı alıb buyurdu: “Şeyx Əli, ardımca gəl.” İxtiyarsız halda onun ardınca getdim. Hücrəyə daxil oldu və məni içəri də`vət etdi. Buyurdu ki, əyləşim. Döşəkçəsinin altından əlli rial çıxarıb mənə verdi. Mən ustada yaxşı münasibətdə olmadığımdan ondan pul qəbul etmək istəmədim. Dedim ki, ehtiyacım yoxdur. O bir daha tə`kid göstərdi. Növbəti dəfə ehtiyacım olmadığını bildirəndə axundun halı dəyişdi, qəzəbli halda buyurdu: “Yalan, yalan! Üç gündür evində yeməyə bir şey yoxdur, yenə deyirsən ki, ehtiyacsızam. Götür bu pulu, xərclə. Bundan sonra da nə vaxt ehtiyacın olsa yanıma gəl.” Mən heyrətə gəlmişdim. Evimdəki vəziyyətdən kimsə xəbərdar deyildi. Mərhum axund Kaşi öz ürfani məqmı ilə vəziyyətimdən xəbər tutmuşdu.
10-CU HEKAYƏT
Şeyx Əbdürrəzzaq Xansari İsfahani zahid alim, mərhum ağa Seyid Məhəmməd ibn Zeynəl-abidin Rəzəvi Xansarinin, öz əmisi oğlunun dilindən belə nəql edir: İsfahanda təhsilə məşğul olduğum vaxt Həkim məscidində hücrəm vardı. İmam Mehdinin (əc.) hüzurundan istifadə üçün otuz doqquz gecə idi ki, əməllər yerinə yetirir, dualar oxuyurdum. Həmin vaxt mənim və anamın xərcini əmim ödədiyindən onun evində şam edib məscidə gedərdim. Qırxıncı gecə əmimin evində şam yedim. Dua və zikr vaxtına iki saat qaldığını görüb bir qədər yatmaq istədim. Bir də yuxudan ayıldım ki, nəzərdə tutduğum vaxtdan bir saat ötüb. Tələsik dəstəmaz alıb evdən çıxdım, gecənin qaranlığında məscidə üz tutdum. Qəbiristanlığın yanından ötərkən mərhum Məhəmməd Cə`fər Şeyxul-İslamın qəbirinin yanında uca qamətli, qara əmmaməli, sarı rəng ayaqqabı geymiş bir seyidin məni səslədiyini eşitdim. Hara getdiyimi soruşdu. Onu görüb təşvişə düşdüm. Salam verdim və bildirdim ki, məscidə gedirəm. Buyurdu ki, tələsmə, hələ tezdir. Sonra məscidə nə üçün getdiyimi soruşdu. Məqsədimə çatıb-çatmadığımı soruşdu. Daha sonra əmimin halı ilə maraqlandı. Sağollaşmadan bir-birimizdən ayrıldıq. Bir neçə addım atıb diksindim. Düşündüm ki, gecənin bu vaxtı bu seyid kim idi ki, məni tanıdı, sorğu-suala tutdu? Yoxsa məqsədimə çatmışdım? Geri döndüm. Amma həmin yerdə kimsəni tapa bilmədim. Əmin oldum ki, həzrət Mehdi (ə) ilə rastlaşmışam.
Şeyx Əbdürrəzzaq Xansari mərhum ağa Mirməhəmmədəli Müdərris Rəzəvi Xansari haqqında nəql edir ki, bir gün evə gəlib evdəkilərə deyir: “Mərhum Cahangirxan Qaşqayi tərəfindən mənə pul göndəriləcək. Yatıram, məni oyatmayın. Gələn adamdan pulu alarsınız.” O yatır və bir az keçmiş dediyi kimi bir şəxs qapılarını döyüb əlli rial pul təqdim edir. Alim yuxudan oyanıb “gətirilən əlli riyalı mənə verin” buyurur.
Bu hekayəti ilkin nəql edən mərhum hacı Şeyx Məhəmmədtəqi Xansari deyir ki, mərhum Cahangirxanın görüşünə gedib ondan Seyid Məhəmmədəliyə pul göndərib-göndərmədiyi barədə soruşdum. Bildirdi ki, həqiqətən də, pul göndərib. Soruşdum ki, bu barədə ona öncədən xəbər vermişdinizmi? Cavab verdi ki, yox. Mərhum Cahangirxan bu sorğu-sualın səbəbini soruşur. Şeyx əhvalatı ona danışır. Mərhum Cahangirxan gülümsəyib deyir: “Bəli, bu gün bir şəxs mənə pul gətirmişdi, qəfildən Şeyx yadıma düşdü. Həmin pulun əlli riyalını ona göndərdim. Doğrudan da, Şeyx zahid və təqvalı insandır.” Qeyd edək ki, hacı Şeyx Məhəmmədtəqi İsfahanın böyük alimlərindən, fəzilət sahiblərindən olmuşdur. Ağa Nəcəfi onun haqqında xoş sözlər söyləyir.
Dostları ilə paylaş: |