Höccətül-İslam hacı Seyid Mustafa Hərəndi buyururdu: “Bir gün hacı Şeyx Əli Ağa Pəhləvaninin hüzurunda idim. O buyurdu: “Nəql olunur ki, Əmirəl-mö`minin (ə) buyurmuşdur: “Bu gün əməl günüdür və hesab yoxdur. Sabah hesab günüdür, əməl yoxdur.” Bu hədisdən sonra buyurardı: “Səhhətim imkan verdiyi vaxtlar və cümə axşamları qəbiristanlığa gedərdim. Bir gün orada halım dəyişdi, qəbirlərin açıldığını gördüm. Qəbirdəkilər çox yorğun vəziyyətdə, həyəcan içində idilər. Anladım ki, bu dünyadan köçəndən sonra əməlin faydası yoxdur. Əməl yeri bu dünyadır və hesab yoxdur. Sabah isə hesab olacaq, əməl olmayacaq."
XƏRABAT
Ustadın şagirdlərindən biri belə nəql edir: Bir müddət belə qənaətə gəlmişdim ki, ustadın hüzurundan lazımınca istifadə edə bilmirəm. Bu xəyallarla onun maarif dərsinə getməmək qərarına gəldim. Bir gün sübh namazından sonra Əllamə Təbatəbai gözümə göründü. Belə bir şe`r oxudu:
Əlin əlindəsə, buraxma gəl sən,
Əlin çıxsa özün çıxarsan əldən.
Bu əhvalatı hacı ağa Səadətpərvərə danışdım. Buyurdu: “Əllamənin bizə tövsiyələri olub. Amma haradadır eşidən qulaq?!" Ərz etdim ki, bu şe`r kimdəndir? Buyurdular: “Xərabatdan.”
RƏCƏBİYYƏ GÖRÜNTÜLƏRİ
Hicri-qəməri 1385-ci ilin xordad ayında hacı ağa Mücahidi ilə söhbət zamanı eşitdim ki, arif Şeyx məclislərindən birində buyurub: “Rəcəb ayının son gecələrindən birində gecə yarı məni oyatdılar. Hiss etdim ki, kimsə qapını döyür. Durub qapını açdım. Kimsə yox idi. Anladım ki, burada bir məqsəd var. Dəstəmaz alıb ibadətə başladım. Həmin gecə mənə lütf olundu.” Cənab ustad buyurur: “Mənə “Həyy” və “qəyyum” adlarını dərk etdirdilər. Bu rəcəb ayının hədiyyəsi idi. Allah-taalanın “Həyy” və “qəyyum” adları özündə bir çox sifətləri toplayan adlardandır. Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, Ayətəl-kürsi ayələrin seyididir. Bunun səbəbi həmin ayələrdəki “Həyy” və “qəyyum” adları ola bilər. Allah-taala buyurur: “Allahu la ilahə illa huvəl həyyul qəyyum...”10
HURUL-EYİNLƏR ARASINDA
Ustadın qədim şagirdlərindən biri nəql edir ki, məclislərdən birində buyurmuşdur: “Bir gecə yuxuda hurul-eynlər gördüm. Məni əhatəyə almışdılar. Gözəllikdə misilləri yox idi. Mən dünya həyatındakı adətimə uyğun olaraq başımı aşağı salıb onlara baxmaq istəmədim. Amma onlar məni buraxmırdılar. Bu vaxt onlardan biri gözəl səslə dedi: “Bizi tanımırsan? Biz sənin dünən gecəki əməllərinik.” Yuxudan oyandıqdan sonra nə qədər düşündümsə hansı əməllərimdən söhbət getdiyini anlamadım. Bəli, gözəl əməl bu sayağı cazibəli cilvələnir. Bə`zən qəflət yuxusundan oyanmağımız üçün belə görüntülər olur.”11
SEVDİYİNİZ ŞEYLƏRİ BURAYA GƏTİRMƏYİN!
Ustad bir gecə məclisdə buyurdu: “Kəşf aləmində (ruhani aləmdə) gördüm ki, hamınız ayaqqabılarınızı otağın içindəki taxçaya düzmüsünüz və onlar par-par parıldayır. Ağalar, bunlar sizin sevdiyiniz şeylərdir, onları özünüzlə buraya gətirməyin.”
USTADIN HÜZURU
Hacı Şeyx Əli Ağanın hüzuru mələklərin və ilahi insanların toplandığı nurani bir hüzur idi. Ustadın hüzurunun başqa bir dadı, başqa bir zövqü vardı. Ustadın və onun şagirdlərinin simasında iman və mə`rifət nuru bərq vururdu. Bu məclislərdə Allahın övliyaları yada salınır, onların ilahi səciyyələri zikr olunurdu. Həmin məclislərə zinət verən bə`zi nöqtələri yada salaq.
MİRZƏ ƏLİ AĞA ŞİRAZİ
Ustad hacı Şeyx Məhəmməd Əli Mücahidi Nəcəfabadi hicri-qəməri 1426-cı il, Qurban bayramı günü Nəcəfabadda söhbəti zamanı buyurdu: “Bir cümə günü hacı Mirzə Əli Ağa Şirazi qoltuğunda hamam boxçası sür`ətlə gedirdi. Ömrünün axır günlərində beli bükülmüşdü. Amma inqilabi bir əhval-ruhiyyədə idi. Daim gözləri yaşlı olardı. Özümü ona çatdırıb boxçasını aldım və hamamadək ötürdüm.”
TƏBLİĞ, YOXSA TƏRBİYƏ?
Hicri-şəmsi 1376-cı ilin mehr ayında onun hüzurunda olduğum vaxt təbliğdən söz düşdü. Ustad buyurdu: “Bir müddət təbliğə gedəndən sonra vəzifəmlə bağlı tərəddüdə düşdüm. Mənə elə gəldi ki, vəzifəm hövzədə qalıb tələbələrin əxlaqı ilə məşğul olmaqdır. Buna görə də bir daha təbliğə getmədim. Otuz beş ildir ki, tələbələrlə məşğulam. Təlaş göstərin. Bu şərait həmişə olası deyil. Bir vaxt bu çıraq sönər və həsrət çəkərsiniz.”
MOLLA ƏLİ KƏNİNİN BUYURUĞUNUN TƏ`SİRİ
Hicri-şəmsi 1376-cı il məclislərin birində sözünün sonunda buyurdu: “İnsan olun, özünüzü islah edin ki, sizi eşitsinlər, xidmət edə biləsiz.” Sonra buyurdu: “Qacar sarayında xidmət göstərənlərdən biri nəql edirdi ki, bir gün taxçaları təmizləyəndə bir kağız tapdım. Kağızda bir dükançının əhvalatı yazılmışdı. Tehranda yol genişləndirilərkən bu kişinin dükanını sökmək lazım gəlir. Fəthəli Şah Qacar molla Əli Kənidən soruşur ki, bu işi görə bilər, yoxsa yox? Qacara cavab olaraq molla Əli Kəni yalnız bir cümlə yazır: “Ələm tərə kəyfə fəələ Rəbbukə bi əshabil-fil.” Ustad bu ayəni Qacarın nəzərinə çatdırmaqla dükanı sökməyin zülm olduğunu bildirir. Fəthəli Şah Qacar molla Əli Kəninin sözü ilə fikirindən daşınır.” Ustad həmin dükanın ünvanını da söylədi.
YAZILARIN SUYA ATILMASI
Hicri-qəməri 1427-ci ilin şə`ban ayında onun görüşündə idim. Buyurdu ki, bir dəfə bütün yazılarını çaya atıb. Əllamə Təbatəbainin də Nəcəfdən qayıtdığı vaxt bütün yazılarını çaya atdığı söylənilir.
YUXUNUN BİZƏ ÇATMAMIŞ ZİKİRLƏRİ VAR
Hicri-şəmsi 1375-ci ildə ustadın xidmətində olduğum vaxt Allahın “həyy” sifətindən söz düşdü. Ustad buyurdu: “Allahın “həyy” sifətində bir çox adlar toplanmışdır. Allahı “həyy” adı ilə çağırmaq Onun bir çox adlarını dilə gətirməkdir. Bir dəfə mənə yuxuda dedilər ki, axund Hüseynqulu Həmədani kitablarda yazılmış göstərişlərdən əlavə göstəriş və zikirlər bilir. Mən yuxumu yazıb Əllamə Təbatəbainin yanına gəldim. Həmin məktub uzun müddət onun yanında qaldı və sonda itdi. Mərhum Təbatəbai məktub əhvalatını qardaşına danışmışdı. Bir gün mənzilində onunla görüşdüm. Qardaşı ağa seyid Məhəmməd Həsən İlahi Təbrizi orada idi. Ustad ağa İlahiyə dedi ki, haqqında danışılan məktub ona aiddir və Allahın adlarından bildiklərini söyləsin. Ağa seyyid Məhəmməd Həsən İlahi buyurdu: “Qoy “ya həyy” desin." Mərhum Əllamə buyurdu: “Ya” hissəsinə ehtiyac yoxdur, qoy “Həyy” söyləsin” Bəli, mənim ustadım o idi, halımı daha yaxşı bilirdi. Bir sözlə, ağa seyid Məhəmməd Həsən İlahi də inanırdı ki, “həyy” adında bir çox adlar toplanıb. Mərhum ağa Əllamənin təfsirinin birinci cildində və “Vəsaili-səb`ə”də yazılanlardan da mə`lum olur ki, “həyy” sifətində bir çox vəsflər var.