DÜŞÜNDÜm ki, əməl çəmənzarında



Yüklə 192.16 Kb.
səhifə5/5
tarix25.04.2017
ölçüsü192.16 Kb.
1   2   3   4   5
Qarşı gəlsə məcbur olur itaətə. 
Tutduğun yol böyük... Sən el rəhbərisən
Bütün səslərdən üstündür sənin səsin. 
Bağır, hayqır, can ver issız bucaqlara, 
Bilgi nuru yağdır sönmüş ocaqlara. 
Zəif biləklərdən çəlik qollar yarat! 
Hər uyumuş beyinə bir qığılcım at! 
Çalış bütün boşluqlar əzminlə dolsun, 
Hər bataqlıq çiçəkli bir cənnət olsun. 
Bilgi saçar hər qaranlıq yurda işıq, 
Yalnız əmək verir bizə bəxtiyarlıq.” 

SƏLMANIN SƏSİ 

Oktyabr üçün 
“H” 

Hər günəşə vardım ləkəli gördüm, 

Hər vicdana girdim kölgəli gördüm, 
Parlaq imanları şübhəli gördüm
Məgərsə hər cilvə bir xülya imiş. 

Altun əsiridir həp irzü namus, 


Yoxsullara gün yox, ya məhv ol, ya sus! 
Hər kəs insanlıqdan dəm vurur, əfsus! 
Həp yalan, təməlsiz bir sevda imiş. 

Yaralı könlümü tikənlər deşdi, 


Kimdən vəfa umdum qanımı içdi, 
Cavan ömrüm fəryad içində keçdi
Səadət əməli bir röya imiş. 

“Ə” 


Bunu Azər keçiyorkən duydu, 
“Nə gözəl səs!” deyə dərhal uydu. 
Çox maraq etdi, dərin zövq aldı, 
Xilqətin şerinə heyran qaldı. 
Sordu “kimdir əcəba?” — Bildiklər 
“Bir yetim qız, adı Səlma” dedilər. 
Öncə yoxsuldu, alıb bir makinə
Çalışır, yardım edər annəsinə. 
Tikiyor incə-ipək kömləklər, 
Həm gözəl şərqi təğənnü eylər. 
Sandı Azər görüyor bir röya, 
Girdi çox sadə kiçik bir odaya. 
Gəldi Səlma, gülərək əl verdi. 
“Nə səadət!” deyə yer göstərdi. 

(xəstəlikdən yeni qalxmış annəsinə işarətlə) 

İştə annəm yeni qalxmış, baxınız, 
Sağalıb həp sizi özlər yalnız. 

Qonuşub içdilər azcıq qəhvə, 


Yad deyildir əvət, Azər bu evə. 
Bir zamanlar yağaraq dəhşətlər 
İki biçarəyi etdikdə hədər
Qurtuluş yolları bulmuş Azər, 
Qoşaraq yardıma olmuş rəhbər. 

Həsbhal eylədilər, söylədilər, 


Gəldi həp xatirə keçmiş günlər.

Dedi Azər: “Nə çıxar keçmişdən, 


Fəzlə bəhs etməyəlim bir heçdən. 
Varsa ən doğru həqiqət, o “bu gün!” 
“Bu gün”ün hökmünü öyrən də düşün! 
Keçiyorkən məni cəlb etdi səsin, 
Sözlərindən səni gördüm bədbin”. 

Annəsi 


Neyləsin, həp çalışır, zəhməti çox, 
Yenə bir güldürəcək taleyi yox... 
Güldü Azər dedi: “Tale nə demək!? 
Yetişir olsa təşəbbüslə əmək! 
Öncə kəşf etməlisən mənliyini, 
Etsə məsud edər ancaq o səni. 
Var hər insanda böyük istedad, 
Onu bul, yoxsa nə yapsan bərbad...” 
“Gedəlim, gəl!” — dedi gəl, izlə məni - 
“Sənə Azər tanıdar taleyini”. 
Uydu Səlma ona, qalxıb getdi, 
Bu tühaf rəhbəri təqib etdi. 
Keçdilər dar və geniş yollardan, 
Vardılar bir evə... Azər o zaman 
Göstərib bax dedi: “Yavrum! Burası 
Möhtəşəm bir yapı, sənət yuvası. 
Səndə var bülbülə bənzər bir hal
Gəl bu əlhan ocağından feyz al! 
Musiqi rəmzini öyrən, lakin 
Gecələr evdə çalış ətmək için”. 
Durdu Səlma... 
Dedi: — Çox qız ləkələnmiş burada, 
Bu mühit iştə çox azğın, hətta 
Mələk olsam da görən tən edəcək, 
Məni əxlaqı sönük zənn edəcək. 
Dedi Azər: 
— Sağır ol, dinləmə hər kölgəni sən, 
İncəlir hər qabalıq sənətdən. 
Bəşərin uyduğu əxlaq, adət 
Bir yığın yıpramış ölgün hikmət. 
Güldü Səlma, düşünüb haq verdi, 
Aqibət ismini qeyd etdirdi. 
Keçdi illər, dəyişib mövsümlər, 
Yazın axşamdı... Yürürkən Azər 
Daldı birdən-birə... munis, şaqraq, 
İncə bir səs duyaraq etdi maraq. 
Saparaq girdi şəhər bağçəsinə, 
Buldu çox süslü, böyük bir səhnə. 
Baxdı, səs yaz klubundan gəliyor, 
Dalğalar nəşələnib yüksəliyor. 

Səlmanın səsi 

“H” 

Hər gülşənə vardım, çiçəklər güldü, 


Sevdalı bülbüllər səlamə gəldi. 
Hər bəzmə uğradım, meylər töküldü, 
Qədəhlər öpüşüb xuramə gəldi... 

Almaslar, incilər qarşımda söndü, 


Gözəllər yanımda xəyalə döndü. 
Büllur qəhqəhələr susmuş göründü, 
Susmuş kamançalar ilhamə gəldi. 

Pərişan zülfümü dağıtdım üzə, 


Sehr etdi hər teli sanki bir gözə
Gördülər qarışmış gecə gündüzə, 
Ölülər nəşədən qiyamə gəldi. 

“Ə” 


Baxdı Azər, coşaraq alqışlar, 
Qadın, erkək qızı həp sarmışlar. 
“Yaşa, var ol!” — deyə səs yüksəldi, 
Töhfələr, süslü dəmətlər gəldi. 
Qızda parlardı qürur, istiğna. 
Qoşdu hər kəs kimi Azər də ona. 
Dedi: “Təbrik eləyim gəl səni mən, 
Sənə nerdən bu səadət bilsən? 
Düşün əvvəlki səfalət dəmini! 
İnqilab atəşi parlatdı səni. 
İnqilab açdı sənin şəhpərini...” 
Qız gülümsər kimi, şən rəhbərini 
Öpdü ruhundakı şeriyyətlə, 
Gözlərindən süzülən hörmətlə... 

Üsyan 


Azər düşünür, dalğa keçərkən... 
Birdən-birə həp dalğalı, həp şən 
Bir vəlvələ qopdu, 
Bir fırtına, bir zəlzələ qopdu. 
Sarmışdı bütün ölkəni heyrət, 
Lakin... 
Çox üzdə gülümsərdi şətarət
Hər nəşəli gəncin 
Ruhunda açılmışdı çiçəklər,

Coşmuşdu diləklər. 


Bir yanda şəyəq dalğalı, nazəndə axınlar, 
Qızlar və qadınlar 
Oynar, sevinər, şənlik edərlər, 
Həp pənbə dodaqlarda zəfər şərqisi gurlar. 

Qızlar və qadınlar!.. 


Həsrətkən işıq aləmə onlar, 
Zillətdə əsirlərcə bunalmış da əzilmiş, 
Hürriyyəti ancaq yeni bilmiş... 
Sıyrıldı günəş sisli buluddan 
Hər kəs süzüyorkən onu heyran... 
Parlarkən üfüqlər, 
Birdən-birə çarşaflar atıldı, 
Həp coşdu nütüqlər. 
Erkəklərə meydan oxunurkən, 
Onlar da qatıldı, 
Çarşaf kimi, qalpaq da yox olsun... deyə birdən 

Erkək və qadın dalğalanıb gurladı, coşdu, 


Məbədlərə qoşdu. 
Gənclik dedi: “Onlar da dəyişsin, 
Məktəb və kütübxanəyə keçsin”. 

Üsyan!.. 


Üsyan deyə hər gözdən, ağızdan 
Bir nifrət uçardı. 
Üsyan!.. 
Keçmişlərə, keçmişdəki adətlərə üsyan! 
Hər üzdə təhəkküm izi vardı. 
Üsyan!.. 
Məbədlərə, qalpaqlara, çarşaflara üsyan!.. 
Şaşğınlığa yox zərrəcə imkan. 
Hər fəlsəfə, qanun dəyişirkən
Bir nöqtədə dursan da düşünsən, 
Məqbər yapacaqlar gəmiyindən. 
Üsyan!.. 
Həp əski hürufata da üsyan!.. 
Üsyan!.. 
Həp köhnə xurafata da üsyan!.. 

Ətrafı süzən yaşları keçkin 


Erkək və qadınlar buna şaşmış... 
Çarşafların altında duyulmaqda qəzəb, kin, 
Həp hövsələ daşmış... 
— Bir bax nə rəzalət!.. 
Artıq nə həya qaldı, nə ismət!.. 
Gənclik azaraq, həddini bilməz, 
Yox, yox bu çəkilməz. 
— Hər gün bir oyun, bir yeni fitnə
Məbədlə işin nə?! 
— Mən tanrıya tapdım, nə vəzifən, 
Mən etmədim əsla səni yoldan sapıyorkən... 

Çarşaflar atılsın! - deyə əlbət 


Namusa təcavüz eləyir, bəlli həqiqət. 
Onlar köpürürkən... 
Azər gülərək söylədi: “Sizdən 
Heç bir yenilik ummadı bir kimsə, əzizim! 
Bilməm bu köpürmək nəyə lazim?.. 
Yox, sizlərə aid deyil əsla çalınan saz, 
Bəsbəlli, kötüklər aşılanmaz. 
Yalnız yəşərən tazə fidanlar, 
Az-çox yenilik zövqünü anlar. 
Əcdadımızın adəti bəlli
Hər haləti bəlli... 
Lakin biz o adətləri atdıq, 
Atdıq, bu gün artıq 
Onlardakı əfsanəli şeylər, 
Bizlərcə sönük uyquya bənzər. 
Söz yox ki, bu gün gəncliyə baxsan, 
Bir sel kimi hər an, 
Sağlam, yeni məfkurələr izlər. 
Bizlər!?. 
Bizlərdəki adət də təbii, 
Bunlaca sönük, yıpramış əski... 
Bilməm ki, bu yorğun yürüyüşlə 
Gənclik neçin uysun bizə, söylə! 
Bizlər yeniləşsək belə, daim 
Bir əskilik az-çox bizə hakim... 
Ən doğru yol iştə! 
Heç olmayalım onlara əngəl bu gedişdə. 
Onlar qoşacaq, çarpışacaqlar, 
Bir çox uçurumlar aşacaqlar. 
Lazımsa cəhalətlə güləşmək, 
Bir çarə var: ancaq yeniləşmək!.. 
Onlardakı himmət və mətanət 
Qırbaclayacaq Şərqi nəhayət. 
Onlardakı qüdrət və məharət 
Er-gec verəcək xalqa səadət. 
Onlar mədəniyyətlə günəşlər yaxacaqlar, 
Keçmişlərə üstdən baxacaqlar. 
Onlar güləcək, yüksələcəklər, 
Həp yüksələcək, həp güləcəklər. 
Onlar güləcək, güldürəcəklər, 
Bizdən daha xoş gün görəcəklər!”
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə