Allah adamlari



Yüklə 0,52 Mb.
səhifə3/14
tarix31.01.2017
ölçüsü0,52 Mb.
#7075
1   2   3   4   5   6   7   8   9   ...   14

SƏMAVİ HAL VƏ FƏZİLƏTLƏR


Şeyx Əli Ağa Pəhləvaninin mə`nəvi kamillikləri və ürfani halı ilə bağlı mə`lumat azdır. O daim diqqəti cəlb etməməyə çalışardı. Hətta ən yaxın şagirdlərinə də yalnız zəruri sözləri deyərdi. Təsadüfi hallarda öz halından danışardı. Bə`zən qarşı tərəfi oyatmaq üçün müəyyən nöqtələri açıqlayardı. Buyururdu ki, hansısa halları əldə etməyə yox, bəndə olmağa çalışmaq lazımdır. Sirli müşahidələrini gizləyə bilməyən insan, ustadın nəzərincə, məqsədə çətin çatar. Övliyaların dilindən nəql edərdi ki, ariflər üçün kəramət qadın üçün aylıq adət kimidir. Yə`ni ariflər öz kəramətlərini bildirməyi ayıb sayır, imkan həddində bu nöqtələri gizləyirlər. Həzrət axund molla Hüseynqulu Həmədani uca mə`rifət məqamına çatdıqdan sonra bildirir ki, arif öz müşahidələrini açıqlamaqdan çəkinməlidir. O öz kamilliklərini bir tərəfə qoyub Allahın sonsuz nuraniyyətinə qərq olmalıdır.

Bəli, cənab Şeyx, heç şübhəsiz, axund molla Hüseynqulu Həmədaninin sadiq ardıcıllarından olmuşdur. Onun üslubu ilə tanış olanlar şeyxi öz dövrlərinin molla Hüseynqulusu saymışlar. Hətta bu mövzuda bir lətifə də danışılır: Şeyxin hüzurunda olmuş bir şəxs belə nəql edir: Mən mə`nəvi məsələlərə könül verib ustad arxasınca gəzdiyim vaxt hər kəsə əmin ola bilmirdim. Əmin deyildim ki, onlar məni mə`rifət yoluna sövq edə bilər. Həmin vaxtlar axund molla Hüseynqulu Həmədanidən kömək istədim. İstəyimin nəticəsi bu oldu ki, Qumda Şeyx Əli adlı birinin ünvanını verdi. Ünvan əsasında Qumun qədim küçələrini dolaşa-dolaşa deyilən yeri tapdım. Qapını döydüm, çox keçməmiş nurani çöhrəli bir qoca çıxdı. Şeyx Əlinin mənzilini soruşdum. O, Şeyx Əli olduğunu bildirib istəyimi soruşdu. Ondan mə`rifət yolu üçün göstəriş istədim. Həmin vaxtdan başlayaraq Şeyxin tapşırıqlarından bəhrələndim. Təəccüb edirdim ki, ustad axtardığım halda belə bir şəxsi necə tanımamışam!

Dövrünün tanınmışlarından və Əllamə Təbatəbainin ilk şagirdlərindən olan mərhum Hacı Şeyx Mahmud Təhriri nəql edir ki, yuxuda mənə dedilər: “Cənab Şeyx Əli Ağa Pəhləvani bizim dövrümüzün axund molla Hüseynqulusudur.”

Doğrusu, Allah-taala bizim dövrümüzdə öz aşiqlərini heyrətdən, qeyri-müəyyənlikdən və qəflətdən qurtarmaq üçün bu nəfis və ilahi insanı hədiyyə etmişdi. O canıyanan bir ata, şəfqətli təbib kimi qapısını aşiq tələbələrin üzünə açmış, bütün ömrünü bu yolda sərf etmişdi. O öz varlığını mə`rifət təmənnasında olanlara qurban vermişdi. Bu yolda çox çətinliklər çəkmişdi. İnsanları Allah yoluna yönəltmək vəzifəsini öhdəsinə götürmüş bir şəxs, təbii ki, onların ziddiyyətli xarakterlərinə, cəhalətlərinə, hörmətsizliklərinə, itaətsizliklərinə dözməlidir. Ustad bu yönümdə böyük səbir və dözüm göstərirdi. Onun üçün ən əsası müraciət edənlərin dərdinə şərik olmaq, öz lətif ruhu ilə haqq yolçularına əl tutmaq idi.

Bir gecə onun hüzurunda olduğumuz vaxt əmmaməsini səliqəsiz hazırlamış tələbələrdən birinə buyurdu: “Nə üçün əmmamən belədir? Tələbə səliqəli olmalıdır. Əmmaməni özün hazırlamısan?” Həmin tələbə cavab verdi: “Bəli, ağa. Bu işi yaxşı bacarmıram.” Ustad buyurdu: “Eybi yoxdur, əmmaməni ver, sənə necə hazırlamağı göstərim.” Ustad uzun-uzadı sorğu-suallardan sonra yorğun olmasına baxmayaraq tələbənin əmmaməsini açıb səliqə ilə qatlamağa başladı. Tələbəyə “diqqətlə bax” söylədi. Ona ürək-dirək verirdi: “İnşallah, öyrənərsən. Çətin iş deyil.” Sonra tələbənin əmmaməsini öz başında hazırlayıb ona təqdim etdi. Buyurdu: “Nə vaxt əmmaməni çıxarsan, onu təmiz bir dəsmala bük. Dəsmal onu həm çirklənməyə, həm də əzilməyə qoymaz.” Həmin gecə ustad çox səmimi və mehriban idi. Arabir gülümsünürdü.

Onun bu səmimiyyəti heç vaxt tələbələrin yadından çıxmaz. Bir dünya mə`rifət və tövhidi rəngə malik olan insanın bu qədər sadə olması təəccüb doğururdu. Bütün bu mehribanlıq və gözəlliklərin əvəzini hansı yazı və ya addımla çıxmaq olar?! Belə bir insan qarşısında təvazö etməmək mümkünsüzdür. Təəccüblüdür, necə olur ki, insan bir ömür yaşayır və ətrafındakılar ondan kiçik bir günah da görmür? Daimi mücahidəsiz belə bir hal əldə etmək olarmı? Necə olur ki, şagirdləri ondan yalnız mə`buda eşq, diqqət, özü ilə hesab və göz yaşı müşahidə edir? Bəli, fəzilət və həqiqi iman budur! Əmirəl-mö`minin (ə) buyurur: “Elm bəsirət və agahlıqla onlara üz tutdu, canlarına hopdu. Onlar əmin bir ruhla həmağuş oldular.”6 Bəli, həzrətin bu kəlamı öz təcəllasını tapır. Mübarək ramazan ayının axır ongünlüyünün duasında uyğun tövhid aramlığına işarə edilir.7 Bəli, insan öz imanı ilə nuraniləşir və ustad belələrindən idi.

Haqq yolçuları sırasına qatılmaqda Allahın yardımından bəhrələnmiş bir dost çətinliyə düşənlərdən birinə belə söylədi: “Dükandan bir araqçın al, ver hacı Şeyx Əli Ağa Pəhləvaniyə, onun araqçınını alıb başına qoy. Bunun sənə faydası var.” Həmin şəxs nəql edir ki, ustadın göstərişinə əməl edib, dükandan bir araqçın aldım. Onu hacı Şeyx Əli Ağaya verib araqçınını istədim. Şeyx razılaşsa da mənim aldığım araqçın bir qədər kiçik oldu. Şeyx səmimiyyətlə mənim gətirdiyim araqçına dua oxuyub mənə qaytardı. Mən araqçının faydasını gördüm. Bir müddət sonra yenidən araqçın almaq üçün həmin dükana üz tutdum. Amma həmin yerdə dükandan əsər-əlamət yox idi.

Şeyxlə ünsiyyət insanı qəflətdən oyadırdı. Həftədə bir dəfə görüş növbəti görüşədək insanın qəlbini qəflətdən qoruyurdu.

Şübhəsiz ki, bütün bu bərəkətlər həzrət Peyğəmbərin (s) nurundandır. Salam ibn Müstənir belə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim. Hümran ibn Əyən oraya gəlib imama sual verdi. İmam onun suallarını cavablandırdı. Ayağa qalxıb getmək istəyəndə imama belə ərz etdi: “Allah ömrünüzü uzun etsin, sizin xidmətinizdə olanda qəlblərimiz yumşalır, dünya qəmindən qurtuluruq, aramlıq tapırıq, xalqın əlində olandan gözümüzü çəkirik. Elə ki bazara, xalq arasına çıxırıq, dünyaya rəğbətimiz artır.” İmam (ə) buyurdu: “Bu, qəlbin xasiyyətidir. Bə`zən bərkiyir, bə`zən yumşalır. Peyğəmbərin (s) yaxınları ona ərz etdilər ki, münafiq olmaqdan qorxurlar. Peyğəmbər (s) bu qorxunun səbəbini soruşdu. Dedilər: “Nə qədər ki, sizin xidmətinizdəyik, bizə nəsihət edirsiniz, bizə axirəti xatırladırsınız, Allahdan qorxur, dünyanı yaddan çıxarırıq. Sanki behişt və cəhənnəmi gözümüzlə görürük. Elə ki, sizin hüzurunuzdan qalxıb evimizə gedir, övladlarımızın qoxusunu duyuruq, halımız dəyişir, imansız adam kimi oluruq. Ya rəsuləllah, bu halda bizim münafiq olacağımızdan siz də qorxursunuz?” Həzrət buyurdu: “Heç vaxt! Bu qəlbiqaralıq şeytandandır. O sizi dünyaya yönəltmək istəyir. Əgər siz əvvəlki halda qala bilsəydiniz mələklər sizi salamlayardı, suyun üzəri ilə yeriyərdiniz...”8

Bəli, cənab Şeyx həzrət Peyğəmbərin (s) həyat yolunu, xarakterini izləyirdi. Onun məclisləri də çox cazibədər və tə`sirli idi.

Şagirdlərindən biri bazar ertəsi günü yuxuda görür ki, insanlar ustadın evinə axışır və gələnlərin hər birinin çiynində iki meymun var. Onlar ustadın qapısına çatdıqda meymunlar düşür və onlar içəri daxil olurlar. Həmin adamlar şeyxin mənzilindən çıxanda meymunlar yenidən onların çiyninə qalxır. O öz yuxusunu danışdıqda Şeyx belə cavab verir: “Onlar şeytanlardır. Onların bizim mənzilə daxil olmağa haqqı yoxdur.”

Bəli, haqq yolçusu Me`rac hədisində buyurulan xüsusiyyətlərə malik olmalıdır. Arifdə elə bir nur olmalıdır ki, onun araqçını da aşiqlərinin müşkülünə tə`sir göstərsin. Cənab Şeyx mə`rifət və tövhid zirvəsində olmasına baxmayaraq nəsihətlərində özünü qarşı tərəfdən ayırmaz və deyərdi: “Hər birimizin müşkülü var, əməllərimizə diqqətli olmalıyıq.” Şagirdlərinə də tapşırardı ki, söhbətlərində özlərini xalqdan ayırmasınlar.9

Şeyxin həyatı ibadət, dua, göz yaşları ilə keçərdi. Məclislərində isə daim inqilabi əhval-ruhiyyə olardı. Həyatı başdan-başa paklıq və nəcabət, iffət və həya idi. Çöhrəsində ilahi bir nuraniyyət vardı. Məclislərdə müşahidə edirdim ki, dostlar ustadın göz yaşlarına baxıb ağlayırlar. Dəfələrlə mənim kimi qəflətdə olanlara deyərdi: “Diqqətli olun, bu ne`mət həmişəlik deyil, bir gün süfrə yığışacaq.”

Hicri-qəməri 1374-cü ildə onun hüzurunda olduğum vaxt buyurdu: “Ərəb arifləri öz məclislərini İbn Farizin şe`rləri ilə hərarətə gətirirlər. Onlar xəlvətdə öz mə’budları ilə İbn Farizin dili ilə danışırlar. Əllamə Qazi, İmam Xomeyni kimi böyük şəxsiyyətlər də onu sevmiş, şe`rlərini oxuyub bəhrələnmişlər.

Mən də həmin şe`rlərə maraq göstərir, onları oxuyuram. Ustad buyururdu: “Höccətiyyə mədrəsəsində olduğum vaxt həmin şairin dörd yüz beytini şərh etdim. Təklikdə şe`rləri oxuyur ağlayırdım.” Ustad buyurur ki, həmin vaxtlar uyğun şe`rləri elmi baxımdan daha yaxşı şərh edən bir qələm sahibi gördüm. Həmin şəxs əməli baxımdan diqqəti cəlb etməsə də, şərhi gözəl idi. Buna görə öz şərhlərimi dayandırdım.”

Bir dəfə onun şagirdlərindən biri ilə görüşdüm. Ustadın haqqında deyirdi: “Böyük ustadımız Şeyx Əli Ağa Pəhləvani bir gün buyurdu: “Bir gün yuxuda gördüm ki, hamamdayam və hamamın xəzinəsində yuyunmaq istəyirəm. Xəzinənin suyu bir qədər bulaşıq idi. Yuxudan oyanıb bütün işlərimi nəzərdən keçirdim. Yadıma düşdü ki, həmin gün əsirlikdən qayıtmış qonşuya dəyməyə gedəndə o ehtiyac olmayan qədər işıq yandırmışdı. Mənim getməyim bir növ bu işin təsdiqi idi. Bulaşıq suda yuyunmaq istəməyimə başqa izah tapa bilmədim.” Şeyxin bu sayağı yuxuları onun özünə diqqətli olmasından danışır. O bütün əməllərinə, düşüncələrinə beləcə qayğılı idi. Görüşündə olduğum vaxt boş yerə əlini tərpətməz, pisliyə danışmaz, kiməsə münasibətdə bədgüman olmazdı. O, qəlbinə nəzarət edirdi. Oddan və ya torpaqdan yaranmış kimsə onun qəlbinə yol tapa bilməzdi.
Mə`budun eşqinə yer olsun deyə

Qəlbimdən çıx dedim iki dünyaya.


Əhli-beytin (ə) nurani məqamını düzgün dərk etməklə onları uca tutur, onların ziyarətində misilsiz bir ədəb göstərirdi. Mə`nəviyyat dostlarından biri belə söyləyir: “Hicri-qəməri 1382-ci il cəmadiüs-sani ayının on yeddisində cənab Şeyxin görüşündə oldum. Ərz etdim ki, Məşhədə getmək istəyirəm, mənə bir tövsiyə verin. O buyurdu: “Qədim vaxtlar səhhətim yaxşı olanda imam Rizanın (ə) ziyarətinə gedib əllərimi qapı və divarlara qoyar, “Kəhf” surəsinin 18-ci ayəsini oxuyardım. (Ayədə buyurulur ki, Kəhf əshabının iti pəncələrini mağaranın qapısına qoymuşdu.)”

Şeyx bu sözləri deyəndə bərk ağlayırdı. Gözlərindən sel tək yaş axıdır, sözünü davam etdirə bilmirdi. Bir qədər keçdikdən sonra sakitləşib buyurdu: “Çalışın, imam Mehdi (ə) tərəfindən də ziyarət edin.”

Cənab Şeyxin Qum elmi hövzəsinin əxlaq ustadlarından olan bir şagirdi belə nəql edir: “Ustad həzrət Mə`sumənin qəbrini ziyarət etmək istədikdə xəcalət duyar və buyurardı: “Məndə onun nurani hərəmini ziyarət etmək ləyaqəti yoxdur.” Sonra arif şair mərhum Fəxrəddin İraqinin şe`rini oxuyardı:
Təvafa getmişdim, dedilər olmaz,

Sən kimilər burdan yolunu salmaz.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin