3.
Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları
3.1. Alqoritm və proqram anlayışı
3.2. Alqoritmin xassələri
3.3. Alqoritmin təsvir vasitələri
3.4. Alqoritmin tipləri
3.5. Proqramlaşdırma dilləri
3.1. Alqoritm və proqram anlayışı. Gündəlik həyatımızda hər hansı bir işi icra edərkən bir
sıra qayda və qanunları yerinə yetiririk. Bir misala baxaq. Tutaq ki, biz kofe hazırlamaq istəyirik.
Onda biz, ardıcıl aşağıdakı işləri yerinə yetirməliyik.
1. Suyu qaynadırıq;
2. Qaynar suyu bir stəkana tökürük;
3. Stəkana lazımı qədər kofe tökürük;
4. Lazımı miqdarda şəkər tozu əlavə edib qarışdırırıq;
Dörd bənddən ibarət bu hərəkətlər ardıcıllığı kofe hazırlamaq alqoritmidir.
Alqoritm – latınca qayda-qanun deməkdir. Alqoritm sözü IX əsrin məşhur özbək riyaziyyatçısı
Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə
olan “alqoritmi” yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə
olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab
qaydalarını alqoritm adlandırmışlar.
Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən
və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır.
Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri
də onun proqramla idarə
olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib
edilməlidir.
Proqram - maşının addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər
bir proqram tərtib edilərkən müəyyən bir alqoritmdən istifadə edilir. Yəni, proqram
hər bir alqoritmi
maşının başa düşəcəyi formada ifadə edir.
Başqa sözlə proqram – maşının
girişinə verilən
informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl
əmrlərdən ibarət alqoritmdir.