DÜŞÜNDÜm ki, əməl çəmənzarında



Yüklə 192,16 Kb.
səhifə1/5
tarix25.04.2017
ölçüsü192,16 Kb.
#15749
  1   2   3   4   5
DÜŞÜNDÜM Kİ... 

Düşündüm ki, əməl çəmənzarında 


Açar pənbə güllər, yaşıl yarpaqlar. 
Düşündüm ki, ömrün ilk baharında 
Al şəfəqlər saçar gülgün dodaqlar. 

Düşündüm ki, yatar qanlı tufanlar, 


Keçər zalım fırtınalar, böhranlar
Çəkilir dumanlar, sönər vulkanlar, 
Ninni söylər mənə coşğun irmaqlar. 

Düşündüm ki, bitər hicran dəmləri, 


Doğar günəş, susdurar matəmləri, 
Gülzarı süslərkən xoş qədəmləri 
Boyun bükər bənövşələr, zanbaqlar. 

Heyhat!.. Ortalığı zülmətlər aldı, 


Tale yarı yardan aralı saldı, 
Öksüz ruhum didarə həsrət qaldı, 
Qanatdı könlümü xain dırnaqlar. 

KÖNLÜM 


Heç sorma halımı, yaralıyam mən, 
Şən olmaz bir daha viranə könlüm. 
Beynimi yaxan bir yığın heçlikdən 
Sanki bir şey sorar divanə könlüm. 

İssız bir yuvanın qoynunda daim 


Qərib bir quş kimi ağlar mənliyim, 
Çox küskünəm, bilməm nələr söyləyim!? 
Qaldı hər sevgiyə biganə könlüm. 

Şaşqın bir yolçuyam, yolum qaranlıq, 


Yanğın oldu şəfəq sandığım işıq. 
Of, yetər, bir daha vurulmaz artıq 
Hər süzgün yıldıza pərvanə könlüm. 

GƏLİN 


Of, nə yamandır o süzgün baxışlar, 
Ey ipək telləri zərəfşan gəlin!.. 
Hər kəs gülər, hər kəs səni alqışlar, 
Yalnız mənim halım pərişan, gəlin! 

Getmə, dur, könüldə min həsrətim var, 


Söylənəcək dərdim fəlakətim var, 
Səndən sənə gizli şikayətim var, 
Ey mələk ədalı, xuraman gəlin! 

Nədir suçum, məndən uzaq qaçırsan, 


Yabançı ellərə şənlik saçırsan, 
Röya kimi süzülürsən, uçursan, 
Bilməzsən ki, bağrım olur qan, gəlin! 

Nə söyləyim! Halım əyandır sana; 


Sən bir yana, bütün dünya bir yana. 
Sənsiz gülüstanlar zindandır mana, 
Ey cənnətdən bizə ərməğan gəlin!.. 

AY QIZ 


Ey uzaqdan göz süzən yosma dilbər, 
Gəl, yaxın gəl, bunca nazlanış yetər. 
Gül!.. Sussun bülbüllər, qızarsın güllər 
Hər gülüşündən, hər sözündən, ay qız! 

Gözlərimdə dünya gülər, sən gülsən; 


Qiyamətmi qopar insafə gəlsən?! 
Aləm bilir, nələr çəkdim, ah, bilsən, 
Nələr çəkdim sənin üzündən, ay qız! 

Nazlı xuramını seyr etdikcə mən, 


Vurğun könül rəqs edər sevincindən, 
Olmazmı aşiqə bir busə versən 
O ahu baxışlı gözündən, ay qız?! 

GƏLİN KÖÇƏRKƏN 

“Xudkam bir ana yalnız öz keyfini düşünərək yetişmiş, gözəl sərvi-nazını sevmədiyi bir zənginə gəlin köçürür. Qızcığaz bu haqsızlığa qarşı intihar edər. Çılğın qadın acı fəryadlar ilə cənazədən ayrılmaq istəməz, hətta məzarə gömülməsinə belə bir dürlü qıyamaz”. 

Bir çiçək ki, duyğuları oxşayaraq gülümsər, 


Xülyalara nəşə sərpər, könüllərə nur saçar. 
Yazıq!.. Onu öncə kəndi əllərimiz qəhr edər, 
Sonra şaşqın vicdanımız bir heçliyi salamlar. 

