DÜŞÜNDÜm ki, əməl çəmənzarında



Yüklə 192,16 Kb.
səhifə2/5
tarix25.04.2017
ölçüsü192,16 Kb.
#15749
1   2   3   4   5

Hürriyyət izləyən geniş, sağlam havası çox gözəl 
Yer deyil, göyləri sarsan yılmaz dəhası çox gözəl, 
Böyük-kiçik həp tapınır ancaq və ancaq qüvvətə. 

Bu yerlərdə yalan, qərəz, sayğısızlıq da yox deyil, 


Kölgəli vicdanlar da çox... zahirdə çox kübar, əsil, 
Süslər içində qıvrılan göyərçinlər də var: səfil... 
Fəqət yenə həp üstündür fəzilət eşqi zillətə. 

İşçiləri çox dinlədim bulunduqca bir arada, 


Hər gün yeni çəkişmə var mədənlərdə, fabrikada, 
Ağırlıqdan, sıxıntıdan kəskin çıxışlar olsa da, 
Zorla-xoşla həpsi yenə cəlb olunur itaətə. 

Burda əsla dilənçi yox... mərhəmət yox çünki ona, 


Yan baxılır aciz, səfil, ölü, cahil bir insana, 
Şərqin böyük bir şairi1 odur ki, varsa hər yana, 
Aman bilməz, Qərbi hər gün dəvət edər mərhəmətə. 

Azər həmən gülümsədi, əvət, dedi çox həqqi var, 


Həp “sevgi”dən zövq alırlar öylə zərif ixtiyarlar, 
Çoxdan bəri Şərqin sazı həp bu ruhda inlər, ağlar, 
Saqın! Qulaq verir sanma həris başlar o dəvətə. 

Hindin əzilmiş mənliyi yapsa hər sözdə möcüzə, 


Soyuqqanlı Qərb alışmış göz süzə, ya dodaq büzə, 
Məzlum ellər üçün ancaq bir yol varsa: mübarizə! 
Onsuz şübhə yox irəməz Şərq aləmi hürriyyətə. 

Əvət, ancaq mübarizə mənlik verir hər millətə, 


Nəşə sərpən yalnız odur hər şəxsə, hər cəmiyyətə, 
Hər yurdu irdirən odur özlədiyi səadətə, 
Odur ancaq qovuşduran insanları məhəbbətə! 

Berlin! 

AZAD ƏSİRLƏR 

“Ə” 


Möhtəşəm bir salon... ahəngi-şətarətlə gülər: 
Badələr, zümzümələr, şəşəələr, dəbdəbələr. 
Sanki almasla donanmış hər yer, 
İştə büllur kürəciklər və sütunlarda dönər 
Bir yığın rəng ilə nur. 

Çağlayanlar kürələrdən daşaraq, 


Süzülən gözləri oxşar və öpərkən... şaqraq, 
İncə bir şer oxunur. 

Dəyişib məclisin əvvəlki bədaye rəngi, 


Musiqi inləyərək başladı rəqs ahəngi. 
Hər könül kəndinə bir eş bularaq, 
Qoşulub rəqsə, haman zövq ilə sərməst olaraq
Bükülüb qıvrılaraq, 
Sardı şən gözləri bayğın bir hal; 
Çalğılar incələrək söndü işıqlar, dərhal 
Doğdu bir başqa şəfəq. 
Saçılıb qumral üfüqdən parlaq, 
Bir yığın yıldıza bənzər yarpaq, 
Uçdular gizli qonan busələr üstündə bir az 
Olaraq məhrəmi-raz. 
Sonra bir ğaz kəsilib hər divar, 
Ərz edib durdu bir eşsiz gülzar. 
Saçdı fəvvarələr ətrafə çiçək, rəngü ziya, 
Bu deyil bir röya...

O gözəl mənzərə birdən soldu, 


Musiqi susdu, qədəhlər doldu. 
Oldu ülfət və məhəbbət dəmsaz 
Sərpərək işvəvü naz. 
Çökdü bir incə qaranlıq... yalnız 
Parlayıb səhnədə şən bir yıldız, 
Dadlı, cazib səsi cəlb etdi maraq, 
Çırpınıb sızlayaraq. 

“H” 


Eşsiz bir yuvanın yaşıl qoynunda 
Öpərdi ruhumu bayğın nəfəslər. 
Aldatdı, ah, əvət, məni aldatdı 
Yaldızlı sevgilər, xain həvəslər. 

Vəhşi güllər qarşımda diz çökərdi, 


Qumrular peşimcə boyun bükərdi, 
Hər gün içimdə bir şəfəq sökərdi, 
Oxşardı könlümü sevdalı səslər. 
Gülümsərkən mənə çoban yıldızı, 
Sanırdım kəndimi göylərin qızı, 
Ömrümdə duymazkən incə bir sızı, 
Qırdı qanadımı altun qəfəslər. 

“Ə” 


Qapanıb pərdə, həmən coşdu pərəstiş, alqış... 
Rəqsə dəvət edərək çalğı səsi, 
Yenidən parladı hər çöhrədən sevdalı baxış, 
Yenidən doğdu sarılmaq həvəsi. 
Yenidən doldu qədəhlər, hər kəs 
Azacıq aldı nəfəs; 
Səhnədən parladı xoş bir məhtab, 
Verdi hər qəlbə cavab. 
Canlı heykəllər! O hər süsdən uzaq, saf, üryan 
Gül bədənlər veriyor ruha qida. 
Musiqi məbədinin tanrısı dilbər qız da 
Düşünür ortada heyran-heyran. 
Bu nə sənət, nə zərafət, nə məlahət derkən, 
Pərdələr endi həmən. 
Çıxdı hər kəs, azacıq möhtəris insan qaldı, 
Məclis artıq yeni bir rəng aldı. 
Süzüldü nəşəli gözlər, könüllər açdı çiçək, 
Hər ovçu buldu şikar. 
Beş-on amerkalı zəngin də sonradan gələrək 
Saçıldı altunlar. 
Dəmin üryan duran pərilər də 
Süslənib qondular birər masaya; 
Hər qədəh buldu çarə bir dərdə, 
Kimsə dünyanı almayırdı saya. 
Nəşədən döndü möhtəris qafalar, 
Çılğın eşlər çəkildi lojalara. 
Pərdələrdən duyuldu qahqahalar, 
Daha məhrəmcə zövqə gəldi sıra. 
Saçıb da ortaya məğrur Amerka sərvətini
Əmərdi işvəli Avropanın bəkarətini. 
Fəqət bu süslü tamaşayə qarşı Azərdə 
Oyandı nifrətlər. 
Yaxında rəngi soluq üç qadın gəlib dərdə, 
Açıldı söhbətlər. 

Birinci qadın 

Mənim qızım daha gənc... iştə qaldıq ətməksiz, 
Nə yaparsan, tikənli bir yaşayış!.. 
Bu kirli cənnətə vardıq qaraldı gözlərimiz, 
Qızı sapdırdı bir yığın alqış. 

İkinci qadın 

Mənim də qovğada məhv oldu qardaşımla ərim, 
İki qız qaldı, bir də yoxsulluq. 

(bir lojanı göstərir) 

Nə iş bulundu, nə eş... Ah, bu nadir incilərim 
İmdi hər zövqü oxşayan məxluq... 

Üçüncü qadın 

Mənimki iştə bu al pərdədən gülüb də mana, 
“Bir az da bəklə!” — deyir. 
Nə çarə, bəklərəm, az-çox nə axça gəlsə ona 
Mənimlə sərf eləyir. 
İncə bir yaş bəlirdi gözlərdə, 
Acı bir iz buraxdı Azərdə, 
Düşünıdü, “bəlkə!..” dedi: 
“Bir zaman bəlkə dünkü Asiyada, 
Əski Qafqasda, vəhşi Afrikada 
Qızı cəbrən satıb alırlarmış. 
Ona Avropa xalqı çox fahiş, 
Bir fəlakət demiş də hayqırmış, 
Tablo yapmış, rəsimlər aldırmış, 
Gülmüş, əylənmiş, eyləmiş heyrət, 
Bəsləmiş bəlkə bir yığın nifrət... 
Fəqət bu hal nədi!? 
Bunu görməzmi incə gözlüklər? 
Satılır burda qızlar azadə, 
Həm təbii bir iş qədər sadə.

Ana bir yanda titrəyib bəklər.” 

Mədəniyyətdə çırpınan vəhşət 
Daha yaldızlı, şairanə, əvət. 
Burda öz istəyilə cariyələr 
Sənə şaqraqca ninnilər söylər. 
Bir qəfəs xoşdur, altun olsun da, 
Ac göyərçinlər əylənir onda... 

“Burax, burax, yetişir! Bitdim, ah, aman, imdad!..” 


“Nədir bu səs?” der ikən qopdu sisli bir fəryad, 
Həmən birinci qadın qoşdu kəndi yavrusuna, 
“Mələk qızım!” — dedi — “Kimlər müsəllət oldu sana?” 

İpəkli pərdə açıldıqda qönçə solmuşdu, 


Səbəb cinayətə bir kinli şəhvət olmuşdu. 
O şən salonda fəqət dalğalandı hüznü sükut, 
Sükut içində gülümsərdi süslü bir tabut. 
Berlin, avqust 1926 

RƏSSAMIN QIZI 

“H” 

Çiçəkli bir bağçada qos-qoca bir yapının 


Geniş salonlarında minlərcə erkək-qadın 
Qapdırmışdı sənətə bütün xəyalı, hissi, 
Hənuz görülməmişdi böylə “rəsim sərgisi”. 
İncə, dilbər tablolar, parlaq, zəngin lövhələr 
Maraqla seyrə dalmış nəzərləri cəzb eylər. 
Salonları keçdikcə parlar yeni mənzərə, 
Hər lövhə ərz edərdi keçmişdən bir xatirə. 
Baş salonda gözləri oxşardı bir madonna
Rafaelin əl işi!.. Heyrandı hər kəs ona. 
Həftələrcə, aylarca bu orijinal əsərin 
Qarşısında dalmışlar rəssamlar dərin-dərin. 
Bir az sola sapınca söndü bütün lövhələr, 
Canlı bir lövhə saçdı könüllərə nəşələr. 
Elza, bohemyalı bir adlı rəssamın qızı, 
Mavi tülə bürünmüş o bir ilham yıldızı!.. 
Təsvirə yeltənirdi onu üç fırça birdən, 
Qız xəbərsiz kimiydi hüsnündəki təsvirdən. 
Onun süzgün və məğrur ahu baxışlarında 
Gülümsərdi möhtəşəm, həzin bir rəngi-sevda. 
...Bir gün Azər axşamlayın 
Şəhər kənarına çıxdı. 
Bağları süsləyən ayın 
Solğun nuri çox ilıqdı. 
Böyük-kiçik, qadın-erkək 
Təbiətdən feyz umardı. 

Hər gözdə bir sevgi, dilək, 


Hər qəlbin bir eşi vardı. 
Yalnız iki tip Azəri 
Bir köşəyə cəlb etmişdi. 
Biri Elza, eşsiz pəri, 
Biri sevdalı bir gəncdi. 
Elza yaşıl balkonunda 
Çiçəklərə gömülmüşdü, 
Axşam qəribliyi onda 
Halə kimi örülmüşdü. 
İncə ruzgar qızın ipək 
Tellərilə əylənirkən, 
Bir ney kimi inləyərək, 
Gənc mülazim coşdu həmən: 

“Ə” 


Çıx buludlardan, ey əfsanəli qız! 
Gəl ovut ruhumu, ey şən yıldız! 
Mənə dünyada təsəlli yalınız, 
Gözəlim, həp sənsən. 
Sən nə nazəndə mələksən, bilsən?! 
Sənsiz avarə bir öksüzdüm mən. 
Nəşəsiz ömrümə sevda sərpən 
Gözəlim, həp sənsən. 
Gəncliyim, iştə bütün duyğularım, 
Sənin eşqinlə gülümsər, yavrım! 
Mənim ən sevgili, eşsiz tanrım 
Gözəlim, həp sənsən. 

“H” 
Qız yaralı qəlbə qarşı 


Mərhəmətsiz davranırdı. 
Dinlədiyi yalvarışı 
Çocuqca bir hal sanırdı. 
Hətta bir az gülümsədi, 
Sonra pənbə rəngi soldu. 
Qəlbində bir şey titrədi, 
Gözlərinə matəm doldu. 
Şaşqın kimi baxıb duran 
Vurğun gənci bu hal sıxdı. 
Bu sırada yan qapıdan 
Vüqarlı bir qadın çıxdı. 
“Oğlum!” — dedi — “dərdli qəlbi 
Sən bir daha dərdə saldın. 
Qız çəkildi kölgə kibi,

Sən cavabsız, məyus qaldın”. 


— “Səbəb, səbəb!” deyə gəncin 
Alov sardı gözlərini: 
“O gülüş, o nifrət neçin? 
Neçin atıb getdi məni?” 

Qadın 


Üç gün oldu izlər durursan onu, 
Yazıq ki, bir yana çıxılmaz sonu, 
Çünki o dilsizdir, eş deyil sana!? 

Zabit 


Dilsiz olsa da, mən vuruldum ona. 

Qadın 


Vurulsan da heyhat! O sevməz səni, 
Hərb əhlinə qarşı az deyil kini. 

Zabit 


Səbəb! Ah, bu kinə səbəb nə? Söylə! 

Qadın 
Bu kin ona gəlmiş cahan hərbiylə, 


O zaman ki, dünya bir məzbəh oldu, 
Hüdud boyu əsgər leşiylə doldu. 
Tülkü diplomatlar dönüb qaplana, 
Boyadılar yer üzünü al qana. 
Hər tərəfdə ölüm dalğası vardı, 
Göydən dolu kimi qurşun yağardı. 
Ah, o zaman kinli bir səs bağırdı: 
“Üsyan! Üsyan! Üsyan!” — deyə hayqırdı. 
O səs “hərbə qarşı hərb” istəyirdi. 
“Qılınclardan oraq yapın!” deyirdi. 
Elzanın babası, o coşğun rəssam 
Bohemya xalqına verirdi ilham. 
Hökumət ərkanı ona qızdılar, 
O gün edamına fərman yazdılar. 
O gün Elza səkkiz yaşa dolmuşdu, 
Doğuş bayramına hazır olmuşdu. 
Babasının ölüm xəbəri gəldi, 
Zəhərli ox kimi beynini dəldi. 
“Eyvah!” — deyə qızı bir dəhşət aldı, 
O gündən bəridir ki, dilsiz qaldı. 
Artıq duyulmadı o şaqraq səsi 
Fənnə sorduq, bulunmadı çarəsi. 
Ah, o gündən bəri Elza nerdə bir 
Hərb adamı görsə ürküb diksinir. 
Düşməndir gözünə hərbi qiyafət, 
Qardaşı olsa da duymaz mərhəmət. 

Qadın susdu... Gənci bir şölə yaxdı, 


Vicdanına acı bir iz buraxdı. 
Azər duyub onu yaxan şöləyi, 
“Əvət”, - dedi — “hərbə qarşı hərb eyi. 
Gərçi bu gün hər qan içən “sülh” arar, 
Hər salondan doğar yeni bir şüar. 
“Tərk-silah” nəğmələriylə ancaq 
Məzlumlara qarşı qurulur duzaq. 
Kəşf olunur hər gün zəhərli qazlar, 
Yarın bilinməz kim kimi boğazlar. 
Hənuz dünki qanlar qurumamışkən, 
Yeni bir hərb üçün planlar çəkən 
Vəhşi diplomatlar, quduz nazırlar 
Azadlıq yerinə zəncir hazırlar. 
O paslı zəncirlər qırılmadıqca 
Dar gələcək insanlara bu dünya”. 

... Zavallı gənc vida etdi qadına, 


Döndü qışlasına başda fırtına. 
Gözündə canlandı qanlı səhnələr, 
Bütün gecə sandı cahanı məqbər. 
Gülümsərkən ona səhər yıldızı, 
Uyquya dalmışdı rəssamın qızı. 

KÖMÜR MƏDƏNİNDƏ 

(Almaniyada, Rur civarında yazılmışdır) 

Yağmurlu bir sabah idi, hər yeri sis almışdı, 


Gülərüzlü günəş xəzan uyqusuna dalmışdı. 
Azər qoşdu dumanlı dağların yanıq bağrına, 
Üsyan dolu ocaqlardan his yağardı hər yana. 
Hər mağara ölüm tütən məzarlığa bənzərdi, 
O məzarın qurbanları həp qabarlı əllərdi. 
Kirdən, çamırdan bunalmış gözlərdə kin çaxardı, 
Bir az ətmək çıxar deyə gülən üzlər də vardı. 
Hətta çoxu bu dirliyi bayram sanır, oynardı, 
Şərqi söylər də bir igid öz yurdunu anardı: 

Şərqi 


Səfalıdır bizim dağlar, bizim ellər
Qayğı bilməz bizim bağlar, bizim güllər, 
Çağlayan bir yanda çağlar, orman gülər, 
Buludlar bir yanda ağlar, çoban dinlər,

Səfalıdır bizim dağlar, bizim ellər. 

Bizim dağlar mayıs röyasına bənzər, 
Yamaclarda sürü-sürü ceyran gəzər, 
Ceyran baxışlı yosmalar həp can üzər, 
İşvə, əda bilməz, bilmədən göz süzər, 
Bizim dağlar mayıs röyasına bənzər. 

Sevdalıdır bizim dağlar, bizim ellər, 


Sevimlidir, şəndir bizim incə bellər, 
Nerdə o hər gün duyduğum şirin dillər? 
Hər gün öpüb oxşadığım ipək tellər? 
Sevdalıdır bizim dağlar, bizim ellər. 

Bu bəxtiyar gəncin dadlı sözləri 


Düşündürüb durdu yorğun Azəri. 
Könlündə bir yığın dumanlı üsyan, 
Keçdi qorxunc, əyri, sapa yollardan. 
— Yoxsullar məzarı bu kirli mədən 
Seçilməz Dantenin cəhənnəmindən. 

Azər aydınlıqda işdən qovulmuş 


Bir ixtiyar gördü, bənizi solmuş... 
Müdirə yalvarıb deyir: “Yox yerim, 
Ölsəm belə burda ölmək istərim”. 
Şişman müdir aldırmayırdı əsla, 
O halda bir vəkil girdi ortaya. 
Dedilər ki: “İşçi nümayəndəsi!..” 
İxtiyarı açdı onun gəlməsi. 
O, çox “sol” tanınmış “sosyalist” ikən, 
Müdirə haq verib getdi bilmədən. 
Bu hal ixtiyarı qarsıb-qovurdu. 
Bu xain arxaya söyüb-sovurdu. 
Azər içindən titrədi, 
Hey!.. dedi: 
“Hey zavallı, saqın, yorma kəndini! 
Qüvvətdən düşüncə titrək əllərin, 
Düşmənlərin deyil, hətta rəhbərin, 
Arxaların belə satarlar səni. 
Sən bir makinasan: qırıq və miskin... 
Çəkməlisən yükləndiyin hər başı. 
Bu baş olsa belə xırsız oynaşı - 
Çarə nədir, kəndin öyüb bəyəndin. 
Əvət, sən acından ölüm dilərkən, 
O çapqınlar saraylarda əylənir, 
Saçmalar söylənir, sazlar köklənir, 
Fəqət həp əzilən, həp qəhr olan sən!..” 
İxtiyar çıldırdı, 
Müdir şaşırdı. 
“Xayır, getməm”, — dedi — “acam, yox yerim, 
Ölsəm belə burda ölmək istərim”. 
Kinli gözlərində atəş parladı, 
O çökmüş iskelet həmən fırladı. 
Bir parça daş kömür alıb da yerdən, 
Sayğısız müdirə hücum edərkən, 
“Mücrim” deyə kirli yalan satdılar, 
Çılğın ixtiyarı həbsə atdılar. 

MÜHACİRLƏR YUVASI 

“Ə” 

Azər yüyürdü əldə ufaq yolçu çantası, 


Birdən göründü qarşıda “Moskov lokantası”. 
Yorğundu, acdı, girdi də azcıq “yemək”, dedi, 
Dolğunca bir qadın ona “xoş gəldin” eylədi. 
Parlardı çöhrəsində sönən köhnə ehtişam, 
Xidmətçilər də eyni çamırdan: əsil madam. 
Dün “şanlı xanədanlara” mənsub ikən bu gün 
Bir parça ətmək olsa səadətli bir dügün!.. 
Yox heç birində dünkü təhəkküm satan qürur, 
Hər kəs əməklə kəndini təmin edib durur. 

Yoxsul, bir az da kirli salon gərçi can sıxar, 


Lakin nədənsə müştərilər çox girib çıxar. 
Bir qismi bəlli, iştə mühacirdi çox səfil, 
Avropa xalqı, yerli camaat da az deyil. 
“İsa”ya bənzəyən sarı bir çöhrə Azərin 
Dalmışdı qarşısında xəyalata çox dərin. 
Azər maraq edib onu söylətmək istədi, 
Dalğın mühacir ah çəkərək “Arxadaş!” — dedi — 
“Tam səkiz ildir iştə biz burada, 
Qalmışız kimsəsiz, səfil, arada. 
İnqilab atəşilə ürküşdük, 
Dağılıb böylə dərbədər düşdük. 
Nə bəla varsa tanrıdan bulduq, 
Nə “rəzalət” desən düçar olduq. 
Ah, əvət, mən zavallı, sərsəm mən!.. 
Yeni darülfünun bitirmiş ikən, 
Məni qandırdı bax, bu abdallar, 
Çox şükür, imdi həpsi at nallar”. 
Kimdir onlar? Sorunca... Dalğın adam 
Dedi: — Bax gördüyün bu nazlı madam, 
Ki seçilməz semiz inəklərdən
Bir qraf zevcəsiydi zəngin, şən. 
Bu!.. Saraydan yetişmə bir afət, 
İmdi çökmüş zavallı bir əzəmət... 
Şuracıqdan keçən somurtqan da

Bir prensesdi, namı hər yanda 


Duyulurkən edərdilər səcdə, 
Ona əlan ölüm də bir müjdə... 
Bu qopuq, iştə əski bir general!.. 
Çox uzun sərgüzəşti var, xəbər al. 
Ona rəhmətli, gorbagor Nikola 
Çox nişan verdi, gərçi pək budala... 
Miralaymış!.. Keçən soluq çöhrə, 
Bu gün artıq o bir qırıq cəhrə... 

(səhnədəkiləri göstərir) 

Bu həriflər də əski qarunlar, 
Həpsinin imdi başqa sənəti var. 
Ac qarın verdi musiqi həvəsi, 
İştə saz kökləyib durur həpsi. 
Bu madamlar, əfəndilər o zaman 
Kəsilib inqilaba həp düşman 
Cibdə altun, qaçıb da qurtuldu, 
Yeni bir zövq içində məst oldu. 
Burda almanlar eyləmiş iflas, 
Vardı hər evdə sanki bir qara yas. 
Paralar həp kağız, kağızlar heç... 
Yoxsa altun, həyatdan vaz keç! 
O zaman həp bu yadigarlar, əvət 
Satıyorlardı başqa bir əzəmət; 
Əldə pırlantalar və almaslar 
Həpsi şahanə bir əda taslar. 
Qurulub hər salonda işrətlər, 
Uzayıb getdi həp səfahətlər. 
Hər kəsin çünki etiqadı qəvi, 
İki-üç ayda inqilab alevi 
Bitərək, həp gurultular sönəcək, 
Bəxtiyarlar saraylara dönəcək. 
Bir yığın ixtilalçı ac, çılpaq 
Bəlli, beş gündə xurduxaş olacaq. 
Çox təəssüf ki, dadlı təxminlər 
Bir yalan nəğmə oldu... kim dinlər! 
Uzayıb durdu inqilab artıq, 
Dünkü həşmətlər oldu beş paralıq. 
Para bitdikcə bitdi bunlar da, 
Qara iş buldular salonlarda. 
Məhv olub getdi həp şərəf, namus, 
Daha bilməm nələr!? Bu çox mənhus... 
Canlanıb durdu müflis almanlar
Qaldı ac, gördüyün qudurğanlar...” 

Rəqs etdi salon nəşəli bir çalğı səsindən, 


Bir qız süzülüb çıxdı göyərçin qəfəsindən. 
Rəqqasə!..Qraf yavrusu, çox işvəli bir qız, 
Moskovdan uçub Qərbə qovuşmuşdur o yıldız. 
Heyrət!.. o nə halət, nə şətarət, nə qiyafət! 
Dəhşət!.. o nə səfvət, nə təravət, nə lətafət... 
Çox nazlı, şəfəq dalğalı, fəvvarəli bir nur, 
Hər cilvəsi, hər halı edər gözləri məshur. 
Rəqqasə deyil, xariqədir iştə o afət, 
Həp qıvrılışından doğuyor başqa zərafət. 
Məftun kimidir kəndinə, dünyaları saymaz, 
Qoynunda böyütmüş onu min ali heyi-naz. 
Alqışladılar... güldü, çəkildi, 
Alqışladılar... bir daha gəldi, 
Məclis gəliyorkən həyəcanə, 
Qız başladı bir başqa təranə. 

Qızın təranəsi 

“H” 

Aydın bir gecəydi röyayə daldım, 


Baxdım cənnətdəyəm, heyrətdə qaldım, 
Öpdü al qanadlı mələklər məni. 

Bilməm nə hal oldu, həmən bayıldım, 


Bülbüllər ötərkən... səhər ayıldım, 
Öpərdi xarəli ipəklər məni. 

Röya füsunilə o gün sərxoşdum, 


Bir kələbək kimi gülzarə qoşdum, 
Öpdü gözü yaşlı çiçəklər məni. 

Vurğun kimi gözü məndə hər kəsin... 


Of, istəməm, xayır, xayır, öpməsin 
Gözlərdə titrəşən bəbəklər məni... 

“Ə” 


Bitirdi işvəli rəqqasə xoş təranəsini, 
Öpüncə samiələr ruhu cəzb edən səsini, 
Sönük könüllərə sərpildi incə bir həycan, 
Çəkildi, gəlmədi... alqış qopardı həp tufan. 

Yenə “İsa”yə bənzəyən üzdən 


Bir təbəssüm bəlirdi... söylədi: “Ən 
Çox bəyəndim bu nazlı afəti mən, 
Çünki hər kəs onun əsiri ikən 
Enmək, alçalmaq istəməz əsla. 
Ləkəsizdir çocuq qədər hala... 
Yeni açmış bu qönçənin babası 
Bir qraf... xəstə, həp pozuq qafası. 
Onu təmin üçün fəqət böylə

Rəqsə məcbur olur min işvə ilə. 


Baba dursun, bu gördüyün “həzərat!..” 
O qızın sayəsində buldu həyat. 
Şübhəsiz, rəğbət olmasaydı ona, 
Kimsə gəlməzdi böylə bir salona.” 

...Çəkilib getdi həp müsafirlər, 


Qaldı kin püskürən beş-altı nəfər. 
Bunlar, işsiz qalan mühacirlər, 
Etmək istərlər əski yurda səfər. 
Buraxırlarmı?.. Kim bilir, nə olur!? 
Burda qalmaq da xeyli qorxuludur. 
Yaşamaq güc... çalışmaq istərsin, 
İş bulunmaz, bulunsa,.. çox çirkin. 
Çox ağır iş verirlər, ən kötüsü: 
İşçilər bağlayar səninlə küsü, 
Kimi təhqir edib dodaq büzəcək, 
Kimi min bir alayla göz süzəcək... 
Sanki iş varmı, olsa şad oluruz, 
Qara ətmək yeyib şəfa buluruz. 
Ah, bir az sönsə inqilab alevi!.. 
Hər kəsin kəndi yurdu, kəndi evi... 
Orda insan acından ölsə belə 
Yenə xoşdur... Fəqət bu eldən-elə 
Qoşmanın sanki varmı mənası, 
Adamın hər gün ağlayır anası. 
Ah, əvət ən böyük bəla, bilsən, 
Para yox, köçmək istəsən belə sən; 
Hədər olmazmı çəkdiyin zəhmət? 
Yaxalandınsa iştə son dəhşət!.. 
Deyəcəklər bu köhnə bir canavar, 
Əski milyonçu... öl! Gəbər! Nə çıxar!? 

Sardı ətrafı bir vərəmli sükut, 


Baxışıb durdular bütün məbhut. 
Bu sükut arxasınca iç odadan 
İncə bir səs duyuldu, qopdu fəğan!.. 
Nazlı rəqqasə inləyirdi... əvət, 
Qraf etmişdi ansızın rehlət! 

NİL YAVRUSU 

Yığın-yığın axışan avtolar, tramvaylar 
Çiçəkli, süslü, təravətli bir cahana qoşar. 
Bu ölkənin yazı şən bir mayıs qədər dilbər, 
Səfalı mənzərələr ruha busələr sərpər. 
Göz işlədikcə gülümsər yaşıl xiyabanlar, 
Yaşıldı pəncərə, balkon, yaşıldı meydanlar. 
Çiçəklərin arasından yürürdü afətlər. 
Uçardı qəhqəhələrdən qopan səadətlər. 
Görülməmiş bu “çiçək sərgisi”ndə ən rəna, 
Gözəllər iştə gülümsərdi hər yaşıl fidana. 
Fəqət bir afəti izlər dururdu həp gözlər, 
O gün həmən ona aiddi söylənən sözlər. 

Adı Şəmsa, füsunlu bir xilqət, 


Saçar ətrafa həp qürur, əzəmət... 
O baxışlarda bir qığılcım var, 
Hanki bir qəlbə əks edərsə yaxar. 
Şərqin əsmərcə bir bədiəsidir, 
Yeni Misrin öc izləyən səsidir. 
Yeddi ildir ki, Nili tərk edərək, 
Qərbə uçmuş o nazənin kələbək. 
Başda hürriyyət eşqi, sevdası 
Daşıyan bir ədib imiş babası. 
Məhbəs olmuş gözündə həp yurdu; 
“Haq”! — dilərkən... bir ingilis lordu 
Sürgün etmiş ölümlü bir adaya. 
Bu xəbərdən sönüb bitən Şəmsa 
Köçərək əmcəsiylə bir yerdə 
Yaşayır böylə qürbət ellərdə... 
İsınıb şən mühitə getdikcə, 
Hüsnü ətrafı sərxoş etdikcə
Onda həp parlar ehtişamü qürur, 
Üzü lakin nədənsə az gülüyor. 
Düşünür... iştə, daima dalğın, 
Çırpınan ruhu nəşəsiz, çılğın, 
Daima kinli bir payam arayır, 
Anaraq Misri intiqam arayır. 

... Sönüyorkən günəşin son işığı... 


Sardı min rəngü ziya ortalığı. 
Keçdiyin yollara baxsan hər yer 
Dürlü ahəngi-bədeyelə gülər. 
Soxulub şövq ilə erkək qadına, 
Hər səfadət yapılır zövq adına. 
Süslü kaşanələrin aləmi var, 
Hər könül bir yeni əyləncə arar. 
Bu tühaf mənzərələrdən Azər 
Çox da zövq almadı!.. Yalnız dilbər, 
Canlı bir lövhəyə məftun olaraq, 
Doğdu könlündə bir atəşli maraq, 
Baxdı Şəmsa keçiyor məsti-qürur, 
İmdi gündüzkünə heç bənzəmiyor. 
Pənbə köksündəki tüldən duvağı, 
Öpüyor bir xrizantem dodağı. 
Görsə hər kim onu, Misrin məşhur 
Bir füsünkarını1 görmüş sanıyor. 
O şətarətli, gülümsər üzdə,

Al dodaqlarda, o qumral gözdə 


Öylə bir incə təravət vardı 
Ki, bütün gözləri əfsunlardı. 
Baxaraq nazilə həp sağ-soluna, 
Girdi çox dalğalı, şən bir salona. 
İki-üç xurmacığaz bir köşədən 
İşvəkar afəti cəzb etdi həmən. 
Sardı ətrafını bir qaç tələbə, 
Həpsi bənzərdi üzündən ərəbə. 
Həpsinin umduğu bir dadlı xəyal: 
Qurtuluş eşqi, geniş istiqlal. 

... Keçdi azcıq... sırıtan bir məmur, 


İngilis lorduna bənzər, məğrur, 
Əzəmət taslığı bir tip gəldi, 
Onu Şəmsa süzüyorkən, bildi. 
Göstərib, bax! — dedi yoldaşlarına, 
Gəlsə hər təhlükə Misrin başına 
Bu bakır çöhrəli insan yapıyor, 
Vətənin ən qara cəlladı odur. 
Görünür sərgiyi seyr etmək için 
Qərbə keçmişdir o qurnaz xain. 
Dəyişib cümləsinin bət-bənizi, 
Sardı hər çöhrəyi bir nifrət izi. 
Biri qalxıb dedi: — Artıq gedəlim. 
Güldü Şəmsa, dedi — Yox, rəqs edəlim, 
Güləlim, əylənəlim bir saət... 

Yüklə 192,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin