Rafiq İsmayılov Solmaz Abdullayeva



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə1/12
tarix24.04.2017
ölçüsü4.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

Rafiq İsmayılov 
Solmaz Abdullayeva 
Dilrüba Cəfərova 
Xanım Qasımova
AZƏRBAYCAN DİLİ 
4
Ümumtəhsil məktəblərinin 
4-cü sinfi üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
04.07.2011-ci il tarixli 1158 №-li əmri ilə 
təsdiq edilmişdir.
Bakı – 2015

Rafiq İsmayılov 
Solmaz Abdullayeva 
Dilrüba Cəfərova 
Xanım Qasımova
AZƏRBAYCAN DİLİ (4-cü sinif üçün dərslik) 
Bakı: “Altun kitab”, 2015. 224 səh.
Müəlliflik
hüquqları
qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı bir
hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya
vasitələri ilə yaymaq qanuna ziddir. 
ISBN 978-9952-24-090-0
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2015
Redaktor:
Nigar Həbibova
Dil-üslub
redaktoru:
Arzu Quliyeva
Rəssamlar:
Elçin Cabbarov 
Səidə Eyvazova
Dizayner:
Rəşad Nəbiyev
Korrektor:
Aqşin Məsimov

1-ci hissə
Dərs ilinin birinci günü idi. Yay 
tətili dövründə Adilgilin mək təbi 
tam təmir olunmuşdu. Ağappaq
divarlar, 
tünd-yaşıl yazı löv həsi, rəngli 
plakatlar, təzə rahat partalar – hər şey
adam da oxumaq, çalışmaq həvəsi
oya- 
dırdı.
Lakin 4-cü sinifdə oxuyan oğlanları da ha çox başqa şey maraqlandırırdı. Onlar
gözlərini pəncərədən çəkmirdilər. Sinfin pəncərələri futbol meydan çasına açılırdı.
Meydança isə gəl-gəl deyirdi. İndi onun yamyaşıl ot örtüyü vardı. Qapıların dirəkləri
rənglənmiş, yeni tor çəkilmişdi. Meydançanın kənarları, hətta cərimə meydançası da
ağ rənglə xətlənmişdi.
Sinfin başqa oğlanları kimi, Adilin də bir gözü pəncərədə idi. Hamı bu gözəl
meydançada futbol oynayacağı anı böyük səbirsizliklə gözləyirdi.
Tənəffüs zamanı uşaqlar pəncərənin qarşısına yığışdılar.
– Gördünüz, əsl futbol meydançasıdır.
– Xətləri görürsən, necə aydındır?! Daha aut olanda heç kim mübahisə etməyəcək.
– Hətta penaltinin yeri də işarə olunub. Daha ayaqla on bir metr ölçməyəcəyik.
Uşaqlar qərara aldılar ki, dərsdən sonra gedib evdə nahar etsinlər, futbol oynamaq
üçün valideynlərindən icazə alıb meydançaya yığışsınlar. Bu vaxt Ramiz dilləndi:
– Amma belə meydançada köhnə topla oynamaq düzgün olmaz. Bəlkə, pul yığaq,
təzə top alaq?
Hamı razılaşdı. Doğrudur, bəziləri pirojki, buterbrod pulundan imtina etməli oldu.
Amma nə etmək olar, belə bir meydançada futbol oynamaq həvəsi çox güclü idi.
Xırda pulla olsa da, düz on manat yığıldı. Bu isə yaxşı top almaq üçün kifayət idi.

Pulu Adilə verib top almağı ona etibar etdilər. Qərara gəldilər ki, axşam saat beşdə
meydan ça nın yanında yığışsınlar.

SÖZ EHTİYATI
DÜŞÜN VƏ CAVAB VER
2-ci hissə
Adil evə gəlib nahar etdi. Sonra müəllimin verdiyi ev tapşırıqlarını yerinə yetirdi. O,
tez-tez atasının dünən bağışladığı saata baxırdı. Atası bu saatı Adilə verəndə
demişdi:
– Sən artıq böyük oğlansan. Vaxtını planlaşdır mağı, rejimlə yaşamağı bacarmalısan.
Ona görə də bu saatı sənə hədiyyə edirəm.
Saat beşin yarısında Adil idman paltarını geyinib evdən çıxdı. O, yolboyu necə futbol
1.  “Aut” və “penalti” sözlərinin mənalarını izah et.
2.  Futbol oyunu ilə bağlı başqa terminləri xatırla və mənasını müəyyənləşdir.
3.  Səncə, bu əsərin baş qəhrəmanı kimdir: Ramiz, yoxsa Adil? Cavabını
əsaslandırmaq üçün mətndən parçalar seç və oxu.
4.  Uyğunluğu müəyyən et.
5.  Əsərin davamı ilə bağlı öz variantını təqdim et.

oynayacağını düşünürdü: “Görəsən, hücumçu olsam, yaxşıdır, yoxsa müdafiəçi? Əşi,
nə fərqi var, təki qapıçı olmayım”.
İdman malları mağazası Adilgilin evinin yanında, beşmərtəbəli binanın altında
yerləşirdi. Mağazaya bitişik böyük bir aptek də var idi. Adil mağazaya girməmişdən
əvvəl vitrindəki futbol toplarına nəzər saldı. Sarımavi rəngli top daha çox xoşuna
gəldi. Fikirləşdi ki, pul çatsa, elə bu topu alsın. Bu

vaxt o, aptekin qabağında bir oğlanın divara söykənib ağladığını gördü. Oğlan çox
balaca idi. Birinci sinif şagirdinə oxşayırdı
Adil oğlana yaxınlaşıb soruşdu:
– Sənə nə olub, niyə ağlayırsan?
Oğlan hönkürtü ilə ağlamağa başladı. Adil onun göz yaşlarını sildi.
– Ağlama. Azmısan, ya səni incidiblər?
Oğlan burnunu çəkib başını buladı:
– Yox, azmamışam, məni heç kim incitməyib. Mən... mən... anamın dərmanını salıb
sındırmışam.
Uşaq yerdəki şüşə qırıntılarını göstərib bərkdən hönkürdü:
– Mən şüşəni bərk-bərk tutmuşdum, ancaq o, əlimdən sürüşüb düşdü.
Adil uşağı sakitləşdirməyə çalışdı. Soruşdu:
– Deməli, anan xəstədir?
– Hə. Həkim gəldi, bir kağızın üstünə nə isə yazdı. Anam həmin kağızı, bir də on
manat pul verdi ki, aptekdən dərman alım.
 İndi mən anama nə deyəcəyəm?!
Adil ovcundakı pullara, bir də vitrindəki sarı-mavi topa baxdı. Uşağın əlindən tutub
onunla birlikdə aptekə daxil oldu. Satıcıya yaxınlaşıb əlindəki pulları piştaxtanın
üstünə qoydu və dedi:
– Xahiş edirəm, bu uşağa verdiyiniz dərmandan birini də verin.
Adil dərmanı alıb uşağa verdi. Onu yola salanda bərk-bərk tapşırdı:
– Bax əlindən salma ha!
Uşaq uzaqlaşdıqdan sonra Adil atasının bağışladığı saata baxdı. Saat beş tamam
idi...
İlham Ağayevin 
“Dərman” hekayəsi əsasında
DÜŞÜN VƏ CAVAB VER
6.  Hekayənin hansı hissəsi səni daha çox təsirləndirdi? Cavabını əsaslandır.
7.  Adilin hərəkətinə öz münasibətini bildir. Sən onun yerində olsaydın, nə
edərdin?
8.  Adil haqqında bunlardan hansını demək olmaz?
9. 
Səncə, nəyə görə müəllif mətnin sonunda saatın beş olduğunu vurğulayır?
A) Xeyirxahdır.
B) Mərhəmətlidir.
C) Məsuliyyətsizdir.

SÖZ EHTİYATI
DİL QAYDALARI
10.  Göy rənglə verilmiş cümlələri diqqətlə oxu. “Həkimin yazdığı kağız” necə
adlanır?
11. 
Hansı cümlələrdə feil məcazi mənada işlənib?
1. Adil onun göz yaşlarını sildi. 
2. Oğlan burnunu çəkdi. 
3. Adil uşağı sakitləşdirdi. 
4. O, vitrinə nəzər saldı. 
5. Uşağı yola saldı. 
6. Həkim kağızın üstünə nə isə yazdı.
A) məktub
B) resept
C) açıqca
12.  Mətnin 1-ci hissəsində altından xətt çəkilmiş cümlədə hansı sözlərin deyilişi
ilə yazılışı fərqlidir? Hansı sözdə:
1) hərflərin sayı səslərin sayından çoxdur? 
2) səslərin sayı hərflərin sayından çoxdur? 
3) tələffüz zamanı kar samit cingiltili samitlə əvəz olunur? 
4) tələffüz zamanı [q] samiti [x] samiti ilə əvəz olunur?
YADDA SAXLA
13.  Verilmiş sözlərin səs tərkibini nümunəyə əsasən təhlil et.
palıd, otaq, müdafiə, məskən, şücaət
Nümunə: palıd – [palıt] sözündə beş hərf, beş səs var. Bunlardan 
ikisi sait, üçü samit səsdir.
14.  Sözləri cədvəl üzrə qruplaşdır.
xoşbəxt, şkaf, düşmən, rütubət, heyva, müqəddəs, 
addım, teatr, təbiət, müəllim, neftçi, təəccüb
Sözün səs tərkibi haqqında danışarkən onun yazılışı deyil, tələffüzü əsas
götürülür. Məsələn, “ailə” [ayilə] sözündə dörd deyil, beş səs var: üçü sait,
ikisi samit səsdir.

BABA 
VƏ NƏVƏ
Baba nəvəsi ilə şəhərə gedirdi. Babanın
ağlı iti idi, nəvənin isə gözləri və
qulaqları. Yolun kənarındakı ağacın
yanından ötəndə nəvə səs eşidib ayaq
saxladı. Yuvasından düşmüş ətcəbala
bir quşcuğaz otluqda çırpınır, civ-civ civil
dəyirdi…
Nəvə quş balasını ehtiyatla əlinə
götürüb babasına göstərdi. Baba bir quş
balasına baxdı, bir ağacdakı yuvaya,
başını buladı:
– Yaman yerdə axşamladıq, bala. İndi
biz nə edək?..
– Necə nə edək, ay baba? – nəvə heç nə
başa düşmədi.
– Bu saat anası xəbər tutub özünü ora-
bura çırpacaq. Balanı tez qaldırıb
yuvasına qoymaq lazımdır. Mən də ki
qoca kişi, ora necə dırmaşım?..
Nəvə məsələni anladı.
– Bəs mən burada nəyəm, ay baba?.. – dedi.
Nəvə bir göz qırpımında ağaca dırmaşdı. Quş balasını yuvasına qoydu. Sürüşüb
aşağı düşdü.
Baba fəxrlə nəvəsinə baxıb dərindən köks ötürdü və yola düzəldi. Nəvə arxadan ona
çatıb soruşdu:
– Niyə köksünü ötürdün, ay baba?..
– Ötən günlərim, cavanlığım yadıma düşdü, bala. Bir vaxtlar mən də sənin kimi
budaqdan-budağa atlanardım. Heyif o günlərdən!..
Bir azdan onlar kəndin kənarındakı avtobus dayanacağına çatdılar. Burada xeyli
adam vardı. Onlar babanı görən kimi hörmətlə ayağa qalxdılar. Ehtiramla baş
əydilər. Hətta neçə nəfər yaxınlaşıb qoca ilə əl tutdu, əhvalını xəbər aldı.

Avtobus gəldi. Babanı 
irəli
 buraxdılar. Sürücü də onu gülər üzlə qarşıladı…
Şəhərə çatanda cavanlar avtobusdan düşməkdə babaya 
kömək
 etdilər...
Avtobus təzəcə uzaqlaşmışdı. Nəvə babasını həsədlə 
süzüb
 dərindən köks ötürdü.
Bu, babanın nəzərindən yayınmadı.
– Niyə köksünü ötürdün, oğul bala?..
– Mən də sənin kimi qoca olmaq istərdim, baba…
Baba bığaltı 
qımışdı:
– Qocalıq nə olan şeydir ki, ondan ötrü ürəyin atlanır, bala?..
– İstəyirəm mənə də hamı hörmət etsin, baba…
– Həə, məsələ aydındır, – baba saqqalını 
sığalladı
. – Amma sən bir şeyə yaxşı fikir
verməmisən, bala. O avtobusda məndən də qocaları vardı. Mənə yalnız qocalığıma
görə hörmət etmirlər. Xətir-hörməti insana qocalıq gətirmir. Onu illər uzunu
xeyirxah əməllərinlə özün qazanmalısan. Odur ki qocalmağa tələsmə. İstəsən də,
istəməsən də, vaxtı çatanda o özü gəlib səni tapacaq…
Eyvaz Zeynalov
DÜŞÜN VƏ CAVAB VER
SÖZ EHTİYATI
DİL QAYDALARI
1.  Mətndəki hansı cümlələr əsərin ideyasını ifadə edir?
2.  Mətnin sonundakı nöqtələrin yerinə daha hansı fikirləri əlavə edərdin?
3.  Mətnin ikinci cümləsində hansı söz məcazi mənada işlənib?
4.  Mavi rəngli sözləri hansı sözlərlə əvəz etmək olar?
5.  Sözləri tərkibindəki saitlərin növünə görə cədvəl üzrə qruplaşdır.
sahil, səməni, qağayı, nağara, ulduz, üzüm, yoxuş, tərəzi, 
meşəbəyi, quşbaşı, səbət, toyuq, rabitə, divan, övlad, 
torpaq, bitki, incəsənət, günəbaxan, qəhrəman, öküz

“BEŞ” QİYMƏTİ
Qiymət cədvəlinə baxıram sənin, 
Aqızım, nə yaxşı qiymətlərin var. 
Hər “beş”in, hər “dörd”ün üstündə, yəqin, 
Nə qədər zəhmətin, alın tərin var.
“Bar verən ağacı, – söylədi bağban, – 
Kənardan seyr etmək necə şirindir”. 
Sənin cədvəlində düzülüb yatan 
“Beş”lərin yuxusuz gecələrindir.
Onların hər biri dönüb çırağa 
Həyat yollarına işıq tutacaq. 
Dönsə də ürəyin bu gün bir dağa, 
Öz qiyməti vardır həyatın ancaq.
Qoy axıb işdə də alnının təri 
Bəzəsin yurdunda səhranı, düzü. 
Bax bu gün aldığın “beş” qiymətləri 
Sabah təsdiq etsin həyatın özü.
Bəxtiyar Vahabzadə
DİL QAYDALARI
1.  Şeirdən tərkibində yalnız incə saitlər olan beş söz seç.

YADDA SAXLA!
2.  Əvvəlcə yalnız qalın saitli, sonra yalnız incə saitli sözləri seç və oxu.
Dumanlar gizlincə süründü yenə, 
Yamaclar çiçəyə büründü yenə, 
Marallar bulaqda göründü yenə, 
Ceyranın, cüyürün izi danışdı. 
(Tofiq Mütəllibov)
Azərbaycan dilinin əsas qanunlarından biri ahəng qanunudur. Bu
qanuna görə, sözdəki saitlər yalnız qalın və ya yalnız incə olur; məsələn:
gecə, alın
. Həm incə, həm də qalın saitləri olan sözlər ahəng qanununa
tabe deyil; məsələn: 
səhra, həyat.

KİTAB DAHA 
MARAQLIDIR
Kompüter oyunları içərisində Fəridin
ən çox sevdiyi oyun “Hörümçək
adam” idi. Bu oyunu o qədər
oynamışdı ki, Hörümçək adamı
istədiyi kimi hərəkət etdirirdi.
Klaviaturanın düymələrini basdıqca
Hörümçək adam düz divara dırmaşır,
bir bina dan o birinə tullanır,
düşmənləri ilə döyüşə girirdi. Fərid
özünü Hörümçək adamın yerində
təsəvvür edir, gecə yatanda da
yuxuda onu görürdü.
Valideynləri Fəridi bu 
aludəçilikdən
 çəkindirməyə çalışırdılar. “Bəsdir oynadın, gözün
xarab olar”, – deyirdilər. Amma çox dərinə getmirdilər. Çünki Fərid dərslərini
hazırladıqdan sonra oynayırdı. Həm də axı o, əlaçı idi. Bildiyiniz kimi, əlaçılara çox
şeyi icazə verirlər. Odur ki Fərid fürsət tapan kimi kompüter masasının arxasına
keçib sevdiyi oyuna başlayırdı.
Günlərin bir günü kompüterin proqram təminatı sıradan çıxdı. Heç bir proqram
açılmırdı. Fəridin atası kompüteri götürüb ustaya apardı. Axşam işdən qayıdanda
dedi ki, kompüterə virus düşüb. Usta proqram təminatını təzələyib bir həftəyə
kompüteri qaytaracaq.
Fəridin qanı qaraldı. O, sevimli əyləncəsindən məhrum olmuşdu. Bir həftə
Hörümçək adamsız necə yaşayacaq?
Ertəsi gün Fərid ev tapşırıqlarını yerinə yetirdikdən sonra otaqda var-gəl edirdi.
Hörümçək adam onun beynindən çıxmırdı. O, sevimli qəhrəmanı üçün çox darıxırdı.
Fərid rəfdəki kitablara nəzər saldı. Anası ona çoxlu uşaq kitabı almışdı. Lakin Fərid
onlara maraq göstərmirdi. Hərflər, sözlər, cümlələr... Məktəbdə oxu, evdə oxu... Nə
qədər olar?! Heyif deyil kompüterdə oynamaq! Birdən Fəridin gözü bir kitaba
sataşdı. Kitabın üzündə Hörümçək adamın şəkli var idi. Özüdür ki var! Bu,
“Hörümçək adam” kitabı idi. Fərid əvvəlcə müəllifin adını oxudu: Sten Li. Sonra isə

divanda əyləşib kitabı oxumağa başladı.
Necə də maraqlı idi! Fərid “Hörümçək adam” oyununu, bəlkə də, yüz dəfə
oynamışdı. Amma, sən demə, sevimli qəhrəmanı haqqında heç nə bilmirmiş. Bu
adam Piter Parker adında bir 
yeniyetmə
 imiş. Təsadüfən bir

hörümçək onu sancır və Piterdə hörümçəyə xas olan bacarıqlar yaranır. O, tor
qurmağı bacarır, qaranlıqda görür, düz divarla yuxarı dırmaşa, torun köməyi ilə uzaq
məsafəyə tullana bilir. Fəridə ən çox maraqlı görünən isə Piterin xarakteri idi. Öz
bacarıqlarından istifadə edib Hörümçək adam insanlar üzərində hökmranlıq qazana
bilərdi. Lakin o, köməksizləri pis adamlardan müdafiə edir, çətinliyə düşmüş
insanlara kömək əlini uzadırdı. Hörümçək adamın doktor Oktopusla mübarizəsi isə
kitabın ən maraqlı yeri idi.
Nəhayət, o, kitabı oxuyub qurtardı. İndi elə bil içində bir boşluq yaranmışdı. Bu
hisləri yenidən yaşamaq istəyirdi.
Fərid yenə də kitab rəfinə nəzər saldı. “Aha, bu nədir? Aleksandr Belyayevin
“Amfibiya adam”ı ... Deyəsən, bu haqda nə isə eşitmişəm. Baxaq görək bu necə
kitabdır”. İki gündən sonra suyun altında yaşamağı bacaran İxtiandr adlı gənc
haqqında kitab da sona çatdı...
Beləcə, bir həftə keçdi. Fəridin atası kompüteri gətirib masanın üstünə qoydu və
dedi:
Proqramçıdan xahiş etdim ki, “Hörümçək adam”ı da yazsın.
Fərid oxuduğu kitabdan gözünü çəkmədən dilləndi:
– Lap yaxşı.
– Oynamayacaqsan? – deyə ata təəccüblə soruşdu.
– Yox, kitab oxuyuram.
– Nə kitabdır ki?
Fərid oxuduğu kitabın üzünü atasına göstərdi:
– Herbert Uelsin “Görünməz adam”ı.

Rafiq Ələkbəroğlu
SÖZ EHTİYATI
1.  Əvvəlcə mətndən çıxış edərək, sonra lüğətin köməyi ilə “aludəçilik” və
“yeniyetmə sözlərinin mənalarını araşdır.

DÜŞÜN VƏ CAVAB VER
ŞİFAHİ NİTQ
DİL QAYDALARI
2.  Doğru, yoxsa yanlış?
1.  Fərid kompüter oyunlarına aludə olduğundan dərslərini yaxşı
oxumurdu.
2.  Fərid müəllimin tapşırığı ilə bədii əsərlər oxumağa başladı.
3.  Fərid Hörümçək adam haqqında kitabdan daha çox məlumat əldə etdi.
4.  Fərid bir həftədə dörd kitab oxudu.
5.  Atası kompüteri gətirəndə Fərid artıq üçüncü kitabı oxuyurdu.
3.  Cümlələri tamamla.
1.  Fərid “Hörümçək adam” kitabını oxumağa başladı, çünki ...
2.  Fərid kitabdan ayrıla bilmirdi, çünki ...
3.  Piterdə hörümçəyə xas olan bacarıqlar yaranmışdı, çünki ...
4.  Hörümçək adam köməksizləri müdafiə edirdi, çünki ...
4.  Oxuduğun ilk kitabı xatırla. Necə oldu ki, həmin kitabı oxumağa başladın?
5.  Səncə, “Görünməz adam” əsərində söhbət nədən gedə bilər? Aşağıdakı plan
əsasında öz təxəyyülünə uyğun qısa mətn tərtib et.
1.  Əsərin baş qəhrəmanı görünməz oldu.
2.  Görünməz olduqdan sonra qəhrəmanın başına gələn hadisələr.
3.  Görünməz adamın taleyi.
6.  “Müayinə” sözünün səs tərkibi haqqında deyilənlərdən doğru və ya yanlış
olanları müəyyənləşdir.
7 səsdən ibarətdir, 4-ü sait, 3-ü samitdir.
Dördhecalı sözdür.
Ahəng qanununa tabe deyil.
Tərkibindəki samitlər cingiltilidir.
Tərkibindəki saitlər dodaqlanandır.

RUMİNİN 
MƏSLƏHƏTİ
(rəvayət)
Böyük şair və alim Mövlana
Cəlaləddin Rumi Şərq
dünyasının ən məşhur müdrik
şəxsiyyətlərindən biri olmuşdur.
Hamı ona hörmət edər, faydalı
məsləhətlərindən xeyir tapardı.
Bir gün qonşu qadın öz oğlu ilə
Ruminin yanına gəlib dedi:
– Şair, mənim oğlum həddən artıq şəkər yeyir. Nə qədər deyirəm, xeyri olmur. Xahiş
edirəm, siz də ona deyin ki, çox şəkər yemək ziyandır. Siz desəniz, qulaq asar. Sizə
böyük hörməti var.
Mövlana bir qadına baxdı, bir uşağa. Başını aşağı salıb dedi:
– Gedin, üç həftədən sonra gələrsiniz.
Qadın Ruminin bu sözlərinə xeyli təəccübləndi, bir az da incidi. Axı bir kəlmə demək
nə böyük işdir ki... Uzaq ölkələrdən gələn qərib adamların problemlərini yerindəcə
həll edib yola salır, yaxın qonşusunu isə üç həftə gözlədir. Amma qadın böyük alimin
sözünə qulaq asıb üç həftədən sonra bir də onun yanına gəldi.
Rumi yenə də uşağın üzünə baxıb sakitcə dedi:

– Üç həftə də gözləyin.
Bu yerdə qadın dözmədi:
– Şair, axı sizdən böyük şey tələb olunmur...
– Gedin, gedin. Mən hələ məsləhət verməyə hazır deyiləm.
Qonşu qadın üçüncü dəfə oğlu ilə Ruminin yanına gələn də şair üzünü uşağa tutub
dedi:
– Oğlum, məsləhətimə qulaq as, çox şəkər yemə. Bunun sağlamlığa ziyanı var.
Uşaq cavabında dedi:
– Baş üstə, müəllim. Belə məsləhət bilirsinizsə, daha yemərəm.
Bunu deyib uşaq otaqdan çıxdı. Qadın Mövlanaya təşəkkür edib soruşdu:

– Siz Allah, deyin görüm, iki kəlməyə görə nə üçün bizi bu qədər gözlətdiniz?
Rumi gülümsünüb dedi:
– Xanım, mən də uşaqlıqdan şəkərə aludəydim. Uşağa məsləhət vermək üçün mən
özüm gərək bu vərdişdən əl çəkəydim.
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1. 
Hansı fikir mətnin ideyasına daha çox uyğun gəlir?
A) Müdrik insanların sözünə əməl etmək lazımdır. 
B) Başqalarına verdiyin məsləhətə əvvəlcə özün əməl etməlisən. 
C) Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
2. 
Nümunəyə uyğun olaraq izahı verilmiş sözləri tap.
YADDA SAXLA!
3. 
Altından xətt çəkilmiş şəkilçiləri müvafiq sözlərə artır. Şəkilçidə baş verən
dəyişikliyin səbəbini izah etməyə çalış.
Bir çox sözlər şəkilçi qəbul edərək dəyişir; məsələn: 
yaxşı
 (sözün kökü) + 
lıq
(şəkilçi) = 
yaxşılıq
. Söz kökünün mənası var və ayrıca işlənə bilir. Şəkilçi isə
sözün kökündən ayrı işlənmir. Ayrılıqda onun mənası olmur.
Dilimizdəki bir çox şəkilçilər ahəng qanununa tabe olaraq dəyişir. Qoşulduğu
sözün son hecasından asılı olaraq şəkilçilər müxtəlif cür yazılır; məsələn:
-dan  : dağdan, şəhərdən; -dı  : qaçdı, gəldi, qondu, gördü
2
4

BİRİNCİ ADDIM
1 -ci hissə
Vaqiflə bir məhəllədə oluruq. Bir məktəbdə, bir sinifdə oxuyuruq. Çox vaxt dərsə də
birlikdə gedib-gəlirik. Ya o məni çağırır, ya mən onu. Bu, kimin tez durmasından asılı
olur.
Cümə günü səhər mən onu çağırdım:
- Vaqif! Ay Vaqif!
- Gəldim, Arif... Bu saat...
O özünü yetirdi:
- Gecikməmişik ki?
- Yox, hələ iyirmi dəqiqə var.
- Nə yaxşı! Onda tələsməyə dəyməz. Asta-asta gedək. Çatarıq.
Birlikdə məktəbə tərəf yönəldik. Yolda ondan soruşdum:
- Dərslərini öyrənmisən, Vaqif?
- Eh, haradan? Azərbaycan dilindən tapşırığa baxmağa heç vaxtım olmayıb. Sən,
yəqin, həmişəki kimi, hamısını bilirsən.
Vaqifin səsində kinayə duysam da, özümü o yerə qoymadım.
- Həmişəki kimi, - deyə cavab verdim.
- Sənə nə var ki! Sinfimizin gözüsən. Bütün qiymətlərin “5”-dir.
- İstəsən, sən də ola bilərsən.

- Eh, məndə o səbir hanı, oturum sənin kimi, gecə-gündüz kitab oxuyum. Oxu, oxu...
Axı nə qədər olar?!
Vaqif bunu elə dedi ki, guya səbirli olmaq, zəhmət çəkib dərs oxumaq böyük iş deyil.
Sadəcə, onun oxumağa həvəsi, oturmağa səbri yoxdur.
2-ci hissə
Sinifdə məlum oldu ki, uşaqların da bir neçəsi Azərbaycan dilindən tapşırılan mətni
öyrənməyib. Qorxu canlarını almışdı.
İş elə gətirdi ki, Azərbaycan dilindən əvvəlki dərsimiz boş keçdi. İngilis dili
müəllimimiz gəlməmişdi. Bir də onu gördüm ki, uşaqlar ətrafıma yığışıblar. Məndən
dərsi danışmağımı xahiş edirlər. Mətni danışmağa

başlayanda Vaqifi də çağırdım. O, pəncərə qabağında durmuşdu, küçədən keçənlərə
tamaşa eləyirdi. Mənim səsimə lovğalıqla əlini havada yellədi:
- Onlara danış, onlara. Mən... mən... - mənə elə gəldi ki, o, “bilirəm” demək istəyirdi,
ancaq sözünü tez uddu. Yadına düşdü ki, səhər dərsə gələndə mənə “bilmirəm”
deyib. - Mən, necə olsa, çulumu sudan çıxara bilərəm
Uşaqlardan hansısa onu sancdı:
- Birdən çulun ağır oldu, səni batırdı?!
- Öz dərdini çək, ey! Nə yaxşı Arif varmış, yoxsa nə edərdiniz?!
Uşaqlar da onun sözünü cavabsız qoymadılar:
- Küçədən keçənlərə tamaşa edərdik. Sənin kimi.
Mən mətni danışdım, sual və tapşırıqları izah elədim. Artıq sinifdə hamı dərsə hazır
idi. Bircə mənim məhəllə yoldaşım, dostum Vaqifdən savayı.
DÜŞÜN VƏ CAVAB VER
1.  Altından xətt çəkilmiş sözlərin həqiqi və məcazi mənalarını izah et.
2.  Hekayənin 2-ci hissəsinin məzmununa hansı atalar sözü uyğun gəlir?
A) Yaxşılıq eləyib bir şey umursansa, eləməsən yaxşıdır. 
B) Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir. 
C) Ağıl yaşda deyil, başdadır.
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə