5.Nəticə Amerika Birləşmiş Ştatları (ABŞ) geniş perspektivlər və hədsiz imkanlar ölkəsidir. ABŞ elmi-tədqiqatların, qabaqcıl texnologiyaların tətbiqi və sənayenin inkişafı sahəsində böyük uğurlar qazanıb. Bütün bu uğurlar Amerikanın təhsil sisteminə də təsirsiz ötüşməyib. ABŞ təhsil sistemi dünyanın ən qabaqcıl tələblərinə cavab verən, texniki və elmi bazasının unikallığı ilə seçilən və analoqu olmayan bir sistemə çevrilib. Amerika universitetləri sadəcə ali təhsil müəssisələri deyil. Onların hər biri elmin bütün sahələri üzrə qabaqcıl elmi tədqiqatların aparıldığı və böyük kəşflərin edildiyi elmi tədqiqat mərkəzləridir.
Təsadüfi deyil ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA-National Aeronautics and Space Administration) Cet Propuljon laboratoriyası Kaliforniya Texnologiya İnstitutunda yerləşir. Nüfuzlu təhsil müəssisələri dünyanın hər yerindən minlərlə şagird və tələbəni, eləcə də alimləri bu ölkəyə cəlb edir. Məhz yüksək keyfiyyətinə görə dünyada ən bahalı təhsil də məhz ABŞ-dadır. ABŞ-da tarixi, iqtisadi və sosial amillərin təsiri altında formalaşmış müasir təhsil sistemi özünəməxsusluğu ilə seçilir. Burada dövlətin vahid təhsil sistemi yoxdur. Hər ştat təhsilin strukturunu müstəqil şəkildə müəyyən etmək hüququna malikdir.
ABŞ universitetlərində təhsil haqqı bir sıra meyarlardan asılıdır. Bu baxımdan təhsil ocağının statusu (dövlət və ya özəl, kollec və ya universitet), nüfuzu və konkret fakültə əsas götürülür. Ən aşağı qiymətlər dövlət kollecləri və universitetlərindədir. İlk ildə təhsilin məbləği orta hesabla 7 min, ikinci il 9-10 min ABŞ dolları ola bilər.
Yaşayış qiymətləri isə universitetin yerləşdiyi ərazidən asılıdır. Həyat səviyyəsinə görə ölkənin ən bahalı şəhərləri Nyu-York, Los-Anceles və Çikaqodur. Ən ucuz yaşayış ölkənin kiçik əyalət şəhərlərindədir.Tələbələrin xərclərinin əsas hissəsini yaşayış xərcləri təşkil edir. Universitet kampusundakı yataqxanalardakı otaqlarda qalmaq ildə 5-12 min dollara (universitetin yerləşdiyi ərazidən asılı olaraq) başa gəlir.