Bir quşcuğaz imdi ötər, güldən-gülə uyarkən, 


Xain ovçu bir anda susdurur o şaqraq səsi;

Sonra acır al damlalar əllərini boyarkən, 


Əfsus, o bitmiş, duyulmaz könül açan nəğməsi. 

Könül var ki, vulkan kimi alov saçar hər yana, 


Həq söyləyən ilhamları ölmüşlərə can verər. 
Bir gün onu söndürüb də anarlar yana-yana, 
Yalnız sovrulmuş külləri məzarlara şan verər. 

Yazıq!.. Gedən gəlməz artıq, burax qəhr olmuşları, 


Burax issız məzarları, bir az insan ol barı! 
Yaşamaq gərçi xoş əməl, 
Yaşatmaq daha gözəl... 

AZƏR DÜŞÜNÜRKƏN... 

“Ə1” 

Azər düşünür... Bəlkə otuz ildir o hər an 


Düşkün bəşərin eşqini, fəryadını inlər. 
Yaxdıqca yaxar beynini bir kölgəli böhran, 
Əflakə sorar dərdini, yıldızları dinlər. 
Göz qırparaq ancaq ona yıldızlar edər naz, 
Dilsiz və sağır göylər onun halını duymaz. 

Bəsləndi kiçik duyğusu azadə çocuqkən, 


Çox incə tərənnümlər öpən neylər içində. 
Vurğundu o həp şer ilə ahəngə əzəldən, 
Ağlar və gülümsərdi təğənnilər içində. 
Hər gün yaralar qəlbini bir sıtmalı röya, 
Hər gün uyudar dərdini bir nəşəli xülya. 

Atəşgədələr, fırtınalar yavrusu Azər 


Coşduqca alovlar və köpüklər kimi çılğın... 
Bəzən bayılıb sərəli bir heykələ bənzər, 
Yorğun gözü həsrətli üfüqlər kimi dalğın. 
Bəzən o baxışlar yenə şimşək kimi parlar, 
Qəsvət sovuran heçliyi bir anda yaxarlar. 

Bir gün acı bir sis o gülümsər üzü sardı, 


Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən. 
Bir qülbəyə saxlandı ki, issızca məzardı, 
Məhrum idi dünyanı saran xeyr ilə şərdən. 
İllərcə dalıb getdi o böhranlı qəfəsdə, 
İnsanları özlərdi hər atəşli nəfəsdə. 

“Sərsəm, dəli, xudbin!” — deyə itham ilə hər kəs 


Bəhs etdilər Azərdən, o aldırmadı əsla! 
Həp onca bir alqışla söyüşdən köpürən səs, 
Arif keçinənlər ona yan baxmada hala. 
Möminlərə sorsan edəcək küfrünə fərman, 
Dinsizlərə get, onda bulur şübhəli iman. 

Azər daha çox zövq alır aydın gecələrdən, 


Hətta sarışın ay ona gülmüşdü bir axşam. 
Gülmüşdü buludlar arasından süzülərkən, 
“Hürr ol!” deyə qəlbində doğurmuş yeni ilham. 
Artıq o sönük çərçivə şən Azəri sıxmış, 
Səyyah olaraq ayla bərabər yola çıxmış... 

Sevdirmiş içindən ona bir cilvə həyatı, 


İnsanlara qoşmaq və qovuşmaq dilər əlan. 
Duymaq və duyurmaqda bulur zövqü, nəşatı, 
Yalnızlığa, issızlığa qəlbən edər üsyan. 
İstər bulud olsun da dənizlər kimi axsın, 
İstər günəş olsun da qaranlıqları yaxsın. 

GECƏ AYDINLIĞI VƏ GÜN DOĞUŞU 

“Ə” 

İştə aydın və sərin yaz gecəsi 


Veriyor Azərə uçmaq həvəsi, 
Asmalıqdan yürüyor rəqs edərək
Hər bəyaz kölgə birər canlı çiçək... 
Nəşədən səndələyən hər yarpaq 
Sallanır sanki gümüş bir leylaq. 
İncə, yıldızlı , sədəf qumlardan 
Keçiyorkən... Ona heyran-heyran 
Busələr ərz edərək baxdı gülər 
Ta uzaqdan çökən atəşgədələr. 
Dadlı röyalara etdikcə maraq — 
Əski məbudları xatırlayaraq. 

Yürüyür, həp yürüyürkən Azər 


Duydu sahildə dərin zümzümələr. 
Sanki hər zümzümə eylər ilham, 
Gecənin ruhuna bir dadlı pəyam. 
Bütün əşya hərəkətsiz, səssiz, 
Yalnız inlər kimi sevdalı dəniz. 
Dalğacıqlar öpüşüb titrərkən 
Baxışırlardı göyün gözləri şən. 
Yol uzun... yolçu yorulmuş artıq, 
Dinlənib durdu saatlarca... yazıq! 
O dəmin gördüyü dilbər məhtab, 
Xəstə bir çöhrəyə bənzərdi xərab. 
Ona dan yıldızı bakir bir qız 
Kimi heyrətlə gülümsər yalnız.

İştə üstün gəliyor zülmətə nur. 


Bəlli, bəsbəlli səhər yaxlaşıyor. 
Sönüyor can çəkişən yıldızlar. 
Azər açmış da qanad sanki uçar. 
O, günəşdən daha əvvəl oyanan, 
Canlanan şəhrə yanaşmış əlan. 
Bir yaşıl bağça ki, sahil boyuna 
Nəşə sərpərdi, həmən qoşdu ona. 
Seyr edib bağçanı dinləndi bir az, 
Sərçələr, gördü, edər razü niyaz. 
Həpsi birdən ötüşüb qaynaşaraq 
Ninnilər söylədilər oynaşaraq. 
Qopdu bir ləhzədə çığlıq, tufan. 
Hər ağac dalğası bir başqa cahan... 
Bunca alqışlara bais yalnız 
Bu dənizdən doğan altun bir qız. 

...İştə dalmış duruyor bir rəssam, 


O da almaqda günəşdən ilham, 
Durmadan yalvarıyor fırçasına, 
Yazıyor, həp pozuyor... sanki ona 
Gəldi yorğunluğa bənzər bir hal, 
Süzərək Azəri zənn etdi xəyal: 
Bətbəniz yox, gözü düşmüş çuxura, 
Bəlkə vurğun kimi bir şey... Olur a! 
Xayır, alnında zəka şöləsi var, 
Bəlli, ilhamını bir eşq oyalar. 
Sordu: kimsən, nerədənsən, əhbab?! 
Ona Azər gülərək verdi cavab. 

AZƏRİN CAVABI 

“H” 

Mən yetişdim atəşlə su 


Öpüşdüyü bir ölkədən. 
İzləyirkən sevgi yolu 
Acı duydum hər kölgədən. 

Bir yoxsulam, hər diləyim 


Diz çökdürür zənginləri. 
Bir arifəm, bilmədiyim 
Aşar durar ənginləri. 

Mən mülayim bir dənizəm, 


Atəşlidir dalğalarım. 
Sülhə qoşan bir acizəm, 
Əskik olmaz qovğalarım. 

Bir ovçuyam, eşq umaram 


Hər ahunun gözlərindən. 
Dərd əhliyəm, rəmz anlaram 
Hər şairin sözlərindən. 

Bir aşiqəm, feyz alırlar 


Məndən ürfan çobanları. 
Bir çobanam, qaval çalar, 
İnlədərəm vicdanları. 

Mən əbədi hürriyyətin 


Sevdalı bir cilvəsiyəm. 
Anlaşılmaz bir xilqətin 
Parlar, sönər şöləsiyəm. 

*** 
“Ə” 

Süzərək Azəri heyran-heyran, 
Bir rica eylədi rəssam ondan. 
Göstərib bir qocaman daş, dedi: “Gəl, 
Yapayım rəsmini, bir bax, nə gözəl!? 
Seyrə dal sən yeni doğmuş günəşi, 
Nə də xoş mənzərə!.. Bax, varmı eşi? 
Doğuyor sanki dənizdən bir qız, 
Həm də altun saçı yıldız-yıldız.” 
Güldü Azər, oturub daldı həmən, 
Fərq olunmazdı o bir heykəldən. 
Bitirib lövhəyi yorğun rəssam: 
Qalx, əzizim! — dedi — qalx!.. İştə tamam!.. 
Bir qədər axça da ikram etdi. 
Süzdü Azər onu heyrətlə, dedi: 
— Arxadaş! Axça neçindir əcəba? 
— O sənin rəsmin için... 
— Ha, ha, ha!.. 
Güldü, həp güldü... baxıb rəsmə dedi: 
“Nə günəş?! Sanki baxır bir təpsi... 
Hələ gözlər!.. Bu mənim gözlərimin 
Söylə, mənası nədir? İnsaf için. 
Bənzəyir yapdığın Azər guya 
Buzlar üstündə şaşırmış çocuğa. 
Deyəcək yox bu mübarək dənizə, 
Acıram sərf edilən səyinizə. 
Seyr edənlər bu gözəl lövhənizi 
Məni yox, bəlkə görür onda sizi. 
Sanki ölgün boyalardan nə çıxar?! 
Burda sənətdən iraq hər şey var. 
İncəsənət dediyin pək tənnaz 
Bir gözəl qız ki, çapuq ram olmaz.

Başqadır ondakı həşmət, əzəmət, 


Bir təsadüflə yaxın gəlməz, əvət. 
Bəlkə illərcə dayansan nazına 
Sadə, bir kərrə gülümsər o sana. 
Yoxsa əzmində əgər səbrü səbat, 
Boş əməkdir çəkiyorsan, heyhat!..” 
Süzdü rəssam onu altdan-yuxarı 
Saçaraq gözləri kin dalğaları. 
Alıb əşyasını nifrətlə, həmən 
Qaçdı hiddət köpürən sahildən. 
Ondan ayrılmayaq Azər də 
Girdi his yağdıran Altun şəhrə 
Həp yüyür, həp düşünürkən... yolda 
Rast gəlib bir sarışın qızcığaza, 
Gördü ağlar da silər göz yaşını... 
Dedi: “Yavrum, bu nə? Qaldır başını, 
Söylə dərdin nə?..” Çocuq iç çəkərək 
Dedi: “Annəm, ögey annəm döyəcək, 
Verəcək bəlkə müəllim də cəza!..” 
— Dur neçin? 
— Sorma! 
— Bu heç oldumu ya?! 
— Ah, qapıb qaçdı əlifbamı dəmin 
Bir sokak yavrusu, çapqın, miskin! 
— Ya baban yoxmu? 
— O, işdən qovulan 
Bir fəqir işçi, səqət bir insan. 
- Heç maraq etmə, quzum, iştə para, 
Sağalır elm ilə hər dürlü yara. 
Oxşayıb Azər onun saçlarını, 
Dedi: Get, bilgi al, öyrən yarını. 
Bir fərəh gəldi qızın gözlərinə, 
Utanıb durdu... təşəkkür yerinə 
O soluq çöhrə gülümsündü həzin, 
Qoşaraq getdi kitab almaq için. 
Bunu gördükdə uzaqdan yaramaz 
Bir çocuq — olmaz on üçdən yaşı az — 
Soxulub Azərə həp əl açaraq: 
— Para ver, mən də acam — söylədi — bax! 
Sağlam insanda bu adət nə idi? 
Baxdı Azər ona heyrətlə, dedi: 
“Sənə layiqmi dilənmək, ay oğul! 
Durma get, haydı, çalış, bir iş bul.” 
Öylə boş sözləri dinlərmi çocuq? 
Sırıtıb izləyər, ayrılması yox. 
Qaldı Azər bu sırıtqanlığa mat, 
Ona eşq etdi bir atəşli tokat. 
Seyr edənlər bunu həzm etmədilər, 
“Mərhəmətsiz, qaba insan!..” dedilər. 
Dinləyib onları Azər gülərək 
Dedi: — Əzdad ilə doğdum, gerçək. 
Bir əlim iştə su, atəş bir əlim, 
Çarpacaq qəlbim əgər sussa dilim. 
Acıdım gərçi dəmincik birinə, 
Sonra atdım da tokat digərinə. 
Sizi yox şübhə ki, ürkütdü bu hal, 
Nə yaparsan, həpiniz kor, abdal! 
Öylə quş var ki, yeyərlər ətini, 
Quş var, ət ver də, duyar ləzzətini. 
Bir tokat var doyurar ac qarını, 
Mərhəmət var ki, zəhərlər yarını. 

MƏSCİDDƏ 

Bir gün Azər dolaşırkən... yüksək, 
Ulu bir məbəd önündən keçərək, 
Baxdı sovrulmada hər pəncərədən 
Duyğusuz göylərə çığlıq, şivən. 
Həp maraq etdi, həmən girdi o da, 
Şaşırıb durdu, nə dəhşət əcəba!? 
Toplaşıb bir yerə ipsiz dəlilər; 
Kimi gurlar, kimi sızlar, inlər. 
Kimi bir yanda çamurlar üzünü, 
Kimi dırnaqla didər qaş-gözünü. 
Bir küllər sovururkən başına, 
Yalvarır digəri həp göz yaşına. 
Kimi bir daş, kimi zəncir alaraq 
Qəhr edər kəndini; gözlərdən iraq!.. 
Fırlayıb minbərə bir şeyx o zaman 
“Əlverir — söylədi — fəryadü fəğan. 
Yetişir inlədiniz, ağladınız, 
Dul qadınlar kimi yas saxladınız. 
Gəlin artıq azacıq kəndinizə, 
Qanlı göz yaşları cənnətdə sizə 
Əbədi zövq, səadət verəcək. 
Olacaq həmdəminiz huri, mələk...” 
Dinləyərkən onu hər kəs ... birdən 
Yeni bəhs açdı cəhənnəmlərdən. 
Qorxudan titrəşərək həp təkrar 
Mələşib ağladılar, ağladılar... 
Ən nəhayət bitirib sözlərini, 
Açdı ətrafı süzən gözlərini. 
İmdi artıq sıra gəlmiş paraya, 
Gümüş, altun birikib bir araya 
Doldu bir ləhzədə şeyxin qucağı, 
Satılır altuna cənnət bucağı. 
Qaldı Azər bu tühaf “alverə” mat, 
Acılar duydu içindən, heyhat!.. 
“Nə əcayib sürü, yahu, bunlar,

Öndə rəhbərlik edər meymunlar. 


Cühəla elm, fəzilət satıyor. 
Bizi həp aldadıyor, aldadıyor. 
Kəndi əxlaqi sönükkən həpsi 
Yeltənir verməyə əxlaq dərsi. 
Sadə minbərdə deyil, hər yerdə 
Göz boyar həp bu qaranlıq pərdə. 
Hankı bir sərxoşu söylətdim, inan 
Bəhs edər, gördüm o, huşyarlıqdan. 
Nerdə beş kölgə görür ördəklər 
Başlayıb nitqə həmən saz köklər. 
Rəqsi təlim ediyor axsaqlar, 
Əzəmət düşkünüdür alçaqlar. 
Zövqə biganə səfillər bol-bol 
Şerü sənətdə arar bir yeni yol. 
Sadədil, hissə uyan abdallar, 
Həp siyasi kəsilib at nallar. 
Bir yığın kor qılavuzluq yaparaq 
Göstərir zülməti aydın, parlaq. 
Hər gülər üzdə ölüm, qan görürəm, 
Pək yaxın dostları düşman görürəm. 
Yurdu sarmış qabalıq, yaltaqlıq, 
Yüksəliş varsa, səbəb alçaqlıq...” 

Süzdülər Azəri şaşqın-şaşqın... 


Azərin dərdi başından aşqın, 
Mütəəssir, düşünürkən, birdən 
Gördü vaiz eniyor minbərdən. 
Ona yaxlaşdı həmən pək sakin, 
Saçıyorkən əsəbi gözləri kin. 

Dedi: — Şeyxim! Bir az da insaf et, 


Nə olur, bir qədər də düz yol get. 
Bizi qandırma; haqq verib, haqq al, 
Sən deyilsən namuslu bir baqqal. 
Həp yalan sat da altun al, nə demək?! 
Göz yaşından doğarmı sanki mələk. 

Ən gözəl dindir iştə dini-həyat. 


Başqa yol yox, ya fənn, ya mövhumat!.. 
İstər uy dinə, istər uy fənnə, 
Çağırır xalqı kəndi cənnətinə. 
Bir nəqd iştə, nisyədir birisi, 
Çox olur bəlli, nəqd müştərisi. 
Can çəkişdikcə köhnə zövqü şüar 
Yeni bir cilveyi-dəha parlar. 
O da yox şübhə - sarsılır bir gün, 
Başqa bir ictihad olur üstün. 
Əski dahilər “iştə həqq” dedilər, 
Çırpınıb bir həqiqət izlədilər. 
O həqiqət bu gün xəyal oluyor, 
Dünki şən bağçalar bu gün soluyor. 

Şeyx 


(çılğın) 

Sus yetər, ah, şərəfsiz, allahsız!.. 

Azər 

Qızma şeyxim, sizin yaratdığınız 


Tanrı ölmüş də, yoxdur ağlayanı. 

Şeyx 


(yanındakılara) 

Nə deyir, bax, halaldır iştə qanı. 

Azər 

Bəlli, həp söylədiklərin həzyan, 


Bizi dünyada yoxmu bir yaşadan?.. 
Yaşadan varsa iştə xilqətdə, 
Mədə... həp mədə... həzrəti mədə... 

(əlini Şeyxin qarnına vuraraq istehzalı təbəssümlə) 

Bax, həqiqət də, bəlkə haq da budur, 
Səni hər kim doyursa tanrın odur. 
Din için, firqə, ya siyasət için 
Nerdə bəslənsə bir ədavət, kin, 
Nerdə qan, ya ölüm, əməl görsən 
Buna yalnız səbəb sənin mədən... 

Şeyx 
(heyrətlə) 


Saçma, həp saçma, anlamam səni mən, 
Nə demək məqsədin bu vəsvəsədən? 

Azər 


Şeyxim, aldatma xalqı, dinlə məni, 
Bütün əfsunlu sözlərin xülya... 
Gəl burax göylərin hekayəsini, 
Enəlim kəndi doğma yurdumuza. 
Burda cənnət də var, cəhənnəm də, 
Onu, yox şübhə, bizləriz yaradan. 
“Cifə” zənn etdiyin bu aləmdə

Başqa zövq almaq üzrə hər insan. 


Kimi cəhl atəşində qıvrılaraq, 
Həp yanar, qəhr olar səfalətdən. 
Kimi ürfanla şadkam olaraq, 
Dəm vurur nəşədən, səadətdən. 

(camaata) 

Könlünüz cənnət istəyirsə əgər, 
Xocanız başqa nəğmə bilməlidir. 
Mütəvəkkil duran bu məbədlər 
Həp kütübxanə, məktəb olmalıdır. 
O zaman fəzlü mərifət günəşi 
Ölgün, azğın cahanı həp süslər. 
Bu sönük torpağın bulunmaz eşi, 
Qurular hər bucaqda cənnətlər. 
O zaman qanlı, kinli qüvvətlər 
Səni dəhşətləriylə inlətməz. 
Şərəfin, mənliyin olub da hədər, 
Ayaq altında çeynənib getməz!.. 

ƏSGƏRLƏR TƏLİM EDƏRKƏN... 

Son baharın acı bir nəşəsi var, 
Azərin könlünü həsrətlə yaxar. 
Sanki bir kölgə kayar yollardan, 
Onu heyrətlə süzər hər insan. 
O da hər çöhrədə bir rəmz anlar, 
Hər keçən kölgəyi süzdükcə dalar. 
Onca dünya qoca bir səhnə demək, 
Hər kəs aktörlük edər bilməyərək. 
Kimi arif, kimi dilbər və əsil, 
Kimi qurnaz, kimi divanə, səfil... 
Kimi cani... düşünür fitnə-fəsad. 
Kimi zövq əhli, dilər hər kəsi şad. 
Kimi pək sadədil, oynaq, şaqraq, 
Kimi pək duyğusuz, abdal və bunaq... 
Kimi ismət, kimi naz, işvə satar, 
Kimi həp varlığa bir təkmə atar. 

Göz yumub onlara Azər, köpürən, 


Gurlayan şəhrə vida etdi həmən. 
Endi bir bağçaya, sahil boyuna, 
Sandı hər dalğa səlam eylər ona... 
Bağça solmuş da ağaclar çılpaq, 
İçli bülbülləri ötməz şaqraq. 
Can çəkişməkdə soluq yarpaqlar, 
çiçəklər, nə gülən güllər var. 
Hər xiyabanda fəqət əsgərlər 
Qoşaraq “arş!” deyə təlim eylər. 
Bağırır onbaşılar: bir, iki, üç!.. 
Parlar əllərdə silah... Qayəsi: güc!.. 
Bir yığın işsiz adam bir yanda, 
Dalaraq seyrə, bulur zövq onda. 
Ürəfa taslağı bir qaç kişi də 
Eyləyir onları tənqid, iştə: 

Birinci tamaşaçı 

Nə fəlakət!.. Ölüb-öldürmək için 
Saçıyor paslı könüllər həp kin. 

İkinci tamaşaçı 


İştə təlim olunur cəlladlıq, 
Yazıq, insandakı vicdana yazıq... 

Üçüncü tamaşaçı 

Ah, nə xoşdur əbədi sülh olsa, 
Bəşəriyyət acıdan qurtulsa... 

Dördüncü tamaşaçı 

Zalım əllər nə qədər üstünsə, 
Qurtuluş yoxdur əzilmiş cinsə. 

Beşinci tamaşaçı 

Ən fəlakətli böyük yanğınlar 
Bir qığılcımlı xətadan başlar. 

Altıncı tamaşaçı 

Qanadım olsa uçardım da həmən, 
Qurtulardım bəşərin şərrindən. 

Yeddinci tamaşaçı 

Nə səadət!.. Ola insan dərviş, 
Heç də aldırmaya dünya nə imiş. 
Dinləyib onları Azər gülərək, 
Düşünüb durdu, bu sözlər nə demək!? 
Parlıyan gözləri diqqət saçaraq 
Yaxlaşıb söylədi: Yahu, mənə bax! 

(acı gülüşlə son seyrçiyə) 

Əvət, ən xoş təranə, ən eyi yol 
Hər çeşid qeydi at da dərviş ol!.. 
Yaşayıb qayğısızca bir köşədə,

Zövqə dal... Ən gözəl həyat iştə! 


Məskənin daima şən ormanlar, 
Həmdəmin xoş baxışlı ceyranlar. 

(bu sırada bir neçə dəliqanlı da Azərin ətrafına toplanır) 

Kələbəklər qoşarkən oynaşına 
Yürü, en bir yaşıl pınar başına. 
Quşlar ötdükcə sən də dəmsaz ol, 
Gülüşən hər çiçəklə həmraz ol, 
Nə öc al kimsədən, nə əz, nə əzil, 
Nə qan iç, uf!.. nə qanlı göz yaşı sil! 

Birinci tamaşaçı 

Bu fəqət şairanə bir xülya!.. 
Ruha uyğun sevimli bir röya!.. 

İkinci tamaşaçı 

Çox gözəl söylədiklərin, heyhat, 
Nerdə? Kim sürdü öylə dadlı həyat? 

Üçüncü tamaşaçı 

Barışıb həp sevişsə millətlər, 
Bəlkə azcıq susar bu vəhşətlər. 

Azər 


(acı gülümsəyişlə) 

...Əvət, insan olarsa insanlar, 


Şübhəsiz, parlayıb da vicdanlar 
Sevgi nurilə kainatı bəzər, 
Buraxıb kini qurd qoyunla gəzər. 
Bəlli... Ta əskidən böyük başlar 
Sülh üçün uğraşıb çalışmışlar. 
Çıxaraq hərbə qarşı həp ürəfa, 
Əbədi sülh içində buldu şəfa. 
Kimi “qan-qan!..” deyib də çıldıraraq, 
Sülhə düşmən kəsildi, iştə maraq... 
Bizcə kim haqlı! Qan tökənlərmi? 
İmrənib sülhə, diz çökənlərmi? 
O nə? Həp dalğa keçdiniz... əcəba, 
Hanki xoş, hanki tikənli, qaba... 
Şübhə yox, sülhə meyl edər hər kəs, 
Çünki hər gözdə parlayır bu həvəs. 
Çox böyük səltənətsə dərvişlik, 
Olamam mən o xəstə fikrə şərik. 
Ölü, miskincə ömrə min nifrət!.. 
Sizi mən sülhə eyləməm dəvət, 
Əbədi sülh ümidi, haqqı boğar, 
Yaşamaqçin fəqət mübarizə var. 
Çarpış, elmi bir inqilab ilə sən 
Qəhrəman ol, öc al da vəhşətdən. 
Mənliyin imdi inləyirsə, yarın 
Qalibiyyətlə parlasın alnın. 
Səni yalnız öyündürər qüvvət
Qüvvətin varsa, haq sənindir, əvət. 
Lakin insanda yoxsa əqlü zəka, 
Sadə qüvvətdə yox səmər əsla. 
Əldə meyar olarsa əqlin əgər, 
Ölçülər çox qolayca xeyr ilə şər. 
Dedilər: “Zülmə qarşı durma, əyil!” 
Dedilər: “Hərbə qoş, ya əz, ya əzil!” 
Mən derim: “Həpsi laf, inanma, saqın! 
Rəhbər olsun da qüvvətin, ağlın. 
Yeri gəldikdə sülh üçün çapala, 
Öylə yer var ki, hərbi alqışla. 
Quzu gördünmü sev, o kin bilməz; 
Canavar qarşı gəlsə parçala, əz. 
Qüvvət üstündə varsa əqli-səlim, 
Sənə həp kainat olar təslim!” 

