Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra
iqtisadi sahədə müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca
istiqamətlərini bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya
təşkil edir. 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi», «Bakı – Tbilisi – Ceyhan»
neft və «Bakı – Tbilisi – Ərzurum» qaz kəmərlərinin reallaşdırılması, «Bakı –
Tbilisi – Qars» yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi istiqamətində
atılmış uğurlu addımlar, tarixi İpək yolunun bərpasında ölkəmizin iştirakı
Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyası qloballaşmanın respublikamız
qarşısında açdığı böyük perspektivlərin nəticəsi olmuşdur [Annex 2. Study on
teacher education for primary and secondary education in six Eastern Partnership].
Bununla belə, dünyada qloballaşma vüsət aldıqca, Qərbin və Şərqin tanınmış
alimləri bu prosesin dünya xalqlarının həyatına təsirini, onun üstünlüklərini və
boşluqlarını tədqiq edirlər. Ondan necə faydalanmağın və hansı məsələlərdə
daha düşünülmüş addımlar atmağın yolları ilə bağlı tövsiyələr işləyib hazırlayırlar.
Alimlərin bir qrupu hesab edir ki, bəzi məsələlərdə qloballaşmanın təsirlərini
proqnozlaşdırmaq çətin olur. Müxtəlif mədəniyyətlərə aid yeniyetmə və gənclərin
təfəkkürünə televiziya, musiqi, internet, qida məhsulları vasitəsi ilə ardıcıl və
sistemli şəklidə təsir göstərilir [Dasen, P. 2000, pp.17-49; Schlegel, A. 2001].
Tədqiqatçılar göstərir ki, hələ milli mədəniyyətlə bağlılığı zəif olan, milli
təfəkkürü tam formalaşmamış yeniyetmələrin inanc, dil və mədəniyyətinə bu
amillər daha sürətlə təsir edir [Arnett, J.J. 2000, pp.469-480; Côté, J.E. 2000,
pp.85-116], gənc nəsli milli mənsubiyyət çaşğınlığı [Phinney & Baldelomar,
2011] ilə üz-üzə qoyur. Qloballaşma ilə əlaqəli olan belə vəziyyət psixopo-
tologiyalarla nəticələnir [Hermans, H.J.M., & Dimaggio, G. 2007, pp.31-61].
Dünyada baş verən ictimai-iqtisadi proseslər təhsilə də öz təsirini göstərir.
Hər dəfə ayrı-ayrı cəmiyyətlərdə baş verən ciddi dəyişikliklər ictimai sifarişi
müəyyənləşdirir. Hələ 1954-cü ildə İkinci Dünya müharibəsindən sonra dünyada
gedən proseslərin təhsilə təsirini önə çəkən Hannah Arendt «Təhsildə böhran»
(«The Crisis in Education») məqaləsində bu sahədə baş verən böhranı ənənələrdə
və cəmiyyətdə gedən böhranla əlaqələndirir. O, tərbiyəçilərin təhsildə rolunu
və belə böhranlı şəraitdə onların vəzifələrini diqqətə çatdıraraq yazır: «Tərbiyəçinin
vəzifəsi köhnəlik və yenilik arasında vasitəçi olmaqdan ibarətdir» [Hannah
Arendt. 1954].
Filip Coombsun 1968-ci ildə yazdığı «Dünyada təhsil böhranı: Sistemin
təhlili» əsərindən oxuyuruq: «Bu böhranın təbiəti «dəyişiklik», «harmoniya» və
«bərabərsizlik» sözləri ilə səciyyələndirilə bilər. 1945-ci ildən bəri bütün
ölkələrdə fantastik şəkildə ətraf mühit dəyişiklikləri yaşandı. Bu, elm və texnikada,
iqtisadiyyatda və siyasətdə, demoqrafik və sosial strukturlarda eyni zamanda
baş vermiş inqilabi dəyişikliklər idi. Təhsil sistemləri də olduqca sürətlə inkişaf
etmiş və hər zamankından daha çevik olmuşdur. Bütün bunlara baxmayaraq,
təhsildəki dəyişikliklər ətrafda baş verən dəyişikliklərlə ayaqlaşa bilmirdi. Təhsil
sistemləri və ətraf mühit arasında baş verən bu uyğunsuzluq əksər ölkələrdə
müşahidə olunur və təhsildə dünya böhranının əsasını təşkil edirdi» [Philip
H.Coombs. 1968, pp.246]. Bu uyğunsuzluğun bir çox səbəbləri göstərilsə də,
Afət Süleymanova
Dostları ilə paylaş: