Nə fikirləşirsən, əziz oxucu? Necə olacaq bu
biçarə, yazıq Sabirin halı? Düzələcəkmi yoxsa elə
belə gedəcək? Vallah mən heç inanmıram.
Səbəbini istəyirsənsə, deyərəm. Sən də mənim
qərarımın düz ya səhv olduğunu özlüyündə
düşünər, öz qərarını verərsən. Mənə görə heç nə
Amid Səlimoğlu Bəyaz Dəhliz
15
dəyişməyəcək. Çünki Sabir bu dünyanın adamı
deyil! Ona görə də həmişə dönüb-dolaşıb eyni
həyatı yaşamağa məhkum olacaqdır. Mən bəd
insan
deyiləm.
İnan mənə. Gördüklərimi,
eşitdiklərimi deyirəm sənə. Amma bir ümid var isə
sənin qəlbində, o zaman mənə düşən hekayənin
qalanını nəql etməkdir.
***
Səhər hər kəs dünən olanları yenidən
təkrarlamağa başlamış, Yasəmən işə, Aytac məktəbə
getmişdi. Rüfətlə evdə isə Sabir qalmışdı. Bugün
harasa getmək fikri yox idi. Gediləsi bir yer
qalmadığından eləcə evdə oturub Rüfətə baxacaqdı.
Yasəmən isə səhər erkəndən Fəridə xanımın evinin
yolunu tutmuşdu. Fəridə xanımın evi şəhərin
mərkəzində yerləşirdi. Yasəmən ora getmək üçün üç
marşrut dəyişməli olurdu. Buna görə də səhər
erkəndən evdən çıxırdı. Fəridə xanım bugün evdə
olacaqdı. Banka getməyəcək, evdən işləri idarə
edəcəkdi. Ona görə də, Yasəməni çağırmışdı. Evi
təmizlətdirəcəkdi.
Yasəmən binaya daxil olduqdan sonra
pilləkənlə dördüncü mərtəbəyə çıxdı. Fəridə xanımın
qapısına çatıb zəngi basdı. Heç bir dəqiqə belə
Amid Səlimoğlu Bəyaz Dəhliz
16
keçməmişdi ki, qapını Fəridə xanımın bacısı Gülər
açdı.
– Salam, Gülər xanım. Sabahınız xeyir.
– Sabahın xeyir, Yasəmən. Gəl. Xoş gəlmisən.
– Sağ olun. – Yasəmən içəri girərək
ayaqqabılarını çıxardı.
– Fəridə telefonla danışır. Sən keç içəri.
– Yaxşı.
Yasəmən
hamama
girərək
paltarlarını
dəyişdikdən sonra oradan çıxaraq qonaq otağına
keçdi. Fəridə xanım hələ də telefonla danışırdı.
Yasəməni görüb gülümsəyərək başını yellədi.
– Necə istəyirsiniz. Maaşı varsa, lap yaxşı.
Yoxdursa, pensiya kartı ilə də kredit götürə bilər. Nə
lazımdırsa, mən kömək edərəm. Təki ürəklərincə
olsun. – Xəttin digər tərəfində danışanı dinləməyə
başladı. – Aydındır. Çox sağ olun. Tezliklə
görüşənədək. – Telefonu söndürüb masanın üzərinə
qoydu. Sonra isə Yasəmənə baxaraq dedi. – Xoş
gəlmisən, gözəl. Necəsən?
– Sağ olun, Fəridə xanım. Yaxşıyam. Siz
necəsiniz?
– Mən də yaxşıyam.
– İstəyirsənsə, otur dincəl. Bir çay iç. Sonra işə
başlayarsan.
– Yox, sağ olun. Mən elə işə başlasam yaxşıdır.
Amid Səlimoğlu Bəyaz Dəhliz
17
– Necə istəyirsən. Onda elə burdan başla.
Sabaha qonaqlarım olacaq. Ona görə də, istəyirəm hər
yer təmiz olsun.
– Narahat olmayın. Tərtəmiz edərəm hər yeri.
Yasəmən əlində tutduğu yaş parça ilə şkafların
üstünü silməyə başlamışdı. Fəridə xanım ilə bacısı isə
divanda oturaraq söhbət edirdilər. Fəridə xanımın yaşı
qırxı ötərdi ya yox. Neçə il idi ki, bankda işlədiyindən
əhatəsi də geniş idi. Həyat yoldaşı Şamil bəy isə
xəstəxananın baş həkimi işləyirdi. Fəridə xanımla
həyat yoldaşı yaxşı insanlar idi. Fəridə xanımın iki
oğlu, bir qızı vardı. Qızı aytacdan dörd il böyük
olduğundan Fəridə xanım qızının geymədiyi
paltarlarını onun üçün verərdi. Bəzən elə olurdu ki,
Fəridə xanım Aytac üçün təzə paltarlar alar, qızının
köhnə paltarları deyə Yasəmənə verər, könlünü xoş
tutmağa çalışardı. Yasəmən isə onun xətrini əziz tutar,
nə zaman istəsə, qulluğunda hazır durardı.
– Yasəmən, ərin necə oldu? Bir iş tapa bildi?
– Yox, ay Fəridə xanım. İşsizdir elə. –
Yasəmən parçanı su ilə dolu vedrəyə salıb yumağa
başladı.
– Mən də neçə adama demişəm. Ancaq bir
xəbər verən yoxdur. Vallah indiki zamanda iş tapmaq
da çətindir.
– Niyə işləmir ki?
Amid Səlimoğlu Bəyaz Dəhliz
18
– İşləyirdi, Gülər xanım. Ancaq bu virus
yayılanda işlədiyi şirkət neçə ay bağlı oldu. Sonrada
bəzi işçiləri saxlayıb çoxunu da çıxardılar.
– Nə qədərdir ki, işsizdir? – Gülər maraqla
soruşdu.
– Səkkiz ay olar.
– Ay qız, o kişini neynirsən? Mən olsam,
çoxdan boşamışdım. – Gülər qəhqəhə ilə gülməyə
başladı.
Yasəmən Gülərin sözlərinə pis olsa da, o da
gülümsədi.
– Gülər xanım, nə olsun ki, işsizdir. Ancaq
Sabir yaxşı insandır. Doqquz ildə mənə güldən ağır
bir söz belə deməyib. Nə içkisi var, nə siqareti. İndi
işləri alınmır deyə, ayrılmazlar ki.
– Doqquz il? Sənin neçə yaşın var ki? – Gülər
çayından bir qurtum alaraq saymazyana soruşdu.
– İyirmi yeddi. – Yasəmən ona baxmadan
cavab verdi.
– Allah haqqı tez evlənmək də bir şey deyil.
Sən elə mənimlə eyni yaşdasan. Gərək adam əri də
seçəndə yaxşı-yaxşı fikirləşə. Mənim ərim məni ildə
bir dəfə xaricə gəzməyə aparmasa, Vallah öldürərəm
onu. – Gülər yenidən qəhqəhə ilə güldü.
Yasəmən əsəbindən əlindəki parçanı masaya
daha möhkəm sürtürdü. Güləri bir neçə dəfə
görmüşdü. Ancaq ulduzu onunla heç barışmamışdı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
19
Gülər özündən razı biri idi. Qarşısındakı insana
malına, mülkünə görə hörmət edirdi. Fəridə xanımla
bacı olsalar da, ancaq bir-birinə zidd insanlar idilər.
Ona görə də, Yasəmən ondan heç xoşlanmaz, onun
atmacalı sözlərini eşitməməzlikdən gələrdi.
– Təki canımız sağlam olsun. Qalan hər şey
zamanla düzələr. – Yasəmənin boğazı düyünlənmişdi.
Əsəbi olsa da, bunu bildirməməyə çalışırdı.
– Bəs oxumaq istəmədin? – Gülər Yasəmənin
üstünə daha çox getməyə başlamışdı. – Yoxsa ər
çörəyi yeyib oturmağı fikirləşirdin? – Kinayə ilə
soruşdu.
– Atamgilin imkanı yox idi, məni oxutsunlar.
Yoxsa mən də istəyərdim, oxuyum, təhsilim olsun.
– Yenədə oxusaydın, yaxşı olardı. Uşaqlara da
indi düzgün tərbiyə verə bilməyəcəksən.
– Niyə elə deyirsiniz? Mən uşaqlarıma çox
gözəl tərbiyə verirəm. Təhsilim olmasa da, onları
öyrədəcək savadım var. – Yasəmən əsəblə dedi.
Ancaq Fəridə xanıma görə, səsinin tonunu aşağı saldı.
– Bizə tərbiyə verənlərin də savadları olmayıb.
Elə bu an Fəridə xanımın əlindəki stəkan
sınaraq içindəki çayla birlikdə yerə dağıldı.
– Ay Allah, bu bir həftədə neçənci stəkandır ki,
sınır. Heç yaxşı stəkanlar deyil. – Fəridə xanım
əyilərək stəkan qırıntılarını yığmağa başladı.
|