QƏRBƏ SƏYAHƏT 

İlk baharın son gecəsi... dan yıldızı gülümsərkən, 
Azər maraq edib çıxdı qərbə doğru səyahətə. 
Yorğun dənizdən sahilə bayğın ruzgarlar əsərkən, 
Xulya dolu Altun şəhər dalmışdı istirahətə. 

Azər səhər havasını nuş edərək səfa buldu, 


Ətrafını seyr edərkən tren gəldi, yolçu doldu, 
O da atəş ocağına vida edib rəvan oldu, 
Rast gəldi həp yol boyunca min bir çeşid qiyafətə. 

Gurultulu vaqonlarda hər millətdən nümunə var, 


Tanışdıqca hər könüldə qarşılıqlı sevgi doğar, 
Yaşayışdan bəhs edərkən biri gülsə, bir ağlar, 
Kimi məsud olub, kimi uğramış bir fəlakətə. 

Tren keçilməz yolları oraq kimi kəsib biçdi, 


Qarşı gəldikcə yar-qaya bir ox kimi dəlib keçdi, 
Bir gün Azər yeni doğan günəşdən bir xəbər seçdi: 
“Orta Qərbə varılmış da, yol iriyor nəhayətə”. 

Hər könüldə çocuqca bir maraq alovlanıb durdu, 


Pəncərələr qarşısında seyr edənlər həlqə vurdu, 
Hər tərəfdən yaşıllıqlar nəzərləri oxşayordu,

Dalğalı gül bağçaları üsyan edərdi cənnətə. 

Süslü köylər trenləri qarşılardı ara-sıra, 
Hər guşə bir gəlin kimi gülümsərdi yolçulara, 
Əmək pərisi munisdi hər gəncə, hər ixtiyara, 
İşsiz qalanlar, şübhə yox, məhkum idi səfalətə. 

Erkək-qadın həp çalışır arı kimi qaynaşaraq


Dalğalandıqca tarlalar altun kəsər almas oraq, 
Dolğun öküzlər, inəklər bənzərdi — gözlərdən iraq — 
Şəhərlərdə dərisinə sığmayan əhli-sərvətə. 

İştə Qərbin şən göbəyi!... Tren durdu, Azər endi, 


Pəncərələrdən fışqıran çiçəklərə çox imrəndi, 
Hər səhnəni süzüb gəzdi, az görüb də çox öyrəndi, 
Məftun oldu gözlərdəki ciddiyyətə, nəzakətə. 

Bir gün çiçək bağçasında bir gənc ona doğru qoşdu, 


Sevincindən hoplayaraq irmaq kimi daşıb coşdu, 
Avropanın hər səhnəsi, hər cilvəsi onca xoşdu, 
Bax! —dedi: “Rast gəldinmi heç bir böylə əzmü himmətə? 

Gözəllikdə örnək almış köy şəhərdən, şəhər köydən, 


Hər yer sanki bir rəssamın sənətidir həmən-həmən, 
Varlı-yoxsul bir musiqi dinlər, əvət, hər qülbə şən... 
Hər könüldə bir həvəs var incəliyə, nəzafətə. 

Hər ocaqda, hər bucaqda bilgi, hünər məbədi var, 


Hər üzdə ruh yüksəkliyi, hər gözdə bir zəka parlar, 
Çəlik əsəblər durmadan həp yeni bir zəfər arar, 
Hər qafada bir iman var əməkdəki səadətə. 

Gözəl!.. Bu nəşələr dolu həşmət dünyası çox gözəl, 


Yüklə 192,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin