Rafiq İsmayılov Solmaz Abdullayeva



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix24.04.2017
ölçüsü4,8 Kb.
#15708
1   2   3   4   5   6   7   8   9   ...   12

3-cü hissə
İşin tərsliyinə bax! Müəllim dərsə başlar-başlamaz birinci Vaqifi çağırdı.
O, inamsız addımlarla yazı taxtasına tərəf yönəldi. Gedərkən söylədiyi “yaman
ilişdim...” sözləri aydınca eşidildi. Ancaq bilmədim bunu müəllim də eşitdi, ya yox?
Mən ön sırada oturmuşdum. Vaqif qabağımda durub mənə göz-qaş eləməyə
başladı. Bu jestin mənasını başa düşmək çətin deyildi: “Arif, kömək elə, məni
vəziyyətdən çıxart”. Bir sözlə, o istəyirdi ki, mən ona suflyorluq edim.
Mən utanıb başımı aşağı saldım. Həm Vaqifə, həm də özümə görə utanırdım.
Müəllim başını qaldırıb:
- Hə, Vaqif, danış, səni eşidirəm, - dedi.
Vaqif düşdüyü vəziyyətdən çıxa bilmirdi. Mən Vaqifi indiyədək belə aciz, yazıq
vəziyyətdə görməmişdim.
Müəllim məsələni başa düşmüşdü:
- Keç otur, “2” alırsan.
Müəllim bu dəfə məni çağırdı. Mən dərsi danışdıqdan sonra dedi:
- Yaxşı cavab verdin. Bəs dostuna niyə kömək eləmirsən?! Vaqifi deyirəm. Görürsən,
heç nə bilmir. Belə getsə, sinifdə qala bilər. Onunla bir məşğul olsana... Yaxşı, keç
otur, “5”.
3.  Aşağıdakı insani keyfiyyətlər arasındakı fərqi həyatdan misallar gətirməklə
izah et: 
məğrurluq; 
özündənrazılıq; 
lovğalıq. 
Bu keyfiyyətlərdən hansını Vaqifin xarakterinə aid etmək olar? Cavabını
əsaslandır.

Mən müəllimə deyə bilmədim. Deyə bilmədim ki, dostuma kömək eləməyə hazıram,
ancaq o özü bundan boyun qaçırır. Yox, deyə bilmədim.
SÖZ EHTİYATI
4.  Lüğətin köməyi ilə “suflyor” sözünün mənasını izah et.

DÜŞÜN VƏ CAVAB VER
4-cü hissə
Tənəffüsdə ona yaxınlaşdım. Məni acıladı:
- Adamı tanımaq olmazmış. Hələ bir utanmır, “dost” da deyir.
- Mən elə indi də sənə dost deyirəm.
- Dosta bax! Bərk ayaqda adamı qoyub qaçandan da dost olar?!
- Sən nə danışdığını heç bilirsən?!
- Səninlə danışmaq istəmirəm. Sən də məni danışdırma, bildin?! Bundan sonra
mənim Arif adında dostum yoxdur, vəssalam!
O gün ilk dəfə olaraq məktəbdən evə bir yerdə qayıtmadıq. Yolboyu hərəkətlərimizi
götür-qoy edirdim. Niyə Vaqif məndən küsdü? Təqsirim nə idi ki? “Bərk ayaqda
adamı qoyub qaçan”. O nə üçün mənə belə dedi? Ona suflyorluq eləmədiyimə görə,
hə? Bəs o özü yoldaşlarına lağ eləyib “onlara danış, onlara” deyəndə yaxşı idi?!
Müəllimin gözü qabağında mən ona necə kömək edə bilərdim?! Lovğalanmasaydı,
bəlkə də, edərdim. Bəli, bəli, müəllimin acığına gəlsəydi də, kömək edərdim. Bircə
lovğalanmayaydı...
5-ci hissə
İki həftə idi ki, Vaqiflə küsülü idik. Məktəbə ayrı gedir, ayrı qayıdırdıq. Nə mən onlara
gedirdim, nə də o bizə gəlirdi.
Dünən çörək almaq üçün mağazaya girəndə Vaqifin anasını gördüm. Səadət xala
5.  Sən Arifin yerində olsa idin, Vaqifə kömək edərdinmi? Cavabını əsaslandır.
6.  Səncə, bu hadisə Ariflə Vaqifin münasibətlərinə necə təsir edəcək?
Hekayənin davamı ilə bağlı öz variantını hazırla.

Vaqifdən şikayət elədi. Dedi ki, dərslərini oxumur. Məndən xahiş etdi ki, ona
dərslərində kömək edim. Mən isə heç nə deyə bilmədim.

Fikir məni götürmüşdü. Deyəsən, atam bunu hiss edirdi. Axşam otaqda ikimiz tək
qalanda dedi:
- Sən məndən nə isə gizlədirsən. Bir şey olmayıb?
- Yox, ata, - mızıldandım.
- Yenə də. Sən ki məndən heç nə gizlətməzdin! Bəlkə, dostlarınla sözləşmisən? Vaqif
neçə gündür gözümə dəymir. De görüm, küsüb eləməmisən ki?
Atam yaman yerdə yaxalamışdı məni. Əslində, elə mənim özümün də ürəyim dolu
idi. Danışmağa adam axtarırdım. Atamdan yaxşı məsləhətçi kimi tapacaqdım ki?!
Odur ki olanların hamısını danışdım.
Atam bir qədər fikrə gedib dedi:
- İki həftə küsülü qalmaq... Bu heç yaxşı hərəkət deyil. Oğul, yəqin ki, Vaqif də indi
peşman olub. Deyirsən, o, lovğadır, qürurludur. Elə buna görə də sənin yanına
gəlməyəcək. Yaxşı olar ki, birinci addımı sən atasan. Gedib onu evimizə çağırasan.
Oturub bir yerdə dərs öyrənərsiniz.
- Bəs mənim qürurum yoxdur? Mən uşaqlara dərsi başa salanda onlara da, mənə də
lağ edirdi. İndi mən onun ayağına getməliyəm?!
Atam mat-mat üzümə baxdı. Deyəsən, məndən belə cavab gözləmirdi. Başını
bulayıb dedi:
- Zəif adam yıxılıbsa, ona kömək edib ayağa qaldıran adamın mənliyinə xələl gəlməz.
Bu gün Vaqiflə müqayisədə sən güclüsən. Onun sənə ehtiyacı var. Sən ona kömək
etməsən, sinifdə qala bilər, bəlkə də, taleyi puç olar. Mənə elə gəlir ki, indi səni
narahat edən də elə budur. Bircə onu başa düşməlisən ki, birinci addımı atmağın

səni daha da güclü edər. Mənimlə razısan?
- Razıyam.
- Onda vur bura.
Atam, həmişəki kimi, sağ əlini yuxarı qaldırdı. Mən də sağ əlimlə onun əlinə vurdum.
- Dostum, güclənmisən haa! - o, həmişə belə deyir.
Bu söhbətdən sonra xeyli yüngülləşdim. Sabah Vaqifə yaxınlaşıb onu
danışdıracağam. O mənimlə danışacaq. Mütləq danışacaq...
Gülhüseyn Hüseynoğlunun 
“Bərk ayaqda” hekayəsi əsasında

DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
7. 
Bunlardan biri mətnin məzmununa uyğun deyil:
A) Azərbaycan dili birinci dərs idi. 
B) Azərbaycan dili ikinci dərs idi. 
C) Azərbaycan dili üçüncü dərs idi.
8. 
Cümlələri tamamla.
1. İngilis dili müəllimi dərsə gəlməmişdi, odur ki ... 
2. ... ona görə də Vaqifdən başqa hamı dərsə hazır idi. 
3. ... çünki dostu ona suflyorluq etmədi.
9. 
Arifin atası haqqında nə deyə bilərsən? Onun hansı cəhətləri xoşuna gəldi?
Bəs sən çətin anlarda kiminlə məsləhətləşirsən?
10. 
“O, inamsız addımlarla yazı taxtasına yaxınlaşdı” cümləsində hansı sözlərin
deyilişi ilə yazılışı fərqlidir? Bu fərqi izah et.
VADDA SAXLA!
11. 
Dörd sözdən birində şəkilçinin deyilişi fərqlidir.
12. 
Buraxılmış şəkilçiləri əlavə etməklə cümlələri dəftərinə köçür.
1. Əkbər güc... və ədalət... oğlandır. 
2. Harada bir..., orada diri... . 
3. Yaz gəldi, hər tərəf can...dı.
13. 
Mətndən deyilişi və yazılışı fərqli olan beş söz seçib dəftərinə yaz. Həmin
sözləri cümlədə işlət.
Bəzi sözlərdə şəkilçilərin deyilişi ilə yazılışı fərqlənir:
-la    vicdanla [vicdannan] 
-laş    ağırlaşdı [ağırraşdı] 
-dan    qadından [qadınnan]
2
2
2

ƏN QİYMƏTLİ
Ermənilərin kəndə atdığı ilk mərmi
Əhmədgilin tövləsinin bir tərəfini və onun
yanındakı toyuq hinini uçurtdu. Ətrafa
səpələnən qəlpələr tut ağacının altında
kölgələnən ulağı yaraladı, taxtapuşa dəyib
şaqqıldadı, pəncərələrin şüşələrini çilik-çilik
elədi.
İkinci, üçüncü mərmi kəndin ayağında
partladı. Bircə anda aləm bir-birinə dəydi.
Arvad-uşağın çığırtısından, mal-qaranın
böyürtüsündən, itlərin hürüşməsindən,
toyuq-cücənin qaqqıltısından qulaq
tutulurdu...
Əhməd tələm-tələsik geyindi. Qızının qolundan yapışdı. Qorxudan özünü itirmiş
arvadını, karıxıb qalmış oğlunu tələsdirdi:
- Qaçın, minin maşına!
Elə bu vaxt qonşu Arif kişi çəpərin o tərəfindən harayladı:
- Nədir, Əhməd, yenə nə vurhavurdur? Yoxsa ermənilər müdafiəmizi yarıblar?
- Hə, - deyə Əhməd təsdiqlədi.
- Ayə, bizim uşaqları qoyub getmə! - Arif dedi.
- Tez tərpənin, küçədə gözləyirəm! - Əhməd qonşusunu arxayın saldı.
Neçə gün idi ki, kəndin yaxınlığında qanlı döyüşlər gedirdi. 
Səhər xəbər gətirmişdilər
ki, düşmən döyüş meydanına yeni qüvvələr, ağır texnika gətirib, daha qabağında
dayanmaq olmur.
 Camaat səksəkə içində idi...
Əhmədin arvadı bəd xəbəri eşidən kimi çəkidə yüngül, qiymətdə ağır ev əşyalarının
hamısını maşına yüklətmişdi. Əslində, daha çox şey götürmək istəyirdi, amma insafı
yol vermirdi. Axı qohum-qonşunun arvad- uşağı da gözünü ərinin yük maşınına
dikmişdi...
Əhməd darvazanı taybatay açıb maşını genişliyə sürdü ki, camaat gəlib minsin.
Arvadların hərəsinin qoltuğunda neçə bağlaması vardı. Heç kimi qınamaq olmazdı.
İllər boyu əzab-əziyyətlə qazandığını bir göz qırpımında atıb getmək asan məsələ

deyildi...

Nəhayət, hamı yerbəyer oldu. Bir neçə ailə əşyaları ilə birlikdə maşının kuzovuna
minmişdi. Əhməd mühərriki işə salmazdan əvvəl geri dönüb qapısını belə örtmədiyi
ev-eşiyinə, həyət-bacasına həsrətlə baxdı. Yaşla dolan gözlərini yanında oturmuş
arvad-uşağından gizlətdi...
Maşını təzəcə yerindən tərpətmişdi ki, qızı birdən qolundan yapışıb bərk-bərk
silkələdi:
- Saxla, ata, saxla!
Əhməd tez əyləci basıb soruşdu:
- Nə olub, qızım?
Qızcığaz heç nə demədən qapını açıb özünü yerə atdı. Bir göz qırpımında qaçıb evə
girdi. Hamı özünü itirmişdi. Əhməd maşından düşüb uşağın dalınca götürüldü.
Hamı qorxu və həyəcanla gözləyirdi. Atışma səsi isə yaxınlaşmaqdaydı.
Bir azdan Əhməd qaça-qaça geri qayıtdı. Qızı da qucağında idi. Maşın təzədən
tərpənəndə anası hirsini qızının üstünə tökdü:
- Ay qız, bu nə oyundur çıxarırsan?!
Yerini rahatlayan qızcığaz evdən götürdüyü çantasını, kitab-dəftərini göstərib dedi:
- Axı mən bunlarsız sabah məktəbə necə gedəcəkdim, ana?
Ananın gözləri doldu. Demə, qızı üçün ən qiymətli şeyi götürmək yaddan çıxıbmış...
Eyvaz Zeynalov
DÜŞÜN VƏ CAVAB VER
1. 
Səncə, əsərdəki hadisələr harada və neçənci illərdə baş verir?
2. 
Hansı fikir mətnin məzmununa uyğun deyil?
A) Əhmədin qızı üçün ən qiymətli şey kitab-dəftəri idi. 
B) Anası qızının dalınca evə qaçdı. 
C) Ermənilər kəndi atəşə tutmuşdular.

ŞİFAHİ NİTQ
DİL QAYDALARI
3.  Əhmədin gözləri niyə dolmuşdu?
4.  Sən əsəri necə adlandırardın? Fikrini əsaslandır.
5.  Qarabağ müharibəsi haqqında daha hansı mətnlər oxumusan?
6.  Mavi rənglə verilmiş cümlədən ahəng qanunu pozulmuş sözləri seç və onları
ayrılıqda cümlədə işlət.
7.  Sözlərin düzgün deyiliş qaydasını müəyyənləşdir və dəftərində yaz.
YADDA SAXLA!
8.  Yazılış və tələffüzündə saitlərin sayı fərqli olan sözlər fikirləş və onları fonetik
təhlil et.
9.  “Tüfəng”, “müdafiə”, “səkkiz”, “təyyarə” sözlərini səs tərkibinə görə təhlil et.
10.  Hansı sözlərdə hecaların sayı yazılışına və deyilişinə görə fərqlidir?
Sözün fonetik təhlili zamanı aşağıdakıları müəyyənləşdirmək lazımdır: 
- sözün səs tərkibi; 
- səs tərkibinə görə sait və samitlərin növləri; 
- sözün ahəng qanununa tabe olub-olmamağı; 
- sözdəki hecaların sayı. 
Sözdəki hecaların sayı yazılışa görə müəyyənləşdirilir.

SÖZ EHTİYATI
TOM ÖZÜNÜ FƏDA
EDİR
1-ci hissə
Bekki sinifdə təzə qız idi. Onların ailəsi bir
neçə ay əvvəl bu şəhərə köçmüşdü. İndi
sinifdə Alfredlə Tom arasında Bekkinin
rəğbətini qazanmaq uğrunda rəqabət
gedirdi. Hiss olunurdu ki, Alfred bu
mübarizədə Toma uduzur. Tom dəcəlliyi ilə
məşhur olsa da, onunla söhbət etmək
Bekki üçün daha maraqlı idi.
Lakin günlərin bir günü Bekki ilə Tomun
boş bir şey üstündə mübahisəsi düşdü.
Onlar bir- birindən küsdülər. Artıq neçə gün
idi ki, danışmırdılar. Ancaq barışmaq üçün
ikisinin də ürəyi gedirdi.
Alfred kefdə idi. Bütün günü 
Bekkinin ətrafına dolanırdı. Böyük
tənəffüsdə onlar məktəbin həyətindəki
skamyada yanaşı əyləşib kitabdakı
şəkillərə baxırdılar. Tom başqa uşaqlarla
oynasa da, bir gözü Bekkidə idi. Qızın
ona tərəf gözucu belə baxmaması Tomu
lap özündən çıxarırdı. Ancaq Bekki hər şeyi görürdü. Tomun ona görə əzab
çəkməsindən ləzzət alırdı.
Bir azdan Tom harasa yoxa çıxdı. Vaxt keçir, o isə gəlib çıxmırdı. Ona görə də
Alfredlə oturmaq Bekkini darıxdırdı. Oğlan qızın darıxdığını görüb hey şəkilləri
göstərirdi. Axırda Bekki dözə bilməyib qışqırdı:
- Eh, sən də! Əl çək görək! Sənin şəkillərin mənə lazım deyil! - deyə yerindən sıçrayıb
oradan uzaqlaşdı.
1. 
Mavi boşluğun yerinə hansı ifadə uyğun gəlir?
A) pişik kimi
B) qarışqa kimi
C) pərvanə kimi

2-ci hissə
Alfred, nəhayət, başa düşdü ki, Bekki Tom Soyerə acıq vermək üçün oturub onunla
danışırmış. Həmin an onun Tomdan daha çox zəhləsi getdi. O durub sinfə yollandı.
Sinif otağında heç kim yox idi. Birdən Alfredin gözünə Tomun dəftər-kitabı sataşdı.
Yaxşı fürsət idi. O, Tomun kitabını götürdü, müəllimin dərs tapşırdığı səhifəni açıb
üstünə mürəkkəb tökdü.
Bu an Bekki pəncərədən Alfredin nə elədiyini gördü. Amma bir söz demədən oradan
uzaqlaşdı. O istəyirdi Tomu tapıb əhvalatı ona danışsın. Əlbəttə, Tom razı qalıb
təşəkkür edəcəkdi, onlar barışacaqdılar. Ancaq Bekki yarı yolda fikrini dəyişdi.
Qərara aldı ki, Toma heç nə deməsin. Axı nə işinə qalıb?! Qoy Tomla Alfred özləri
münasibətlərini aydınlaşdırsınlar.
Birdən dəhlizdə Tomla Bekki üz-üzə gəldilər. Bir anlığa onların nəzərləri bir-birinə
sataşdı. Tom özünü toparlayıb qıza dedi:
- Bekki, mən o gün çox pis hərəkət elədim. İndi özüm də peşman olmuşam. Bir də
belə iş tutmayacağam. Gəl barışaq, yaxşımı?
Lakin bu üzrxahlıq qızı qane etmədi:
- Siz məni rahat buraxsanız, mən sizə çox minnətdar olaram, cənab Tomas Soyer.
Mən daha sizinlə danışmıram.
O, başını dik tutub uzaqlaşdı. Başqa vaxt olsaydı, Tom deyərdi: “Xoş gəldin, çox elə
lazımdır!” Ancaq indi özünü o qədər itirdi ki, ağzını açıb bir kəlmə də deyə bilmədi.
DÜŞÜN VƏ CAVAB VER
2.  Tomun kitabına Alfred niyə mürəkkəb tökdü?
3.  Bekkinin aşağıdakı hərəkətlərinə görə onun xarakteri haqqında nə demək

olar?
Alfredin Toma qarşı pis hərəkətini görüb heç nə etməməsi;
Tomun üzrxahlığını qəbul etməməsi.

3-cü hissə
Müəllim Dobbinsin bir adəti vardı. Uşaqlar onun verdiyi tapşırığı hazırlayanda o da
bir kitab çıxarıb oxuyardı. Kitab qoyulan siyirməni o, həmişə bağlı saxlayırdı.
Müəllimin oxuduğu kitab uşaqların hamısını maraqlandırırdı.
Bekki 
sinfə
 birinci gəlmişdi. O gördü ki, açar siyirmənin üstündədir. Belə bir fürsəti
əlindən buraxmağa heyfi gəldi. Yan-yörədə də heç kəs yox idi. Bekki kitabı götürdü.
Birinci səhifədəki “Anatomiya” sözlərindən heç bir şey başa düşmədi. Kitabı
vərəqləməyə başladı. Açdığı səhifədə rəngli şəkil gördü; bu, insan orqanlarının 
şəkli
idi.
Həmin dəqiqə kiminsə kölgəsi səhifənin üstünə düşdü: Tom Soyer qızın 
çiyni
üzərindən kitaba tamaşa eləyirdi. Bekki kitabı tələsik örtmək istəyəndə ehtiyatsız
tərpənib səhifəni yarıyadək cırdı. Qız tez kitabı yeşiyə atdı. Acığından və xəcalətindən
ağlamağa başladı.
- Eyib olsun, Tom! Məni güdürdün?! Yəqin ki, indi hər şeyi müəllimə xəbər
verəcəksən. İlahi, mən nə edim?! Müəllim mənə cəza verəcək. Məni bircə dəfə də
sinfin qarşısında cəzalandırmayıblar! - Bekki daha da bərkdən ağlamağa başladı.
Tom qızın hücumundan özünü itirdi. Öz-özünə dedi: “Bu qız lap axmaqdır! Onu
ömründə
 cəzalandırmayıblar! Nə böyük iş imiş, döyəcəklər, qoy döysünlər! Qızların
elə hamısı belə olur - qorxaqlar! Mən Dobbinsə heç bir söz deməyəcəyəm. Amma o,
onsuz da kitabı kimin cırdığını tapacaq”.
DÜŞÜN VƏ CAVAB VER
4.  Səncə, anatomiya elmi nədən bəhs edir?

4-cü hissə
Dərs başlandı. Bir azdan məlum oldu ki, Tomun dərsliyi mürəkkəbə batıb. Tom bu
işdə günahı olmadığını desə də, ona inanan olmadı. Bekki oğlanı cəzadan qurtarmaq
üçün həqiqəti demək istədi, amma dillənməyə cəsarəti çatmadı. Həm də o elə bilirdi
ki, Tom kitabı onun cırdığını müəllimə söyləyəcək.
Tom cəzalandıqdan sonra heç bir şey olmamış kimi yerinə qayıtdı. O fikirləşirdi ki,
bəlkə də, elə özü nadinclik edəndə mürəkkəbi aşırıb.
Beləliklə, bir saat keçdi. Uşaqlar dərs əzbərləyirdilər. Müəllim stolun siyirməsini açıb
əlini kitaba uzatdı. O, kitabı götürüb vərəqlədi. Birdən Dobbinsin qəzəbli səsi eşidildi:
- Kitabı kim cırıb?
Cavab verən olmadı. Sinifdə milçək uçsaydı, səsi eşidilərdi. Sükut davam edirdi.
Müəllim bir-bir uşaqların üzünə baxıb günahkarı axtarırdı. O, bir-bir hamını qaldırıb
soruşmağa başladı. Növbə Bekkiyə çatırdı. Tomu həyacan bürümüşdü. Birdən
Tomun ağlına parlaq bir fikir gəldi. O, yerindən sıçrayıb qışqırdı:
- Mən cırmışam!
Belə ağlasığmaz axmaqlıqdan heyrətə gəlmiş bütün uşaqların ağzı açıla qaldı. Tom
bir dəqiqəyədək dayanıb cəsarətini topladı. Sonra cəzasını çəkmək üçün qabağa
çıxdı. Bekkinin gözlərində parlayan heyrət və təşəkkür qığılcımları isə ona yüzqat
mükafat oldu! Tom cınqırını belə çıxarmadan mister Dobbinsin indiyə qədər heç
kəsə vurmadığı dəhşətli çubuq zərbələrinə davam gətirdi. Üstəlik, dərsdən sonra iki
saat sinifdə qalmaq əmrinə də tabe oldu. O bu müddətdə qapıda kimin onu
gözləyəcəyini bilirdi. Ona görə də bu cansıxıcı saatları itmiş hesab eləmirdi.

Həmin axşam Tom soyunub yatağına girəndə Alfreddən necə qisas alacağını
düşünürdü. Bekki ona hər şeyi danışmışdı.
(Mark Tvenin “Tom Soyerin macəraları” əsərindən)
DÜŞÜN VƏ CAVAB VER
ŞİFAHİ NİTQ
DİL QAYDALARI
5.  Mətndə deyilir ki, “Tomun ağlına parlaq bir fikir gəldi”. Bundan sonra o
etmədiyi bir günahı öz boynuna götürdü. Səncə, Tomun ağlına gələn parlaq
fikir nədən ibarət idi?
6.  Səncə, bu hadisədən sonra Tomla Bekki rastlaşanda barışığa doğru ilk
addımı kim atacaq? Kiçik bir mətn quraraq bu görüşü təsvir et.
7.  Tomun Alfredə necə “dərs” verəcəyi haqqında bir epizod düşün və təqdim
et.
8.  Altından xətt çəkilmiş cümlədə obu və kim əvəzlikləri hansı sözləri əvəz
edir?
9.  3-cü hissədə mavi rənglə verilmiş sözlərin kökünü ayrılıqda yaz. Şəkilçi qəbul
edərkən bu sözlərin kökündə hansı dəyişiklik baş verir?
10.  Mavi rənglə verilmiş abzasda hansı sözlər ahəng qanununa tabe deyil? Bu
sözlərdən hansı səhv yazılıb?
11.  Hansı sözlərdə şəkilçinin deyilişi yazılışından fərqlidir?
fikirləşdi, kötəkləndi, əzbərlədi, şəhərdən, oğlanla, qadından
12.  “əllim” sözünün fonetik tərkibi ilə bağlı hansı fikir səhvdir?
1.  6 səsdən ibarətdir, ikisi sait, dördü samitdir.
2.  Tərkibindəki cingiltili samitlərdən heç birinin kar qarşılığı yoxdur.
3.  Ahəng qanununa tabe deyil.

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.  Müdrik fikirlərin bölmədəki hansı mətnlərə aid olduğunu söylə. Seçimini izah
et.
İnsan hörməti öz əməlləri ilə qazanmalıdır.
İnsanın sözü ilə əməli bir olmalıdır.
İnsan özünə lazım olanı ona daha çox ehtiyac duyana verməyi
bacarmalıdır.
Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq gərəkdir.
(Onore de Balzak)
İnsanın mənəvi inkişafı mütaliə vərdişinə bağlıdır.
Dost arası pak gərək.
Dost dar gündə tanınar.
Dost yolunda duman olar, qar olar.
2.  Məktəb həyatı təsvir olunan mətnlərin qəhrəmanlarını müqayisə et. Hər
birinin xarakterində hansı xüsusiyyəti bəyəndiyini söylə.
3.  Hansı mətn səndə həm kədər, həm də nifrət hissi oyatdı? Fikrini əsaslandır.
4.  Eyni incə saitli sözləri seçib yaz.
üzümçülük, tərəvəz, səməni, yaşıllıq, qaramal, 
üzgüçü, qurucu, Qəbələ, iyirmi, qırıntı, meşəbəyi, 
sürücü, tumurcuq, mənzərə, süpürgə
5.  Verilmiş söz köklərinə şəkilçilər əlavə et və nümunəyə uyğun olaraq cədvəli
dəftərində tamamla.
sirr, nəğmə, səbəb, əzm, tələb, xəstə
təmiz, məsləhət, ev, hökm
6.  Bölmədəki mətnlərdən əlamət bildirən beş söz seç və səs tərkibinə görə
təhlil et. Bu sözlərdən ikisini cümlədə işlət.

Böyük hökmdar Harun ər-Rəşid bir
gün yuxuda gördü ki, bütün dişləri
tökülüb. Səhər tezdən 
yuxu-yozanı
yanına çağırıb yuxusunu ona danışdı
və soruşdu:
- Bu yuxunun mənası nədir?
Yuxuyozan dedi:
- Padşahın ömrü uzun olsun. Bu yuxu
göstərir ki, bütün 
qohum-əqrəban
səndən əvvəl öləcək.
Harun ər-Rəşid keşikçilərinə üzünü tutub dedi:
- Aparın, bu yuxuyozana yüz çubuq vurun. O belə bir ağır xəbəri nə üçün üzümə
dedi?! Qohum-qardaşın ölümünü görməkdən pis nə ola bilər?!
Xəlifə əmr etdi, başqa yuxuyozanı çağırdılar. Ona da yuxusunu danışıb yozmasını
tələb etdi. Yuxuyozan belə cavab verdi:
- Hökmdar sağ olsun. Bu yuxudan görünür ki, sən bütün qohum- əqrəbandan çox
yaşayacaqsan.
Harun ər-Rəşid fikrə getdi. “Məna həmin mənadır, amma ifadələrdə böyük fərq
vardır”, - deyə düşündü və əmr etdi ki, həmin yuxuyozana yüz dinar versinlər.
SÖZ EHTİYATI
DİL QAYDALARI
1.  Qırmızı rəngli abzasda hansı söz məcazi mənada işlədilmişdir? Həmin sözü
həqiqi mənada cümlədə işlət.
A) yüz
B) ağır
C) pis
2.  Mavi rənglə verilmiş sözlərin hansında defis işarəsi sözün sətirdən-sətrə
keçirilməsinə xidmət edir, hansında mürəkkəb söz yaradır?

AZ DANIŞMAĞIN GÖZƏLLİYİ
Sözün də su kimi lətafəti var, 
Hər sözü az demək daha xoş olar. 
Bir inci saflığı varsa da suda, 
Artıq içiləndə dərd verir o da. 
İncitək sözlər seç, az danış, az din, 
Qoy az sözlərinlə dünya bəzənsin. 
Az sözün incitək mənası solmaz, 
Çox sözün kərpictək qiyməti olmaz. 
Əsli təmiz olan saf mirvarilər 
Suya və torpağa min bəzək vurar. 
Ürəyi oxşayan bir dəstə çiçək 
Yüz xırman otundan yaxşıdır gerçək. 
Yüz ulduz yansa da göylərdə, inan, 
Bir Günə baş əymək xoşdur onlardan. 
Göydə parlasa da nə qədər ulduz, 
Günəşdir nur verən aləmə yalnız.
Nizami Gəncəvi
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.  “Danışmaq gümüşdürsə, danışmamaq qızıldır” atalar sözünə müna sibətini
bildir. Doğrudanmı, həmişə az danışmaq lazımdır?
2.  Mavi rənglə verilmiş misralarda ad, say və hərəkət bildirən sözləri müəyyən

et.
YADDA SAXLA!
3.  Sözlərə sual ver, hansı nitq hissəsinə aid olduğunu müəyyən et.
çəkəcək, günəbaxan, ucaboy, onlar, az-çox, insan, yazır, 
yüzlərlə, xeyli, hamı, ağıllı, qızmar, xəyal, gördü, bu
Hər bir söz müəyyən nitq hissəsinə aid olur. Nitq hissələri iki yerə ayrılır:
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin